“İctimai həyatda yalnız müsbət cəhətləri görməklə iş bitməz”

 

Əkbər Qoşalı: “Gərək hələ yetişə bilmədiyimiz nöqtələri də gözardı etməyək”

 

“Azərbaycan gənci bu gün əlində silah tutub, ön cəbhədə düşmənlə üzbəüz duran fədakar oğuldur! Azərbaycan gənci şəhid adı qazanıb, əbədi ölümsüzlüyə qovuşan Vətən övladıdır! Öz intellektini respublikanın ərazi bütövlüyünün bərpasına yönəldən oğul-qızlarımız fəxarətlə “Mən Azərbaycan gənciyəm!” deyə bilər. “Azərbaycan gənciyəm!” sözünü ali məktəblərdə doğrudan-doğruya biliklərə yiyələnən, həqiqi mütəxəssis olaraq yetişən tələbə-gənclərimiz deyə bilər. Ümumən, harda, hansı əməli çalışma sahəsində olmasından asılı olmayaraq, öz işinə vicdanla yanaşan, işini sevərək yerinə yetirən, doğma Azərbaycanın uğuruna sevinib, kədərinə üzülən cavan vətəndaşlarımız təşkil edir Azərbaycan gəncliyini...”. Bunu Milli QHT Forumu İdarə Heyətinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı, yazıçı-publisist Əkbər Qoşalı Modern. az-a müsahibəsində bildirib. O, əlavə edib ki, bununla belə, yəqin sadaladığımız kateqoriyalara aid olmayan, dediyimiz keyfiyyətlərə malik olmayan, aydın baxışı, düzgün mövqeyi ilə seçilməyən gənc vətəndaşlarımız da var. Bax, onları da topluma qazandırmalıyıq; onları da qazanclı etmək lazımdır. İctimai həyatda yalnız müsbət cəhətləri görməklə iş bitməz, gərək hələ yetişə bilmədiyimiz nöqtələri də gözardı etməyək. “Biz öz çatışmazlıqlarımızı, yanlışlıqlarımızı bilirik, onları etiraf edirik və onlardan çıxış yollarını da bilirik” şəklində bir baxış bucağı gəncliyimiz, gənclərlə işə məsul şəxslərimiz, ümumən toplumumuz üçün daha faydalıdır.

Bilirsiniz, mən gəncliyinin ilk illəri Sovet dövrünə - daha doğrusu, SSRİ-nin çöküş illərinə düşən, qaynar tələbəlik illəri qanlı-qadalı, qalaq-qalaq üzüntülərlə “süslənmiş” 90-cı illərə təsadüf edənlərdənəm. Üstəlik, hələ tələbəliyin ilk illərindən ələ qələm alıb, qəzetlərdə öz düşüncələrimi bölüşürdüm, fikirlərimi müxtəlif janrlı yazılara çevirirdim. Bir tərəfdən, 500 km uzaqdakı ata-anaya maddi yöndən gərginlik yaşatmamaqçün həftənin 3-4 gününü müxtəlif müəssisələrdə gecə gözətçisi qalıb, digər tərəfdən, dərs əlaçısı olmaq “yarışı”nda öndə gedən iki nəfərdən biri olmaq... o çətin illərin özü kimi çətin idi...

Sonra ictimai-siyasi həyatda sıravi iştirakçılıqdan təşkilat quruluşuna keçid, sonra təşkilat başçısı olmaq, sonra... ölkədə dövlət gənclər siyasətini həyata keçirən nazirliyin yaradılması... daha sonra yeni yaradılan nazirlikdə işə dəvət almam və s. Bütün bunlar, ömür yolunun səhifələriydi. Özümüz fərqinə varmadan, məgər məntiqi ardıcıllıq axınına düşübmüşük.

Bizlər o illərdə qoca bir imperiyanın süqutuna, Azərbaycanımızın dövlət müstəqilliyinə şahid olaraq, o qədər ümidliydik, o qədər inamlıyqdıq ki! Şükürlər olsun, o ümid, o inam havayı getmədi: Müstəqil Azərbaycan dövləti bizim ən böyük qazancımız, başucalığımızdır!..

Əlbəttə, dəli-dolu gənclik eşqi bir yandan, kitab-dəftərdən, dərslərdən gələn enerji bir yandan, dövrün-zamanın çağırışları, gündəlik yaşantımız da o biri yandan... qəribə bir şəkillənmə yaradırdı; o üçbucaqvari şəkillənmə sanki çözələnib yumağa dönüşür, sonra da, necə deyərlər, harmoniyaya aparıb çıxarırdı...

Bax, bizim dövrü qısaca belə səciyyələndirərkən, o gündən bugünə baxışımız, bugündən o günlərə baxışımız... özünəməxsus mənzərə yaradır, deyə bilərəm...

Ötən illərdə gözümüz çox olumsuz olaylara da, comərdcə hərəkətlərə də şahidlik etdi. Necə deyərlər, yaxşını da gördük, pisi də. Müstəqil Azərbaycanın Gənclik Hərəkatı önəmli ölçüdə mənim də gözlərim önündə, belə deyək, az-çox iştirakımızla cərəyan edib, şəkil alıb, o cümlədən “Azərbaycan Gənclər Hərəkatı” kitabını yazmaq mənə nəsib olub.

