Əgər kim istəsə dünyanı
görmək...
“Cami-Cəm”də sufizm
düşüncələri
İnsanın
nəfsi ilə mücadilə edərək, onu islah və tərbiyə
etməsi, öz varlığından keçərək Allaha
qovuşmaq məqsədi güdən təsəvvüf islam dinindəki mənəvi həyatın, əxlaqi
dəyərlərin adıdır. Sufilərin
Haqqa çatmaq yollarına verdikləri bir isim olan təsəvvüf
sufilik məsləkidir. Bəzi sufilər təsəvvüfü
sülhü olmayan bir savaş, nəfsə qul olmamaq,
şeytana aldanmamaq, nəfsin nəsibini tərk edərək
Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə
yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik,
zəriflik və təmizlik kimi dəyərləndiriblər.
Seyid Yəhya
Bakuvinin yetirməsi olan Dədə Ömər Rövşəni
təsəvvüfü belə açıqlayır:
Təsəvvüf
qəlbi Həqqə bağlamaqdır,
Ürəyin
eşq oduyla dağlamaqdır,
Təsəvvüf
hüsni-xülq ilə ədəbdir,
Vəli hüsni-ədəb ətayi-Rəbdir.
Təsəvvüf
bilmədir ətvari-qəlbi,
Əridib qoymaya qəlbində qəlbi.
Təsəvvüf
yad olub, var olmamaqdır,
Güli-gülzar olub, xar olmamaqdır.
Sufilərin əksəriyyətinə görə, təsəvvüfün
qaynağı “Quran” və hədislərdir. “Quran”da
haqqında bəhs olunan təqva, zikr, tövbə, riza kimi qəlbə
aid əməllərin necə gerçəkləşəcəyini
“Quran” və şəriətdən alıb xalq arasında
yayanlar, tətbiqi olaraq öyrədənlər zahidlərdir.
Azərbaycanda İslamın ilk illərindən etibarən
sufilik yayılmağa başlayıb. Bəzi mənbələrdə
təsəvvüf tarixi üçün mühüm əhəmiyyətə
malik olan Veysəl Qaraninin (657) qəbrinin Azərbaycan ərazisində
olduğu yazılmaqdadır. Azərbaycanın
əksər coğrafi bölgələrində rast gəlinən,
adı-sanı unudulsa da, türbələri xalqın
yaddaşında yaşayan minlərlə pir qəbri və məqamı
da Azərbaycan torpağında islamın yayılması və
inkişafında sufilərin mövqeyini göstərən dəlillərdir.
“Kitabi-Dədə
Qorqud”da Burla Xatunun Salur Qazana söylədiyi:
Quru-quru
çaylara su saldım,
Qara donlu
dərvişlərə nəzir verdim
– misralarında olduğu kimi Azərbaycan
şifahi və yazılı ədəbiyyatının
başqa mətnlərində də sufilərdən bəhs
edilir.
Klassik Azərbaycan
ədəbiyyatının islam mədəniyyətinə
verdiyi dəyərli töhfələrdən biri də təsəvvüf
ədəbiyyatı sahəsindədir. Azərbaycan ədəbiyyatında
Babakuhi Şirvani, Nizami Gəncəvi, Mahmud Şəbüstəri,
İmaməddin Nəsimi, Qasimi Ənvar, Dədə Ömər
Rövşəni, İbrahim Gülşəni, Şah
İsmayıl Xətayi, Məhəmməd Füzuli,
Əbdülqasim Nəbati, Mir Həmzə Nigari kimi şairlər
dini təsəvvüfi düşüncələri əks
etdirən bədii nümunələr yazıblar.
Biz bu məqalədə
XIII əsrdə Azərbaycanın Marağa şəhərində
yaşamış qəsidə, qəzəl, rübai, tərcibəndlərdən
ibarət bir divan, “Dəhnamə” (yaxud “Məntiqülüşşaq”)
adlı aşiqanə bir poema və didaktik-fəlsəfi məsnəvi
olan “Cami-Cəm” əsərinin müəllifi Marağalı
Əvhədinin (1274-1338) “Cami-Cəm” əsərindəki
sufizm düşüncələrini şərh edən ədəbi
parçaları təhlil etməyə
çalışacağıq.
Marağalı
Əvhədinin 1333-cü ildə fars dilində
yazdığı “Cami-Cəm” əsəri orta əsr Azərbaycan
mədəni irsinin, dini dünyagörüşünün bədii
əksidir. Azərbaycan sözləri və məsələləri
ilə bəzənən bu əsəri şairin “Cami-Cəm”
adlandırması təsadüfi deyil. Əsərin
adı ilə əfsanəvi İran padşahı Cəmşidin
istənilən hər şeyi özündə əks etdirən
camında olduğu kimi hər məsələyə cavab
tapmağın mümkünlüyünə işarə
edilib. Şair özü əsərinin “Cami-Cəm”
adlanmasını belə izah edir:
Adını
“Cəmşidin Camı” qoydum mən,
Varlığın əksini onda görərsən.
