“Azərbaycan xalqı eyni dövlətçilik
əzmi və iradəsi nümayiş etdirən bütün
etnosların birliyidir”
Həsrət Rüstəmov:
“Bu xalqları ayırmaq qeyri-mümkündür”
Azərbaycan müxtəlif millətlərin, dinlərin,
ayrı-ayrı təriqətlərin
çuğlaşdığı bir məkan olduğu
üçün daim diqqət mərkəzində olub. Təbii ki,
müxtəlif yönlü insan qruplarının cəmləşməsi
özüylə problemlər də gətirir. Amma tarixə nəzər saldıqda Azərbaycanda
xırda gərginliklər istisna olmaqla ciddi qarşıdurmalar
olmayıb. Ölkəmiz çox mürəkkəb
bir coğrafi məkanda yerləşir. Regionda
təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq
baxımından da kifayət qədər həssaslıq var.
Lakin bütün bu məsələlərə rəğmən
Azərbaycan dini və milli tolerantlıq baxımından
bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər
dinlərin daşıyıcısı olan xeyli sayda millətlər
yaşayır. Azərbaycanda bütün
dinlərə və digər millətlərə mənsub olan
toplumlara tarixən tolerant münasibət bəslənilib.
Bu münasibət, təbii ki, inzibati metodlar
hesabına formalaşdırılmayıb və
formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli
ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil
etsə belə onun fikirlərinə dözümlü
yanaşmaqdır. Bu isə Azərbaycanın
milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri
və bütövlükdə türk millətinin xarakteri ilə
bağlı olan məsələdir.
Dünyada müsəlman dövləti kimi tanınan Azərbaycanda
müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər
qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş
və vətəndaşlığı olmayan insanlar
yaşayır.
Həmçinin burada ənənəvi dini
bağlılıqları olmayan toplumlar, məsələn,
qaraçılar da yaşayır. Hər
hansı bir başqa dinə və millətə mənsub
olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət
tərəfindən radikal münasibət göstərilməyib.
Azərbaycan dini və milli tolerantlıq
baxımından o qədər öndədir ki, hətta bir
neçə ay öncə Avropanın ən inkişaf
etmiş dövlətlərindən olan Fransadan
qaraçıları deportasiya edəndə onların bir
çoxu bizim ölkəmizə gəlməyə
çalışmışdılar.
Bu gün Avropanın bir çox ölkələrində
milli və dini zəmində münaqişələr baş
verməkdədir. Xüsusilə Avropada İslam dininə və
onun daşıyıcılarına qarşı arzuolunmaz
münasibət - islamofobiya müşahidə olunmaqdadır.
Avropada yaşayan mühacirlərə də
orada heç də xoş münasibət bəslənilmir,
onlar ya ən ağır işlərə cəlb olunur, ya da
deportasiya edilirlər. Azərbaycanda isə
əcnəbilərə münasibət tamamilə fərqlidir.
Region ölkələri ilə müqayisə etdikdə
Azərbaycanın tolerantlıq baxımından doğrudan da
bir model dövlət olduğuna şübhə qalmır. Bu həm
dövlətin, həm də cəmiyyətimizin fəxarətlə
dünyaya təqdim edə biləcəyi ənənəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə
əsasən, hər kəsin vicdan azadlığı
vardır. Hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud
heç bir dinə etiqad etməmək, dinə münasibəti
ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ vardır. Heç kəs
öz dini etiqadını və əqidəsini ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz.
Azərbaycanın
dini və milli tolerantlıq sahəsində uğurlara nail
olmasının nəticəsidir ki, bu gün Rusiyada, digər
dövlətlərdə rahat yaşaya bilməyəcəklərini
anlayan, yaxud oradakı arzuolunmaz mühitlə
üzləşən insanlar Azərbaycana üz tuturlar.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, bu tarixi
ənənənin qorunub saxlanılmasında dövlətin də
rolu çox böyükdür. Əlbəttə ki,
dini və milli tolerantlıq həm də insan hüquq və
azadlıqlarının, demokratiyanın təməl prinsiplərindəndir.
Bu baxımdan dövlət
tolerantlığın daha da inkişaf etməsində
maraqlı olmaya bilməz. Eyni zamanda Azərbaycanda
tolerantlığın formalaşmasında dini icmaların fəaliyyəti
də danılmazdır.
Azəri-Türk
Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı
Azərbaycanın bu məsələdə heç bir problemlə
üzləşmədiyini deyib: “Mən xatırlamıram ki,
indiyə qədər hansısa bir şəxs Azərbaycanda
ona dözümsüz münasibət göstərilməsindən
şikayətlənsin. Kimsə dini əqidəsinə,
milli mənsubiyyətinə görə burada təzyiqə məruz
qalması, yaxud hər hansı bir pis münasibətlə
üzləşməsindən giley belə etməyib. Bu da ondan irəli gəlir ki, Azərbaycan tarixən
tolerant münasibət sərgiləyən bir ölkə olub.
