“Qəzet kağızı və çap xərcləri
xeyli artıb”
Əflatun
Amaşov: “Üstəlik ölkəyə gətirilən qəzet
kağızı ilə yanaşı, hazır çap məhsullarının
üzərinə də 2005-ci ildə ləğv edilmiş əlavə
dəyər vergisinin tətbiqinə başlanılıb”
“Peşənin
nüfuzdan salınması jurnalistikanın sivil cəmiyyət,
demokratik dövlət quruculuğu prosesindəki önəmini
heçə endirir”
Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşovun APA-ya müsahibəsini
oxucularımıza təqdim edirirk
- 2015-ci il Azərbaycan jurnalistikası üçün
ilk növbədə nə ilə yadda qaldı?
- Əlbəttə, ilk növbədə Azərbaycan mətbuatının
140 illik yubileyinin keçirilməsini qeyd etməliyik. Məlum
olduğu kimi, cənab prezidentin bununla bağlı sərəncamı
oldu. Sənədə əsasən, ölkəmizin
müxtəlif bölgələrində yubiley tədbirləri
təşkil edildi. Dövlət
başçısının növbəti sərəncamları
ilə mediamızın inkişafında xidmətləri ilə
seçilən şəxslər fəxri adlarla, orden və
medallarla, diplomlarla təltif edildilər. Bu,
Azərbaycan milli mətbuatının 130 illik yubileyi ilə
başlanan xoş ənənənin bir növ davamı
baxımından əhəmiyyətli idi.
Digər
tərəfdən, dövlət təltifləri
jurnalistikanın cəmiyyətdəki yeri və roluna ali səviyyədə verilən dəyərin
növbəti dəfə isbatı idi. Əlbəttə,
təltiflər eyni zamanda ayrı-ayrı media təmsilçilərinin
fərdi uğuru sayılmalıdır. Düşünürəm
ki, onların peşələrinə daha həssas
yanaşmaları üçün əlavə stimul
yarandı, məsuliyyətləri bir qədər də
artdı. Bu isə bütövlükdə
cəmiyyət üçün faydadır. Məsuliyyətdən doğan peşəkarlıq əzmi
cəmiyyətin daha dolğun şəkildə məlumatlandırılması
nöqteyi-nəzərdən önəmlidir.
- Sizcə,
ötən bir ildə jurnalistikanın cəmiyyətə təsiri
nədən ibarət oldu? Bu istiqamətdə dəyərləndirmə
aparmağınızı istərdik.
- Bu
baxımdan nələrisə qabartmaq mümkündür. Müsbət təsirlərlə yanaşı, mənfiləri
də vurğulamaq lazımdır. Düşünürəm
ki, 2015-ci ildə media cəmiyyəti daha yaxından
duymağı bacardı. Jurnalistlərin
müxtəlif mövzulardakı təqdimatları
bütövlükdə cəmiyyətin ruhundan irəli gəldi.
Əlbəttə, cəmiyyətin istək və
arzularının nə dərəcədə ifadə
olunması da əsas məsələdir. Yəni
jurnalistin bir hadisə və prosesi görməsi bəzən əsas
məsələ olmur. O olayı müxtəlif tərzdə
təqdim edə bilər. Elə burada da
dövriyyəyə peşəkarlıq girir. Zənnimcə, peşəkarlıq heç də o
deyil ki, hər şeyi olduğu kimi çatdırasan və ya
ümumiyyətlə çatdırasan. Çünki
bəzən baş vermiş bir hadisənin
çatdırılması zərurəti özünü
doğrultmur. Xəbərin təsiri ilə
sonradan nələrin yaşanacağını götür-qoy
etmək lazım gəlir. Demək ki,
peşəkarlıqda əsas şərt duyumdur. Jurnalist ilk növbədə cəmiyyətin ahəngini
duymalıdır. Məsələn, məlum
«MTN işi» ilə bağlı məlumat yayan media təmsilçisi
üçün mühüm dövlət məqamında
baş vermiş özbaşınalıqları insanlara
çatdırmaq vəzifəsi nə dərəcədə
prioritetdirsə, bir qurumun timsalında vətəndaşların
bütövlükdə dövlətə etimadının
sarsılmasının yolverilməzliyini düşünmək
bir o qədər zəruridir.
«MTN işi»ndən söz açdım. Hesab edirəm ki, 2015-ci ildə
media-cəmiyyət təsiri müstəvisində dəyərləndirilməli
olan bu sayaq hadisələr az olmadı.
İki dəfə devalvasiya baş verdi.
