Dağlarda çiçək, ay Güləbətin...
Folklorumuzda, etnoqrafik materiallarımızda, gündəlik həyatımızda və məişətimizdə güləbətin motivi ilə bağlı saysız-hesabsız nümunələrlə rastlaşmaq olur. Xalq həyatı ilə sıx bağlı olan güləbətin mövzusu yazılı ədəbiyyatımıza da təsirsiz ötüşməyib. Folklorla yazılı ədəbiyyat arasında qırılmaz körpü olan aşıq yaradıcılığında, habelə digər xəlqi ruhlu şeirlərimizdə də güləbətin ifadəsinin işlədilməsi xalq ruhunun yazılı ədəbiyyatımızdakı inikasıdır. Məsələn, Aşıq Ələsgərin Səhnəbanıya həsr etdiyi ilk şeir bir Azərbaycan gözəlinin XVIII-XIX əsr milli geyiminin əyani təsvirini verir:
Gülavatın qıyı tər sinən üstə,
Nə gözəl yaraşır qız, köynəyinə…
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin versən sürtəm üz köynəyinə.
Gözəl yaranıbsan qalubəyadan,
Yanağın göyçəkdi güldən, laladan.
Zərgər gül doğrasın zərü-tiladan,
Əlindən gəldikcə düz köynəyinə.
XVIII əsr anadilli poeziyamızın inkişafında xəlqi ruhlu yaradıcılığı ilə xüsusi mərhələ açmış Molla Pənah Vaqifin aşağıdakı misraları da qız-gəlinlərimizin güləbətin işləməli geyimlərindən soraq verir:
Barmağında xatəm, guşində tənə,
Gireh-gireh zülfün tökə gərdənə.
Güləbətin köynək, abı nimtənə,
Yaxasında qızıl düymə gərəkdir.
Bu poeziya nümunələrində əksini tapan etnoqrafik təsvir vasitələrinin mahiyyətini «Azərbaycan etnoqrafiyası»nda «Bəzəklər»dən bəhs açan oçerkə diqqət çəkməklə daha dərindən anlamaq olar: Azərbaycan qadın bəzəklərinin bir qismini də libasa bənd edilən ənənəvi zərgərlik sənəti nümunələri (yaxalıq, ətəklik, çalkeçir-qarışqa, qoza-düymə, zəngəbənzər-qumrov, sikkə-düzmələr və s.), toxuma və hörmə bəzəklər (bafta, qaytanlı naxış, çapara, hərəmi, qaragöz, sərmə (təksərmə və qoşasərmə), şəms, pürçüm, qotaz, pitik, buta, şahpəsənd, güləbətin, muncuqlu tikmə, zəncirə və s.) və paltara vurulan müxtəlif bəxyə, tikiş və həşyələr (nəlbəki, görüş, dördtikə, büzmə, dejurka, ziqzaq-sığırsiydiyi, cəhrəpəri, qayçıqulpu, qoşasırıq, xoruzsayağı, qıyı, dəhrəburnu, xanımsallandı, gəldirgə, ikisaplı, üçsaplı, dördsaplı, doldurma tikiş, quyrum və s.) təşkil edirdi.
Bafta enli və dar biçimli olub, ipək və zərli saplardan toxunur, lavada, küləcə, arxalıq, baharı, çəpkən və s. kimi qadın geyimlərinin yaxa, boyun, ətək və qol kəsiklərinə tutulurdu. Özünəməxsus yaradıcılıq zövqü, tikmə və naxışsalma qabiliyyəti olan səriştəli qadınlar yuxarıda sözügedən toxuma, hörmə və naxış-tikiş nümunələrinin mahir yaradıcıları idilər. Qadın geyim kompleksini tamamlayan bəzək nümunələrinin əksəriyyəti daş-qaşdan və qiymətli metalların zərif işlənməsindən ibarət olub.
Yuxarıdakı poeziya örnəklərinin bir daha bu etnoqrafik arayışda verilənlərin xalq sənətkarlarının dilindən bədii şəkildə təqdimi olduğu yəqinləşir. Aşıq Ələsgərin dilində işlənən «güləbətin qıyı» ifadəsinin etnoqrafik anlamı da, növbəti bənddə işlətdiyi «zərgər gül doğrasın zərü-tiladan» misrasının məzmunu da Azərbaycan zərgərlik sənətindən, xüsusilə də bu sənətdə özünəməxsus yeri olan bəzək-düzək geyimlərimizdən xəbər verir.
Rafiq Odayın təqdimatında «Şərur folkloru» (Əsrlərdən gələn səslər) kitabında:
Dağlar döşü tütündü,
Tütün güləbətindi.
Gəl otur söhbət edək,
Dünya ölüm-itimdi.
