Vaqif Əlixanlı: “Azərbaycanda tərcümə
və dublyaj sahəsi çox bərbad vəziyyətdədir”
“Qobustan”
jurnalının baş redaktoru, yazıçı-tərcüməçi
Vaqif Əlixanlının APA-ya müsahibəsi...
- Vaqif
müəllim, səhvim varsa, düzəldin: mənə həmişə
elə gəlib ki, siz mətbuatın nəzərindən
uzaqda olmusunuz. Daha doğrusu, ortada bir ögeylik olub...
- Tamamilə
haqlısınız. Mətbuatın həftədə
bir dəfə danışdırdığı, ortaya
çıxardığı adamlar var. İş belə gətirib
ki, mən o adamlardan olmamışam. Görünür,
bu mənim xasiyyətimdən irəli gəlir. Üzr istəyirəm, özünü gözə
soxmamaq bizim nəsildən gəlir. Azərbaycan
ədəbiyyatı və incəsənətində “bu, mənəm”
deyən oğullar çox azdır. Tərif
kimi çıxmasın, özümü onlardan biri
sayıram. İndi cavanlı-qocalı
yazıçılar arasında mübarizə gedir ki, mən
Nobel almalıyam. Amma fakt odur ki, o adamlar
Avropa ədəbiyyatının qabağından qalan
mövzularda əsərlər yazırlar. Bütün səmimiyyətimlə
deyirəm: bugünkü Azərbaycan ədəbiyyatı
çox zəifdir. Bizimkilər ancaq
özünü tərifləməklə məşğuldurlar.
Hazır ədəbiyyatçılar var: əsər
çıxmamış, yox, ona əsər demək olmaz,
inşa çap olunmamış, resenziyalar yazırlar.
-
Ümumi danışırsınız. Fikrinizi
konkretləşdirə bilərsiniz?
- Yox, belə
fikrim yoxdur. Heç kimin xətrinə dəymək
istəmirəm. O “facebook” ədəbiyyatı ki var, buna
çox qeyri-ciddi baxıram. Bütün o
“facebook” ədəbiyyatı Əli Vəliyevin bir romanına
dəyməz. Mən ümumiyyətlə,
bədii əsəri ancaq kitabdan oxumağı sevirəm.
Heç qəzetdən də oxuya bilmirəm.
Kitab mənimlə söhbət edir. “Facebook”, internet isə bunu edə bilmir. Elə bil, “facebook”
qıçını-qıçının üstünə
aşırır, ağzında saqqız, mənimlə
yuxarıdan aşağı danışır. Bu cür münasibəti qəbul edə bilmirəm.
Təəssüf ki, kitaba həvəs yoxdur.
Sovet ideologiyasına həmişə
ağız büzmüşəm, hətta nifrət etmişəm,
amma baxıb görürsən ki, kitaba, yazıçıya
münasibətdə sovet ideologiyası çox irəli gedibmiş.
Bu dəqiqə yazıçının maddi vəziyyəti
yaxşı deyil. Bir romana uzaq başı
600-700 manat pul verirlər.
- Hekayəyə
də 20 manat...
- Bununla
yazıçı dola bilər? Allah rəhmət
eləsin, İsa Hüseynov deyirdi, Vaqif, mən “Doğma və
yad adamlar”ı qonorarını almaq üçün kisə
aparmışdım, o pulla “Volqa” aldım, sonra ailəmlə
istirahətə getdim. Baltikyanı ölkələrdə,
Rusiyada ədəbiyyata qiymət verirlər. Yəni kitablar satılır. Bizdə
isə satışa ümid bağlamaq olmaz. Ən yaxşı əsər iki nüsxə
satılar, ya yox. Çox təəssüf
ki, biz müstəqil olan kimi başladıq Baltikyanı
ölkələrin yerişi ilə yeriməyə ki, qoy
yazıçı öz əsəri ilə dolansın.
Alan yoxdur axı! Bizdə ədəbiyyat təəssübkeşliyi
yoxdur. “Akademkniqa” tez-tez gedirəm. İki saat gəzirəm, kitabları vərəqləyirəm,
amma birini almağa imkanım yoxdur. Ən azı on-on beş manatdır.
