“AZƏRBAYCAN”
QƏZETİ VƏ S.C.PİŞƏVƏRİ
Ağır və zəngin mübarizə yolu
keçmiş S.C.Pişəvəri jurnalistika sahəsində
böyük təcrübə və iti qələm sahibi olub. Bunu onun qələmindən
çıxan yazılardan aydın görmək olar. Onun fikrincə, kütləni öz hüquqları
uğrunda mübarizəyə qaldırmaqda və bu mübarizədə
onun uğurlar əldə etməsində, milli oyanış və
səfərbərlik işində mətbuat əvəzsiz
vasitədir. Mətbuata böyük önəm verən
S.C.Pişəvəri təsadüfı deyil ki, 10 illik
zindandan azad olduqdan az sonra “Ajır” qəzetini
çıxartmağa təşəbbüs etmişdi. “Ajir”in
nəşrində S.C.Pişəvəri ilə yaxından həmkarlıq
edən Kərim Kəşavərz öz xatirələrində
yazır: “İran cəmiyyətini Pəhləvi
diktaturasına və istebdada qarşı ayağa
qaldırmaqda başqa mütərəqqi ruznamələrlə
(qəzetlərlə) müqayisədə “Ajir”
ölçüyəgəlməz iş
görmüşdü. “Ajir”in hər sayında
ağaye Pişəvərinin çap olmuş məqalə,
felyeton və yazıları onun dərin biliyə, iti qələmə,
sərrast və geniş düşüncə sahibi
olmasına şəksiz dəlalət edir”.
ADF yaradıldıqdan iki gün sonra Təbrizdə ana
dilində “Azərbaycan” qəzeti nəşrə
başlamışdı. Qəzetin səhifələrində ilk
zamanlar farsca da məqalələrə yer verilmişdi. Qəzetin
yubanmadan nəşri məsələsini S.C.Pişəvəri
ortalığa gətirmiş və az müddətdə qəzet
öz ətrafına Həmzə Fəti Xoşginabi,
İsmayıl Şəms, Firidun İbrahimi, Məhəmməd
Biriya, Əli Fitrət, Yəhya Şeyda, Balaş Azər
oğlu və s. gənc jurnalistləri, yazıçı və
şairləri toplaya bilmişdi. Aparılan
araşdırmalar göstərir ki, “Azərbaycan” çap olan
gündən - 5 sentyabr 1945-ci ildən 1946-cı ilin sonunadək
qəzetin elə bir nömrəsi olmamışdı ki, onun
baş və ya sütunlarda gedən məqalələri
S.C.Pişəvəri yazmamış olsun. Həmin
dövrdə S.C.Pişəvəri ilə “Azərbaycan”ın
nəşrində əvvəl ədəbi işçi, sonra
redaktor işləmiş mərhum yazıçı
H.F.Xoşginabi söyləyirdi ki, qəzet çapa gecikən
vaxt və ya hər hansı vacib məqaləni qəzetin səhifəsində
çap etməkdən ötrü S.C.Pişəvəri bəzən
mətbəədə gecələməli olurdu.
Onun “döşəyi” taxta stullar, “yastığı” isə
kitab qalağı idi. Sonralar “Azad Millət” qəzetinin baş redaktoru
olmuş İsmayıl Şəms həmin günləri
xatırlayaraq “Qəzetin elə bir nömrəsi olmurdu ki,
çapa getməmişdən əvvəl S.C.Pişəvəri
orda gedən məqalələri nəzərdən keçirməsin,
fikir və imla xətalarını düzəltməmiş
olsun”. S.C.Pişəvərinin jurnalistlik fəaliyyətini
tədqiq və təhlil edən H.Məmmədzadə
yazır ki, “S.C.Pişəvəri təkcə “Azərbaycan”
ruznaməsinə (qəzetinə) məqalələr yazmaqla
kifayətlənmirdi. Ana dilində nəşr
olunan 50-dən artıq qəzet və dərgi səhifələrində
onun nəfəsi, alovlu qələminin hərarəti
duyulurdu”.