Gəncliyimiz ümidvericidir, Azərbaycanın ictimai fəal gəncləri yaxşı perspektiv vəd edir. – İstər gənclər təşkilatı qurarkən, istər Gənclər-İdman Nazirliyində çalışarkən, istərsə də, Silahlı Qüvvələrin zabiti olarkən, yaxud hər il ali məktəb tələbələri ilə, gənc yazarlarla təmaslarımdan (eləcə də, tələbə atası olmaq etibarı ilə) çıxardığım nəticə (habelə KİV-ləri, sosial şəbəkələri izlə¬yərək, kitablar oxuyaraq gəldiyim qənaət), belə deməyimi şərt¬ləndirir.

- Gənclərimiz dövlət maraqları baxımından bu gün mütəşəkkil ola bilirlərmi? Yəni sizcə gələcək Azərbaycan bu günkü gənclərin potensialı ilə daha da böyük uğurlar qazana biləcəkmi?

- “Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır. O cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim müqəddəs amalımızdır. Biz hamımız bu düşüncəylə yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq”.

Dövlət başçımızın daha bugünlərdə dediyi və biləvasitə gənc nəslə ünvanladığı bu qiymətli sözlər yolgöstərən, istiqamətverən sözlərdir. Mən bu sözləri sualınıza ən yaxşı cavab sayardım. Hesab edirəm, bu yüksək istiqaməti yalnız dövlət orqanları, siyasi partiyalar, KİV-lər təbliğ etməməli, gənclər təşkilatları da, müstəqil fəaliyyət göstərən gənclər də öz töhfələrini verməlidir. Gənclərimiz ümumən dövlət maraqlarımıza sadiqdir, bu belə də olmalıdır.

Dövlətli xalq olmaq xoşbəxtlikdir! Dünənki gənclik Azərbaycanın Sovet imperiyasından çıxmasında fədakarlıqla iştirak etdisə, Müstəqil Azərbaycan Respublikasının vətəndaşları olan bugünkü gənclərin daha böyük uğurlar qazanması daha asan olmalıdır.

- Çağdaş gənclərimizdə görmək istədiyniz cəhətlər hansılardır? Yəni gəncliyimiz sizin arzuladığınız, təsəvvür etdiyiniz səviyyədədirmi?

- Vətənə, millətə bağlılıq, müstəqil dövlətə sədaqət – bunlar görmək istədiyim, deyərdim, gördüyüm, gələcəkdə daha dərin və geniş məzmun daşıyacağına inandığım əsas cəhətlərdir; hətta milli gənclik xarakteridir, deyə bilərəm.

Bizim respublikanın 20% ərazisi düşmən tapdağı altındadır. Arzu edirəm, sabahkı gəncliyimiz dünənin, bugünün gəncliyi kimi işğallara son vermək haqqında deyil, ərazi bütöv¬lüyü bərpa olunmuş respublikanın vətəndaşları olaraq, tarixi torpaqlarımız haqqında, daha böyük milli ideallar haqqında düşünüb, hərəkət etsin. Bu, əslində arzu yox, inamdır!

Əlbəttə, Bütöv Azərbaycan idealımız, vəzifəmizidir! Qarabağsız Azərbaycan, Azərbaycansız dünya nəyə yarardı?.. Arzunun, inamın səviyyəsi özünə uyğun da nəsillər tələb edir. Odur ki, mən bu suala görə sizə təşəkkür edir, sualın cavabını da təsəvvür yox, təfəkkür edirəm.

- Bu gün dünyada və ölkəmizdə baş verən siyasi, ictimai və iqtisadi olaylar fonunda gənclər daha çox hansı istiqamtələrdə addımlar atmalıdırlar? Yəni mövqe baxımından özlərini necə göstərməlidirlər?

- Biliklərə yiyələnmək, yeni biliklər əldə etmək, ölkəmizin, xalqımızın keçmişinə vaqif olmaq, bugününü dəyərləndirməyi bacarmaq və böyük sabahalara yol aramaq! – gənclərimizin hərəkət istiqamətini yığcam olaraq, belə ifadə edərdim.

Milli donor institutu yaranandan sonra meydana atılmaq yaxud xarici qrantlarla fəaliyyət göstərmək də bir işdir, lakin uzun illər, sözün bütün anlamlarında “ictimai əsaslar”la, könüllülüklə fəaliyyət göstərənlər, belə fəaliyyət göstərərkən də, üzvlər toplaya biliblər.

Yaradıcı məhsullarla çıxış edən, ictimai mühitə neçə- neçə yeni ad bəxş edən, neçə istedadı üzə çıxaran və başqa olumlu addımlar atan qurumlar, o qurumları yaradanlar gənclər hərəkatının “qızıl fond”unu təşkil edir, desək, yanlış olmaz.

