“Milli azlıqların dil və mədəniyyətinin
qorunub saxlanması və inkişafı...”
Kamal Abdulla:“Onlara məxsus milli özünəməxsusluğun,
adət-ənənələrin gələcək nəsillərə
çatdırılması istiqamətində birgə
ardıcıl fəaliyyət həyata keçirilib”
III
Yazı…
“Multikulturalizm
və tolerantlıq tarixən azərbaycanlıların həyat
tərzi olub, bu gün isə milli kimliyindən, dilindən,
dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər
bir vətəndaşının gündəlik həyat tərzinə
çevrilib”,- deyən Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü
Kamal Abdulla “ölkə Prezidenti İlham Əliyevin Azərbaycan
multikulturalizminin elmi əsaslarla öyrənilməsi və
dünyada təbliği istiqamətində göstərdiyi
konkret hədəflərə çatmaq üçün
atılan əməli addımlar dövlət qurumları,
siyasətçilər, hökumət adamları ilə
yanaşı, hər bir vətəndaşımızın
üzərinə şərəfli vəzifə qoyur”,- deyə
bvurğulayıb. O, deyib ki, Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri xidməti də 2015-ci
ildə fəaliyyətini dövlət
başçısının daxili və xarici siyasətdə
göstərdiyi konkret hədəflərə çatmaq
istiqamətində qurub: “İl ərzində ölkəmizdə
yaşayan milli azlıqların hüquq və
azadlıqlarının dövlət təminatı, dövlət-din
münasibətlərinin qanunvericiliyin tələblərinə
uyğun şəkildə tənzimlənməsi, Azərbaycan
multikulturalizminin dövlət siyasəti kimi ölkə
daxilində və xaricdə təbliği, multikultural ənənələrin
qorunması və müasir dövrün tələblərinə
uyğun şəkildə inkişafı üçün Xidmət
ardıcıl ideoloji-siyasi, həmçinin praktik fəaliyyət
göstərib.
Qanunvericiliyimizdən
və Azərbaycan multikulturalizminin özəl prinsiplərindən
irəli gələrək icra edilən din siyasəti və
ölkəmizdə yaşayan azsaylı xalqların,
toplumların mədəniyyət nümunələrinin
qorunması, hüquqlarının ali təminatı
istiqamətində görülən işlərin dünya
ictimaiyyətinə çatdırılması
üçün Xidmət müəyyən layihələr həyata
keçirib. Xidmətin təşəbbüsü
və dəstəyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
bu gün dövlət siyasətinin vacib istiqamətlərindən
biri olan Azərbaycan multikulturalizminin dünya ölkələrində
təbliğini ən müxtəlif formalarda qurmağa
çalışır”.
Onun fikrincə, ilk olaraq Xidmət tərəfindən
“Multikulturalizmə giriş” (bakalavr pilləsi), “Azərbaycan
multikulturalizmi” (magistr pilləsi) fənləri üzrə tədris
proqramları hazırlanıb: “Bununla paralel bu fənləri
xarici dillərdə tədris edəcək müəllimlərin
hazırlıq prosesi başlanıb. Qısa zaman kəsiyində bu fənn
ölkəmizin 20 ali təhsil
ocağında və 11 xarici ölkə universitetində tədris
olunub. Onların sırasında Müqəddəs Kliment
Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), İvan
Cavaxişvili adına Tbilisi Dövlət Universiteti
(Gürcüstan), Ural Federal Universiteti (Rusiya Federasiyası),
Litva Pedaqoji Universiteti (Litva), Praqa Karl Universiteti (Çexiya),
Roma Sapienza Universiteti (İtaliya), Belarus Dövlət
Universiteti (Belarus), Lusafona Universiteti (Portuqaliya), Ausburq
Universiteti (Almaniya), Frayburq Universiteti (İsveçrə) və
Sakarya Universitetində (Türkiyə) və
başqalarını göstərmək olar. Bu
universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni həm
azərbaycanlı və həm də xarici müəllimlər
tərəfindən tədris edilib.