Burada dağların başının (ya döşünün-sinəsinin) tütün olması insan övladının başının qəzavü-qədərli olmasını, döşünün-sinəsinin dağlı-yaralı olmasını işarələyir. «Tütün güləbətindi» misrasının adekvat mənası digər bayatının ikinci misrasındakı mənanın ritorik sualında da özünü göstərir: «kimin bağrı bütündü?» yəni kimin bağrı-sinəsi bütövdü – çalın-çarpaz dağlı deyil ki? Bununla o deyilmək istənilib ki, sinədəki dağlar-yaralar «təbib əli ilə» sonradan sanki saplarla tikilmiş-bağlanıb. Bax, o yaranın tikiş sapları ilə «tütün güləbətindi» misrasındakı tütünün – tüstünün (ağrı-acının) də allı-bəzəkli güləbətin işləməli saplarla tikilmiş olduğu (müvəqqəti qaysaqlamış olduğu) müqayisə edilib. Başqa sözlə, dərdim-sərim, döşümə-sinəmə çəkilən yaralar xal-xaldır, rəngarəng dərd-ələm naxışları ilə bəzədilmiş güləbətini xatırladır. Bu səbəbdən də sonuncu iki misradakı müraciət bu ağrının-acının müqabilində söylənilir: «Gəl otur söhbət edək (gəlin bir halallaşaq), dünya ölüm-itimdi». Bu isə həm də o deməkdir ki, əzizlərimiz bu dünyadan nakam getməklə bizim sinəmizə (döşümüzə) güləbətin dağlar çəkdikləri kimi, bir gün də biz bu bivəfa dünyadan köçüb-getməklə öz yaxınlarımızın ürəyinə dağlar çəkə bilərik. Ona görə də gəl bu dünyada var ikən söhbət edək – halallaşaq, bu həyatın qədrini bilək, bu ömrü əbədi sanmayaq ki, bir gün biz də bu ölüm-itim dünyasından gedə bilərik. Bax, onda heç nəyə təəssüflənməyək ki, niyə biz vaxtında oturub dərdləşmədik-söhbətləşmədik… Bax, budur güləbətin ifadəsinin bayatılarımızda obrazlı məna kəsb etməsi… güləbətinin özü kimi də rəngarəng xallara işarə vuran çoxçeşidli semantikası.
Hətta güləbətin ifadəsində, onun məna qatında o qədər zəngin sirlər gizlənib ki, bir xüsusi isim kimi də qızlarımızın (analarımızın) adlarına qoyulub: Güləbətin adı. Adı tərkib həssələrinə parçaladıqda ad özü müəyyən incəlikləri özündə açıqlayır: gül və bətin, bətn sözləri. Bətni (bədəni) – içərisi, daxili gül olan. Yaxud da: gül bədən. Bu, o deməkdir ki, hər hansı bir əşyanın güləbətinlə işlənməsi onun məhvərinə gülü simvolizə edən rəngli naxışlar (qızılı, gümüşü saplarla işlənmiş naxışlar) vurulmasıdır. Eyni zamanda bu, həm də o deməkdir ki, güləbətin işləməli libaslar gül kimi zəriflik, gözəllik rəmzi olan qızlarımızın bədənlərinin (əyin-başlarının) bəzəyi-zinətidir. Bu, həm də o deməkdir ki, güləbətin tikmə sənəti həm də sənətkarların (xüsusən də, gülün özü kimi zərif qız-qadınlarımızın) gül kimi incə sənətidir; güləbətin işləmələrlə məşğul olmaq özü gül kimi incə işləmək, zəriflik, həssaslıq tələb edir. Eyni zamanda hər hansı bir sənətdə-işdə zəriflik-həssaslıq varsa (tələb olunursa), deməli, o sənətin cöhvərində-mayasında da incə, həssas məqamlar, üstüörtülü işarələr, eyhamlar gizlənib. Bu məqamı düşündükdə, güləbətinin əşyavi, piktoqrafik yazı sənət növü olduğu, yox, əgər olmasa belə, bu cür əski yazı növləri üçün bir ilkin xammal ehtiyatı, əşyavi yazının ilkin baza mərhələsi olduğu məsələsi ortaya çıxır. Başqa sözlə, savadlı, istedadlı şəxslər müəyyən yaradıcılıq qabiliyyəti nümayiş etdirdikləri kimi, tikmə sənətinin incə növü sayılan güləbətin işləmələr də tikiş ustasının xüsusi məharətə malik olduqlarından xəbər verir.
İnternet saytlarından birində güləbətin haqqında məlumat kimi onun qaymaqçiçəklilər fəsiləsindən (latınca pulsatilla) olan güləbətin çiçəyi olması göstərilir. Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı.
