“Müstəqilliyin ilk dövründən başlayaraq ölkəmizdə Azərbaycan dili ilə yanaşı rus və gürcü dillərində fəaliyyət göstərən məktəblər olub

 

Kamal Abdulla: “Azərbaycanda radio və televiziya məkanı da milli və dini azlıqlar üçün açıqdır”

 

II Yazı…

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev bildirib ki, müasir azərbaycanlı bu münasibətin mahiyyətini ruhu ilə, mənəvi orqanizmi ilə hiss edir: “O bunun səbəbini bilməyə bilər. Udduğun hava kimi, içdiyin su kimi bu münasibət də bizim həyatımız üçün son dərəcə vacibdir. Amma bu sualın, əlbəttə ki, ciddi cavabı da yox deyil. Azərbaycanda belə bir mühitin olması onunla bağlıdır ki, ölkə başçısı, bütövlükdə dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir. Heç birini digərindən fərqləndirmir. Bərabər siyasi münasibət də öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir. Və beləliklə: Multikultural təhlükəsizliyin əsas və ən vacib prinsiplərindən biri məhz ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaqdan doğur. Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması ilə müəyyən edilir. Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Bu məkanı qədim Qafqaz albanlarının bugünkü varisləri olan udinlər, avarlar, ləzgilər, habelə yəhudilər, talışlar, ruslar, gürcülər, kürdlər, yaxın keçmişdə almanlar öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların əsassız iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar və ceklilər də Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ulu öndər Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Onun fikrincə, bu gün Azərbaycanda formalaşan yeni, demokratik cəmiyyət müstəqil dövlət quruculuğunda fəal iştirak edir: “Öz milli kimliyi onun bu gün özünü azərbaycanlı kimi hiss etməyinə mane olmur. O, öz ana dilində danışa bilir, yaza bilir və öz mədəni ehtiyaclarını ödəyə bilir. Konstitusiyamızın “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində göstərilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində - siyasətdə, iqtisadiyyatda, təhsildə, idmanda, mənəvi həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə mövcud olan mədəni müxtəlifliyin inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin təmin edilməsindən formalaşır. Etnik birliklərin dili, tarixi, ədəbiyyatı öz-özlüyündə öyrənilməli, onlar ölkə daxilində özlərini yad elementlər kimi hiss etməməlidirlər. Ümumazərbaycan mədəni konteksti onların hər biri üçün mənəvi məkana çevrilməlidir. Bu siyasi xətt bu gün Azərbaycan dövlətinin əsas hədəflərindən biridir”.

Kamal Abdulla deyir ki, təhsil sahəsi ilə bağlı konkret olaraq onu qeyd etmək olar ki, müstəqilliyin ilk dövründən başlayaraq ölkəmizdə Azərbaycan dili ilə yanaşı rus və gürcü dillərində fəaliyyət göstərən məktəblər olub: “Milli azlıqların sıx yaşadıqları bəzi rayonların orta məktəblərinin ibtidai siniflərində ana dili (avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq və s.) dərslərinin tədrisi təşkil edilib. 2003-cü ildə Bakıda ivrit, yəhudi tarixini və mədəniyyətini tədris edən özəl yəhudi orta məktəbi açılmışdır. Bütün ali məktəblərdə rusdilli bölmələr fəaliyyət göstərir. Dövlət vəsaiti hesabına rus, avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq, ivrit dillərində əlifbalar, tədris proqramları və digər dərsliklər, məktəbli lüğətləri mütəmadi olaraq çap edilir.

Azərbaycanda radio və televiziya məkanı da milli və dini azlıqlar üçün açıqdır. Azərbaycan Dövlət Radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən radio verilişləri təşkil edilir. İnternet televiziyalarda dillər və mədəniyyətlər öyrənilir.

