Ceyhun Hacıbəyli Azərbaycanın
azadlığı uğrunda mübarizə
aparıb
Maarif Teymur: “O, Azərbaycan mədəniyyətinin inkişafında
böyük xidmətlər
göstərib”
Bu il tanınmış
ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 ili tamam olur.
Ceyhun Hacıbəyli
(1891 - 1962) 1891-ci il fevralın 2-də anadan olub. İlk təhsilini Şuşada
alıb, təhsilini Bakıda başa vurub, Peterburq universitetinin hüquq fakültəsinə daxil olub. Burada bir il təhsil alıb, sonra Parisdə Sorbanna universitetinə dəyişilib, siyasi biliklər məktəbində
təhsilini, habelə
jurnalistlik fəaliyyətini
davam etdirib. Parisdən qardaşı Üzeyir Hacıbəyliyə məqalələr
göndərib, "Baku", "Kaspi" qəzetlərində
çap olunub.
Ömrünün çox hissəsi Parisdə keçib. 1919-cu ilin yanvarında Əlimərdan bəy Topçubaşovun rəhbərliyi
altında Versal sülh konfransına göndərilən nümayəndə
heyəti tərkibində
Ceyhun Hacıbəyli də vardı. Bu vaxtdan ömrünün
sonuna kimi Parisdə yaşayıb.
Parisdə yaradıcılıqla, eləcə də ictimai işlərlə məşğul olub.
Fransızca çıxan "Qafqaz" dərgisinə,
Münhendə Azərbaycan
Milli Birliyinin orqanı olan "Azərbaycan" məcmuəsinə
redaktorluq edib.
1925-ci ildə Üzeyir bəyin "Arşın
mal alan" operettasının librettosunu
fransız dilinə tərcümə edib,
1928-ci ildə uğurla
tamaşaya qoyub. 1930-cu ildə "Azərbaycan mətbuatı
tarixi", 1933-cü ildə
"Qarabağ dialekti
və folkloru" kitabları fransız dilində işıq üzü görüb.
Vəfatı ilə bağlı yaxın dostlarından doktor Əziz Alpaut Parisdə türkcə çıxan "Mücahid"
adlı aylıq ictimai məcmuəsində
"Bir böyük itkimiz daha" məqaləsində yazırdı:
"Vətən səni
unutmayacaq, bir gün bağrına basacaq".
S.Mümtaz adına Ədəbiyyat
və İncəsənət
arxivinin direktoru Maarif Teymur bildirir
ki, mühacir ədəbiyyatımızın görkəmli nümayəndəsi,
yazıçı, salnaməçi,
jurnalist, tərcüməçi-redaktor
Ceyhun Hacıbəylinin
arxivdəki 649 saylı
fondunda ayrı-ayrı
mövzular üzrə
qruplaşmalar aparılıb,
fondda saxlanılan sənədlərin üç
elmi siyahısı sistemləşdirilib. C.Hacıbəylinin fondunda 20 mindən artıq sənəd var. Sənədlərin əksəriyyəti
rus, ingilis və fransız dillərindədir. Mühacir
ədəbiyyatının tədqiqatçılarından
olan Ramiz Abutalıbov C.Hacıbəyli
ilə bağlı bir çox sənədləri arxivə
təqdim edib: "Ceyhun Hacıbəyli ədəbiyyatşünas, folklorşünas,
politoloq, musiqi nəzəriyyəçisi, istedadlı
fəlsəfəçi kimi
Azərbaycan mədəniyyətinin
inkişafında xidmətlər
göstərib".
Hacıbəylilər XX yüzilin əvvəllərindən başlayaraq
Azərbaycan mədəniyyətinin,
ictimai-siyasi fikrinin sistemli halda formalaşmasında mühüm
xidmətlər göstəriblər:
"Ceyhun Hacıbəyli
bu dövrlərdə
qələmini jurnalistikada
sınayıb. O dövrdə
"Şərqi Rus",
ondan sonra çıxan digər qəzetlərdə çalışıb.
Azərbaycan Demokratik Cümhuriyəti
dövründə nəşr
edilən rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın
baş redaktoru olub. Az
sonra Azərbaycanı
tərk etməyə məcbur olan Ceyhun Hacıbəyli ömrünün sonunadək
qürbətdə yaşayıb
və bütün yaradıcılığı, ruhuyla
Azərbaycanın azadlığı
uğrunda mübarizə
aparıb. O zaman Azərbaycanda artıq məşhur bəstəkar
kimi tanınan Üzeyir Hacıbəyli Ceyhun Hacıbəylinin Azərbaycana dönüşü,
onun haqqındakı təəssüratların dəyişilməsinə
nail olmaq istəyib. Onların arasındakı məktublaşmalar
həmin dövrün
ziddiyyətli məqamlarının
aydınlaşmasında mühüm
əhəmiyyət kəsb
edir. Üzeyir Hacıbəyli qardaşına
yazdığı məktubların
birində qeyd edir ki, Mustafa Quliyevlə danışıb,
gəlişində onun
üçün problemlər
yaradılmayacaq, burada
iş tapmaq məsələsi də həll ediləcək. Ancaq sovet quruluşuna olan qəti münasibətinin nəticəsidir
ki, Ceyhun Hacıbəyli qürbətdə
yaşayıb Azərbaycan
uğrunda mübarizə
aparmağı hər
şeydən üstün
tutub".