Sevib-sevilənlərin bir-birlərinə incə, zərif hədiyyə kimi gül alıb-vermələri ənənəvi bir haldır. Bu mənada gül həm də bir sevgili buta simvoludur. Güləbətin çiçəyi (gülü) də buta çiçəyidir. Güləbətin naxışlı işləmələr də buta naxışlarının ilkin özəyi - butanın ibtidai elementləri hesab oluna bilər. Bunu xüsusi adlardakı uyğunluqlar da təsdiqləyir. Bunu xüsusi isim kimi qızlarımıza qoyulan adlar vasitəsilə keçid mərhələləri şəklində də izləmək olar: güləbətin – gülbuta – buta.
Fikir verin: güləbətin ifadəsindəki «bətin» hissəsi birbaşa «buta»ya transformasiya olunub «gülbuta» şəklinə düşmüş, «gülbuta» forması isə sonradan sadəcə «buta» halında işlənməklə birbaşa sevginin simvoluna çevrilib. Buta ifadəsi isə özlüyündə gül, naxış ifadələrini də digər simvolik mənaları ilə birlikdə öz əhatə dairəsinə alır. Beləliklə, burdan belə çıxış etmək olar ki, tarixən əşyavi yazıdan mixi yazıya, mixi yazıdan şəkli yazıya (ya əksinə), daha sonra ideoqrafik yazıya keçid prosesləri baş verdiyi kimi, naxışsalmada da güləbətindən (eləcə də güləbətinin timsalında digər tikmə-bəzək sənət növlərindən, o cümlədən də baftaçılıq sənətindən) də butaya bir rəmzi işarə (oxuma, yazı) vasitəsi kimi keçid edilib. Başqa sözlə, buta təsvirlərinin əsasında-mənşəyində güləbətin, bafta və s. kimi tikmə-bəzək sənət sahələri dayanıb. Buta isə özlüyündə keçmişin izlərini naxış işarələr şəklində qoruyub yaşatmaqdadır.
«Bu dağda maral gəzər» adı ilə təqdim olunan xalq mahnısının sözlərinə bu məqamda diqqət yetirsək, orada nəqarat kimi söylənən misraların alt qatında da bir eyham çalarının dayandığını görərik:
Bu dağda maral gəzər,
Telini darar gəzər.
Mən yarıma neylədim, ay gülüm (ay balam),
Yar məndən
kənar gəzər.
Dağlarda çiçək ay Güləbatın,
Hamıdan göyçək, ay Güləbatın,
Doldur ver içək, ay Gülabatın,
Heeeey…
El arasında güləbatın
kimi işlənən
güləbətin ifadəsi
xalq mahnısında da təbii olaraq
deyiliş şəklini
qoruyub saxlamışdır. Burada Gülabatın
«Dağlarda çiçək»
şəklində öyülür
ki, bu da
yuxarıda toxunduğum
kimi, anamın güləbətin çiçəyini
Zəngəzur, Sofulu dağlarında bitən kök hissəsi yeməli olan kəngər çiçəyinə
bənzətməsi məqamı
ilə üst-üstə
düşür. Digər
bir məqam – «Hamıdan göyçək»
deyə tərif edilməsi də gülabatının bir buta kimi – sevgili
kimi vəsf edilməsini işarələyir,
«Doldur ver içək, ay Gülabatın»
misrasının axırının
isə tamamlanmaması
– boş buraxılması,
sadəcə «Heeeey!» nidası ilə hissin-emosiyanın ifadə
edilməsi dolayısı
ilə – üstüörtülü
halda butaya işarə olub, buta vermə hadisəsi kimi eşq badəsinin içilməsinə edilən
eyhamdır. Yəni «eşqin badəsini
doldur ver içək, ay Gülabatın»
şəklində məzmun
tamamlanmalıdır ki,
buradakı «eşqin badəsi» ifadəsi ixtisara salınmış,
əvəzində sonda
bu hala emosional
eyhamlı «heeey» nidası əlavə olunub.
Bu halı növbəti
bənddəki «Elə
ki sən yandırdın, a ceyran, heç vədə od yandırmaz» fikri də təsdiqləyir. Çünki eşq atəşi elə bir yandırıcı
oddur ki, heç bir odla-alovla müqayisə olunmaz. Bütün bu kimi məqamlar da gülabatın-gülbuta-buta paralel
və ardıcıl silsilələrinin olduğunu
ehtimal etməyə əsas verir. Güləbətin işləməli məişət əşyalarının
cehiz verilməsi adəti isə bir daha güləbətinin
toyla, buta ilə, sevib-sevilməklə
bağlı olduğunu
göstərən əlamətlərdəndir.
Şakir Albalıyev
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 4 fevral.-
S.14.