Milli azlıqların media hüquqları

 

Azərbaycanda milli azlıqların öz məktəbləri, mədəniyyət mərkəzləri ilə yanaşı həm də çoxsaylı kütləvi informasiya vasitələri və internet resursları vardır. Onlardan "Oko" (rus dilində), "Tolışi sədo" (talış dilində), "Dənqe kurd" (kürd dilində), "Samur" (ləzgi dilində), "Şəlalə" (Qaxda nəşr olunur, gürcü dilində yazılar çap edir) və s. Telekanallarda milli azlıqların etnik mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir.

"Araz" radiosunun dalğalarında müxtəlif dillərdə sistematik olaraq yeniliklər verilir. Belə ki, rus dilində hər gün, gürcü dilində həftənin 2, 4 və 6-cı günləri, kürd dilində 2-ci və 4-cü günlər, talış dilində 2-ci və 4-cü günlər, erməni dilində 1-ci və 6-cı günlər verilişlər efirə gedir. Milli azlıqların yayım vasitələrindən istifadə hüquqları istər beynəlxalq sənədlərdə, istərsə də ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən telekompaniyaların (əsasən, dövlət və ictimai) fəaliyyət proqramlarında geniş əks olunur.

Azərbaycan dövləti milli azlıqlara azad mətbuat yaratmaqda heç bir maneə yaratmır. Birbaşa dövlət orqanı olan rəsmi qəzetlərdə milli azlıqların məişəti, adət-ənənələri haqqında materiallar çap olunur. Televiziya və radio yayımında müxtəlif dillərin istifadəsini və yaxud cəmiyyətin, habelə, onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, dolğun məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları yayımlamasına şərait yaratmaq məqsədi ilə 28 sentyabr 2004-cü il tarixində "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Həmin Qanunun 12.3-cü və 13.2-ci maddələrinə əsasən, ictimai yayım proqramlarına Azərbaycan Respublikası ərazisində yaşayan milli azlıqların dillərində verilişlər də daxil edilir. Proqramlar milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.

"Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun 10-cu maddəsinə əsasən, milli, irqi, sosial ədavəti, yaxud, dözülməzliyi təbliğ etmək məqsədilə KİV-dən istifadəyə yol verilmir. "İctimai televiziya və radio yayımı haqqında" qanunun 7.0.7-ci maddəsinə uyğun olaraq, dini və irqi ayrı-seçkiliyi təbliğ edən proqramların yayımlanmaması ictimai yayımçının vəzifəsi kimi müəyyən olunmuşdur. "Televiziya və radio yayımı haqqında" qanunun 11.5-ci maddəsinə müvafiq olaraq, teleradio yayımı sahəsində Milli Televiziya və Radio Yayımları Şurası belə təbliğatın yol verilməməsinə nəzarət edir.

Azərbaycan dövlətinin demokratik və tolerant siyasətinin nəticəsidir ki, ölkə tele-məkanında ilk dəfə olaraq, məhz, İctimai Televiziyada ölkədə yaşayan xalqların və etnik qrupların maddi mədəniyyət nümunələrini, milli məişətini geniş ictimaiyyətə çatdırır. Televiziya uzun əsrlər boyu ölkəmizdə yaşayan, hətta, onun bir və ya bir neçə kəndində məskunlaşan, sayı bir neçə mindən artıq olmayan bu zəngin etnik müxtəlifliyi dünya ictimaiyyətinə çatdırır. Bundan başqa, "Körpü", "Bura vətəndir", "Danışan tarix" və s. verilişlər də tamaşaçılar tərəfindən maraqla izlənilir.

İstedadlı jurnalistlər və rejissorlar tərəfindən hazırlanan verilişlərdə milli azlıqların, azsaylı xalqların və etnik qrupların tarixi, adət-ənənəsi, dini, dili, mədəniyyəti, folkloru, mətbəxi haqqında məlumatlar geniş əksini tapır. Azərbaycanın etnik xəritəsində xüsusi yeri olan və ölkəmizin şimal bölgəsində yaşayan ləzgilər, tatlar, cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, axaxlar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udinlər, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dağ yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan Axıska türkləri, ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrindən olan ruslar, ukraynalılar, polyaklar, almanlar, gürcülər, tatarlar, eləcə də taleyini əbədi olaraq yurdumuza bağlayan digər xalqlar haqqında hazırlanan verilişlər, təkcə, həmin xalqların nümayəndələri tərəfindən deyil, bütövlükdə, Azərbaycan cəmiyyəti tərəfindən də çox maraqla qarşılanır.

“Yeni Gün” səhər proqramında hər gün ölkəmizdə yaşayan müxtəlif xalqların dillərində mahnı çələngi təqdim edilir. Şirkətin “Çarçıfilm” Departamentinin əməkdaşları demək olar ki, hər ay azsaylı xalqların həyatı, mədəniyyəti və məişəti mövzusunda filmlər hazırlayır, tamaşaçılara təqdim edirlər. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli qanununa əsasən, ölkə ərazisində teleradio yayımı xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir və xüsusi razılıq (lisenziya) teleradio yayımı sahəsində yeganə hüquqi sənəd olaraq özündə, həmçinin, teleradio yayımının dili (dilləri) haqqında məlumatı əks etdirir.