Pişəvərinin təmiz və sadə dili,
özünəməxsus üslubu olub. 40-cı illərdə
Güney Azərbaycanda yeni jurnalist nəslinin yetişməsində
onun əvəzsiz xidməti olmuşdu. Nəinki ədəbi
və yazı dili, hətta məişət və ünsiyyətdə
be lə danışıq dili əlindən
alınmış, məktəblərdə doğma ana dilində
tədrisin qadağan edildiyi bir ölkədə az zaman kəsiyində öz ana dilində məqalələr,
Şeir, hekayə yazmaqdan əlavə, səhnə
tamaşaları, ədəbi-bədii görüşlər
keçirmək, radio veri-lişləri aparan insanların
öz ana dilinə məhəbbət və
bağlıhğı hər bir kəsi heyran qoyur. Bu işdə S.C.Pişəvərinin
açdığı cığırın və göstərdiyi
nümunəvi önəmini xüsusi qeyd etməliyik. Həmzə
Fəti Xoşginabi, İsmayıl Şəms, Balaş Azəroğlu,
Firidun İbrahimi, Həbib Sahir, İbrahim Zakir, Mir Mehdi, Etimad,
Əli Fitrət, Yəhya Şeyda, Əli Tudə, Mədinə
Gülgün, Həkimə Billuri, Haşım Tərlan, Məhəmməd
Tahir, Məmməd, Hüseyn Bürhani və b. Bunlar “Azərbaycan”
qəzetinin və S.C.Pişəvəri məktəbinin yetirmələri
olublar. Beləliklə, S.C.Pişəvərinin
mətbuatdakı fəaliyyəti siyasi məqsədə
çatmağa yönəlmiş bir fəaliyyətdən əlavə,
həm də doğma ədəbi dili tez mənimsəməkdə
və bu dildə səlis yazmaqda gənc jurnalistlərə,
şair və yazarlara qiymətli örnək olmuşdu.
Ana dili
uğrunda inadla mübarizə aparmış və doğma
dilin saflığını saxlamağa səy edən
S.C.Pişəvəri dilinin təmizliyi cəhətdən (bəzi
fars və ərəb mənşəli
sözləri nəzərə almasaq) başqalarından fərqlənirdi.
“O, ana dilini unutmamaq və onun saflığını qoruyub
saxlamaq xatirinə “Qəsr Qacar” zindanında məhbus kimi
yatarkən M.Ə.Sabirin, S.Ə.Şirvaninin,
M.Ə.Möcüzün, Səid Salmasinin və başqa Məşrutə
şairlərinin şeirlərini təkrar-təkrar oxuyar, xalq
deyimlərini, bayatıları və xalq mahnılarını
yada salarmış. Bu təmrinlər S.C.Pişəvəri
nitqinin təmizliyinə, sözlərin yerində və
düz işlədilməsinə çox kömək
etmişdi”. Bu sözləri S.C.Pişəvəri
ilə “Qəsr-Qacar” zindanında yatmış mərhum
tarixçi alim Tağı Şahin söyləyirdi.
S.C.Pişəvəri qələminin və təfəkküründəki
qüdrəti anlamaq üçün onun məqalələrindən
bəzi fraqmentləri nəzərdən keçirək.
S.C.PİŞƏVƏRİNİN
ÇIXIŞLARINDAN VƏ MƏQALƏLƏRİNDƏN
ADF
yaranandan bir həftə sonra, 1324-cü il ġəhrivərin
19-da (10.09.1945) Təbrizin “Şir-Xorşid” teatrosu salonunda
Pişəvərinin etdiyi tarixi çıxışından
bəzi məqamları və “Azərbaycan” qəzetindəki məqalələrdən
parçaları, Güney Azərbaycanın bugünü
üçün də aktual olduğunu nəzərə
alıb oxucuların diqqətinə çatdırmağı
vacib saydıq.
S.C.Pişəvəri
bu çıxışında İranın xəritəsini fəzada
barmağı ilə çəkərək demişdi: “Mən
açıq deyirəm, bizim sözümüz və tələbatımız
bu xəritədən xaric deyil. Biz İran sərhədləri
daxilində danışırıq. Bir dəfə
bunu hamı nəzərdə tutarsa, danışıb
anlamağa asan olacaq. Bu salonda mənim ikinci müfəssəl
nitqimi yada salanlar ola bilər. O gün mən
16 min azərbaycanlı tərəfindən Məclisə
deputatlığa namizəd olmuşdum. Mən o gün məmləkətin
vəziyyətini nəzərə alıb dedim ki, bir vəkil
vasitəsi ilə məmləkəti fəlakətdən
qurtarmaq olmaz. O gün mən çox təəssüratlı
idim. Belə ki, bir sadə fəhlə
böyük şövq və təsir ilə mənim
çiynimdən öpüb “Get, səni Allaha
tapşırdım, bəlkə bizim dərdlərimizə
çarə edə biləsən” - demişdi. Mən
bilirdim məmləkətin, məxsusən Tehranın şəraiti
durduqca mən o kişinin arzusunu əncam verməyə müvəffəq
ola bilməyəcəyəm. Ona görə
mən o gün xalqa müraciət edib kömək istədim
və dedim “Vəkil təkbaşına heç bir iş
görə bilməz. Xalq özü əl-ələ
verib öz dərdlərinə çarə tapmalıdır.”