- “Qobustan” jurnalının baş redaktorunun on manata kitab
almaq imkanı yoxdur. Bunu necə başa düşək?
- Başa
düşək odur ki, məsələn, həmin on manatı
ailədə başqa şeylərə xərcləyirəm.
- Bu da ədəbiyyat
adamının güzəranı. Buna güzəran demək
olarsa...
- Hər
birimizin dolanışığında sıxıntı var.
Sağ olsun Azərbaycan hökuməti ki, Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunu yaradıb. Biz həmin fondun
hesabına jurnalları çıxarırıq,
yaman-yaxşı qonorar veririk. Bütün
çətinliyə baxmayaraq, mən hər şeyə nikbin
baxıram.
Nikbin baxıram o sarıdan ki, ədəbiyyatda, incəsənətdə
dəniz kimi qabarma-çəkilmə olur. Nə
yaxşı, muğama Mehriban xanım Əliyeva yiyə durdu,
dünya çapına çıxardı. Mən bunu ən böyük nailiyyətlərdən
biri sayıram. Qaldı ki, başqa sahələrə... Bilirsiniz, indi çəkilmə dövrüdür.
Tutalım, bəyənmədiyimiz 37-38-ci illərdə
Üzeyir bəy “Koroğlu”nu yazdı. 60-70-ci
illərdə Azərbaycan teatrı çox güclü idi.
Çox təəssüf ki, indi onu demək
olmur. Mən on il Mədəniyyət
Nazirliyində teatr və konsert müəssisələrinin rəisi
işləmişəm. Nə yaxşı, o
vaxt mənim hər teatrın ildə bir cavan müəllifin əsərini
tamaşaya qoyması barədə təklifimi qəbul elədilər.
- Səhv
etmirəmsə, “Qobustan”a üç il əvvəl
baş redaktor təyin olunmusunuz. İşləriniz
necədir?
- Nə
deyim, vallah. Nə yaxşı ki, mənim ürəyimdə
incəsənət sevgisi var, vaxtilə bu işlərlə məşğul
olmuşam, televiziyada veriliş aparmışam. O vaxt “Rənglər
və şedevrlər” verilişini apardırdım. İnan, o qədər rəylər gəlirdi,
inanmırdım. “Qobustan”da baş redaktor
olduğum vaxtdan bəri belə şeylər mənə
kömək olub.
- Ələkbər
Salahzadə rəhmətə gedəndən sonra baş
redaktorluğu sizə kim təklif elədi?
- Yazıçılar Birliyinin rəhbərliyi. Və
sözsüz ki, Fikrət Qoca.
- Müəllifini
xatırlamıram, bir dəfə yazmışdılar ki, Fikrət
Qoca Vaqif Əlixanlı ilə dostdur, ona görə imkan
düşən kimi dostunu yanına gətirdi...
- Yox, yox.
Fikrət Qoca ilə elə bir dostluğum yoxdur.
Uzaqdan-uzağa məni tanıyırdı.
Təbii ki, Anarın sədr kimi
razılığı olmalı idi.
- Jurnalda
çətinliyiniz nədən ibarətdir?
- Ən böyük çətinliklərdən biri odur
ki, demək olar, “Qobustan” üçün yazan yoxdur. Çünki
incəsənəti bilmirlər, bu işlə məşğul
olmurlar. İncəsənət üzrə
müdafiə edənlər elmi işlərindən bir
parçanı bizim jurnalda çap etdirməlidirlər.
Oxuyuram, görürəm, keyfiyyəti çox
aşağıdır.
- Qonorar
verə bilirsiniz?
- Yox,
qonorar verə bilmirəm. Qonorar fondu var, amma o
pul katricə, kağıza xərclənir. Hamısını öz pulumuzla alırıq.
- Müəllifə
pul vermirsiniz və yazı istəyirsiniz...
