S.C.PİŞƏVƏRİNİN ÇIXIŞLARINDAN VƏ MƏQALƏLƏRİNDƏN

 

S.C.PİŞƏVƏRİ: “Bir az da keçsə, deyəcəklər ki, ümumiyyətlə, Azərbaycan deyilən ölkə və orada yaşayan canlı adamlar yoxdurlar”

 

“Bizim arzularımızdan ən böyüyü xalqın savadlanmasıdır. Savadlı və sağlam xalq heç vaxt zülmə boyun əyməz... Bizim fikrimizi məşğul edən məsələlərdən birisi də dildir. Bu, bizim azərbaycanlılar üçün çox mühüm və əsas məsələdir... Altı-yeddi yaşında təzə dil açmış uşağa yabançı bir dili təhmil etmək (zorla qəbul etdirmək - Ə.R.) cinayətdir. Təlim-tərbiyə ilə məşğul olan azərbaycanlıların əksəriyyətinin əsəbiliyi bundadır. Ana dilində yazıb oxumağı qadağan etmək maariflənmə təkamülünün qabağını almaq deməkdir. Beş milyondan çox kənd və şəhərlərdə yaşayanlarımız bir tərəfə qalsın, hətta məhəlli məktəblərdə təhsil alanlarımız belə ömürlərinin axırına qədər fars dilini düzgün tələffüz etməyə qadir deyildilər.

Rza xan iş başına gəlib Azərbaycanı parçalamaq siyasətinə başlamazdan əvvəl Azərbaycanda milli teatrolarımız geniş bir surətdə tərəqqi etməkdə idi. Xalq (arvad və kişi) tamaşalara kəmal-meyil ilə hazır olub sənətkarlarımızın əsərlərini seyr edirdi. Fəqət teatro məcburən fars dilinə çevrilən kimi tamaşa salonlarımız bağlanmağa məcbur oldu. Çünki xalqımızın əksəriyyəti bu dili anlamağa qadir deyildi.

...İndiyədək məscidlər və minbərlərdə vaizlərimiz xalqın anladığı Azərbaycan dilində vəz edib dini vəzifələrini yerinə yetirirlər. Biz Azərbaycan dilinin müxaliflərindən soruşuruq ki, bu işdə nə pislik var? Niyə bir dildə minbərdə istifadə etmək olar, amma məktəblərdə olmur? Mən kəndlərdə və xırda şəhərlərdə müəllimlər gördüm ki, fars dilini heç bilməyən kəndli və əsnafa bu dildə maarif mövzusunda nitq edirdilər. Məxsusən Salmasda bu gulunc işin lap qaba bir şəklini keçən il görməyə müvəffəq oldum. Mən Salmas sözünün məxsusən işlətdim.

Çünki bizim Şahpur Əlirzaya (Salmas onun adı ilə Şahpur adlandırılmışdı - Ə.R.) iradətimiz yoxdur. Şahpu sözü onun əxlaqi cinayətlərini nəzərdə canlandırır.

Səttarxan xiyabanının da Pəhləvi adlanması qulaqlarımızı zay edir, ruhiyyəmizi incidir. Azərbaycanı qurbanlıq qoyunu kimi parçalayan Rza xan Pəhləvi adına Təbrizdə xiyaban da ola bilməz. Onu Təbriz əhalisi öz milli qəhrəmanı Səttarxan adına adlandırıb. Poçtxanalarımız bunu bir dəfəlik bilməli Pəhləvi adına gələn məktubları geri qaytarmalıdır.

Təbrizdə Pəhləvi xiyabanı yoxdur. Böyük xiyabanımız böyük Sərdarımızın (Səttarxan nəzərdə tutulur - Ə.R.) adınadır. Elə də gərək məşhur olsun. Axırda təkrar edirəm: Biz İranın istiqlalına kamilən əlaqələndik. Onun bir qarış torpağını ayrı bir ölkəyə vermək fikri qətiyyən meydanda yoxdur. Bizim istəyimiz Qanun-əsasının bizə verdiyi daxili haqq və muxtariyyatdan ibarətdir. Dil məsələsi də bunun bir hissəsidir.

Biz müraciətimizdə dediyimiz kimi öz evimizin işlərini özümüz idarə etmək fikrindəyik. Ondan ötrü var qüvvəmizlə çalışacağıq. Zor ilə İran xalqlarını əsarətdə saxlayanlar bunu birdəfəlik düşünməlidirlər”.