Tehrana gedib Məclisə varid olduqdan sonra mənim
naümidliyim şiddətləndi... Bütün
məclis və dövlət təşkilatının
beş-üç nəfər məğriz (əliəyri, təmənnalı)
oğruları, yalançı və hoqqabaz mürtəcelərin
əlində alət olduğunu bir daha təcrübədə
anlamağa müvəffəq oldum. Bu
müşahidə mənim ruhumda böyük təsir
bağışladı. Bununla belə məyus
olmayıb “Cəbheye Azadı” ətrafına toplanan
azadxahların köməkliyi ilə mübarizəni davam
etdirdik. Əfsus ki, hərarətli məqalələr və
şiddətli həmlələrimiz təsirsiz və
cavabsız qaldı... Tehranda oturub məqalə yazmaqdan və
ya nitq etməkdən bir nəticə ola
bilməyəcəyini yəqin etdim. Naçar bir il bundan əvvəl Təbrizdə uzun-uzadı
bəhs etdiyimiz məsələ ətrafında
düşünməyə başladıq. Mənim təbrizli
məsləkdaşlarımdan çoxu Tehrandan bir iş
çıxmayacağını irəli çəkib deyirdilər:
“Azərbaycandan başlamalı, əvvəl buranı islah etməli,
Azərbaycan xalqının öz gücü ilə burada Milli
Hökumət vücuda gətirməliyik...”
Bu fikrin həqiqəti o vaxt nəzərimə daha
aşkar bir surətdə çatdı ki, dövlətin məsul
məmurları Azərbaycan xalqının zülm və dada
çatmaq harayına, teleqraflarına saymazlıq göstərdilər. Məsələn, Bayat (vali
- Ə.R.) dedi: “Mən radio vasitəsi ilə xalqa müraciət
etmişəm ki, xalq artıq ərizə və teleqraf vasitəsi
ilə özünə zəhmət verməməlidir”. Sədr
(baş nazir - Ə.R.) dedi: “Bir teleqraf olmasın, min teleqraf
olsun, mən bu kimi boş sözlərə cavab belə verməyəcəyəm”.
Bu sözlərin ayrı cavabı ola bilməzdi:
gərəkdi xalqa müraciət etmək, xalqın əli ilə
işə başlamaq. Xalqın yumruğunun
gücü ilə azadlığı təmin etmək. Bu şüarla mən Təbriz azadxahlarının təklifi
üzrə Tehrandan Azərbaycana hərəkət etdim.
Burada (Təbrizdə - Ə.R.) yaxın məsləkdaşlarım
ilə bir daha ciddi surətdə İranın və Azərbaycanın
daxili və xarici vəziyyətini ayrıd və təhlildən
sonra bu böyük fikri icra etmək üçün
böyük və müstəqil bir firqə yaratmaq
lüzumunu anladıq”.
* * *
“Biz Azərbaycan xalqının azadlıq yolunda
apardığı mübarizə tarixini unuda bilmərik. Tehran
irticası Azərbaycana böyük zərbələr vurub.
Biz orada kök salmış istibdad rejimindən
heç bir ümid gözləyə bilmərik. Tehran Azərbaycanı həmişə fişar
altında qalmasına çalışıb. Orada
hökumət sürən xain və müstəbid
ünsürlər bizim başçılarımızı məhv
və nabud edib, milli qürurumuzu sındırmaqdan bir an belə sərfnəzər etməyiblər.
Azərbaycan xalqının böyük sərdarı Səttərxanın
xain bir surətdə Tehrana çəkilib öldürülməsi
hələ də unudulmamışdı... Tehran həmişə
Azərbaycan adından vahiməyə düşmüş, o
adı ağzına alanlarla rəhmsiz rəftar etmişdi...