Sülh və
dostluq şəraitində yaşamın dünya
üçün yeni modeli olan Azərbaycan multikulturalizmi xarici
ölkələrdə təkcə universitetlərdə deyil,
eyni zamanda müxtəlif təşkilatlarda kollokviumlar,
seminarlar, “dəyirmi masa”lar formatında da
təqdim edilib. Bu təqdimatlar Londondakı
BBC-nin qərargahından tutmuş İndoneziyanın Coqyakarta
şəhərindəki Ahmad Dahlan Universitetinə qədər
olan geniş coğrafiyanı əhatə edib”.
Kamal
Abdulla deyir ki, Azərbaycan mədəniyyətini, tarixini,
dilini, ədəbiyyatını, iqtisadiyyatını,
müasir ictimai-siyasi durumunu özündə kompleks şəkildə
birləşdirən “Azərbaycan multikulturalizmi” fənni eyni
zamanda ölkəmizdə, özəlliklə, texniki peşələr
və dəqiq elmlər təmayüllü universitetlərdə,
institutlarda və xüsusi tipli təhsil ocaqlarında tədris
olunmağa başladı və bu gün də davam etməkdədir:
“Bu istiqamətdə real ənənələri olan Bakı
Slavyan Universitetində ölkədə ilk olaraq “Azərbaycan
multikulturalizmi” kafedrası yaradıldı və fəaliyyəti
təmin edildi.
Keçən yay xarici ölkə universitetlərində
və ölkəmizdəki təhsil ocaqlarında “Azərbaycan
multikulturalizmi” fənnini yüksək qiymətlərlə
başa vuran tələbələr “Multikulturalizm Azərbaycanda
həyat tərzi kimi: öyrən, araşdır, paylaş”
devizi altında təşkil olunan yay məktəbinə dəvət
olunmuşdular.
Xarici tələbələrin bu fənni
seçməklə Azərbaycana göstərdikləri maraq
ölkəmizi gəlib gördükdən və buradakı
reallığın həqiqi şahidləri olduqdan sonra Azərbaycana
məhəbbətə çevrildi. Bakıda, Qubada,
Qusarda, Xaçmazda gördükləri multikultural əhval və
insanlara sevgi, dostluq hissləri ilə dolu həyat onlarda Azərbaycanla
bağlı dərin təəssüratlar yaratdı. Onlar bu gün öz ölkələrində Azərbaycanın
yeni dostları, Azərbaycanın maraqlarını müdafiə
edəcək şəxslər və daima ölkəmizə məhəbbətlərini
izhar edən gənclərdir. Onlar Azərbaycana
qarşı baş verən istənilən ədalətsizliyə
anında sərt reaksiyalar verir və Azərbaycan
reallığının ölkəmizə qarşı ikili
standartlar sərgiləyən dövlətlərin və beynəlxalq
təşkilatların hesabatlarında təqdim edilən şəkildə
olmadığı fikrini başqaları ilə
bölüşür və bütün bunları dönə-dönə
ifadə etməkdən çəkinmirlər. Onlar Azərbaycanı
həqiqi dost kimi sevirlər. Bu yaxınlarda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti
ilə Los-Ancelesdəki Sinay sinaqoqunun 50 nəfər
üzvü baş rahib David Volpenin rəhbərliyi ilə Azərbaycana
səfər etmişdi. Səfərdən
sonra hörmətli David Volpe Amerikanın “Time” jurnalında Azərbaycana
məhəbbət və heyranlıq dolu bir məqalə dərc
etdirdi. Əslində, o, Azərbaycan həqiqətini
Amerika oxucusuna çatdırmaq istəyirdi. Amma nə
baş verdi?! Bu məqalə
erməni lobbisinin haqsız hücumlarına məruz qaldı.
