Milli azlıqların təhsil hüquqları təmin edilir

 

Milli azlıqların hüquqları ümumi insan hüquqlarının tərkib hissəsi olduğu üçün azlığın hər bir nümayəndəsi şəxsi muxtariyyət hüququna malikdir. Şəxsi muxtariyyət bütün hüquqları, habelə, dövlətin vətəndaşı olan azlıqlar üçün bir çox sosial və mədəni şərtləri əhatə edir. Ana dili azadlığı bütün şəxsi və ictimai həyata təsir edir. Məhz, ana dilində insan özünüdərk hissi qazanır, bu isə cəmiyyətdə adaptasiya üçün vacib şərtlərdən biridir. Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan Respublikası həmin qurumun 5 noyabr 1992-ci ildə qəbul etdiyi "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası" prinsiplərini həyata keçirmək üçün əməli tədbirlər görür.

Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışırlar. Bir çox ali və orta məktəblərdə ana dillərinin işlənilməsi təmin olunur, adət-ənənələrə hörmətlə yanaşılır. Respublikada yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycanın dövlət dilini bilir, bu dildən etniklərarası ünsiyyət vasitəsi kimi də istifadə olunur.

Azərbaycan Respublikası Konstitusiyanın 45-ci maddəsində "Ana dilindən istifadə hüququ" təsbit olunub. "Ana dili" dedikdə, adətən, valideynlərin və ya onları əvəz edən şəxslərin dili başa düşülür. Bir qayda olaraq insanın ana dili onun mənsub olduğu etnik qrupun dili olur. Azərbaycan Respublikasının qüvvədə olan “Təhsil haqqında” qanuna görə, valideynlər və ya onları əvəz edən şəxslər yetkinlik yaşına çatmamış uşaqlar üçün təlim-tərbiyə müəssisəsi, həmçinin, tərbiyəçi və müəllim seçmək hüququna malikdirlər. Hazırda, Azərbaycanda yaşayan milli azlıqlar öz dillərində məktəblər açır, qəzet, tədris və metodiki vəsaitlər hazırlayıb nəşr etdirirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsinə uyğun olaraq, dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” qanuna əsasən, “Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir”. Azərbaycan dilinin dövlət dili kimi öyrənilməsi bütün Respublika ərazisində eyni dərəcədə həyata keçirilir və bu məsələ ilə bağlı heç bir problem qeydə alınmamışdır. Təhsil müəssisələrində Azərbaycan dilinin dövlət dili kimi tədrisinə həftədə 2-3 saat ayrılıb.

Azərbaycan Respublikası Konstitusiyasının “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinin tələblərinə görə, irqindən, dilindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilib. “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəblərində onların dillərinin tədrisi ilə bağlı lazımi şərait yaradılıb.

Ölkəmizin ümumtəhsil məktəblərində təlim Azərbaycan, rus, gürcü və erməni (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda) dillərində aparılır. Buna müvafiq olaraq, təlim 3 dildə olan məktəblər üçün tədris planları təsdiq edilmişdir. Respublikanın təhsil sistemində fəaliyyət göstərən 1764 məktəbəqədər təhsil müəssisələrindən 248-də 8347 uşaq rus dilində, 7-də isə 300-dən çox uşaq gürcü dilində təlim-tərbiyə alır. Eyni zamanda, milli azlıqların (avar, kürd, udin, saxur, ivrit, xınalıq və s.) dili ana dili kimi öyrədilən məktəblərin I-IV sinifləri üçün tədris planlarında həmin dillərin tədrisi üçün həftədə 2 saat dərs yükü ayrılıb.

Respublikanın 13 rayonunda (Lənkəran, Astara, Balakən, Oğuz, Quba, Qusar, Qəbələ, Zaqatala, İsmayıllı, Lerik, Masallı, Samux və Xaçmaz) yaşayan milli azlıqların uşaqlarının öz ana dilini, milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Azsaylı xalqların və etnik qrupların dillərinin tədrisinin səmərəli təşkili üçün proqram və dərsliklərin, dərs və metodik vəsaitlərinin, tövsiyələrin və s. hazırlanması və nəşri də daimi diqqət mərkəzindədir.

Respublikanın təhsil sistemində fəaliyyət göstərən 435 məktəbəqədər tərbiyə müəssisəsində 7719 uşağın təlim-tərbiyəsi rus dilində, 320-yə yaxın uşağı əhatə edən 17 müəssisədə gürcü dilində aparılır. Milli azlıqların kompakt şəkildə məskunlaşdıqları bölgələrdə isə məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar öz ana dillərində danışırlar.

Eyni zamanda, 3910 nəfər şagird əhatə olunmaqla 16 məktəbdə təlim yalnız rus dilində, 673 şagird əhatə olunmaqla 6 məktəbdə isə gürcü dilində aparılır. Təlim Azərbaycan və rus dillərində aparılan 321 məktəbdə 100089 şagird rus bölməsində, təlim Azərbaycan-gürcü dilində aparılan 3 məktəbdə 359 şagird gürcü bölməsində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 məktəbdə 103 şagird gürcü bölməsində, 90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 337 məktəbində 103999 şagird rus dilində, 10 məktəbində isə 1135 şagird gürcü dilində təhsil alır.