Ceyhun Hacıbəylinin mühacirətdə
yaşayarkən ardıcıl
olaraq Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanındakı
bütün hadisələri
bir politoloq olaraq diqqətlə öyrənib, ardıcıl,
ciddi mübarizə aparıb: "Bu müşahidələr
və təhillərdəki
aydınlıq ilk növbədə
tədqiqatçını heyran edir. O, bütün şüurlu həyatını tərəddüdsüz
olaraq Azərbaycan uğrunda mübarizəyə
həsr edib. 1990-cı illərdə Ramiz Abutalıbovun Bakıya gətirdiyi zəngin sənədlər
içərisində Ceyhun
Hacıbəyliyə aid xeyli
soraqlar var idi. Bu sənədlər
əsasında biz Ceyhun
Hacıbəylinin adına xüsusi fond
təşkil etdik. Burada Ceyhun Hacıbəylinin həm ictimai-siyasi, həm bədii yaradıcılığına dair
soraqlar toplanıb.
Hacıbəyli staxanovçuluq hərəkatının
sovet insanına mənəvi psixoloji baxımdan nə cür zərbə endirdiyini açıq-aydın
sübutlarla göstərir.
Tarlada işləməyə məhkum
edilən hamilə qadının Stalin rejiminin
"bərəkallahına" görə bətnindəki
körpəsini qurban verməsini bütün acı-ağrısı, yurdunun
taleyinə narahatlığı
ilə ifadə edir. Ceyhun Hacıbəylinin fransız dilində yazdığı hekayələr
onun daxili dünyasını, narahat
təbiətini, yurda qarşı sevgisini bütün çalarları
ilə ifadə edir. Bu əsərlərdə
dövrün, zamanın
girdabına məhkum edilən insanların əzablı həyatı
məharətli şəkildə
öz əksini tapıb. Azərbaycanı o zaman tərk
edən Ceyhun Hacıbəylinin 90-cı illərdə
Vətənə ruhən
qayıdışını həmişəlik qayıdış
hesab etmək olar".
Azərbaycana tükənməz sevgisi,
böyük mübarizəsi
ilə Vətən üçün yaşadığını
sübut etdi: "Onun arxivimizdə mühafizə edilən yaradıcılıq soraqları
içərisində Qarabağ
folkloruna həsr edilmiş yazıları diqqəti xüsusi cəlb edir. Şəxsi fondundakı əsərlərinin
sayca çoxluğu ilə yanaşı geniş əhatəliliyi,
mövzu rəngarəngliyi
maraqlı nüanslardandır.
Artıq
neçə ildir ki, Ceyhun Hacıbəylinin
şəxsi fonduna tədqiqatçı kimi müraciət edənlərin
sayı artmaqdadır.
Ceyhun bəyin arxivi hələ sağlığında
çox səliqəli
formada olub.
Ramiz Abutalıbov
hələ 1990-cı ildə
SSRİ dağılmamış Ceyhun Hacıbəylini arxivini böyük bir çətinliklə Parisdən Moskvaya, oradan da Bakıya
gətirməyə müvəffəq
olmuşdu. Yeri gəlmişkən, onu da qeyd edim
ki, Ramiz Abutalıbov Azərbaycan mətbuatında nəşr
etdirdiyi "Parisdə
keçən günlər"
adlı əsərini
kitab halında da nəşr etdirib. Çox oxunaqlı bir
dildə yazılmış
həmin əsərdə
Ceyhun Hacıbəylinin
şəxsiyyəti, yaradıcılığı,
mübarizəsi ilə
bağlı maraqlı
məqamlar var".
Ceyhun Hacıbəylinin şəxsi
arxivində olan soraqlar içərisində
ötən yüzilin
20-ci illərinə aid fransız
qəzetlərindən nümunələr,
habelə sonrakı dövrlərdə Azərbaycanda,
keçmiş SSRİ məkanında
çıxan qəzet-jurnallar,
kitablar o dövrün
ab-havasının Ceyhun
bəy tərəfindən
diqqətlə öyrənildiyini
göstərir: "20-ci illərdə
Parisdə çıxan
jurnalların birində
ermənilərin Azərbaycanla
bağlı soraqları
öz adlarına çıxmaq cəhdlərinə
qarşı Ceyhun bəyin mübarizəsini
göstərən məqalə
çap edilib. Ceyhun bəyin arxivində belə məqamlar az deyil."
Ceyhun Hacıbəylinin
rusca yazılmış
"Batumdan keçərkən"
adlı xatiratında da maraqlı məqamlar çoxdur. Ceyhun Hacıbəylinin
bir neçə dil bilməsi onun zamanın gərdişindən yaxşı
baş çıxarmasına
kömək edib.
O, daim keçmişimizi
öyrənməyə səy
göstərirdi. Azərbaycanı tarixi aspektdən öyrənir, bir millət olaraq uğrunu, uğursuzluqlarını
təhlil edirdi.
O, heç zaman bir mövzuya qapanıb qalmırdı. Ceyhun Hacıbəylinin əsərlərinin
hamısının ana
dilimizə tərcümə
edilərək ictimaiyyətə
çatdırılması yaxşı bir hadisə olardı. Arxivdə habelə Ceyhun Hacıbəylinin həyat
və yaradıcılığının
müxtəlif məqamlarını
əks etdirən fotoşəkillər qorunur.
Bu şəkillər onun ömrü, şəxsiyyəti haqqında
müəyyən təəssürat
yaradır. Ceyhun Hacıbəylinin
milli geyimlərimizin milli obrazlarda ifadəsi yönündə
çəkdiyi şəkillər
də diqqəti cəlb edir. Bu, Ceyhun Hacıbəylinin
bir rəssam olaraq milli soraqları
qorumaq istəyindən
irəli gəlir".
Uğur
Xalq Cəbhəsi.- 2016.- 2 fevral.-
S.14