“Müsəlmanların, yəhudilərin,
pravoslavların, katoliklərin və digər din və məzhəb
nümayəndələrinin qardaş kimi
yaşadığı Azərbaycan...”
Kamal Abdulla: “Bir model kimi
bu gün həqiqətən dünya üçün bir
örnəkdir”
IV
Yazı...
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev əlavə
edib ki, bu sərəncamdan ölkəmizdə yaşayan milli
azlıqlara da sevinc dolu bir pay düşdü: “Çünki
qeyd edilən kitab eyni zamanda talış, tat, udi, ləzgi,
kürd və xınalıq dillərinə də tərcümə
edilərək çap edilmişdi. Beləliklə,
hər bir Azərbaycan vətəndaşı ümumi ana
kitabımız “Dədə Qorqud”u indi öz dilində oxuyur.
Xidmət öz fəaliyyətində Prezident
İlham Əliyevin şəxsi nümunəsini əsas
götürərək, təkcə paytaxtda deyil, bölgələrimizdə
yaşayan insanlarla birbaşa sıx ünsiyyət qurub.
Xidmət əməkdaşları bu il ərzində
Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin
əksər bölgələrində Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi ilə birgə çoxsaylı yerli əhalinin
qatıldığı müxtəlif tədbirlərdə
iştirak edib. Biz “Dədə Qorqud” dastanının ölkəmizin
müxtəlif guşələrinə səpələnmiş
izlərinə düşüb Xocavənd-Nərgiztəpə,
Ağdam, Füzuli, Tərtər, Tovuz, Qazax, Quba, Qusar, Zaqatala,
Qax, Balakən, Lənkəran, Yardımlı, Zərdab,
Göyçay, Şamaxı, Qəbələ, Şəki və
başqa rayonlarımızda yerli məktəblilərin,
ziyalıların, ictimaiyyət nümayəndələrinin
iştirakı ilə saysız-hesabsız tədbirlər təşkil
etdik. Bu tədbirlərdə malakanlar
ingiloyların, ləzgilər talışların, saxurlar
axısxa türklərinin, həmçinin bakılılar
tovuzluların, ağdamlılar qubalıların, qazaxlılar
şəkililərin, astaralılar maştağalıların
evlərində qonaq qaldılar. Hər yerdə
Azərbaycançılıq məfkurəsi hökm
sürdü. Bu məfkurənin əsl təntənəsi
baş verdi. Və
bütün bunlar əsl qardaşlıq və vətəndaşlıq
nümunəsinə çevrilirdi”.
Onun
sözlərinə görə, akademik Ramiz Mehdiyevin öz əsərlərində
dəfələrlə erməni fitnəsi və
saxtakarlığına qarşı ortaya qoyduğu prinsipial
elmi mövqe və bədxahlarımızın əsassız
iddialarını elmi-tarixi mənbələr əsasında
puça çıxarması Dövlət müşavirliyi
xidmətinin işində də yeni istiqamətin meydana gəlməsinə
vəsilə oldu: “Erməni yalanlarını üzə
çıxaracaq qədim Azərbaycan dövləti olan Qafqaz
Albaniyasının tarixini təkcə yerli və bölgə əhəmiyyətli
mənbələr əsasında deyil, xarici ölkə alimlərinin
fikirləri, şərhləri və tərtib etdikləri
tarixi arayışlar, xəritələr əsasında
sistemli tədqiq etmək və bunu beynəlxalq elmi ictimaiyyətin
diqqətinə çatdırmaq ötən il Xidmətin əsas
işlərindən biri oldu. Bu məqsədlə
bölgələrimizdəki Qafqaz Albaniyasına məxsus abidələrin
tədqiqinin əsil renessansı başladı. Ermənilərin əsassız Qarabağ
iddialarına öz varlığı ilə böyük zərbə
vuran qədim Bərdə İmamzadəsi təmir və bərpa
olunaraq yenidən insanların istifadəsinə verildi. İmamzadə təkcə dini sitayiş yeri kimi
deyil, həm də özündə zəngin tarixi izləri
qoruyub saxlayan bir muzey kimi də insanların üzünə
öz qapılarını açdı. Bu
abidələr məktəblilərin ziyarət edəcəkləri
tarixi məkanlara çevrildi. Çünki
onlar real olaraq Azərbaycan tarixinin müəyyən səhifələrini
yaşadırdılar. Təsadüfi deyil ki, elə buna
görə də təkcə ölkəmizdə deyil, xaricdə,
məsələn, İtaliyada albanşünasların
iştirakı ilə bu istiqamətdə müxtəlif
konfranslar, “dəyirmi masa”lar və ictimai
müzakirələr keçirildi. “Kultura+”
internet televiziyası burada da öz missiyasını yerinə
yetirdi. Bu internet TV-də erməni
yalanlarını ifşa edən sanballı verilişlər və
sənədli filmlər hazırlandı. Və bu iş
bu gün də Azərbaycan və xarici ölkə ziyalıları
tərəfindən davam etdirilir”.