- “Qobustan”da çap olunmaq baş
ucalığıdır. 15-20 manat qonorar yazdım nolacaq,
yazmadım nolacaq? O puldan da bir az
vergiyə çıxacaqlar, ortada heç nə qalmayacaq. Ancaq entuziazmla yazmaq olar. Axır
fikirləşib ortalığa bir şey
çıxarırıq. Mənə elə
gəlir, “Qobustan”ın bugünkü səviyyəsi pis deyil.
Anarın, Fikrət Qocanın, Vidadi Paşayevin, Ələkbər
Salahzadənin vaxtında olan səviyyəni saxlamağa
çalışırıq. Bizim ən
böyük çətinliyimiz yayımla bağlıdır.
Biz jurnalı mətbuat yayımına təhvil
veririk. Jurnal rayonlara gedib çatmır.
Göndərmirlər, qardaş, bu iş təşkil olunmur. Heç Bakıdakı köşklərə
paylamırlar.
- Nə
düşmənçilikləri var?
-
Düşmənçilik deyil e, bilmirəm, vallah, niyə belə
edirlər. Bəlkə yayanlara maaşı biz
verməliyik, bilmirəm, qardaş. Dodaq
boyasından tutmuş, qaş aldırmağa, kirpik
qaldırmağa qədər jurnallar satılır, “Qobustan”
yox. Təəssüf ki, bunlara yer
ayrılır, “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnalları
satılmır.
- Siz “Azərbaycanfilm” kinostudiyasında baş redaktor və
direktor müavini olmusunuz. İstəyirəm, kino fəaliyyətinizdən
danışaq...
- O vaxt
baş redaktor həm də direktor müavini hesab olunurdu. Mərkəzi Komitədə mədəniyyət
şöbəsinin müdiri Azad Şərifov idi. Təsdiq üçün üç dəfə
onun qəbulunda oldum. Allah rəhmət eləsin,
kinostudiyanın direktoru Cəmil Əlibəyov dedi, Vaqif, səni
təsdiq etməyəcəklər, çünki sən
böyük nəsildənsən. Bizim
Əlixanlılar Fətəli xanın nəslindəndir.
Fətəli xanın kiçik oğlu Şeyxəli xan dinc
oturan adam olmayıb. Deyirmiş, Qubanın,
Bakının xanı mən olmalıyam. Ruslar
görüb yox, bununla mümkün olmayacaq, general Zubovun əli
ilə bunu öldürməyə çalışıblar.
- Ssenarilərinizə
filmlər çox az çəkilib...
- Kinostudiyada beş ssenarimi təriflədilər, sonra çəkmədilər.
Ömər Xəyyam haqqında çoxseriyalı
film ssenarisi yazmışdım. Maqsud
İbrahimbəyov “Tacikfilm” üçün bu mövzunu
işləmək istəyirdi, sonra yazmadı. Mən yazdım, bəyənildi, göndərdilər
Moskvaya. Yuli Qusman mənə dedi, sən əsl rejissor
ssenarisi yazmısan, məmnuniyyətlə bunu çəkərəm.
İranda
Xomeyninin vaxtı idi, Ekran Yaradıcılıq Birliyinin sədri
Xessin Qusmana deyib ki, ikimiz də yəhudiyik, İran deyər,
Ömər Xəyyam haqqında filmi yəhudilər çəkir.
Sonra Tofiq İsmayılov, Gülbəniz
Əzimzadə çəkmək istədi, qəbul eləmədilər.
Sonra Rasim Ocaqov girişdi, yarımçıq
qaldı. O film Rasim Ocaqovun xörəyi deyildi.
Sonradan məlum
oldu ki, Bakıdan Moskvaya anonim teleqramlar göndərilib ki, din
məsələsidir, o film çəkilməsin. Rasim Ocaqova kömək üçün Odilşah
Agişev adlı ssenarist vermişdilər. Onunla xeyli işlədik, sonra xəbər
çıxmadı. İnişil
eşitdim, Moskvada Ömər Xəyyam haqqında film çəkilir.