Azərbaycanda milli azlıqların dillərinin qorunmasında, millətlərarası dözümlülüyün yaradılmasında informasiya vasitələrinə böyük rol ayrılmışdır. Eyni zamanda, həmin dillərdə qəzet və jurnallar nəşr edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan dilinin orfoqrafıya qaydaları", Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 saylı Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" kimi sənədlərin qəbulu Azərbaycan dilinin gücləndirilməsinə yönəlmiş qanunvericilik tədbirləri kimi nəzərdən keçirilə bilər.

Sözügedən Proqramın 2.2-ci bəndinə müvafiq olaraq, bu proqramda qarşıya qoyulmuş məqsədə çatmaq və vahid informasiya mühitindən səmərəli istifadənin təmin edilməsi üçün tədris prosesində Azərbaycan dilində istifadə edilən müasir elektron tədris materiallarının, elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənib hazırlanması, yayılması, tətbiqi və Azərbaycan dilində olan tədris və elmi-metodiki nəşrlərdə informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə terminologiyanın hazırlanması və elmi dövriyyəyə daxil edilməsi zəruri hesab olunmuşdur.

Bunlardan Azərbaycan dövlət radiosu ilə milli azlıqların dillərində aşağıdakı həcmdə verilişlər yayımlanır: bir ay ərzində talış dilində 1 saat 20 dəqiqə, kürd dilində 1 saat 20 dəqiqə, ləzgi dilində 1 saat 20 dəqiqə, gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində 15 saat verilişlər yayımlanır.

Azərbaycanın dövlət televiziyası olan AzTV-l-də rus dilində 1 ay ərzində 15 saatdan çox xəbərlər proqramı efirə verilir.

Bütün ölkə ərazisində yayımlanan özəl kanallardan "Lider", "Azad Azərbaycan" və "Space" kanallarında rus dilində yayımlanan verilişlərin həcmi gün ərzində yayımlanan verilişlərin 25-30%-ni təşkil edir. Regional telekanallarda (10 regional kanal var) rus dilindəki verilişlərin həcmi 25-40% təşkil edir. Milli azlıqların kompakt şəkildə yaşadığı rayonlarda - Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV" və "Qütb TV", Lənkəranda "Cənub TV", Zaqatalada "Aygün TV" adlı yerli telekanallar fəaliyyət göstərir. Balakən rayonunda yerli radio ilə avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır.

Bunlardan əlavə, istər dövlət, istərsə də özəl teleradio kanallarında musiqili, sənədli və etnoqrafik xarakterli verilişlərdə milli azlıqların dillərindən geniş istifadə olunur. Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir, yeni yaranacaq teleradio kanallardan milli azlıqların dillərindən istifadəyə meylli yayımçılara üstünlük verir.

Avropa Komissiyasının maliyyələşdirdiyi "Cənubi Qafqaz əlaqələri və vətəndaş həmrəyliyi" layihəsi çərçivəsində ölkə mətbuatında milli azlıqlar haqqında dərc olunan materialların sayı və mahiyyəti ilə bağlı 2002-ci il 1-31 dekabr tarixində və 2003-cü il 15 yanvardan 15 fevrala qədər monitorinq aparılıb. Monitorinq zamanı aydın olub ki, qəzetlərdə ümumi-nəzəri və tarixi materialları ilə yanaşı, etnik və dini ümumiliklərin müasir vəziyyəti, ictimai təşkilatların tədbirləri haqqında məlumat və s. dərc edilib. Azərbaycan KİV-ləri öz materiallarında bu və ya digər dərəcədə bütün əsas etnik problemlərə diqqət ayırıblar. Burada kürdlər, ləzgilər, yəhudilər, talışlar haqqında tez-tez məlumatlar verilib. Avar, tat, saxur, ingiloy, gürcü, alman və başqaları haqqında 1-2 material qeyd olunub. Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Martines Kassanın mətbuat konfransında demişdir: "Mən görüşlər zamanı 100% əmin oldum ki, Azərbaycandakı etnik azlıqlar özlərini ölkənin tamhüquqlu vətəndaşı hesab edirlər. Onlar vəziyyətlərindən razıdırlar. Öz mədəni irsini qorumaq məqsədilə Azərbaycan hökuməti ilə əməkdaşlıq edən udinlər yaxşı əyani nümunədirlər. Azərbaycan hökuməti onların mədəniyyətinin inkişafı üçün vəsait ayırıb".

Bakıda, Azərbaycan Dövlət Nəşriyyatının nəzdində azlıqda qalan xalqların dillərində kitabların nəşri ilə bağlı ayrıca şöbə yaradılmış və bu şöbə talış dilində yüzlərlə elmi və bədii kitablar nəşr etdirmişdir. "Azİz" Azərbaycan-İsrail Dostluq Cəmiyyəti "Azərbaycan-İsrail" adlı qəzet, Qırmızı Qəsəbədəki "Yedinstvo" ("Birlik") cəmiyyəti isə "Qudyal" adlı jurnal nəşr edir. Azərbaycanda "Kürdün səsi" - "Dənqe kürd" adlı qəzet nəşr olunur. Qəzetdə kürd ədəbiyyatı, tarixi ilə bağlı yazılar, şeirlər dərc edilir. Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına əsasən, KİVDF tərəfindən jurnalistlər üçün keçirilən müsabiqələrdə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda yüzlərlə məqalə təqdim olunub.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2016.- 28 dekabr.- S.13.