O, hesab
edir ki, dövlət başçısı İlham Əliyev
dəfələrlə öz çıxışlarında
vurğulayır ki, multikulturalizm Azərbaycanda tarixən olub və
bu gün də var: “Azərbaycan xalqının zəngin
multikultural keçmişi təkcə xalqımızın bugünkü
tolerant yaşam tərzi ilə deyil, həm də
yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi,
siyasi-hüquqi qaynaqlarda, sənədlərdə
yaşayır. Bu mənada Xidmətin təşəbbüsü
ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
Azərbaycan Milli Elmlər Akademiyasının və ölkə
universitetlərinin mütəxəssislərinin birgə
iştirakı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi
və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin
siyasi qaynaqları” adlı monoqrafiyalar hazırlanır. Təbii
ki, adı çəkilən əsərlərlə bu iş
bitməyəcəkdir. Əslində, son dərəcə
faydalı və zəruri bir elmi nəşr seriyası
işıq üzü görməkdədir. Onun müxtəlif dillərə tərcüməsi,
yeni-yeni mahiyyətlər və istiqamətlərlə zənginləşdirilməsi
nəzərdə tutulur.
Bununla yanaşı, Xidmətin intellektual dəstəyi
ilə “Azərbaycan Multikulturalizmi” adlı dərsliyin
hazırlanması işinə də start verilib. Bu dərslik həm
xaricdə, həm də Azərbaycanda “Azərbaycan
multikulturalizmi” fənnini öyrənən tələbələr
üçün xüsusi bir əhəmiyyət
daşıyan vəsait olacaq. Onu da qeyd etmək
istərdim ki, bu dərsliyin səhifələrində eyni
zamanda xarici mütəxəssislər də öz ölkələrindəki
multikultural dəyər və əhvalı vətənimizdəkilərlə
müqayisə etmək imkanına malik olacaqlar. Məsələn, bu müqayisəli prinsip alman,
italyan, rus, gürcü universitetlərində artıq həyata
keçirilir. Belədə hər iki
ölkəni daha aydın şəkildə "görmək"
üçün eyni baxış bucaqları
formalaşır”.
Onun
fikrincə, Azərbaycanda olan tolerant və multikultural
reallığın təkcə azərbaycanlıların
deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin,
siyasət nümayəndələrinin, həmçinin tələbələrin
gözü ilə dünyaya təqdim edilməsi də
müsbət ənənəyə çevrilməkdədir:
“Bu məqsədlə Xidmət tərəfindən hələlik
4 virtual “dəyirmi masa” təşkil olunub. “Müasir dövrdə
Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın
harmoniyası”, “Multikultural təhlükəsizlik”, “Xarici
ölkə universitetlərində “Azərbaycan
multikkulturalizmi” fənninin tədrisi: problemlər və
perspektivlər”, “Azərbaycana maraq Azərbaycana məhəbbətə
çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi
tələbələrin gözü ilə)” mövzusunda olan
bu “dəyirmi masa”ların materialları Azərbaycan, rus və
ingilis dillərində dərc edilərək ölkə
daxilində və xaricdə paylanıb. Virtual “dəyirmi
masa”larda Braziliyadan, Amerikadan, İtaliyadan, Litvadan,
Bolqarıstandan, Türkiyədən, Rusiyadan,
Gücüstandan, Misirdən, İordaniyadan və başqa
ölkələrdən tanınmış alimlər, ictimai
xadimlər və tələbələr iştirak edib.