Mətbuat və kitab nəşri ilə bağlı onu qeyd etmək olar ki, ləzgi, talış, rus, xınalıq, yəhudi, gürcü dillərində qəzet və ya qəzet səhifələri çap edilir. Rus dilində teatr, orta və ali məktəblər və s. fəaliyyət göstərir. Kitablar çap edilir. Ölkədə həyata keçirilən proyektlərdən biri qədim dastan “Kitabi-Dədə Qorqud”la bağlıdır. Alman alimi Haynrix Fridrix Fön Dits 1815-ci ildə bu eposun bir hissəsini alman dilinə tərcümə edib öz giriş sözü ilə bir yerdə çap etdirib. Azərbaycan Prezidenti İlham Əliyev bu hadisə ilə, yəni, Azərbaycan dastanının dünyada alman alimi tərəfindən tanıdılmasının 200 illiyi ilə bağlı xüsusi Sərəncam imzalayıb. Müxtəlif elmi, mədəni, tədris təşkilatları ilboyu bu mühüm hadisəni qeyd edirlər. Bu, bir filoloji bayramdır. Həmin 1815-ci ildə Drezdendə çap edilmiş “Dədə Qorqud” hekayəsini və Henrix Fridrix fon Ditsin müqəddiməsini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandakı milli dillərə tərcümə edib çap etdirmək proyektini həyata keçirir. Bir başqa proyekt milli dillərdə yazan şair və yazıçıların əsərlərini çap etməyi nəzərdə tutur. Qədim tarixin öyrənilməsinə dair isə onu demək olar ki, lap elə bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən İtaliyada qədim albanların varisi udinlərlə bağlı italyan və Azərbaycan alimlərinin birgə elmi konfransı keçirildi”.

Onun fikrincə, mədəni müxtəlifliyin qorunmasında vacib şərtlərdən biri bu işlə dövlətlə yanaşı vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən qurumların da məşğul olmasıdır: “İlk olaraq bu baxımdan möhtəşəm layihələrə imza atan Heydər Əliyev Fondunu göstərmək olar. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Prezidenti tərəfindən yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və b. bu istiqamətdə real işlər görür.

Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsindəki təhlili göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət etdikdə ölkənin həm daxili potensialı öz zənginliklərini ən dərin qatlardan daha həvəslə üzə çıxarır, həm də ölkə öz beynəlxalq imicinə müsbət çalarlar əlavə edir. Bu sonuncu məqam lap elə bu yaxınlarda Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xarici iştirakçıları tərəfindən dönə-dönə vurğulandı. Daha bir möhtəşəm misal birinci Avropa Oyunlarıdır. Bakıda keçirilən bu Oyunlar bir daha göstərdi ki, Azərbaycan vətəndaşına milli və dini ayrı-seçkilik yaddır, dünyadakı bütün millətlərə o, özününkü kimi baxa bilir. Bir çox xalqların hələ də ayrıla bilmədiyi bir qarşıdurma var: “öz-özgə” qarşıdurması. Amma “öz və özgə” qarşıdurması bizim həmvətənlərimiz üçün öz kəskin əhəmiyyətini hələ orta əsrlərdə itirmişdir. Bu gün bu qarşıdurma özünün ən “yumşaq” formasını yaşayır.

Müasir azərbaycanlının həm ədəbiyyatında, həm psixologiyasında, həm dünyaya baxışında, həm də müasir siyasi təsəvvürlərində multikultural dəyərlərin yeri aşkardır. Elə buna görə də bu gün “Azərbaycan multikulturalizmi” bir fənn kimi də bizim avropalı həmkarlarımızı özünə cəlb edir. Məmnunluqla qeyd etmək istərdim ki, bu semestr bir sıra universitetlərdə bu fənnin tədrisi başlandı. Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Belarus, İtaliya, Çexiya universitetləri artıq Azərbaycana olan maraqlarını “Azərbaycan multikulturalizmi” fənninin tədrisi vasitəsilə də nümayiş etdirirlər. Eyni zamanda, bizim proqram əsasında bu fənnin bir sıra Azərbaycan universitetlərində də tədrisi başlamışdır. Həm xaricdə, həm də Azərbaycanda semestrdən semestrə bu universitetlərin sayının artması gözlənilir. Belə bir fənnin ölkədaxili və dünya universitetlərində tədrisinin özü elə multikultural təhlükəsizlik prinsiplərindən biridir”.

Kamal Abdulla hesab edir ki, multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir: “Burda sadalanan prinsiplərin Azərbaycanda bərqərar olması isə Azərbaycan vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olmuşdur. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, təxribat xarakterli meyillərin minimuma qədər zəifləməsi bu prinsiplərin həyata keçirilməsindən də asılıdır. Ulu öndərin dəqiqliklə göstərdiyi ideoloji hədəfə doğru yaxınlaşdıqca dünya bizi daha adekvat tanıyır, daha maraqla öyrənir. Bu isə Azərbaycana qarşı loyallığın ən müxtəlif məkanlarda güclənməsi deməkdir”.

 

Əli

Xalq Cəbhəsi.- 2016.- 5 fevral.- S.9.