Azərbaycanın özünəməxsus dini və
milli ənənələri var, lakin burada yaşayan hər bir
xalqın inancına, milli mənsubiyyətinə hörmətlə
yanaşılır. Bu gün Azərbaycanın
dövlət strukturlarında, hətta rəhbər orqanlarda,
parlamentdə kifayət qədər başqa millətlərə
və dinlərə aid olan şəxslər
çalışır. Mən
dünyanın müxtəlif ölkələrində oluram.
Lakin mən heç yerdə Azərbaycanda
olduğu qədər dözümlülük görmürəm.
Hətta Avropada da bəzən milli və dini zəmində
kataklizmlər baş verir. Azərbaycan bu baxımdan bir
model kimi nümunə ola bilər. Bəzən biz hansısa beynəlxalq təşkilatların
hesabatlarında Azərbaycanla bağlı tənqidlər
eşidirik. Çox sevindiricidir ki,
bütün hesabatlarda Azərbaycanda tolerantlıq olduğu
xüsusi vurğulanır və bundan məmnunluq duyulduğu
qeyd edilir”. Dini Etiqad və Vicdan Azadlıqlarını
Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar
İbrahimoğlu isə qeyd edib ki, Azərbaycanda tolerantlıq
tarixən yüksək səviyyədə olub və bu gün
də belədir: “Azərbaycanda tarixən insanlar arasında
dini inanc, milli maraqlar baxımından nümunəvi
tolerantlıq mədəniyyəti var. Hesab edirəm ki, bu,
bizim islami inancımızdan irəli gəlir, onun köklərindən
qaynaqlanır. Bu dini dözümlülük
mühitini axıradək qoruyub-saxlamalıyıq”.
Azərbaycan Demokrtat Partiyasının (ADP) sədrinin
müavini Həsrət Rüstəmov da Azərbaycanda
tolerantlığın səviyyəsinin qənaətbəş
olduğunu bildirib. O, deyib ki, tolerantlıq anlayışı
plürüalizmlə birlikdə demokratik cəmiyyətləri
xarakterizə edən əsas anlayışlara aiddir:
“Anlayışın əsasında yadfikirliliyin qəbul
olunması, başqa cür düşünənlərin bir cəmiyyət
halında yaşamasının mümkünlüyü fəlsəfəsi
dayanır. Başqa cür desək,
tolerantlıq - dini, siyasi və digər sahələrdə
müxtəlif ideya və cərəyanların yanaşı
mövcudluğunun təmin edilməsi, təqib edilməməsi
və inkişafının əngəllənməməsidir.
Ölkəmizdə tolerantlığın qəbul
edilməsi, qorunması üçün ilk növbədə
hakimiyyətdə olanların, ümumiyyətlə siyasi
qüvvələrin və xalqın yadfikirliliyə, fikir
müxtəlifliyinə dözümlülüyünün hədlərini
bilmək lazımdır. Söhbət əgər dini və
etnik müstəvidəki dözümlülükdən gedirsə,
bəli demək mümkündür ki, Azərbaycan əksər
dövlətlərə nümunə ola
biləcək tolerant ölkədir. Burada
müxtəlif dini təriqətlərə və etnoslara mənsub
olan insanlar rahat yaşaya, öz toplumlarını inkişaf
etdirə bilirlər. Bu
xalqımızın uzun zaman ərzində
formalaşdırdığı tarixi ənənələrinin
nəticəsidir. Belə ki, Azərbaycanda
həmişə müxtəlif etnoslara və müxtəlif
dini təriqətlərə mənsub insanlar rahat
yaşayıblar, ölkəmizə və xalqımıza
qarşı kəskin düşmən münasibətdə
olan ermənilər xaric bu ərazidə etnik, dini konflikt
heç bir zaman olmayıb”.
O, əlavə
edib ki, Azərbaycanda yaşayan yerli xalqlar – türklər,
talışlar, ləzgilər, avarlar və digər
etnosların nümayəndələri, habelə son yüz ildə
bu ərazilərə yaşamağa gələn xristian dininə
mənsub xalqların nümayəndələri özlərini
həmişə dövlətə sədaqətli aparıblar:
“Təkcə ermənilər xəyanətkar xislətlərinə
sadiq qalaraq Azərbaycan ərazisində həmişə rus
imperiyasının siyasətini həyata keçirən toplum
olaraq qalıblar. Bu gün də Rusiyanın
imperiya siyasətinin Qafqazda nökəri rolunu oynayan ermənilər
xaric olmaqla, ərazimizdə etnik zəmində münaqişə
yaranması qeyri mümkündür. Azərbaycanın
etnik müxtəlifliyini təşkil edən xalqlar əsasən
eyni dinə, eyni adət-ənənəyə və eyni
dövlətçilik şüuruna malikdirlər.