Bu haqsız hücumların qarşısına
isə biz azərbaycanlılardan əvvəl yay məktəbinin
iştirakçıları olmuş gənclər çıxdı
və onlar David Volpeni müdafiə etdilər. Həm öz ölkələrindəki media
orqanlarında, həm də sosial şəbəkələrdə
onların verdiyi reaksiya, əslində, bir azərbaycanlının
verə biləcəyi reaksiya qədər səmimi və kəsərli
idi”.
O, hesab
edir ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
xalqının multikultural ənənələrinin
qorunması sahəsində həyata keçirilən siyasi xətt
hazırda Prezident İlham Əliyev tərəfindən inamla
davam və inkişaf etdirilir: “Xalqımızın ümummilli
lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın
milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi
bu gün hər bir ləyaqətli ölkə vətəndaşının
həyat düsturuna çevrilib. Xidmət bu il ərzində də ölkədə milli
azlıqların hüquq və azadlıqlarının
müdafiəsi, onların mədəni-mənəvi irsinin
qorunması və dini etiqad azadlığının təminatı
ilə bağlı yerli icra hakimiyyəti orqanları və digər
dövlət strukturları ilə öz işini sıx şəkildə
qurdu. Milli azlıqların dil və mədəniyyətinin
qorunub saxlanması və inkişafı, onlara məxsus milli
özünəməxsusluğun, adət-ənənələrin
gələcək nəsillərə
çatdırılması, eyni zamanda onların sıx
yaşadığı bölgələrdə Azərbaycanın
dövlət müstəqilliyinin və azərbaycançılıq
ideyalarının təbliği, hərbi vətənpərvərlik,
vahid dövlətçilik, vətənə sədaqət
hislərinin gücləndirilməsi istiqamətində
müvafiq dövlət qurumları və azlıqların
milli-mədəni təşkilatları ilə birgə
ardıcıl fəaliyyət həyata keçirdi. Xidmətin təşəbbüsü ilə fəaliyyətə
başlayan “Kultura+” internet televiziyasında milli
azlıqların dil və mədəniyyətinin qorunub
saxlanması üçün müxtəlif verilişlər və
milli azlıqların dillərinin virtual tədrisini həyata
keçirən proqramlar hazırlandı və kulturaplus.az
saytında yerləşdirildi. Həmçinin
bu saytda Azərbaycanın xaricdəki dostları öz dillərində
Azərbaycana məhəbbətlərini ifadə etdilər və
bu xoş sözlər dünyanın bir çox ölkələrində
izləndi. “Kultura+” vasitəsilə bu
gün ən uzaq ölkələrdə belə Azərbaycanın
multikultural durumu barədə real təsəvvür
yaranmaqdadır”.
O, bildirib
ki, Prezident İlham Əliyevin bu ilin əvvəlində
imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində
ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd
edilməsi” ilə bağlı xüsusi Sərəncam təkcə
bu dastanı deyil, həm də Azərbaycan mədəniyyətini,
ədəbiyyatını, tarixini dünya elm adamlarının
və gəncliyinin bir daha diqqət mərkəzinə
çevirdi: “Bir daha bu Sərəncamın
işığında Fransa, Almaniya, İngiltərə,
ABŞ, Portuqaliya, Rusiya, Türkiyə, İtaliya və
başqa ölkələrdə Azərbaycan mədəniyyəti
bir daha dünya ictimaiyyətinə təqdim olundu. Və məhz
ölkə başçısının böyük
uzaqgörənliklə imzaladığı bu Sərəncam
sayəsində görkəmli alman şərqşünas
alimi və diplomatı Henrix Fridrix fon Ditsin 200 il əvvəl
Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə
bağlı qələmə aldığı çox dəyərli
fikirlər və “Dədə Qorqud” dastanının ”Basat” boyu
bir kəndin dili olan Xınalıq dilindən, yüz
milyonların dili olan Çin dilinə qədər geniş
bir coğrafiyaya yayılmış oldu. Kitab Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan,
türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb,
fars, yunan, yəhudi, gürcü, erməni, macar, italyan, ukrayna
və başqa dillərdə çap edildi”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 6 fevral.- S.9.