“Vergi Məcəlləsinə dəyişikliklərin
qəbulu ölkəmizdə vergi mühitinin cəlbediciliyinin
artmasına müsbət təsir göstərəcək”
Fazil Məmmədov:
“Vergilər Nazirliyi vergi ödəyiciləri ilə şəffaf
partnyorluq münasibətlərinin genişlənməsinə
xüsusi diqqət yetirəcək”
Dünya maliyyə və kapital bazarlarında hökm
sürən mürəkkəb iqtisadi şəraitdə Azərbaycanda
genişmiqyaslı islahatlar həyata keçirilir və bu,
özünü vergi sistemində də aydın göstərir. Azərbaycan
Respublikasının vergilər naziri, I dərəcəli
dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun
AZƏRTAC-a müsahibəsi (ixtisarla).
- Vergi Məcəlləsinə əsas dəyişikliklər
nədən ibarətdir?
- Hər
şeydən əvvəl deyim ki, vergi orqanları dövlətin
vergi siyasətini həyata keçirən qurumdur və əlbəttə,
dövlət büdcəsinin gəlirlərinin
formalaşmasına məsul orqan olaraq vergi gəlirlərinin
artırılmasında maraqlı tərəfdir. Lakin ölkəmizdə həyata keçirilən
vergi siyasətinin ən vacib elementlərindən biri əlverişli
biznes mühitinin yaradılması, biznesin iqtisadi inkişafa
yönümlü olması, dövlətin iqtisadi maraqları
ilə yanaşı, sahibkarların və vətəndaşların
maraqlarına cavab verməsidir.
Vergi Məcəlləsinə həm həcm, həm də
mahiyyət baxımından olduqca ciddi dəyişikliklər
edilib. Son dəyişikliklərin
əsas məqsədi və hədəfi kiçik və orta
biznesin inkişafına daha əlverişli şəraitin
yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri
arasında qarşılıqlı etimadın səviyyəsinin
yüksəldilməsi, nağdsız əməliyyatların həcminin
artırılması, pul dövriyyəsinin tənzimlənməsi,
bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin
artırılması yolu ilə iqtisadiyyata investisiya
qoyuluşlarının təşviq edilməsi, ixracın
stimullaşdırılması, dürüst və şəffaf
uçotun qurulmasıdır. Dəyişikliklər
zərfi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
şəraitində, qabaqcıl beynəlxalq təcrübənin
yaxından öyrənilməsi, biznesi təmsil edən təşkilatların
və sahibkarların ictimai birliklərinin təkliflərinin
müzakirəsi əsasında hazırlanıb.
Qanunvericiliyə dəyişikliklər Milli Məclisin
komitələrində çox ciddi müzakirələrdən
keçib və millət vəkilləri tərəfindən
də müsbət qarşılanıb. Bütövlükdə
Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Məcəlləyə 115 yeni maddə əlavə
edilib, 83 maddəyə dəyişiklik edilib, 3 maddə isə
ləğv olunub. Dəyişiklikləri
qruplaşdırsaq, 123 maddə vergi
inzibatçılığının, o cümlədən
vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması,
34 maddə vergiödəyicilərinin hüquqlarının
genişləndirilməsi, 8 maddə isə vergi
yükünün azaldılması və ya vergi güzəştləri
və vergidən azadolmalarla bağlıdır.
Azərbaycan
Respublikasının Prezidentinin fərman və sərəncamları
ilə yaradılan icbari tibbi sığorta və səhiyyə
(tibb) xidmətləri göstərən qurumların gəlirləri
mənfəət vergisindən müddətsiz, buğdanın
idxalının və satışı, buğda unu və
çörəyin istehsalı və satışı, quş
ətinin satışı isə 3 il müddətində
ƏDV-dən azad edilib. Bankların restrukturizasiya və
sağlamlaşdırma tədbirləri çərçivəsində
qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi
2017-ci il yanvarın 1-dən 3 il müddətinə
ƏDV-dən azad edilib.
Banklar tərəfindən fiziki şəxslərin əmanəti
üzrə ödənilən illik faiz gəlirlərinin, habelə
emitent tərəfindən investisiya qiymətli
kağızları üzrə ödənilən dividendin,
diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi
nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin
gəlir vergisindən azad edilməsi müddəti 7 ilə qədər
- 2023-cü ilin fevral ayınadək uzadılıb. Sahibkarların
vergi yükünün azaldılması ilə yanaşı,
onların dövriyyə vəsaitlərinə qənaət
edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə
ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin
apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə
artıq ödənilmiş vergilərin qaytarılması
müddətləri də qısaldılıb. Bu azadolmalar və dəyişikliklər vergiödəyicilərinin
vergi yükünün azaldılmasına, dövriyyə vəsaitlərindən
səmərəli istifadə etmələrinə şərait
yaradacaq, sahibkarlığın inkişafına dəstək
verəcək və nəticələr son istehlakçıya
yönəldiyindən sosial əhəmiyyət
daşıyacaq.
