Meyxana sənəti
Çox
maraqlı, zəngin və qədim tarixi olan meyxananın
xalqın həyatı və məişətində geniş
yer almasına baxmayaraq, cəmiyyətdə ona münasibət
heç də birmənalı olmayıb: bir çox hallarda
meyxana ciddi ədəbiyyat nümunəsi hesab edilməyib,
ifasına qadağalar qoyulub. Bu səbəbdən
də folklorun digər janrları kifayət qədər
sistemli və ardıcıl tədqiq olunduğu halda, meyxana ədəbiyyatşünaslığın
da diqqətindən kənarda qalıb. Artıq
folklorun ən dinamik janrlarından birinə çevrilmiş
meyxananın təşəkkülü və inkişaf mərhələlərinin,
genetik qaynaqlarının, folklorun digər janrları ilə
oxşar və fərqli xüsusiyyətlərinin, sənətkarlıq
məsələlərinin, janr rəngarəngliyinin, semantik və
struktur aspektlərinin öyrənilməsi bu gün olduqca
vacibdir.
Meyxana
ustaları və meyxanalar haqqında Qılman İlkin,
Balasadıq, Rəhimağa İmaməliyev, Elçin, Vilayət
Quliyev, Təvəkkül Səlimov, Vəli Həbiboğlu,
Abbasqulu Nəcəfzadə, Qorxmaz Əlili, Aytac Rəhimova,
Nizami Tağısoy və b. müəlliflər
araşdırmalar aparıb və dəyərli fikirlər
söyləyiblər. İki müəllifin – A.Rəhimovanın
“Azərbaycan poeziyasında meyxana janrı” və
N.Tağısoyun “Meyxananın poetikası” adlı əsərləri
xüsusilə qeyd edilməlidir. A.Rəhimova
adı çəkilən əsərində meyxana
janrının milli musiqinin inkişafında əhəmiyyətini,
meyxanaların struktur - kompozisiya strukturunu və bir çox
başqa problemləri ilk dəfə araşdırıb.
N.Tağısoy isə (Z.Zakariyya ilə həmmüəllifdir)
mövzuya daha əhatəli yanaşır və meyxananın
tarixi, nəzəri məsələləri, kompozisiyası,
üslubu və bir çox zəruri məsələləri
sistemli şəkildə tədqiq edib, elmi cəhətdən əsaslandırılmış
orijinal nəticələr əldə edib.
Araşdırmalar təsdiq edir ki, yaranma tarixi
baxımından meyxananı yaxın yüzilliklərin ədəbi
faktı kimi qəbul etmək doğru deyil. Çünki
onun struktur əlamətlərini təşkil edən elementlərin
bir çoxu qədim folklor örnəklərindən bəhrələnir.
Bəzi nüfuzlu mütəxəssislər də
meyxananın təşəkkül tarixinin çox-çox qədimlərə
getdiyini bildirirlər. Məsələn,
tarix elmləri doktoru T.Səlimov meyxanaların “ən azı
550-600 illik ənənəyə söykəndiyini” qeyd edir.
Professor N.Tağısoy isə meyxanaların qam-şaman ənənələrindən,
ozan-aşıq sənətindən qidalandığını
bildirir: “Meyxanələrin tarixinə ekskurs etdikcə,
onların şifahi söz sənətinin digər nümunələri
kimi qaynaqlarının uzaq keçmişə, bir tərəfdən,
qam-şaman ənənələrinə, ozan-aşıq sənəti
ilə müəyyən paralellərinə, digər tərəfdən,
müsəlmanlığın Azərbaycan türkləri
içində genişlənməsi və dərvişliyin
yayılması ilə bağlayırıq. Bu
baxımdan, bəlkə də dərviş mərsiyələri
və qəsidələri meyxanələrin inkişafına
daha çox təsir göstərib. Sonrakı
dövrlərdə ictimai-siyasi, iqtisadi-mədəni durumdan
asılı olaraq, meyxanə sənətinin inkişafı
dolanbac, eyni zamanda mürəkkəb yol keçməklə
formalaşıb, cilalanıb”.
Meyxana ilə təmaslaşan elementlər xalq
tamaşalarından olan “Kosa-kosa” oyununda da müşahidə
edilir. Novruz
bayramı ilə əlaqədar ifa olunan “Kosa-kosa” kimi
yığcam süjet və struktur əlamətləri ilə
seçilən xalq tamaşasında əksini tapan, incə
yumorla cilalanan mətn, mətnə oynaq və emosional təsir
aşılayan ritm, xüsusən də ifanın təkrarlanan
nəqərat hissəsi meyxanaya məxsus elementləri yada
salır. Mülahizəmizin təsdiqi üçün əvvəlcə
xalq tamaşasında üçüncü şəxsin dilindən
deyilən bir bəndə nəzər salaq:
Köhnə
motal başında,
Qələm oynar qaşında.
