“Etnik-mədəni müxtəlifliklər
xalqların və dövlətlərin inkişafında
mühüm rol oynayır”
Kamal Abdulla: “Lakin bu
müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə
ciddi problemlər baş verir”
I
yazı…
“Tarixi prosesdə formalaşan etnik-mədəni müxtəlifliklər
(çoxmədəniyyətlilik, multikulturalizm) və
onların əsasını təşkil edən etnik-mədəni
dəyərlər xalqların və dövlətlərin
inkişafında mühüm rol oynayır. Lakin bu
müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə
və yaxud düzgün tənzimlənmədikdə, ölkədə
uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər,
hətta münaqişələr baş verir. Buna görə də bu müxtəlifliklərin
düzgün tənzimlənməsi çoxmədəniyyətli
dövlət üçün böyük əhəmiyyət
kəsb edir”. Bu fikirləri Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdulla
bildirib. Onun sözlərinə görə, təəssüf
ki, multikulturalizmin özü də müxtəlif ölkələrdə
ondan gözlənən eyni müsbət nəticəni vermədi:
“Hansı ölkədə bu, hansı nəticəni verdi - belə bir suala cavab axtarmazdan əvvəl
biz müəyyənləşdirməliyik ki, tarixən
ölkənin etnik və dini müxtəlifliyinin mahiyyətində
nə durur?! Bəzi ölkələr tarixən
hər hansı müxtəlifliklərdən yan keçib digər
mədəniyyətlərlə təmas nöqtəsinə
monoetnik bir birlik kimi gəlib çıxmışdır.
Bəzi ölkələrdə isə müxtəliflik
ilkin xarakterli olmuşdur. Birinci halda gəlmə
multikultural dəyərlər artıq dəyərləri
formalaşmış ölkədə özünə
asanlıqla yer eləmir. Belə bir ölkədə
yeni dəyərlərin calağı istər-istəməz
süni alınır. Onun üçün
də bəzi Avropa ölkələrində, məsələn,
Böyük Britaniyada, Fransada, Almaniyada bu modelin iflasa
uğramasının obyektiv səbəbləri yox deyil. Bəzi ölkələrdə isə müxtəliflik
ilkin çağdan başlayır və müxtəlif xalqlar ən
qədim zamanlardan etibarən bir-birini
formalaşdıra-formalaşdıra müasir dövrə qədəm
qoyurlar. “İlkin” müxtəliflik və
“sonrakı” müxtəlifliyi bir-birindən ayırmasaq,
bugünkü dünyada hansısa ölkədə
multikulturalizmin iflasının, hansında isə təntənəsinin
sirrini öyrənə bilmərik”. O, deyib ki, Azərbaycanda
normal multikultural əhvalın olması - müxtəlif
konfessiyaların, etnik birliklərin dostluq və
mehribançılıq şəraitində yaşaması yenə
də tarixin qədim dövrlərindən qidalanır:
“İlkin” müxtəliflik Azərbaycan ərazisində
özünü göstərən nadir xüsusiyyətlərdəndir
və bu hal “sonrakı” müxtəliflikdən indicə qeyd
etdiyim kimi kəskin şəkildə fərqlənir. Məhz “ilkin” müxtəliflik bu gün Azərbaycan
ərazisində özünü qoruyub saxlamış sistemli
münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri
şair, yazıçı və alimlərin bədii ədəbiyyatda,
elmi traktatlarda özünü göstərən müxtəlifliyə
hüsnrəğbəti və loyallığı məhz Azərbaycanda,
özü də müstəqillik dövründə yeni bir
siyasi ahəng kəsb edə bildi. Elə ona görə
də təəccüblü deyil ki, bir sıra Qərb
ölkələrində, elə həmin Fransada, İngiltərədə,
Almaniyada multikulturalizmin siyasi xətt kimi iflasa
uğramasının bəyan edildiyi dövrdə Azərbaycan
Respublikasında multikulturalizm dövlət siyasəti kimi
ortaya çıxdı. Azərbaycanın
müstəqilliyinin ilk dövründə Ulu öndər Heydər
Əliyev Azərbaycanın gələcək uğurlu
inkişafı üçün son dərəcə dəqiq
ideoloji hədəf seçdi. Azərbaycanın
çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.
Bu müstəvi siyasət müstəvisi idi.
Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş multikulturalizm siyasəti
müasir dövrdə Prezident İlham Əliyev tərəfindən
uğurla inkişaf etdirilir. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm
xalqımızın həyat tərzinə
çevrilmişdir. Multikulturalizmin vətəndaş
cəmiyyətində həyat tərzinə çevrilməsi
onun inkişafının ən yüksək mərhələsidir.
Bu mərhələdə bəşəri dəyərlərin,
mərhəmət, şəfqət, acıma,
dözümlülük, dəyərvermə kimi hisslərin cəmiyyətdə
yayılması xüsusi miqyas və məna kəsb edir.
Multikulturalizm ideyaları ictimai şüurda
möhkəmlənir”.