Bundan başqa, respublikada tədris gürcü dilində aparılan 10 ümumtəhsil məktəbi mövcuddur. Bu məktəblər Qax (7 məktəb), Zaqatala (2 məktəb) və Balakən (1 məktəb) rayonlarında fəaliyyət göstərir. Azərbaycanın bir sıra bölgələrini təmsil edən ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Təsdiq olunmuş tədris planına görə, bu dillərin hər birinin tədrisinə həftədə 2 saat vaxt ayrılır. Ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris olunur. Həmin dillərin əhatə dairəsi aşağıdakı kimidir: ləzgi dili (98 məktəb, 12325 şagird), talış dili (225 məktəb, 19010 şagird), avar dili (22 məktəb, 1489 şagird), saxur dili (5 məktəb 492 şagird), udin dili (3 məktəb 183 şagird), kürd dili (2 məktəb 42 şagird), xınalıq dili (1 məktəb 109 şagird), ivrit dili (1 məktəb 74 şagird). Beləliklə, respublika üzrə 357 ümumtəhsil məktəbində milli azlıqlara mənsub 33719 şagird öz ana dilini öyrənir.

Respublikanın ümumtəhsil müəssisələrində oxuyan azsaylı xalqların uşaqları və onlara dərs deyən müəllimlər müxtəlif müsabiqələrdə, yarışlarda iştirak edirlər. Son 8 ildə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində azsaylı xalqlardan olan müəllimlər də iştirak edib müsabiqə qalibi olmuşlar. Həmin dövr ərzində 12 nəfər avar, 7 nəfər talış, 5 nəfər ləzgi millətindən olan müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olublar.

Bakı Slavyan Universitetinin nəzdində Ukrayna dili öyrədilən Bazar günü məktəbi, Qafqaz xalqlarının dilləri və mədəniyyəti cəmiyyəti fəaliyyət göstərir. Bakının 46 nömrəli məktəbində 10 ilə yaxındır ki, ivrit dili tədris olunur. Artıq bir neçə ildir ki, yəhudi dili, tarixi və mədəniyyəti öyrədilən özəl orta məktəb fəaliyyətə başlamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası qanununda təsbit edilən “Təhsil dili seçmək hüququ müvafiq qaydada siniflər, qruplar açılması və onların fəaliyyəti üçün şərait yaradılması yolu ilə təmin edilir” müddəasının tələblərini həyata keçirmək baxımından milli azlıqlara mənsub olan əhalinin uşaqlarının təlim dili seçmələri üçün yaşadıqları rayonların ümumtəhsil məktəblərində təşkil olunmuş 595 hazırlıq sinfində 8539 şagird məşğul olur. Ölkəmizdə milli azlıqlara humanist münasibətin nəticəsidir ki, öz dilində danışan yeganə yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kənd şagirdlərinin öz dillərini öyrənmələri diqqətdən kənarda qalmamış, 7 ibtidai sinifdə 104 şagirdə xınalıq dilində dərs keçilir.

Balakən, Qax, Zaqatala bölgəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq, təhsillərini Azərbaycan, gürcü və rus dillərində alırlar. Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqlarına öz ana dillərini, milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılmışdır. Belə ki, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 98 məktəbində 12325 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 225 məktəbində 19010 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Samux rayonlarının 34 məktəbində 2384 şagird avar, udin, tat, saxur, yəhudi, xınalıq, kürd dillərini, əsasən, ibtidai siniflərdə öyrənirlər.

Orta ixtisas təhsili sahəsində azsaylı xalqların təhsilinin təşkili üzrə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu sahədə görülən işlər, əsasən, milli azlıqlardan olan gənclərin öz ana dillərində tədrisin təşkili, onların cəm halda yaşadıqları regionlarda orta ixtisas təhsili müəssisələrinin struktur bölmələrinin yaradılması və sair formalarda həyata keçirilən tədbirlərdən ibarət olmuşdur. Milli azlıqların kompakt məskunlaşdığı Qusar, Xaçmaz, Quba, Qax, Balakən, Zaqatala, Qəbələ, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının ilk peşə ixtisas təhsili müəssisəsində 2014-cü il vəziyyətinə görə 2820 nəfər şagird təhsilə cəlb olunmuşdur ki, bu da həmin qəbildən olan uşaqların ilk peşə ixtisas təhsili almalarında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda milli azlıqların orta ixtisas təhsili ilə əhatə olunması üçün respublikanın cənub və şimal bölgələrində 4 orta ixtisas təhsili müəssisəsi – Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji, Zaqatala İdarəetmə və Texnologiya, Quba Dövlət Sosial İqtisad kollecləri fəaliyyət göstərir. Bu müəssisələrdə, əsasən, pedaqoji, incəsənət, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, rabitə və nəqliyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2016.- 24 dekabr.- S.13.