Yüz əlli
beş yaşında,
Gör nə cavandır kosam.
Analoji məqamı
xarakterik bir meyxana mətnində də görmək
mümkündür:
Ürəyimə
vurub yara,
Baş götürüb gedim hara?
Evdə
olub günüm qara,
Mən niyə evləndim, axı?
...Böyük
müsibət çəkirəm,
Kartof soyub, ət çəkirəm.
Vallah, xəcalət
çəkirəm,
Mən niyə evləndim, axı?
Müqayisə predmeti kimi hər iki mətndə incə
yumor hissi, oynaq ritmə söykənən məzmun planı təmaslaşan
başlıca xüsusiyyətlərdir. Lakin bu məqamı
qabartmaqla heç də o fikri təlqin etmirik ki, əski ayin və
mərasimləri özündə cəmləşdirən
“Kosa-kosa” oyunu öz başlanğıcını meyxanadan
götürür. Folklor mətnlərində xalq
şeirinin müxtəlif formalarından geniş istifadə
edilməsi təbii hal olduğundan burada da bir tərəfdən
ayrı-ayrı folklor janrlarına məxsus elementlərin
növbələşməsi və sinkretizmdən söhbət
gedə bilər, digər tərəfdən isə bu məqam
eyni, yaxud, oxşar məzmunlu fikir və ideyanın daxili məntiqindən
irəli gələn keyfiyyət kimi də dəyərləndirilə
bilər.
Analoji təsirlənmə və bəhrələnmələr
meyxanalarla hərbə-zorbalar, qaravəllilər və
deyişmələr arasında da müşahidə olunur. Deyişmələrdə
olan iştirakçıların sayının, təxminən
meyxanalardakı şəxslərin sayına bərabər
olması, qarşılaşma səhnələrindəki ahəng
və ritmə əsaslanan mizanın eynitipli xarakter
daşıması bu janrlar arasında nəzərə
çarpan müştərək xüsusiyyətlərdir.
Elmi ədəbiyyatda müşairə
adlandırılan deyişmələrin böyük bir qisminin
satirik-məzəli məzmun daşıması faktdır.
Belə bir məzmun və mündəricə
meyxanalara da xas olan əsas keyfiyyət göstəricilərindəndir.
Müşairələr qarşılaşan şairlərin
həyata, dünyaya münasibətlərinin mütərəqqi
mahiyyətini göstərdiyi kimi, tərəflərin
baxışlarında özünü büruzə verən təzad
və ziddiyyətləri də nümayiş etdirməkdədir. Başqa
sözlə, deyişmələr, əsasən qarşı tərəfə
etiraz kimi səslənir, konkret fikir və ideyaya antitezis şəklində
qurulan mətn boyu bu fikir ayrılığı davam etdirilir.
Belə bir vəziyyət meyxanalar
üçün də əlamətdardır.
Tarixi-mədəni və ədəbi-estetik mahiyyət
daşıyan meyxana Azərbaycan xalqının, xüsusilə
Bakı, Maştağa və Abşeronun digər kəndlərinin
zəngin sənət nümunəsidir.
Meyxana janrının təşəkkül
tapdığı coğrafi məkanın spesifik cəhətlərini
aydınlaşdırmadan onun regional xüsusiyyətləri barədə
geniş təsəvvür yaratmaq qeyri-mümkündür. Müşahidələr təsdiq
edir ki, Bakı və ona ərazi baxımından yaxın kəndlərdə
daha geniş yayılan və sonralar kütləvilik qazanan
meyxana yazılı ədəbiyyatla, qəzəl, qəsidə
və digər klassik şeir şəkilləri ilə paralel
inkişaf edib, bəzi yazılı ədəbiyyat nümunələri
ilə sıx təmas və bəhrələnmə istiqamətində
pərvəriş tapıb, onun forma və məzmununa
yazılı ədəbiyyatdan gələn müəyyən
elementlər, detallar daxil olub, bir janr kimi meyxana yetkin bir səviyyəyə
çatıb.
Bakı və ona yaxın ərazilərdə şəhər
mühitinin bilavasitə təsiri altında formalaşan klassik
şeirin, muğam sənətinin yaşarı xüsusiyyətlərinin
qorunub saxlanılması ənənə halını alıb,
bu sahələr ümumi bir vəhdət halında birləşib,
biri digəri üçün zəmin və inkişaf rolunu
oynayıb. Çoxəsrlik poetik ənənələri olan qəzəliyyatın,
klassik muğam ifaçılığı kimi ciddi
yaradıcılıq sahələrinin Bakı mühitində
təşəkkül tapıb formalaşması onu təsdiqləyir
ki, belə bir struktur biçim eyni vaxtda satirik və baməzə
bir janra da tələbatı gerçəkləşdirib.