Nardaranda bir qrup təxribatçı terrorçu dəstənin
zərərsizləşdirilməsi, Günəşli
yatağındakı yanğın faciəsi medianı iş
üslubuna təsirsiz ötüşmədi. Bir
anlıq parlament seçkisini də düşünək.
Diqqət yetirsəniz görərsiniz ki, bu
istiqamətdə pozitiv cəhətlər daha çoxdur.
Çünki medianın seçki prosesini
işıqlandırmasına dair təcrübə var.
Jurnalistlər bütün sahələrdə
hazırlıqlı olmalıdırlar. Onlar nə qədər
çox hazırlıqlı olsalar, cəmiyyətə təsirləri
bir o qədər pozitiv xarakter daşıyar. Pozitiv təsir
deyərkən burada peşəkarlıq heç də ondan
ibarət deyil ki, media hansısa hadisənin mahiyyətini təhrif
edərək yanlış yönləndirməyə yol versin.
Nə də yalnız xoş olanları
çatdırmaq kimi peşəkarlıq üslubu var. Ölkədə
müsbət işlər görülürsə, mənfi təmayüllər
də yox deyil. Sadəcə mənfilərin
təqdimat tərzi cəmiyyətin müsbət işləri
gerçəkləşdirmək əzmini ikinci plana
atmamalıdır. Hər bir halda cəmiyyət
mütərəqqiliyə doğru səfərbər
olmalıdır. Zənnimcə, təzahür
formasından asılı olmayaraq, 2015-ci ildə medianın səfərbəredici
funksiyası ön planda idi.
-
Əflatun müəllim, 2015-ci il rəhbərlik
etdiyiniz Azərbaycan Mətbuat Şurası üçün nə
ilə yadda qaldı?
- Ötən
il Azərbaycan Respublikasının
prezidenti İlham Əliyev milli mətbuatımızın 140
illik yubileyi münasibətilə Mətbuat
Şurasının İdarə Heyətinin üzvlərini qəbul
etdi. O, İdarə Heyətinin dövlət təltiflərinə
layiq gördüyü üzvlərini şəxsən
mükafatlandırdı. Cənab prezident
görüşdəki çıxışında
Şuranın cəmiyyətdəki yeri və rolunu yüksək
qiymətləndirdi. Bu bizim
üçün ötən ilin ən yadda qalan anı idi.
Bir qədər öncə milli mətbuatımızın
140 illik yubileyi ilə bağlı prezident sərəncamından
söz açdım. Həmin sərəncamda Mətbuat
Şurasının da adı sənədin icrasına məsul
qurumlar sırasında yer alırdı. Bu
cəhət də son dərəcə önəmli idi.
Mən bir məsələni xüsusi vurğulamaq istərdim. Jurnalistika
ümumən həssas sahədir. Yadıma
gəlir ki, Mətbuat Şurasını formalaşdıranda
bir çoxları bunun əksinə gedirdi. Belə rəy var idi ki, media azaddırsa, onun fəaliyyətinin
ictimai əsaslarla olsa belə tənzimlənməsinə
ehtiyac yoxdur. Əlbəttə, Şura
model baxımından mətbuatın özünütənzimləməsi
idi və bu gün də öz ampulasına sadiqdir. Sadəcə burada medianın təşkilatlanması
məsələsi də vacibdir. Bu təşkilatlanma
imkan verir ki, media ilə ayrı-ayrı dövlət
qurumları arasında meydana çıxan problemlər səmərəli
şəkildə həllini tapsın. Eyni
zamanda medianın özünün istər dövlət, istərsə
də cəmiyyət tərəfindən dəstəklənməsi
həyata keçsin. Cənab prezident
çıxışında Mətbuat Şurasının
missiyasını qiymətləndirərkən bu məqama
çox incəliklə toxundu. Bu o deməkdir
ki, Şuranın ictimailik dərəcəsi dövlətin
ictimai fəaliyyət müstəvisi ilə uzlaşır.
Əlbəttə, belə bir nəticənin əldə
edilməsi bütövlükdə media cameəsinin
uğurudur.
Bu gün ölkə başçısı medianı hətta
hakimiyyətin ikinci qolu kimi dəyərləndirir. Media fəaliyyətini
dövlət idarəçiliyinin alternativ forma və metodu
olaraq qiymətləndirir. Jurnalistikanı əsl
həqiqətlərin aşkara
çıxarılmasının, hadisə və proseslərin
mahiyyətinə nəzər salınmasının müəyyən
mənada indiqatoru sayır. Bu, böyük
inamdır və Azərbaycan mediası da
çalışmalıdır ki, dövlət
başçısının etimadını hər zaman
doğrultsun.
