“Oğuz kağan” dastanı:
araşdırmalar nə deyir?
“Oğuz kağan” dastanı:
araşdırmalar nə deyir?
Qədim türklərin dünya xalqlarının mənəvi
sərvətlər xəzinəsinə bəxş etdikləri
çoxlu sayda ədəbi abidələri var. Ümumtürk
təfəkkürünün mühüm mifoloji və tarixi
qaynaqlarından olan uyğur hərfləri ilə
yazılmış “Oğuz kağan dastanı” həmin abidələrdən
biridir. Bir çox türkoloqların təsdiq etdikləri
kimi, bütün türk xalqlarının mədəniyyəti
və ədəbiyyatı tarixində mühüm yer tutan bu
yazılı epik abidə dünya qəhrəmanlıq eposunun
ən məşhur nümunələrindəndir.
Həmin abidənin orijinaldan naməlum şəxs tərəfindən
uyğur hərfləri ilə üzü
köçürülmüş yeganə əlyazma nüsxəsi
məşhur fransız şərqşünası, İran
tarixi və ədəbiyyatının tədqiqatçısı,
filoloq və tarixçi Şarl Şeferə (1820-1898) məxsus
olub. Əlyazmanın hansı şəraitdə
Ş.Şeferin əlinə düşməsi məlum deyil.
O, abidənin salamat qalmış hissələrini nə vaxt və
haradan Parisə gətirməsi barədə heç bir məlumat
qoymayıb.
Əlyazma əvvəlcə Ş.Şeferin Parisdəki
şəxsi kitabxanasında saxlanıb, sonralar onun şəxsi
kolleksiyası arasında Paris Milli Kitabxanasına
bağışlanıb. Hazırda əlyazma nüsxəsi həm də lentə
köçürülərək Paris Milli
Kitabxanasının “Əlyazmalar Departament”ində “Türk əsərləri”
bölməsində, həmin kitabxananın kataloqunda 1001-ci
nömrə altında qeydə alınaraq saxlanılır. Özündə Oğuz kağanla bağlı
mifoloji və tarixi hadisələri birləşdirən Paris mətninin
əlyazma nüsxəsi bu möhtəşəm abidənin
mükəmməl orijinal əlyazma nümunəsi deyil. Əlyazmanın orijinalının əsli hələlik
elmə məlum deyil. Paris əlyazmasının
mətni ya birbaşa qədim orijinaldan, ya da növbəti əlyazmaların
birindən köçürülüb. Mətnin
üzünü köçürən katib mətndə bəzi
dəyişikliklər edib. Bizə gəlib
çatan əlyazmanın üzü monqollar dövründə
və ya onlardan sonrakı dövrlərdə köçürülüb.
Bunu əlyazmanın 36-cı səhifəsinin
son sətrindəki boşluğun monqol hərfləri ilə
tamamlanması və mətndəki bəzi hərbi terminlərin
monqol dilində olması təsdiq edir.
Uyğur hərfləri ilə yazılmış əlyazmanın
mətni həcminə görə çox kiçikdir; indiki
halda günümüzə gəlib çıxmış əlyazmanın
mətni 21 vərəqdən, 42 səhifədən ibarətdir. Əlyazmadakı
üç vəhşi heyvanın təsvirləri göy rənglə
rənglənib. Dünya kitabxanaları və muzeylərində
saxlanılan oğuznamələrinin islami variantlarının
çoxlu sayda əlyazma nümunələrindən fərqli
olaraq nadir təsadüfdür ki, “Oğuz kağan dastanı”nın yalnız bir əlyazma nümunəsi
var. Bu, onunla izah olunmamalıdır ki, bu əsər qədimdə
türk xalqları arasında məşhur olmayıb. Əksinə, onun yenidən üzünün
köçürülməsi bu abidənin məşhur
olduğunu göstərir. Əvvəldən əskik
olduğundan hər hansı bir adı olmayan və elm aləmində
şərti olaraq “Oğuz kağan dastanı” adlanan bu möhtəşəm
abidənin qədimdə mövcud olmuş bütöv bir
dastanın az bir hissəsi olduğunu
düşünmək olar. İslamiyyətdən
öncə yaranıb böyük bir tarixi yol keçərək,
əlyazma şəklində bu günümüzə gəlib
çatan bu abidə qədim türklərin mifoloji
dünyadörüşünü öyrənmək
baxımından çox dəyərli və mühüm ədəbi
mənbədir.
“Oğuz
kağan dastanı”nın ilk dəfə tədqiqi və tərcümə
edilərək dünya xalqlarının ən möhtəşəm
mədəni adidələri sırasına daxil edilməsində,
abidənin Avropa və Rusiya elmi ictimaiyyəti arasında
tanıdılmasında türk xalqlarının dilinin,
tarixinin, etnoqrafiyasının və xalq
yaradıcılığının – folklorunun yorulmaz tədqiqatçısı,
məşhur rus türkoloqu V.V.Radlovun (1837-1918) əvəzedilməz
xidmətləri var. İlk dəfə onun təşəbbüsü
ilə üzə çıxarılaraq elm aləminə məlum
olmuş bu qiymətli abidənin dünyada ətraflı elmi tədqiqinin
əsasını o qoyub. Onun xahişi ilə
dastanın əlyazmasının fotosurətini Şarl
Şefer V.V. Radlova göndərib, o isə dastanın 8 səhifəsinin
faksimilesini ilk dəfə 1890-cı ildə Sankt-Peterburqda Yusif
Xass Hacibin “Kutadqu bilik” əsəri ilə birlikdə çap
etdirib.