K.Abdullanın
fikrincə, şübhəsiz, Qərbi Avropa ölkələri
ilə müqayisədə Azərbaycanın demokratik
inkişaf sahəsində real təcrübəsi azdır:
“Amma mənəvi təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan,
klassik ədəbi nümunələrimizdən qədim
demokratik prinsiplərlə bağlı yetərincə misal və
nümunələr göstərmək olar. Tarix boyu Azərbaycanın mənəvi həyatında
tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə
öncədən xas olmasına bir sübutdur”. Baxın, multikultural dəyərlər harada iflasa
uğradı? O ölkələrdə bu belə oldu ki,
mənəvi baxımdan formalaşma prosesini başa
çatdırandan sonra oraya miqrasiyaların yeni dalğası
ilə bu çağa qədər tanış
olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə
başladı. Və artıq
formalaşmış orqanizm bu süni calağı qəbul
etmədi. Azərbaycanda isə əvvəlcədən
bu dəyərlər süni deyildi. Çünki
onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna
görə də biz metodoloji olaraq, “ilkin müxtəliflik”,
“sonrakı müxtəliflik” anlayışlarını
bir-birindən fərqləndirməliyik. İlkin
müxtəliflik, əslində, özündə miqrasiya
elementi saxlamır. O, müxtəlifliyin ilk
başlanğıcdan bir yerdə, yanaşı mövcudluğudur.
Elə bunu nəzərdə tutaraq Azərbaycan
Prezidenti cənab İlham Əliyev qeyd edir ki, “multikulturalizm ənənələri
Azərbaycanda əsrlər boyu həmişə mövcud olub.
Sadəcə, müxtəlif cür adlanıb,
lakin mahiyyəti dəyişməyib”. Elə
buna görə də, Azərbaycan Avropa məkanında
multikulturalizm siyasətinin qarşısında yaranan problemlərə
məğlub olmamağı bacardı. Multikultural
təhlükəsizlik nədir?! Biz
dövlətin milli təhlükəsizlik sisteminin bir çox
komponentləri ilə tanışıq. İqtisadi təhlükəsizlik,
nəqliyyat təhlükəsizliyi, mədəni təhlükəsizlik,
enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və
s. hər biri ayrılıqda və bütövlükdə
dövlətin yaşaması üçün vacib komponentlərdir.
Bu sistemin içinə mənəvi, ideoloji həyatın
ayrılmaz hissəsi olan multikultural dəyərləri də
bütöv bir təhlükəsizlik komponenti kimi daxil etmək
mümkündür. Ölkə öz
enerji, iqtisadi, mədəni təhlükəsizliyini
qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin
etməlidir. Multikultural təhlükəsizlik
bir sıra prinsiplərdən ibarətdir. Bu
prinsiplər dövlətin özünü inamlı, ədalətli,
keyfiyyətcə daim yeniləşən bir mahiyyətə
malik orqanizm kimi hiss etməsini şərtləndirir.
Multikultural
təhlükəsizliyin ümumi mahiyyəti hər hansı
bir ölkədə irqindən, milliyyətindən, dinindən,
dilindən asılı olmayaraq hər kəsin hüquq və
azadlıqlarının müdafiə olunması, etnik, dini,
irqi mənsubiyyətindən asılı olmayaraq bütün
xalqların, etnik qrupların mədəni dəyərlərinin
qorunması və inkişaf etdirilməsi deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin
təmin olunması qarşısında yaranan problemlər
inkişaf edərsə, etnik, dini, irqi zəmində
qarşıdurmalara, münaqişələrə səbəb
olar. Son dövrdə Avropanın bir
sıra ölkələrində etnik, millətçilik və
dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin
artması qeyd olunanların bariz nümunəsidir”.
Onun fikrincə, təəssüf ki, bəzən Avropa ölkələrindən ölkəmizə qarşı Azərbaycanda gedən ictimai, ideoloji prosesləri dərindən duymayan bəzi qurumlar və rəsmi şəxslər tərəfindən milli azlıqlar və insan hüquqları ilə bağlı ağlasığmaz və hətta gülünc tələblər, iddialar irəli sürülür: “Anlaşılmaz məqamlarla bağlı Azərbaycan istənilən çərçivədə diskussiya aparmağa həmişə hazırdır. Amma çox zaman anlaşılan, amma qəbul edilə bilməyən, görmək istənilməyən məqamlar ortaya atıldığı zaman biz düşünürük: bu pretenziyaları özünü demokratik ruhlu sayan bir qurum və ya şəxs necə irəli sürə bilər?! Belə bir dövlət qurumu (təəssüf ki, onlar da yox deyil) Azərbaycana tətbiq edilən ikili-üçlü standartlara əhəmiyyət verməyib əzablı yollarla öz-özünü qurmaqla və formalaşdırmaqla, əsrlərdə qalmış, dağıdılmış dəyərlərini bərpa etməklə məşğul olan kiçik bir ölkəni necə ittiham edə bilər?! Orta əsrlərin “xristian-müsəlman” qarşıdurmasının bərpasınamı doğru dünya addımlayır?! Səlib müharibələrinin şeypur səslərimi gurlamaqdadır?! Böyük alman mütəfəkkiri Fridrix Nitsşe, elə bil, belə halı bir öncəgör kimi duyaraq bizləri xəbərdar edirdi: “Səhra böyüyür”. Səhranı isə böyüməyə qoymaq olmaz. Multikultural dəyərlər sistemi işləyərsə, o dəyərlərə adekvat münasibət formalaşarsa, səhranın böyüməsinin qarşısı alınar. Və dünyanı yaddaş ilahəsi Mnemozinaya xəyanətdə ittiham etməzlər. Azərbaycan kimi müxtəlifliyə ruhən açıq ölkədə multikultural təhlükəsizliyin prinsiplərini formalaşdırmaq, əslində, ideoloji müstəvidə gedən bəzi proseslərin sistemləşdirilməsi cəhdidir. Multikultural təhlükəsizlik prinsipləri nəyi nəzərdə tutur?! Prezident İlham Əliyev öz çıxışlarının birində qeyd etdi ki, ondan xarici ölkələrdə tez-tez təəccüblə soruşurlar: Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə belə tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi nədir?”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 4 fevral.-
S.9.