- Mətbuat
Şurasının iş istiqamətləri baxımından nələri
vurğulamaq istərdiniz…
- Mətbuat
Şurasının iş prinsipləri dəyişməzdir -
şikayətlərin araşdırılması, qərar və
rəylərin çıxarılması. Bu barədə
geniş hesabatımızı yaxın günlərdə cəmiyyətə
təqdim edəcəyik. Qısaca onu deyim ki, ötən
il Mətbuat Şurasına daxil olan
şikayətlərin sayı 659-dur. Ayrı-ayrı
media orqanlarının fəaliyyətindən şikayətlərin
sayı isə 310-dur.
Ötən ilin nəticələrinin təhlili göstərir
ki, hələ də jurnalistikadan sui-istifadə halları yetərincədir. Tənqid
obyekti kimi seçilən şəxslərə münasibətdə
təmənnalı münasibət, şantaj, böhtan kimi
xoşagəlməz hallar qalmaqdadır. Bu,
Şuraya daxil olan şikayətlərin motivindən aydın
görünür. Təsəvvür edin
ki, şikayətlərin təxminən üçdə
ikisində müəlliflər belə hallardan
narazılıqlarını ifadə edirlər. Əlbəttə, ictimai qınaq tədbirlərimizi
davam etdiririk. Ancaq ümumən
düşünürəm ki, mövcud istiqamətdə əsaslı
dönüşün olması üçün konkret
hüquqi mexanizmlərin müəyyənləşdirilməsinin
vaxtı çatıb.
Mediadan sui-istifadəyə yol verənlərin
böyük əksəriyyəti fəaliyyətini internet
müstəvisinə keçirib. Təsnifata diqqət yetirsək
görərik ki, internet xəbər portallarından şikayətlər
ümumi şikayətlərin 38,8 faizini təşkil
edir. Keçən il bu rəqəm 30 faizə
çatmırdı.
İnternet
media orqanları ilə bağlı hazırkı göstəricinin
Şuranın çıxardığı qərarlara da
birbaşa təsiri var. Belə ki, 2015-ci ildə qəbul
etdiyimiz 31 qərarda 23 internet media orqanının adı
çəkilir. Şikayətçi bir
müraciətində bəzən 2-3 internet saytdan
narazılıq bildirir. İnternet
saytların tənqid hədəflərinə münasibətdə
«korporativ həmrəyliyi» qəzetləri xeyli üstələyib.
Bir şəxs haqqında məlumat bir internet
saytda yayımlanır, ardıca daha beş-altı sayt da həmin
xəbəri səhifəsində yerləşdirir. Yenə də deyirəm ki, bu sayaq halların
qarşısının alınması üçün ictimai
qınaqla kifayətlənmək azdır.
İnternetin sürətlə yayıldığı
indiki məqamda hər gün bir-iki yeni xəbər
saytının adını eşidirik. Mütləq əksəriyyətinin
də məqsədi bəllidir - ayrı-ayrı şəxsləri
aşağılamaqla, onlarla bağlı yalanları gündəmə
gətirməklə maddi gəlir əldə etmək. Belələri həqiqi jurnalistika dəyərlərini
arxa plana atmaqla peşəni nüfuzdan salırlar. Peşənin nüfuzdan salınması isə
jurnalistikanın sivil cəmiyyət, demokratik dövlət
quruculuğu prosesindəki önəmini heçə endirir.
Buna görə də konkret qətiyyətli
addımlar atılmalıdır və düşünürəm
ki, yaxın gələcəkdə mövcud istiqamətdə əməli
fəaliyyət həyata keçiriləcək. Jurnalistika cəmiyyət və dövlət
üçün vacib sahədirsə, ona münasibət də
həssas olmalıdır.
Mətbuat Şurasının fəaliyyətindəki
növbəti məqam ayrı-ayrı hüquqi normativ
aktların və digər qanunvericilik sənədlərinin
hazırlanmasında iştirakdır. Şura 2015-ci ildə
12 dövlət sənədinə səlahiyyətləri
çərçivəsində rəy bildirib.
Şura
ötən il keçirilmiş mitinq və
aksiyalarda jurnalistlərin peşə vəzifəsini yerinə
yetirmələrinin monitorinqini aparıb. Seçki
günü MŞ-nin öncədən müəyyənləşdirilmiş
telefon nömrələri «qaynar xətt» rejimində fəaliyyət
göstərib.