İl ərzində
Azərbaycanda olan sabit və demokratik mühiti, insan
haqlarının ali təminatını həzm
edə bilməyən və öz qərəzli hesabatları,
ölkəmizə qarşı ikili standartları ilə
gündəmə gələn bəzi beynəlxalq QHT-lər və
təşkilatlara da ölkəmizdəki milli azlıqların
hüquqlarının qorunması və dini etiqad
azadlığı sahəsində həyata keçirilən
dövlət siyasəti haqqında yetəri qədər
informasiyalar verilib. ATƏT- in İnsan Ölçüsü
Komitəsinin Vyanada keçirilən iclasında “Tolerantlıq
və qeyri ayrı-seçkilik: Azərbaycan təcrübəsi”
mövzusunda ölkəmizdəki multikultural və tolerant
mühit haqda Xidmət tərəfindən xüsusi təqdimat
edilib. Ölkəmiz haqqında həqiqətləri
öyrənmək üçün qərəzli məruzəçilər
və bu təşkilatların nümayəndələri Azərbaycanı
yaxından tanımaq və reallıqları öz gözləri
ilə görmək üçün ölkəmizə dəvət
edilib. Xidmətin həm təklikdə, həm də
müxtəlif dövlət qurumları ilə birgə
Almaniya, İsveç, İngiltərə, Gürcüstan,
Rusiya, İtaliya, Türkiyə və başqa ölkələrdə
təşkil etdiyi tədbirlər Azərbaycan multikulturalizmini
dünyaya təqdim etməklə yanaşı, həm də
Azərbaycan tarixini, mədəniyyətini, dövlətçiliyini
və bu gün ölkəmizdə həyata keçirilən
uğurlu daxili və xarici siyasəti dünya ictimaiyyətinin
diqqətinə çatdırıb. Bu tədbirlərdə
ürək genişliyi ilə ölkəmizin müsəlman,
xristian, yəhudi kinfessiyalarının rəhbərləri
iştirak etdiblər və Şeyxülislam hacı
Allahşükür Paşazadənin xaricdəki məclislərin
birində tribunadan dediyi kimi müsəlmanların (həm
sünni, həm də şiələrin), yəhudilərin,
pravoslavların, katoliklərin və digər din və məzhəb
nümayəndələrinin qardaş kimi
yaşadığı Azərbaycan bir model kimi bu gün həqiqətən
dünya üçün bir örnəkdir. Qeyd
edim ki, dini liderin bu sözləri ilə razılaşmayanlar
yox idi”.
K.Abdulla
hesab edir ki, belə bir özəl modelin yaranmasına səbəb
isə müxtəlif dinlərə və onların nümayəndələrinə
ölkə rəhbərliyi, şəxsən Prezident İlham
Əliyev tərəfindən yönəlmiş bərabər
siyasi münasibətdir: “Azərbaycanda heç bir səmavi
dinin başqasından üstünlüyü
olmadığı kimi, modelin başqa yaranma üsulu da yoxdur. Bu gün Portuqaliyadan İndoneziyaya qədər ən
müxtəlif ölkələrin universitetlərində,
intellektual dairələrində və ictimai-siyasi
qurumlarında Azərbaycan dəyərləri müzakirə
edilir. Biz sual-cavabların içindəyik.
Maraqlıdır ki, opponentlərimizə cavablar
yavaş-yavaş daha çox xaricdəki Azərbaycansevərlər
tərəfindən verilir. Onlar artıq
püxtələşmiş və nə etdiklərini
şüurlu şəkildə bilən intellektual qüvvələrdir.
Ölkəmizin xeyirxahlarının sayı
çoxalır, dostlarının sayı artır. İnanıram ki, onların səsi getdikcə daha
aydın və məqsədyönlü şəkildə
eşidiləcək. Bunun üçün
Azərbaycandaxili mümkün olan və hətta mümkün
olmayan koordinasiya məqamlarının gücünü
artırmalı, məqsəd və vəzifələri daha
aydın şəkildə qarşımıza
qoymalıyıq. Azərbaycan Prezidentinin dəqiqliklə
göstərdiyi ideoloji hədəflərə doğru daha qəti
addımlarla irəliləmək əzmindəyik”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 9 fevral.-
S.9