Beləliklə,
klassik üslubda qələmə alınan qəzəllər,
onların muğam üstə oxunması, yerli və qonşu ərazilərdə
yaranan qəzəlxan şairlərin, eynilə şifahi xalq ədəbiyyatındakı
deyişməni xatırladan müşairəsi, şeirləşməsi,
rədif tutub bədahətən bəhsləşmə, tədricən
satirik məzmuna maraq və meylin formalaşmasına gətirib
çıxarıb, hər üç sahə (qəzəl
yaradıcılığı, muğam
ifaçılığı, meyxana janrı) müxtəlif tədbirlərdə
- el şənliklərində, bayramlarda, xüsusən toylarda
məclis iştirakçılarının, geniş xalq
kütlələrinin dərin maraqla izlədikləri musiqili-əyləncəli
teatrlaşmış proqram səviyyəsinə yüksəlib.
Şübhəsiz ki, meyxananın yetkin bir səviyyəyə
gəlib çatmasında toylar xüsusi rol oynayıb,
meyxanaya bu məclislərdə bəzən toydan sonra, bəzi
hallarda ayrı-ayrı ifaların növbələşməsi
əsasında yer ayrılıb. Q.İlkin yazır: “Toy bir neçə
gün və bəzən bir həftə uzanardı. Toy qurtarıb, camaat dağılışandan sonra bəyin
yaxın adamları yığışıb meyxana deyərdilər.
Dövrə vurub oturmuş adamlardan iki nəfər
ortada oturub, meyxanaya başlardı. Meyxana
deyənlər, adətən bədahətən şeir deyən
adamlardı. Bəhsə girişir, bir-birlərini
və habelə ayrı-ayrı adamların eyiblərini tənqid
edərdilər. Onların deyişmələrində
satira və yumor bir-birlərinə qarışardı. Şeirlərin nəqaratını dövrə vurub
oturmuş adamlar təkrar edərdilər. Meyxana
bəzi hallarda dünbəklə (zərb aləti ilə -
N.R.) müşayiət olunardı”.
Beləliklə, deyilənlərdən bir daha aydın
olur ki, meyxana folklorla yazılı ədəbiyyatın
sintezindən yararlanan, onlardan forma-məzmun, şəkli
xüsusiyyət əxz edən janr kimi təşəkkül
tapıb. Meyxana Abşeron folkloruna məxsus janrlardan biridir.
O, Abşeron kəndlərinin toylarından tutmuş məhəllədə
adi dost yığıncaqlarına qədər səslənən
folklor nümunəsi, müxtəlif insan təbəqələri
tərəfindən qəbul olunan və sevilən sənətdir.
Meyxana tarixə, gerçəkliyə, gündəlik
olaylara, mədəniyyət faktlarına, ictimai-siyasi hadisələrə
tribunadan, səhnədən, ekrandan görünən şəxslərə
meyxanaçıların yumorlu, satirik baxış
bucağıdır, xalqın meydan həyatına xas
qavrayış tərzinin qafiyəli şeir formasında ifadəsidir.
“Meyxanə xalqın sosial-məişət həyatının
müxtəlif sahələrini əks etdirməklə, onun milli
xarakterini, tarixini, poetik ənənələrini artırmaqla
ona xidmət edib və bu gün də etməkdədir”.
Əlavə edək ki, digər xalqların da (Almaniyada
meysterzingerlər, Fransada trubadurlar, Rusiyada, xüsusən
slavyan mənşəli xalqlarda çastuşkalar) folklorunda meyxana
janrının xüsusiyyətlərinə bənzəyən
əlamətlərə (ritm, bədahətən söyləmə
və s.) rast gəlmək mümkündür.
Meyxana sənəti xalqa çox yaxın və doğma
olan bir sənətdir. Meyxana ustalarının taleyi xalqın taleyi ilə
sıx bağlı olduğundan və xalqın həyat və
məişətinin müxtəlif problemləri,
qayğıları, sevinci və kədəri, adət-ənənələri,
istək və arzuları bu sənətdə əks
olunduğundan bu realist sənət növü həmişə
xalq tərəfindən sevilmiş və yüksək dəyərləndirilib.
Xalq toylarda, bayram şənliklərində,
müxtəlif tədbirlərdə meyxana ustalarına ehtiramla
yanaşıb, onlara sonsuz məhəbbətini bildiriblər.
Meyxanalarda işlədilən sözlər və
obrazlı ifadələr xalq dilindən alınıb, həm əruz,
həm də heca vəzninin oynaq, axıcı formaları ilə
ifadə edilib. Meyxananın musiqi üslubu,
ritmik xüsusiyyətləri də həmişə xalq ruhuna
yaxın olub.
Nazim Rzayev
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 9 fevral.-
S.14.