Sonralar V.V.Radlov əsərin ilk dəfə bütov halda
transkripsiyası və alman dilinə tərcüməsini 1891-ci
ildə, rus dilinə tərcüməsini isə 1893- cü
ildə nəşr etdirərək bütöv halda elmi
dövriyyəyə daxil edib. V.V.Radlovdan sonra əsər
bir çox görkəmli alimlər tərəfindən nəşr
edilib. Dastanın elmi tədqiqinə əslində
onun V.V.Radlov tərəfindən nəşr edilməsindən
sonra başlanıb. V.V.Radlovdan sonra əsəri
nəşr etdirən türkoloq alimlər əsərin ədəbi
dili, kompozisiyası, leksik xüsusiyyətləri, poetikası,
filoloji-tarixi xüsusiyyətləri, eyni zamanda əsərin
yazılma tarixi, toponimikası, etnonimikası haqqında bir
sıra dəyərli fikirlər söyləyiblər. Əsər İslamaqədərki epik abidə kimi, əsasən
filoloji və tarixi aspektlərdən demək olar, kifayət qədər
öyrənilib. Bu illərdə ayrı-ayrı tədqiqatlar
zamanı “Oğuz kağan dastanı”nın
mifologiyasından ara-sıra söhbət açılsa da, XX əsrin
80-ci illərinə qədər bütövlükdə
dastanın mifoloji problemlərinə həsr edilmiş tədqiqat
işləri aparılmayıb.
“Oğuz
kağan dastanı”nın mifoloji problemlərinin
araşdırılması sahəsində ilk addımı məşhur
türk alimi Baheddin Ögel atıb. “Türk
mifologiyası” adlı məşhur əsərində
dastanın mifoloji problemlərini araşdırmaya cəlb edən
B.Ögel dastanın türkcəyə tərcüməsi də
daxil olmaqla, ona xüsusi fəsil həsr edib. Əsərin kompozisiyasına uyğun olaraq fikir
söyləyən B.Ögel onun XIII əsrdən sonra
yazıldığını göstərsə də, mövzusunun
çox qədim olduğunu bildirir. Oğuz
kağanın atasının adını səhv olaraq “Ay
kağan” (əslində “Ay kağan” anasının
adıdır) kimi qəbul edən alim, adın Ay tərkibinin
türklərin mani dinini qəbul etmələri
ilə əlaqələndirərək, əslində
Oğuzun atası haqqında fikir söyləyə bilməyib.
O, dastanda Oğuzun möcüzəli doğulması, mifoloji
heyvanla vuruşaraq onu öldürməklə qalib gəlməsi
və boz qurd haqqındakı motivlərdən danışarkən
əsasən türk mifoloji mətnlərinə istinad etsə
də, hind, Çin, monqol, ərəbdilli və farsdilli mənbələrindən
də örnəklər gətirməklə orijinal fikirlər
söyləyib. Dastanda Oğuz kağanın yay və
oxları torpağa basdıraraq uclarını torpağın
üstündə qoyması, onların oğlanları tərəfindən
tapılması və onlara görə ad, rütbə
almalarına toxunan B.Ögel bunun lap qədim zamanlardan Orta Asiya
türklərinin mifologiyasında vacib bir motiv olduğunu
göstərir. Skif (sak) və hunlarda da belə
bir motivin olduğunu qeyd edən alim, dastanda özünə
yer tapmış bu ənənənin ən qədim Orta Asiya ənənələrinin
davamı olduğunu bildirir. Bu və digər
motivlərin arxaik qaynaqlarını bərpa etməyə
çalısan B.Ögel əslində dastanın
mifologiyasının bərpa edilməsi ənənəsinin əsasını
qoyub.
B.Ögeldən sonra abidənin mifologiyası ayrıca tədqiqat
obyekti kimi olmasa da, həm Azərbaycanda, həm də xarici
ölkələrdə öyrənilməyə
başlanıb. Dastandakı mifoloji motivlərin öyrənilməsində
məşhur tədqiqatçı-alim X.Koroğlunun xüsusi
xidməti var. O, “Oğuz qəhrəmanlıq eposu” adlı
monoqrafiyasında dastanın mifologiyasına da xüsusi diqqət
yetirib. Dastanı türklərin (oğuzların)
daha erkən dünyagörüşlərinin, ənənə
və inamlarının mənbəyi kimi xarakterizə edən
X.Koroğlu, düzgün olaraq dastanın iki hissədən –
birinci qədim miflərdən, ikincisi Oğuz kağanın
başçılığı ilə qədim türk
tayfalarının yürüşlərini əks etdirən
epik tarixdən ibarət olduğunu göstərir. O,
dastanın miflərdən ibarət olan hissəsindən
danışarkən qurd mifologemi haqqında yazır: “Abidədəki
miflər, əsasən totemistik görüşləri əks
etdirir. Bu, təhkiyənin bütün mərhələlərində,
gələcək qəhrəmanın tayfa totemi olan qurdun təsvirində
özünü göstərir”.
