Milli azlıqların təhsil hüquqları təmin edilir

 

Dövlətin bu sahədə müəyyən etdiyi strategiya uğurla həyata keçirilir

 

(əvvəli ötən sayımızda)

2011-ci ilədək fəaliyyət göstərmiş Azərbaycan Dövlət Pedaqoji Kollecinin Qusar filialı, Bakı Sənaye Pedaqoji və Bakı Qida Sənayesi kolleclərinin Balakən və Qəbələ rayonlarındakı şöbələri milli azlıqlara mənsub vətəndaşların pedaqoji və digər yönümlü ixtisaslar üzrə mütəxəssis kimi yetişməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyun 2014-cü il tarixli qərarı ilə Masallı Dövlət Regional Kolleci yaradılmış, müvafiq tədris plan və proqramları əsasında həmin kollecdə aqronomluq, baytarlıq, meşə və meşə park təsərrüfatı, turizm və s. sahələr üzrə kadr hazırlığına başlanılıb.

2008-ci ildən 2014-cü ilədək olan müddətdə tədris rus dilində aparılan ümumtəhsil məktəblərinin yeni proqramlarla (kurikulumlarla) işləyən I-VII sinifləri üçün 187 adda orijinal və tərcümə dərslik, müəllim üçün metodik vəsait, VIII-XI siniflər üçün isə 71 adda dərslik nəşr olunub.

2006-cı ildən milli azlıqların nümayəndələrinin təhsil aldığı ümumtəhsil məktəblərinin I siniflərində prof. Yəhya Kərimovun müəllifi olduğu “Dilimizi öyrənək” adlı dərslik istifadə olunur. 2014-cü ildə tədris gürcü dilində aparılan ümumtəhsil məktəblərinin I, II, III sinifləri üçün “Riyaziyyat”, “Həyat bilgisi”, “İnformatika”, “Musiqi” və “Təsviri incəsənət” dərslikləri mütəxəssislər tərəfindən tərcümə edilərək çapa təqdim edilib. 2010-2014-cü illərdə udin dili tədris olunan ümumtəhsil məktəblərinin II, III, IV siniflər üçün “Udin dili” dərsliyi hazırlanıb.

Milli azlıqların dillərinin tədrisinin səmərəli təşkili üçün proqram və dərsliklərin, dərs vəsaitlərinin, məktəbli lüğətlərinin, didaktik materialların, metodik vəsaitlərin, tövsiyələrin və s. hazırlanması və nəşrinə xüsusi diqqət yetirilib. Bu mühüm problemin həyata keçirilməsi üçün 1989-cu ilin oktyabr ayında nazirlikdə "Azsaylı xalqların dillərinin tədrisi metodikası" şöbəsi yaradılıb.

Ölkəmizdə yaşayan azsaylı xalqların dillərinin ümumtəhsil məktəblərində tədrisi ilə bağlı son illərdə talış, ləzgi, kürd, saxur, tat, xınalıq və udin dilləri üzrə ibtidai siniflər üçün tədris proqramları və 15 adda dərslik və dərs vəsaitləri hazırlanaraq nəşr edilmiş və tədris müəssisələrinə çatdırılmışdır. Tədris planında həmin dillərin I-IV siniflərdə öyrədilməsinə həftədə iki saat vaxt ayrılıb.

Ləzgi, talış, tat, udin, kürd, saxur və xınalıq dillərində (1-ci sinif) "Əlifba", "Ləzgi dili" I, III, IV sinif, "Udin dili" III, IV sinif, "Talış dili" III, IV sinif, "Tat dili" III, IV sinif dərslikləri nəşr edilib məktəblərə verilib. Azsaylı xalqların dillərinin tədrisi ilə bağlı, həmin xalqların məskunlaşdıqları regionların xüsusiyyətləri nəzərə alınmaqla, I-IV siniflər üçün Ana dili ("Doğma dil") proqramları hazırlanmış və nəşr edilərək ünvanlarına göndərilib.

Milli azlıqların dillərinin tədrisinə kömək məqsədi ilə “Talış dilinin tədrisinə dair”, “Talışca-azərbaycanca məktəbli lüğəti” nəşr olunub. “Ləzgicə-azərbaycanca-rusca lüğət” və “Tat dilində “Əlifba” dərsliyinə dair metodik rəhbərlik” adlı kitablar istifadəçilərin ixtiyarına verilmişdir. Bütün bu proqram, dərslik və metodik vəsaitlər Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “Azərbaycan dili” bölməsinin “Azsaylı xalqların dilləri” yarım bölməsində müzakirə edilərək təsdiq olunmuş və nəşrə tövsiyə edilib. Təlim gürcü dilində olan məktəblərin şagirdləri üçün “Azərbaycan dili” (X və XI siniflər) dərsliyi, “Gürcücə-azərbaycanca-rusca lüğət” nəşr edilərək şagird və müəllimlərə çatdırılıb.

Avropa Şurası Parlament Assambleyasının 1992-ci il noyabrın 5-də Strasburq şəhərində qəbul etdiyi "Regional dillər və azlıqların dilləri haqqında" Konvensiyanın preambula hissəsində bildirilir ki, Avropa Şurasına üzv dövlətlər bu xartiyanı imzalamaqla üzv dövlətlər arasında daha sıx əlaqənin yaradılması və prinsiplərin qorunmasını ümumi nailiyyətləri hesab etməlidirlər.