Hüquqi şəxslərdən danışasaq qeyd edə bilərik ki, öz ölkəsinə, öz xalqına bağlı gənclərin idarə etdiyi təşkilatlar, təşkilatların qaldırdığı əsaslı məsələlər məmurlar tərəfindən urvatlı tutulunca, necə deyərlər, çiçəklər açılır, ətir saçılır.

- Bəs hazırda dövlətin həayata keçirtdiyi gənclər siyasətini necə qiymətləndirirsiniz?

- Əlbəttə, dövlətin gənclərlə işə bəslədiyi konseptual baxış, qanunvericilik aktları ilə təsbit olun¬muş siyasəti var. Ümummilli liderimizin zamanında qurulan, möhkəmləndirilən Müstəqil Azərbaycan dövlətinin gənclər siyasəti öyrənilməyə, öyrədilməyə layiq bir hadisədir.

Bugün prezident İlham Əliyev cənabları gənclərə güvənir, onların qarşısında geniş üfüqlər açır. Prezidentimiz Gənclər Fondu yaradıb, hər 5 ildən bir “Dövlət Gənclər Proqramı”nı təsdiq edir, yeni hədəf və vəzifələr müəyyənləşdirir, gənc nəslin hərtərəfli inkişafına dair çoxsaylı fərman, sərəncamlar imzalayır. Yetər ki, əlaqədar qurumlar, elə gənclər təşkilatları özləri, habelə təşkilatlanmamış gənclərimiz də, dövlətin, şəxsən dövlət başçımızın etimadına layiqli cavab versinlər. Gənclər öz şəxsi inkişaflarına nail olsunlar, dövlət və milli maraqlara biganə qalmasınlar.

Bilirsiniz, cənab prezident ictimai iştirakçılıq qanununu imzaladıqdan, dövlət qulluqçusunun, məmurun vətəndaşlara qulluq etməkçün görəvləndirildiyini, ictimai nəzarəti vacib bildiyini özəlliklə vurğuladıqdan sonra, gərək hər bir gənc məmurun qapısını ürəklə açsın, istiqanlı qarşılansın, dövlət nəzakətini biləvasitə öz üzərində hiss etsin. Təbii, gənclərimiz də öz növbəsində dövlətçilik tərbiyəsi göstərməlidir.

- Bugün çağdaş Azərbaycan gəncini, gəncliyini necə görürsünüz? Çağdaş dövrümüzdə Azərbaycan gəncliyi dövlətimizə və dövlətçiliyimizə nə dərəcədə sadiqdirlər?

- KİV-ə adi bir nəzər salıb, görmək olar ki, dövlətimiz, xalqımız üçün önəm daşıyan ayrı-ayrı dönəmlərdə “Bəyanat” verən, gündəm olan olaylara konstruktiv münasibət açıqlayan, normal layihələr həyata keçirən, ictimai fikri qidalandıran, bir sözlə, konkret mövqe sərgiləyən, çalışqan üzvləri, təəssübkeşləri olan təşkilatlar hansıdır. – Elə deyilmi? – Bu, təşkilatlanmış gənclərimizlə bağlı məsələdir. Təşkilatlanmamış gənclərimizin durumu da, yaradıcılıq, maraq dairəsi, çalışma sahəsi baxımından, mənsub olduqları şəhər, bölgə, habelə kollektiv bəlli bir “düstur”la, formulla izah edilə bilər.

Ümumi götürsək, gənclər sektorunun, başqa sözlə desək, gənclərlə iş blokunun uğurları da olub, uğursuzluqları da. Ən önəmli olan: bizlər bacardığımız, gücümüzün yetdiyi qədər dövlətimizin yanında olmağa çalışmışıq.

Şair demişkən, daşı daş üstə qoymağa qeyrət etmişik. Hansısa məmura xidmət edən, o məmur da etibarı itirdikdən sonra da, el dili ilə desək, “lələhuy” durumuna düşənlər, respub¬likadan qıraqdan təlimat alıb-almadığı zaman-zaman KİV-lərin müzakirə mövzusu olanlar, yaxud gənclər hərəkatında iştirakı “asudə vaxtın səmərəli təşkili” formatında başa düşənlər... Yaxşı olardı ki, belələri əldə etdikləri ilə xidmətlərini tərəziyə qoymağı bacaraydı... Mənfi planda nə baş verirsə, qocaman yazıçımız Vidadi Babanlının ünlü kitabının adı ilə desək, “Vicdan susanda” baş verir...

Gəlin Gənclər günü ərəfəsində baş tutan söhbətimizi xoş ovqatla qurtaraq. Fürsətdən istifadə edib, öz layiqli davranışları ilə Gənclər gününü bayram statsunda saxlayan bütün soydaşlarımızı bir daha təbrik edirəm! Sizin gənc kollektivinizi də səmimi qəlbdən təbrik edir, uğurlar diləyirəm!

lən ilki Gənclər gününü Şuşada keçirtmək inşallah nəsibimiz olar.

 

Xalq Cəbhəsi.- 2016.- 3 fevral.- S.7.