Moxbirsəlsəltənə
utanmadan Məclisdə tribun dalına keçib dedi:
“Doğrudur, mən onu (Şeyx Məhəmməd Xiyabanini-Ə.R.)
öldürdüm. Bu böyük xidmətdir,
çünki Xiyabani məmləkətə xəyanət
edirdi.” Azərbaycan qəhrəmanlarının
qanı ilə qurulan Məclis Şura bu cəlladın
etibarnaməsini qəbul edib onu millət nümayəndəsi
adlandırdı. Sonradan bu sima Rza xanım əmri
ilə on ildən artıq İran dövlətinin
başçısı oldu. Bu onun etdiyi xəyanəti təltif
etmək və zəhmət haqqı idi... Mirzə
Kuçikxanın özü də çox vəhşiyanə
bir surətdə öldürülüb onun başı
İran azadlığının qəddar düşməni
olan Rza xana töhfə göndərildi...
Bu cinayətlərə son qoymaq üçün
Tehranın qüdrətini məhəlli və milli ixtiyarlar
vasitəsi ilə sındırmaq lazım gəlir. Bu işdə
Azərbaycan həmişə olduğu kimi indi də pişqədəm
(qabaqda addımlayan-Ə.R.) olmalıdır. Tehrandan azadlıq ummaq böyük səhvdir. Orada azadlıq mübarizəsi aparan dəstələrin
əl-qolları bağlanmışdı.”
* * *
“Biz həqiqəti açıq və aydın bir surətdə
xalqa göstərməliyik. Bizim meydana
atdığımız şüarların əsasını
da qanun təşkil edir. Biz millətlərin
və xalqların ixtiyarını təmin etmiş qanun əsasını
(konstitusiyanı - Ə.R.) diriltmək yolunda mübarizəyə
başlamışıq. Qanun əsası Əyalət və
Vilayət Əncüməni olmazsa o, quru və mənasız
kağızdan ibarət ola bilər. Qanuna
ehtiram edib onu müqəddəs saydığımız
üçündür ki, biz birinci növbədə ən
böyük, ən əsası qanuni, yəni Əncüməne
Əyaləti məsələsini həyata keçirmək
istəyirik... Mən bu sözləri fürsətdən
istifadə edib Məclis Şurada bundan da kəskin
çıxış edib nümayəndə (deputat - Ə.R.)
adı daşıyan yalançı pəhləvanlardan bu
haqda ciddi əməl tələb etmişdim.
Halbuki
onların bir qədəm belə xalqa doğru gəlmələrinə
ümidim yox idi... Həqiqət acıdır, lakin onu söyləməliyik:
Mən Məclisdə açıq surətdə dedim ki, (bunu
mən dəqiq hesab nəticəsində isbat edə bilərəm)
Azərbaycan xalqına maarif büdcəsindən verilən pul
adambaşına təqsim edilərsə, onu göstərən
bir vahid tapmaq olmaz. Mən onu kibritə tədbil (dəyərcə
müqayisə - Ə.R.) etdim, nəticə bu
çıxdı ki, hər bir nəfərə bir kibrit
çöpündən az pay
düşür...
Biz
böyük bir firqə yaratmaqla dünyaya sübut edəcəyik
ki, öz evimizi yabançı köməyi olmadan idarə eləməyə
ləyaqət və qüdrətimiz var... Burada
böyük biri həqiqəti gərək sizə deyəm,
bu məlum bir deyimdir. Haqqı almaq
lazımdır, onu verməzlər. Mənim
əqidəmə görə, bu kamil bir şüar deyildi.
Mən deyirəm haqqı almaq bəlkə də
asan bir işdir, onu saxlamaq şərtdir. Əgər
bizim məşrutə istəyənlərimiz bu nöqtəyə
diqqət verib aldanmasaydılar indi Azərbaycan, bəlkə
bütün İran dünyanın ən azad, ən mütərəqqi,
ən demokratik məmləkətlərindən biri olmuş və
indi düçar olduğumuz yoxsulluq, fəlakət, aclıq
və səfalət qabağımıza çıxmamışdı”.
Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq
İnstitutunun "Güney Azərbaycan
elmi
araşdırmalar" şöbəsinin müdiri
Xalq Cəbhəsi.- 2016.- 27 dekabr.-
S.14.