Qədim
türk, o cümlədən Azərbaycan xalqının
mifologiyasının öyrənilməsi sahəsində
xüsusi xidmətləri olan professor M.Seyidovun “Oğuz
kağan dastanı”nın mifologiyası haqqında da
orijinallığı və polemikliyi ilə seçilən
bir sıra özəl mülahizələri var. Onun
dastanın mifoloji motivləri haqqındakı mülahizələri
“Azərbaycan xalqının soykökünü
düşünərkən”, “Azərbaycan mifik təfəkkürünün
qaynaqları”, eləcə də “Qam - şaman və onun
qaynaqlarına ümumi baxış” adlı əsərlərində
özünə yer tapıb. M.Seyidov əsərlərində
dastandakı ayrı-ayrı mifoloji motivlərin tarixi-mifoloji
kökünü, mifoloji obrazların etimoloji anlamını
verməyə daha çox meyl edib.
M.Seyidov türklərin mifik düşüncəsində
önəmli yer tutan “Boz qurd” obrazına adları çəkilən
əsərlərində və digər yazılarında
xüsusi yer versə də, bu obrazın semantikasının
müəyyənləşdirilməsinə kiçik həcmli
bir əsər də həsr edib. Azərbaycanda “Oğuz kağan
dastanı”nın tədqiqi ilə daha
çox professor Füzuli Bayat məşğul olub. O, həm
filologiya üzrə fəlsəfə doktoru, həm də
filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi
almaq üçün yazdığı dissertasiya işlərində
dastanı müxtəlif aspektlərdən tədqiq edib. Alim nəşr
etdirdiyi “Oğuz epik ənənəsi və “Oğuz kağan”
dastanı” adlı əsərində dastandakı bəzi
arxaik obrazların semantikasından danışarkən
öküz və boz qurd obrazlarının təhlilinə
xüsusi diqqət ayırıb.
Son illər Azərbaycan alimlərindən Seyfəddin
Rzasoy oğuznamələri geniş ritual-mifoloji aspektdən
öyrənməklə məşğuldur. Alim “Oğuz
mifinin paradiqmaları” adlı əsərini bu sahəyə həsr
edib. Onun “Oğuz mifi və oğuznamə
eposu” adlı ikinci əsəri isə Oğuz mifi və oğuznamələrin
struktur-semiotik metodla müqayisəsi əsasında oğuz
ritual-mifoloji dünya modelinin bərpa edilməsinə həsr
edilib. Araşdırmaların obyektində
bütövlükdə oğuznamə eposları,
başlıca olaraq isə “Kitabi - Dədə Qorqud” oğuznamələri
dayansa da, müəllif yeri gəldikcə “Oğuz kağan
dastanı”nı da elmi araşdırmaya cəlb
edib. Oğuzun doğulması mifologemindən
danışarkən onun Ay kağanın gözündən,
başqa sözlə, onun gözü olaraq doğulduğunu
göstərən müəllif, bunun dastanda gözdən
doğulma mifologeminin nümunəsi olduğunu qeyd edir. Bu məsələ ilə bağlı fərqli
baxışların olduğunu inkar etmədən S.Rzasoyun
yeni, fərqli bir baxış təqdim etməsi bu mifologemin tədqiqi
yolunda mühüm addım kimi qiymətlidir. Müəllif
oğuz mifologiyasının bərpasının nəzəri-metodoloji
modeli, oğuz mifologiyasının ritual modeli, oğuz
mifologiyasının paradiqmatik struktur modellərinin bərpasına
həsr etdiyi “Oğuz mifologiyası” adlı növbəti əsərində
də “Oğuz kağan dastanı”ndakı bəzi mifoloji motivləri
araşdırmaya cəlb etmiş və onları dünya
xalqlarının oxşar mifoloji
dünyagörüşündəki tipoloji oxşarlıq və
ayrı-ayrı türk xalqlarının mifoloji
dünyagörüşündəki genetik oxşarlıq
prinsipi əsasında təhlil etmişdir. Dastandakı
mifoloji obrazların, xüsusən mifoloji Oğuz
obrazının C.Məmmədov tərəfindən
araşdırılması, obrazın son dövr
araşdırıcıları arasında xüsusilə
seçilir. Onun “Türk mifoloji
obrazlarının funksional-semantik xüsusiyyətləri”
mövzusunda doktorluq dissertasiyasında həm mifoloji Oğuz
kağan obrazı, həm də obrazın linqvistik (etimoloji) təhlililə
bağlı mülahizələri obrazın sistemli
araşdırılması istiqamətində son illərdə
aparılan uğurlu addımlardan biridir.
İsmixan
Osmanlı
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 6 fevral.-
S.14.