Azərbaycan təhsil sisteminin beynəlxalq, o cümlədən, Avropa təhsil məkanına inteqrasiyası beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində mümkündür. Bununla əlaqədar, Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də, məhz, beynəlxalq təşkilatlarla əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Bu əlaqələr içərisində Avropa Şurası ilə əməkdaşlığın inkişafı, həmin təşkilat tərəfindən həyata keçirilən beynəlxalq və regional təhsil proqramlarında iştirak xüsusi yer tutur.

Avropa Şurası ölkəmizdə təhsil sahəsində aparılan islahatlara ekspert yardımı göstərən ən fəal beynəlxalq tərəfdaşlardan biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa Şurası arasında təhsil sahəsində səmərəli əməkdaşlıq Azərbaycanın Avropa Şurasına rəsmi daxil olmasından xeyli əvvəl yaranmışdır. Avropa Şurasının himayəsi altında ilk birgə layihələr 1996-cı ildən həyata keçirilməyə başlanılıb.

2002-ci ildən "Demokratik vətəndaşlıq üzrə təhsil" layihəsi həyata keçirilməyə başlanmışdır. Avropa Şurası və Təhsil Nazirliyi 2003-cü ildən "Təhsil siyasəti və milli azlıqlar" layihəsini birgə həyata keçirir. Layihənin əsas məqsədi iştirakçı ölkələrə milli azlıqların təhsili ilə bağlı qanunvericilik sənədlərinin hazırlanmasında yardım göstərilməsi və milli azlıqların təhsil siyasəti sahəsində tövsiyələrin təqdim edilməsidir. Bu layihənin səmərəli həyata keçirilməsi məqsədilə Azərbaycan-Avropa Şurası birgə İşçi Qrupu yaradılıb.

2005-ci ildə "Azərbaycanda milli azlıqlar üzrə təhsil siyasəti" mövzusunda Avropa Şurası və Azərbaycanın birgə yekun hesabatı dərc olunub. Hesabatda Azərbaycanda milli azlıqlara öz dillərində təhsil almaları üçün bütün lazımi şəraitin yaradılması xüsusi qeyd edilmişdir. Eyni zamanda, milli azlıqların təhsili sahəsində siyasətinin təkmilləşdirilməsi məqsədilə hesabata konkret tövsiyələr daxil olunub. Layihə 2007-ci ildə başa çatmış, 150 nəfər müəllim və təhsil işçisi təlim seminarlarında iştirak edib.

Avropa Şurası ilə Təhsil Nazirliyi arasında 2007-2009-cu illər üzrə əməkdaşlıq proqramı çərçivəsində layihə həyata keçirilib. Layihənin əsas məqsədi Azərbaycanın təhsil müəssisələrində mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi prosesinin təkmilləşdirilməsi, bu sahə üzrə kurikulumların və müəllimlər üçün tədris vəsaitinin hazırlanması olub.

Layihə çərçivəsində Təhsil Nazirliyinin nümayəndə heyəti 2008-ci ilin 18-19 fevral tarixlərində Strasburqda keçirilmiş Regional Konfransda iştirak edib. Konfransda layihənin işçi proqramı qəbul edilmiş, eyni zamanda, qərara alınmışdır ki, ilkin mərhələdə layihənin mahiyyətinin təhsil işçilərinə və ictimaiyyətə çatdırılması məqsədilə region ölkələrində Avropa Şurası ekspertlərinin iştirakı ilə milli konfranslar keçirilsin və müəllimlər üçün treninqlər təşkil edilsin. İşçi Proqrama uyğun olaraq, Azərbaycanda milli konfrans 2008-ci ilin 24-25 aprel tarixlərində Bakıda keçirilib. Konfransda Avropa Şurasının 5 eksperti, Azərbaycanın dövlət qurumları, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat və müəllimləri təkmilləşdirmə institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Bu layihə çərçivəsində 2008-ci ilin 19-20 iyun tarixlərində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri üçün mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı mövzuların tədrisinə həsr olunmuş treninqlər keçirilmişdir. Layihə çərçivəsində 240 nəfər müəllim, metodist, məktəb rəhbəri treninqlərdə iştirak edib.

2010-cu il iyulun 22-23-də ATƏT-in Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən Katibliyində milli azlıqların təhsil problemlərinə həsr olunan konfrans keçirilib. ATƏT-ə üzv olan 56 dövlətin təmsilçilərinin iştirak etdiyi həmin tədbirdə ölkəmizi təhsil nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Üzv dövlətlərdə milli azlıqların təhsili, dərsliklərlə təminatı, ali məktəblərə qəbulun vəziyyəti və digər məsələlər konfransda əsas müzakirə mövzuları olub. Konfransda Azərbaycanda milli azlıqların təhsil məsələləri ilə bağlı görülən işlər təqdir edilmiş və bu sahədə bütün öhdəliklərin yerinə yetirildiyi vurğulanıb.

Milli azlıqların təhsil problemləri Heydər Əliyev Fondunun da diqqət mərkəzindədir. 2006-cı ildə Heydər Əliyev Fondu "Təhsilə dəstək" layihəsi çərçivəsində Qax rayonunun Qax-İngiloy kənd orta məktəbinin 1-2-ci sinif şagirdlərinə gürcü dilində nəşr edilən yeni dərsliklər və məktəb ləvazimatı paylayıb. Fondun bu cür təşəbbüsləri növbəti illərdə daha geniş miqyas alıb.

Qeyd edildiyi kimi, bu gün Azərbaycanda milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüququ, o cümlədən də milli azlıqların təhsil hüququ qorunur. Milli azlıqların dilinin, mədəniyyətinin, təhsilinin inkişafı üçün dövlətin müəyyən etdiyi strategiya uğurla həyata keçirilir.

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2016.- 27 dekabr.- S.13.