Məcəlləyə edilmiş dəyişikliklərdən
biri də kənd təsərrüfatı məhsullarının
pərakəndə satışı zamanı ƏDV-nin ticarət
əlavəsindən hesablanması ilə bağlıdır. Kənd təsərrüfatı
məhsullarının istehsalçıları vergilərdən
azad edilsə də, onların məhsulları ticarət şəbəkələri
tərəfindən pərakəndə qaydada satılarkən
bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə
cəlb edilir, bu da pərakəndə satış qiymətində
bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri
nəzərə alaraq, kiçik və orta
sahibkarlığı stimullaşdırmaq, pərakəndə
ticarətdə rəqabət mühitini təmin etmək və
vergi yükünü optimallaşdırmaq məqsədilə
pərakəndə ticarət fəaliyyəti ilə məşğul
olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal
edilmiş kənd təsərrüfatı məhsullarının
satışı zamanı ƏDV ticarət əlavəsindən
hesablanacaq.
Məcəlləyə edilmiş dəyişikliklərin
bir hissəsi vergitutma bazasının genişləndirilməsi
ilə bağlıdır. Araşdırmalar
göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində
vergidən yayınma hallarına hələ də rast gəlinir.
Bu, özünü bəzi sahibkarların vergi orqanlarında
qeydiyyatdan keçməməsində, uçot-məlumat
bazasının düzgün aparılmaması və
yaranmış vergi öhdəliklərinin düzgün göstərilməməsində,
vergiödəyicilərinin mənfəətinin
minimallaşdırılması məqsədilə müxtəlif
metodların tətbiqində, vergi yükü aşağı
olan ofşor zonalarda qeydiyyatdan keçməklə vergilərin
yayındırılmasında, büdcəyə vergilərin
tam və vaxtında ödənilməməsində və s.
formalarda göstərir. Vergi islahatlarına dair
yeni istiqamətlər məhz bu sahələrdə vergi nəzarətinin
gücləndirilməsini, bəzi hallarda isə (məsələn,
elektron ticarətdə) vergi nəzarətinin yenidən
qurulmasını nəzərdə tutur. Rezident
vergiödəyicilərinin ölkə hüdudlarından kənarda,
o cümlədən vergi sığınacağı
(ofşor) hesab edilən ərazilərdə təsis
edilmiş vergiödəyiciləri ilə apardıqları əməliyyatlara
nəzarətin təmin edilməsi məqsədilə belə
gəlirlərə transfer qiymətlərinin tətbiq edilməsi
nəzərdə tutulur.
- Vergiödəyiciləri
tərəfindən aparılan əməliyyatların
uçotunun şəffaflaşdırılması ilə
bağlı qanunvericilikdə nə kimi dəyişikliklər
edilib?
- Ölkəmizdə
mal, iş və xidmətlər üzrə
əməliyyatların rəsmiləşdirilməsi sahəsində
mövcud vəziyyətin təhlili göstərir ki, qaimə-fakturaların
kağız formasında tətbiqi bəzən bir sıra
problemlərə və nəticə etibarilə vergidən
yayınma hallarına şərait yaradır. Bunun
qarşısını almaq məqsədilə Vergi Məcəlləsinə
dəyişikliklər edilib və sahibkarlıq fəaliyyəti
subyektləri arasında malların, işlərin və xidmətlərin
təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim
olunması tələb ediləcək.
Bu dəyişiklik sahibkarlar arasında aparılan əməliyyatların
rəsmiləşməsi prosedurunun sadələşməsinə,
operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin
azaldılmasına, sahibkarların xərclərini təsdiq edən
sənədlərə malik olmaqla gələcəkdə vergi
orqanları ilə fikir ayrılıqlarının
qarşısının alınmasına və şəffaflığın
təmininə xidmət edir.
-
Geniş müzakirələrə səbəb olmuş sabit
verginin tətbiqi ilə bağlı sizin fikrinizi bilmək
maraqlıdır...