 

“Bizi öz halımıza qoysunlar”

 

Azərbaycanın İranın başqa əyalətlərdən geri qalması haqda S.C.Pişəvəri ilə razılaşmayan Tehrandakı bəzi qəzetlərə cavab olaraq: “...O məqaləni yazanlar Təbriz şəhərini gəlib görsəydilər, qətiyyən təsdiq edərdilər ki, heç onu Cəndəq və Bəndərabbasla da müqayisə etməzdilər. Urmiyə (Rzaiyyə), Ərdəbil, Xoy qətiyyən Koşan və Qum ilə belə müqayisə edilə bilməz. Dərsurəti ki (halbuki) Rza xan meydana çıxmazdan əvvəl abadlıq və Fərhəng (maarif) cəhətdən bu şəhərlər hətta Tehranın özündən belə irəli idilər.

Təbrizdə teatr və nümayişxanələr olduğu zamanda Tehranda bu ad ilə adlandırma mümkün olan bir müəssisə belə yox idi. Astarada xalqın öz köməyi və təşəbbüsü ilə açılan mədrəsənin nəzərini (tayını) İsfahanda görmək mümkün olmazdı. Təbrizin, Ərdəbilin ticarət müəssisələri bütün İranda şöhrət və etibarda birinci hesab olunardı. Urmiyənin gözəlliyi, abadlığı İranı səyahət edən avropalıların əsərlərində mühüm yer tutardı. İndi istərdik Azərbaycan haqqında məqalə yazanlar gəlib bu şəhərləri nəzərdən keçirəydilər.. Təbriz indi hətta Qəzvinlə belə müqayisə edilə bilməz...

Bəndər şahdan Bəndər Şahpura qədər (bəndər-liman) qurulan dəmir yol xətti bizim zəhmət və rəncbərin (zəhmətkeş, kəndli) məhsuludur. Mazandaran və sair şəhərlərdə vücuda gələn (yaradılan) fabrikləri Azərbaycan kargərləri (fəhlələri) dolandırır. Hətta Tehranın ağır işləri bizim kəndlərimizi tərk edib çörək dalınca gedən cavanlarımızın öhdəsindədir... Azərbaycan Tehrandan bir şey istəmir. Onu öz halına qoysalar kafidir. Ona imkan versələr öz əli öz işlərini idarə etsin. Bəsdir!”

 

 

“Dostum, sənə deyirəm”

 

...Ağaye doktor Əfşar! (milliyyətcə türk, fars şovinizminin təbliğatçısı - Ə.R.). Bəli, Nizami Gəncəvi azərbaycanlıdır və azərbaycanlıların milli iftixarıdır.

Siz soruşa bilərsiniz: nə dəlil ilə? Heç vəchlə inkar edə bilməyəcəyiniz dəlillərinizdən birisi azərbaycanlı tanımaq istəmədiyiniz Nizaminin “Leyli və Məcnun” dastanını alın və diqqətlə oxuyun. Orada... bu beytlər yazılıb:

Səkkiz yüz il bundan qabaq, yəni hələ monqolların ayaqları bu yerlərə dəymədiyi zaman yazılmış bu beytlərin mənası bilirsənmi nədir? Əgər onları sadə və adi ana dilimizə, yəni Azərbaycan dilinə çevirsək, mənası belə çıxır:

“Mən Nizami əsərlərimi Azərbaycan dilində yazmaq istəyirdim. Amma Şirvanşahlar qoymadılar. Dedilər ki, “Biz türk dilini, yəni Azərbaycan dilini bəyənmirik, o dil bizə yaraşmır. Bizim üçün farsı dili xoşdur. Ona görə də sən əsərlərini fars dilində yazmalısan”.

Bu gün Tehranın fasid (pozulmuş, şərəfsiz) hakimləri azərbaycanlıları öz dillərində yazmağa, oxumağa, öyrənməyə və danışmağa qoymadıqları kimi, o vaxt da Şirvanşahlar Nizamiləri öz ana dillərində yazmağa qoymadılar. Odur ki, qəni ədəbiyyatımız biganələrin ədəbiyyatını zənginləşdirir. Öz ana dilimiz, azərbaycanlı dilimiz isə yaddan çıxıb gedirdi.

...Əgər bu gün doktor Əfşar azərbaycanlı olmaq və Azərbaycan dilini bəyənmək istəmirsə, istəməsin. Bu Nadir şah Əfşara nə az, nə çox təsir etməz. Əgər siz həqiqəti bilmək istəyirsinizsə, ağaye doktor Əfşar, bu qədər bilməlisiniz ki, Nadir şah Əfşar azərbaycanlı qəbiləsindən idi və Azərbaycan dilini də çox sevərdi. Bu həqiqəti də sübut etmək üçün əlimizdə möhkəm dəlillər var ki, onu da inkar edə bilməyəcəksiz... Ağaye doktor Əfşar! Siz millət ilə təbəəliyi biri-birindən ayıra bilmirsiniz. Azərbaycanlılar təəbəlikdə İran təbəəsidir, lakin milliyyətcə azərbaycanlıdırlar. Siz demək istəyirsiniz ki, azərbaycanlılar farsdırlar.