Onları bir birindən ayırmaq, hətta üz-üzə
qoymaq heç kimə nəsib olmayacaq... Etnik
qarşıdurma cəhdləri Rusiyanın Cənubi Qafqazı
əsarətində saxlamaq siyasətinin elementi kimi meydana
çıxıb, çox zaman səhnələşdirilmiş
oyun təsiri bağışlayıb və çoxluğun
müdafiəsindən məhrum olub. Belə
lahiyələr daha çox Azərbaycanı təhdid etmək,
onun dövlət kimi müstəqil siyasətini önləmək,
suverenliyini məhdudlaşdırmaq niyyətlərinə xidmət
göstərir. Azərbaycan xalqı eyni
dövlətçilik əzmi və iradəsi nümayiş
etdirən, Azərbaycan Respublikasının qurulmasında
canını vermiş bütün etnosların birliyidir.
Bu xalqları ayırmaq qeyri mümkündür
və yad təbliğatlara heç bir vətəndaşımız
uymamalıdır. Hazırda dünyada
monoetnik dövlətlərin mövcudluğu qeyri
mükündür. Demokratik rejimlər isə
ümumiyyətlə milli, etnik faktoru arxa plana, insan, vətəndaş
faktorunu isə önə çıxarır. Etnik müstəvidə xaricdən gələn
qızışdırıcılıq siyasətinə cavab
olaraq Azərbaycan hökuməti daha çox demokratik
islahatlara getməlidir. Çünki bu
cür cəhdlərin arxasında duran niyyət bizi demoktratik
inkişafdan, demokratik dünyaya inteqrasiyadan saxlamaqdır.
Belə olduğunu bildiyimizə görə
demokratiyanı genişləndirən cəsarətli siyasətlə
o cəhdləri neytrallaşdıra bilərik”.
O, əlavə edib ki, talışlar Azərbaycanda tarixən yaşamış, indiki əraziləri tarixi vətənləri olan xalqdır: “Rəsmən Azərbaycanda türklərdən sonra ikinci etnos talışlar hesab olunur. Amma bu sayı mən ümumiyyətlə əsas məsələ hesab etmirəm. Bizim ölkədə sayı bir kənd formalaşdırmağa yetən xalqlar, məsələn Xınalıq xalqı var ki, Azərbaycan dövlətçiliyi üçün çox əhəmiyyətli, mühüm işlər görüblər. Biz onlara sayları azdır deyə, yuxarıdan aşağı baxmalıyıqmı? Əlbəttə ki, yox. Əksinə sayı çox olan etnosun nümayəndələrinin məsuliyyəti digərlərindən daha çoxdur və ya olmalıdır. İnsan etnik kimliyini özü seçə bilməz, bu Allahın bizə verdiyi qismətdir. Mən Talış xalqının övladı olmağımla fəxr edirəm, buna görə Allaha şükr edirəm. Çünki bu xalqın mərd, cəsarətli, sözübütöv və sədaqətli insanların toplumu olmasına dair yüzlərlə misallar gətirə bilərəm. Yad təbliğatların əsirinə çevrilmiş tək-tək şəxslər isə, hər xalqda ola bilər. Onların cəhdləri əbəsdir, müvəqqətidir və ağalarının pul kisəsinə bağlıdır. Mən Azərbaycanın qardaş xalqları arasında nifaq toxumu səpmək istəyənləri topluca yadelli hesab edirəm. Onların bizə, dövlətimizə və xalqımıza heç bir aidiyyəti yoxdur. Fəaliyyətlərinin də ürəkbulandırmaqdan başqa bir nəticəsi ola bilməz. Bundan başqa Azərbaycanda yaşayan digər yerli xalqlar kimi talışların da yalnız dil fərqliliyi var. Etnosu formalaşdıran qalan bütün amillər eynidir. Yəni, dövlət milləti anlayışı deyilən sosial kateqoriya baxımından bizim bütün vətəndaşlarımız bir xalqın nümayəndələridir. Çünki bu dövləti birlikdə yaratmışıq və onu ən yüksək inkişafa, rifah halına çatdıranadək birlikdə mübarizəmizi davam etdirməli, gələcək nəsillərimizə azad, firavan, demokratik bir dövləti miras olaraq buraxmalıyıq. Bu gün bizim – Azərbaycan vətəndaşlarının əsas missiyası bu olmalıdır”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 10 fevral.-
S.9