Əgər
kim istəsə, dünyanı görmək,
Könlü istəyəni burda görəcək.
Doğrudan
da şərabın, bəngin, sərxoşluğun pislənməsindən
tutmuş, övlad tərbiyəsi, mərdanəlik, elmə
yiyələnmək, ədalətdən, zülmdən çəkinməyin
yollarını şərh edən 9142 misradan ibarət olan
“Cami-Cəm” əsəri tovhid, nət və mənqəbətdən
sonra 3 fəsildən ibarətdir. 1982-ci ildə ali
məktəblər üçün nəşr olunan “Qədim
və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyinə
Marağalı Əvhədi ilə bağlı bilgilər
daxil edilib. Onun “Cami-Cəm” əsərinin xeyirxah işlərə
çağırışla dolu olduğu qeyd edilir və
şairin sufi təlimi ilə bağlı
fikirləri belə qiymətləndirilirdi: “İnkarolunmaz həqiqətdir
ki, Əvhədi sufizmə meyil edən şairlərdən
olub. Onun poemasında sufizm təlimi ilə
bağlı fikirləri çoxdur. Əsərin ikinci fəslinin
ikinci hissəsində bu cəhət daha çox hiss olunur.
“Mürşid və rəhbər haqqında”, “Şeyx və
müridin sifətləri haqqında”, “Tövbə
haqqında”, “Xirqə vermək qaydası”, “Xəlvətin mənası”
və s. bəhslərində sufizmin ən mühüm
müddəaları əks olunub”.
Orta əsr
Azərbaycan ədəbiyyatının yazılı abidələrindən
olan “Cami-Cəm” əsərində Allah, Tovhid, axirət, xəlvət,
mürşüd, mürid, tövbə, ələst xirqə,
zikr, şəhadət, salik, zöhd, ixlac, fəqih, oruc,
eşq, təvəkkül, səbr, riza, şükr, təriqət,
məzhəb, arif, ürfan, pir kimi dini təsəvvüfü
terminlərinin şərhi verilir.
Eləcə də bir bucağa çəkilmənin
faydası, müridliyin şərtləri, aclığın
faydası, yuxusuz qalmağın üstünlüyü, susmaq
haqqında müxlislərin böyüklüyü kimi
dini-didaktik məsələlər nəzmə çəkilir. Azərbaycanda qurulmuş bir
təsəvvüf məktəbi olan xəlvətiliyin iki piri,
yəni qurucusu var. Bunlardan biri lahıclı Ömər,
ikincisi Seyid Yəhya Bakuvi olduğu, XV əsrdə ən
önəmli mərkəzi Bakı olduğu
yazılmaqdadır.
Sufilərin xəlvətə çəkildikləri
kiçik ölçülü yer olan xəlvətxananın
lüğəti mənası “tənha yer”, “tənha yerə
çəkilmə”dir. Xəlvətxana və ya xəlvətgah
VIII əsrdən etibarən sufilərin nəfslərini tərbiyə
etmək məqsədilə ibadət və təfəkkürə
daldıqları, istifadə etdikləri bir məkandır.
Marağalı
Əvhədinin “Cami-Cəm” əsərində “xəlvət”in
mənası belə nəzmə çəkilir:
İnsan
maneədən gərək olsun gen,
Ta ona xəlvətdə
hüzur verilsin.
Su,
çörək sözünü anmasın bir an,
Yolu
göstərənə təslim olaraq,
Vaxtın işlərini gözləsin ancaq.
Ovcuna
alaraq canı töfhətək,
“Ələst”ə
üz tutsun ürəyi gərək,
Yoxdur dəryasına
guylasın başı,
Bədəni ölümün olsun yoldaşı.
…Qırx
yaman xisləti tərk eyləsən sən,
Çillədə
tək, azad ola bilərsən:
Təkəbbür,
mənəmlik, özünü çəkmək,
Qafillik, sərxoşluq,
hiylə, qəzəb, şəkk,
Tərəddüd,
paxıllıq, kələk, kin, tamah,
Yalançı, saxtakar, vəfasız olmaq.
Şəhvət,
naz, yüngüllük, ağırlıq etmək,
Pozğunluq,
nankorluq, insan incitmək,
İsraf,
böhtançılıq, bir də fitnə, lağ,
Fırıldaq,
qan içmək, riya və nifaq,
Hirs,
ikiüzlülük, acgözlük, həsəd,
Zülm, cövr, cəfa, süstlük və nifrət.
Hər nə
söylədimsə, ondan qaç uzaq,
Onların əksiylə məşğul ol ancaq.
Sonra da xəlvətdə
oturub ağla,
Qapını
bağlayıb sən çillə saxla,
…Çillə
elə budur, bax budur xəlvət!
Budur ariflərə
yaraşan sifət!
Əsərin
“Bir bucağa çəkilməyin xüsusiyyəti
haqqında” adlanan bölümündə şair xəlvətin
məziyyətini belə izah edir:
…Az
olsun, çox olsun getsən xəlvətə,
Fikrində yer vermə vara, dövlətə.