Mətbuat
Şurası ali məktəblərin
jurnalistika fakültəsinə bakalavr və magistr qəbulu
prosesində iştirak edib. Qurumun İdarə
Heyətinin üzvləri Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının yaratdığı qabiliyyət
imtahanı komissiyasında təmsil olunublar.
Mətbuat
Şurası ötən il müxtəlif
dövlət qurumları ilə birgə jurnalistlər
üçün 2 müsabiqə təşkil edib. Qurumun fəaliyyət dairəsinə həmçinin
mətbuatımızda xidmətləri olan şəxslərlə
bağlı yubiley tədbirlərinin təşkili, sənədli
filmləri çəkilişi, müxtəlif mövzularda
tematik toplantıların düzənlənməsi də
daxildir. Bütün bunlar yekun hesabatda ətraflı
şəkildə əksini tapıb.
-
Əflatun müəllim, 2015-ci ilin şəxsən Sizin üçün də əlamətdar
olduğunu qeyd etmək mümkündür. Milli
Məclisə deputat seçildiniz. Məsuliyyət
yükünüz artdı…
- Deputat
seçilməyim həyatımın ən böyük
uğurudur. Bu mənada cənab prezidentin sərəncamı
ilə «3-cü dərəcəli Vətənə xidmətə
görə» medalı ilə təltif olunmağımı da
vurğulaya bilərəm. Fürsətdən
istifadə edib, dövlət başçısına və məni
dəstəkləyən hər kəsə yenidən dərin
minnətdarlığımı bildirirəm.
Əlbəttə, məsuliyyətim daha da artdı. Həm
seçicilər, həm də media təmsilçiləri
qarşısında. Seçki
kampaniyası zamanı 62 saylı Saatlı seçki dairəsinə
daxil olan kəndlərin demək olar, əksəriyyətində
olmuşdum. Əhalinin qayğıları
var. Onların şəxsi müstəvidə meydana
çıxan çətinliklərindən tutmuş ümumi
problemlərinədək hər məqamı nəzərə
almaq lazımdır. İnsanları dinləmək,
dərdlərinə şərik çıxmaq şərtdir.
Digər tərəfdən isə parlamentdəki
jurnalist deputatlardan biriyəm. Bu da media
qarşısında məsuliyyət deməkdir. Üstəlik jurnalist deputat Azərbaycan Mətbuat
Şurasına da rəhbərlik edirsə, məsuliyyət
daha artıq olmalıdır. Qarşıdakı
beşillikdə bizi gərgin işlər gözləyir.
Güman edirəm ki, öhdəsindən gəlməyi
bacaracağıq.
-
2016-cı ili jurnalistika baxımından necə
görürsünüz?
-
2016-cı ildə də media sahəsində həyata
keçirilən dövlət siyasəti davamlı olacaq. Bu il biz jurnalistlər üçün inşa
edilməkdə olan binanın sakinlərinin ixtiyarına verilməsini
gözləyirik. Güman edirəm ki, mövcud sahədə hər
hansı problem ola bilməz. 250-dən
artıq jurnalistin 2017-ci ili öz mənzilində
qarşılayacağına inanırıq.
El ilə gələn dərd toy-bayram olur, - deyib atalarımız. Əlbəttə, 2016-cı il asan il olmayacaq. İqtisadi müstəvidə baş verən proseslərin, manatın devalvasiyasından yaranan vəziyyətin jurnalistlərimizin də həyatına təsirsiz ötüşməyəcəyi aydındır. Məlum olduğu kimi, qəzet kağızı və çap xərcləri xeyli artıb. Üstəlik ölkəyə gətirilən qəzet kağızı ilə yanaşı, hazır çap məhsullarının üzərinə də 2005-ci ildə ləğv edilmiş əlavə dəyər vergisinin tətbiqinə başlanılıb. Bu məsələlərlə bağlı parlamentdə çıxış etmişəm. Şuranın İdarə Heyətinin sonuncu iclasında da yaranmış problem barədə diskussiyalar getdi. Mətbuat Şurası olaraq hesab edirik ki, problemə dövlət səviyyəsində münasibət bildirilməlidir. İnanırıq ki, belə də olacaq.
Yəhudilərin bir sözü də var ki, hər
çıxılmaz vəziyyətdən iki
çıxış yolu var. Düşünürəm ki, cəmiyyətimiz
və onun tərkib hissəsi olan mediamız yaranmış
xoşagəlməz durumdan çıxa biləcək.
Xalq Cəbhəsi.- 2016.- 5 fevral.-
S.3