Bu sözü açıq deməyə cəsarət etmirsiz. Odur ki, deyirsiz ki, “Biz azərbaycanlı deyilik, iranlıyıq”. Mübahisəmiz milliyyət üstədir, təbəəlik üstə deyil... Biz deyirik yüzillərdən bəri aparılan farslaşdırma siyasəti bizim millətimizi məhv etmək üçündür... Biz minillərdən bəri azərbaycanlı olmuşuq, azərbaycanlı da qalacağıq”.

“Mən, mən deyiləm?”: - “Bir gün Molla Nəsrəddin eşşəyinə minib gedirdi. Bir qədər getdikdən sonra bir ağacın kölgəsində eşşəkdən düşüb dincəldi. Yedi, içdi, nəhayət, eşşəyin noxtasını ayağına bağlayıb yatdı. Molla yuxuda olduğu vaxt bir oğru gəlib mollanın əmmaməsini, ləbədəsini (araqçını) və əbasını çıxardıb özü geydi və eşşəyin də noxtasını açıb öz ayağına bağladı, mollanın yanında uzandı.

Molla yuxudan ayılıb heyrətə düşdü. O, öz-özünə dedi: Əgər mən mənəm, bəs bu kimdir?

Molla nə qədər fikirləşdi, bir nəticə çıxara bilmədi. Nəhayət, o bu qərara gəldi:

- Mən, mən deyiləm, eşşək də mənim deyil. Bunu deyib çıxıb getdi.

Mollanın bütün hərəkətlərində bir fəlsəfə, bir hiz hikmət var... Bu gün doktor Əfşarların “Ayəndə” (gələcək) məcəllələrində yazdıqları məqalələr eyni Molla Nəsrəddinin hekayəsini xatırladır.

Doktor əfşarlar və ayrı alim və müvərixlər (tarixçilər) və daha kimlər, kimlər buyururlar ki: biz azərbaycanlı deyilik, biz yoxuq, biz biz deyilik.

Bu sözləri demək üçün onlar əvvəlcə bizi oğru kimi soyundururlar, var-yoxumuzu əlimizdən alıb özlərinə çıxırlar, sonrada deyirlər ki: siz azərbaycanlı deyilsiz.

Azərbaycan dili monqollardan qalıb - əmmamə getdi, Azərbaycan adı Arandır - ləbada getdi, Nizami, Xaqani farsdırlar - Əba getdi.

Azərbaycanlılar farsdırlar - Eşşək getdi.

Bir az da keçsə, deyəcəklər ki, ümumiyyətlə, Azərbaycan deyilən ölkə və orada yaşayan canlı adamlar yoxdurlar. Doğrudur, indi Tehranda belə iddiaya düşmək moddur. Yerindən duran azərbaycanlıları töhmət edir. Nə olar, qoy etsinlər: dəyirman bildiyini edir, çax-çax da başın ağrıdır. Bu söhbətlərdən sonra doktor Əfşara və o qəbildən olan əşxasə bir məsləhətimiz var:

 

Tərsəm nərəsi, be məqsəd ey Əfşar!

Qorxuram məqsədinə çatmayasan, ey Əfşar!”

 

* * *

 

“Azərbaycan xalqının dili və ədəbiyyatı var. Dil məsələsi böyük məsələdir. Bunu almaq və mürtəcelərlə mübarizə aparmaq şəhamət istəyirdi. Biz o cəhaməti göstərdik və qorxmadıq... Dil məsələsi bizim ölüm-dirim məsələsidir.

Azərbaycan dili fars dilinin bir şöbəsi deyil, məxsus bir dildir. Bu dili danmaq həqiqəti danmaq kimidir. Bizim içərimizdə bir iddə (bir dəstə) adamlar var ki, özləri fars dili bilməz, deyəndə deyir ki, “mənim dilim fars dilidir”.

Mən demirəm ki fars dili pis dildir. Deyirəm ki, mənim dilim Azərbaycan dilidir. Öz dilin danan azərbaycanlı xain deyil, bəs nədir?!”

 

Əkrəm Rəhimli

AMEA Şərqşünaslıq İnstitutunun

"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri

 

Xalq Cəbhəsi.- 2016.- 28 dekabr.- S.14.