Poemada
onlarla təsəvvüf istilahlarının (tovhid, çillə,
fəqih, axirət, ələst, mürid, mürşid,
şeyx, irfan, eşq, tövbə, xirqə, zikr, səbr, cənnət,
şəhadət, salik, oruc, zöhd, ixlac, təvəkkül,
şükür və s.) geniş şərhi verilir. Biz bu istilahların bir neçəsi haqqında
fikrimizi izah etmək istəyirik.
Bütün təriqətlərin təməl
ünsürü olan zikr hərfən anmaq, zikr etmək,
xatırlamaq deməkdir.
Marağalı
Əvhədi “Zikrin təlqini”ni belə
izah edir:
Zikr yer
taparaq əyləşən ürək,
Səs uca, ya alçaq, eynidir gerçək.
Eşidir
hər şeyi ad çəkdiyin kəs,
Odur nərə, fəğan eyləmə əbəs.
O kəs
ki, sözlərin bilir sirrini,
Dilsiz, danışıqsız qanacaq səni.
Əgər
bir olmasa dil ilə ürək,
Əslində yaramaz zikrə cəhd etmək.
Dil ilə
ürəyin dost olan zaman,
Onun pak adına layiq olarsan.
İslamda inancın ruhu tovhid, ibadətin ruhu ixlas,
dünyəvi işlərin ruhu ədalətdir.
“Qurani-Kərim”in İxlas surəsinə Tovhid, Təfrid,
Təcrid, Vilayət və Mərifət surəsi də
deyilib.
Marağalı Əvhədi əsərinin iki yerində
“Tovhid” (s.9) və “Tovhid” haqqında (s. 191) “Tovhid” kəlməsini
şərh edir.
…Ürfanın
axırı – onun görməsi!
Ürfanın
əvvəli – onun bilməsi!
…Sayca yox,
o, özü ümumən təkdir,
Yoxdur bir həmdəmi, həmişəlikdir.
…O,
ağlı, idrakı yaratmış özü,
Ağla da göz verir onun öz gözü.
Onu
görmək olmaz, gözlə heç zaman,
Gözə verilməmiş bu hal binadan.
Nəfsini cilovlamaq, nəfsini həvəslərdən
qorumaq sufiliyin ümdə şərtlərindəndir.
Marağalı
Əvhədi Zöhdün fəzilətini belə şərh
edir:
Zöhdün
o olar ki, ey tale gəzən,
Sən dünya malından üz döndərəsən.
…Vacib,
hünər olan iki zöhd var,
Bunlarla dünyanı dərk etmək olar.
Təsəvvüfdə
sufi müəllim və liderlərinə
şeyx deyilib. Şeyx bəndəni Allaha,
Allahı bəndəyə sevdirmək istəyən din
lideridir. Şeyx şəriət elminə
sahib, özü kamil, öyülən, əxlaqlı (əxlaqi-hamidə)
bir mömindir. M.Əvhədinin şərhində
şeyx:
Təmiz,
müşk ətirli bir nəfəs gərək,
Quruluqdan uzaq baş, beyin, ürək.
Xatiri
inamlı, tox olsun gözü,
Cəsur, qorxmaz olsun deyəndə sözü.
Sufilərin 40 gün bir bucağa çəkilərək
riyazətlə məşğul olması. Başqa ifadə ilə, bir
dərvişin qaranlıq bir hücrədə təkbaşına
40 gün az yatmaq, az yeyib-içmək və
mümkün qədər sürəkli ibadətlə məşğul
olduğu müddətdir. Bu, nəfsi tərbiyənin
kamilləşməsinə kömək üçün
camaatdan uzaq olmaqdır. Təsəvvüfdəki
çilə ömür boyu deyil, sadəcə, 40
gündür.
M.Əvhədi
çiləni belə ifadə edir:
…Az
olsun, çox olsun, getsən xəlvətə,
Fikrində yer vermə vara-dövlətə.
Şair əsərinin
din və ağıldan doğulduğu üçün bu əsəri
ağıllı adamlara oxumaq qismət eləməsini,
onların ürəyinə yol tapmasını, ruhunun bu əsərdən
utanmaması üçün əsərinin pis gözə
göstərməməsini, hər görənin onu gövhərtək
qulağına taxmasını, onu Cam nəslitək
şöhrətli etməsini ulu Tanrıdan arzu edir və əsərini
belə bitirir:
…Yaxşılar
oxusun, qoy onu ancaq,
Yaman töhmətindən eylə sən uzaq.
…Onun bir xətası
olmuşsa, aman,
Bağışla, çünki sən
bağışlayansan.
Nəzər
salanına həyat bağışla,
Özün Əvhədiyə nicat bağışla.
Zikr etmək,
qəlbinə, qoy adət olsun!
İşinin
axırı səadət olsun!
Maarifə Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2016.- 10 fevral.-
S.14