Ssenari müəllifi də Odilşah
Agişevdir. Nömrəsini tapdım, zəng
elədim, səsi titrədi. Yalandan dedi, sənin ssenarin
deyil. Nə isə, kinoda belə şeylər
çox olur. Ondan sonra dörd ssenari
yazıb nazirliyə verdim, təriflədilər. Elə o qalan da qalıb, çəkilmədi.
-
Mövzular nə idi?
- Eldar Quliyev təklif elədi ki, şərq detektivi
işləyək. Yazıb verdim, Bədii Şuradan
keçdi, səhəri Eldar Quliyev gəldi ki, mən işləməyəcəyəm.
- Axı
Eldar Quliyev üç il əvvəl “Dərvişin
qeydləri” adında şərq detektivi çəkdi...
- Ay sağ ol. O ssenari ilə bağlı çox
şeyi danışmaq istəmirəm. Bədii
Şurada çıxış elədim ki, ssenarimi sizə
halal edirəm.
- Vaqif
müəllim, mən sizin uğurlu tərcümənizdə
Con Steynbekin “Siçanlar və adamlar” əsərini
oxumuşam. Tərcümə sahəsi
haqqında nə deyə bilərsiniz?
- Steynbekdən
başqa Çingiz Aytmatovu tərcümə etmişəm.
Heç kim haqqında danışmadı.
İnanın, o əsəri qanımla tərcümə
etmişəm. Bir adam deyə bilməz
ki, filan yerində filan problem var. Bircə “Aydın yol” qəzetində
Elmin Nuri mənimlə müsahibə elədi, vəssalam. Yazıçılar Birliyində tərcümə
haqqında müzakirə aparırdılar, bir nəfər
adımı çəkmədi. Ruhu
şad olsun, Arif Əmrahoğlu durub dedi, Vaqif Əlixanlı
oturub burda, adını çəkən yoxdur. Xeyli xoş sözlər söylədi. Sizə deyim, tərcümə sahəsi dublyajdan da bərbad
vəziyyətdədir. Bunlar qoşa
yolunmuş qanadlardır. Tərcümələri
vərəqləyirəm, görürəm, tərcüməçi
Azərbaycan dilini bilmir. Ən yaxşı
əsərləri korlayıb qoyurlar ora. Əlbəttə,
yaxşı tərcüməçilərimiz də var. Məsələn,
rəhmətlik Natiq Səfərov yaxşı tərcüməçi
idi. Vilayət Hacıyev yaxşı ədəbiyyatşünas,
yaxşı tərcüməçidir, özü də
almancadan tərcümə edir. Mənim
qızım Xarici Dillər Universitetində İspan dili
kafedrasının müdiridir. Markesin
“Yüz ilin tənhalığı” romanını ispancadan
çevirmək istəyirdi. Tərcümə
Mərkəzinin rəhbəri Afaq Məsuda xəbər
göndərdim, səs-soraq çıxmadı. Sonra gördüm, tərcümə olunub.
- Səhv
etmirəmsə, siz “Space” TV-də dublyaj redaksiyasının
baş redaktoru olmusunuz...
- Bəli. Dublyaj sahəsi başdan-ayağa problem içindədir. Vaxtilə Heydər Əliyev göstəriş vermişdi ki, Dublyaj Mərkəzi yaradılsın. Televiziyalar film sifariş etməli idi, həmin mərkəz də onun qazancına yaşamalı idi. Bu olacaqdı professional iş. Azərbaycan televiziyalarında gedən dublyajlara baxmaq olmur. Səviyyə yoxdur.
- Ən bərbad dublyaj hansı kanalda olur?
- Babatı Azərbaycan Televiziyasıdır. O
birilərin heç biri haqqında yaxşı söz deyə
bilmərəm. “Space”də dil baxımından
çalışırdım, keyfiyyətli olsun. Amma səslənmə
başqa məsələdir. Hər şey pula bağlıdır. Bir film beş
min manatdan artıq başa gəlməz. Amma bu pulu vermirlər.
Xalq Cəbhəsi.- 2016.- 29 dekabr.-
S.15.