-Qeyd etmək
lazımdır ki, sabit vergi fərdi qaydada, yəni muzdlu
işçi cəlb etmədən müəyyən fəaliyyət
növləri ilə məşğul olan fiziki şəxslərə
tətbiq ediləcək. Bu ödəyicilər kiçik həcmdə
gəlirlərə malik olan, məsələn, fərdi foto,
audio-video xidmətləri göstərən, saat, televizor,
soyuducu və digər məişət cihazlarının təmiri
ilə məşğul olan, fərdi yaşayış evlərində
qulluqçuluq, sürücülük edən və s. analoji
işlərlə məşğul olan şəxslərdir. Sabit verginin tətbiq olunması nəzərdə
tutulan fiziki şəxslər mövcud qanunvericiliyə görə
də vergi uçotuna alınmalı, bəyannamə təqdim
etməli və vergilərini hesablayıb dövlət büdcəsinə
ödəməlidirlər.
-Vergiödəyicilərinin
marağına səbəb olan mühüm yeniliklərdən
biri də nağdsız hesablaşmaların genişləndirilməsi
ilə bağlı yeni qanundur. Bu qanunun mahiyyəti
nədən ibarətdir?
-“Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi
ölkə başçısının 4 avqust tarixli sərəncamı
ilə verilmiş tapşırığa uyğun olaraq, Maliyyə
Bazarlarına Nəzarət Palatası ilə birlikdə beynəlxalq
təcrübə nəzərə alınmaqla
hazırlanıb və nağdsız ödənişlərin
tətbiq dairəsinin genişlənməsinə şərait
yaradır.
- Bu
günlərdə Milli Məclisdə “Vergiödəyicilərinin
2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi
borclarının tənzimlənməsi haqqında” qanun layihəsi
də müzakirəyə çıxarıldı. Bu məsələyə şərh vermənizi
xahiş edirik.
- Hər
şeydən əvvəl qeyd edim ki, bu qanun layihəsi Milli Məclisə
dövlət başçısının şəxsi təşəbbüsü
ilə göndərilib və Prezidentin ölkə
sahibkarlarına göstərdiyi dəstəyin daha bir növbəti
nümunəsidir. Qanun, ilk növbədə,
vergiödəyicilərinin iqtisadi fəallığının
artırılmasına xidmət edir. Qanun
layihəsinə əsasən, vergilərin vaxtında ödənilməməsinə
görə hesablanmış faizlərin və Vergi Məcəlləsinin
58.7-ci maddəsində nəzərdə tutulan nağd əməliyyatların
aparılması qaydalarının pozulmasına görə
maliyyə sanksiyalarının 2017-ci ilin 1 yanvar vəziyyətinə
istisnasız olaraq silinməsi, eləcə də Vergi Məcəlləsində
nəzərdə tutulan digər maliyyə
sanksiyalarının müəyyən ardıcıllıqla və
şərtlər daxilində silinməsi təklif edilir.
Əminəm ki, bu qanun layihəsinin qəbulu vergiödəyicilərinin
sərəncamlarında kifayət qədər vəsaitin
qalmasına, borc məbləğlərinin azalmasına təsir
edəcək, sahibkarların iqtisadi fəallığının
artmasına və vergi yükünün
optimallaşdırılmasına xidmət edəcək. Digər tərəfdən
nəzərə almaq lazımdır ki, sahibkarların sərəncamında
qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və
multiplikasiya effektini nəzərə alsaq, bunun iqtisadi səmərəsi
bir neçə dəfə artacaq. Bütövlükdə
bu qanunların, eləcə də Vergi Məcəlləsinə
dəyişikliklərin qəbulu ölkəmizdə vergi
mühitinin cəlbediciliyinin artmasına, dövlət-biznes
münasibətlərinin partnyorluq müstəvisinə
keçidinin sürətlənməsinə təkan verməklə
bərabər, iqtisadi fəallığın və fiskal
dayanıqlılığın təmin olunmasına da müsbət
təsir göstərəcək.
Vergilər Nazirliyi 2017-ci ildə
və sonrakı dövrlərdə öz fəaliyyətini
kiçik və orta sahibkarlığın dəstəklənməsinə,
dövlət büdcəsinin gəlirlərinin
artırılmasına, vergiödəyiciləri ilə şəffaf
partnyorluq münasibətlərinin genişlənməsinə
xüsusi diqqət yetirəcək. Bu məqsədlə
artıq nazirliyin strukturunda müvafiq dəyişikliklər
aparılıb, Bakı şəhərində kiçik
sahibkarlarla iş üzrə ayrıca departament və iki
mövcud departamentin tərkibində şəffaf vergi
partnyorluğu idarələri yaradılıb.
Düşünürük ki, zamanın
çağırışlarından irəli gələn bu dəyişikliklər,
bütövlükdə, həm sahibkarların, həm də
vergi orqanlarının maraqlarına xidmət edəcək.
Xalq Cəbhəsi.- 2016.- 28
dekabr.-S.12.