“Dram sənəti
ölüb...”
Ağakişi Kazımov: “İndi
dramatik əsər qoymaqla tamaşaçının
diqqətini çəkmək
olmaz”
Xalq artisti, rejissor Ağakişi Kazımovun
APA-ya müsahibəsi
(ixtisarla)
- Ağakişi müəllim,
niyə təkid etdiniz ki, müsahibəni
məhz teatrda edək?
- Çünki teatra gələndə özümü
tək hiss etmirəm.
Mənim
həsrətlə xatırladığım
böyük insanlar burdan gəlib-gedib. Sumqayıt Teatrında çalışanda
eşitdim ki, Rza Əfqanlı işdən çıxıb.
Getdim evinə, dedim, Rza müəllim,
sizi ən ali maaşla
işə götürürəm.
Səhər işə özüm
aparacağam, axşam
gətirəcəyəm. “Kompartiya”nın bufetində əla yemək verirlər, orda günorta yeməyini yeyəcəksən.
Soruşdu ki, bəs dincəlmək? Dedim,
yataqxanada bir otaq ayıracağam, orda dincələcəksiniz.
Niyə?
Çünki mən gözümü
açanda o Fərhadı,
Xosrovu oynayırdı.
Akademik Teatra gələndə elə bilirəm, Ələsgər
Ələkbərov qarşıma
çıxacaq, o tərəfdə
Mustafa Mərdanovu görəcəyəm,
İsmayıl Dağıstanlı
ilə görüşəcəyəm,
pilləkəndə Həsənağa
Salayevlə, Hökümə
xanımla rastlaşacağam...
- İntizamsız, amma
böyük aktyorlardan
xatırladığınız var?
- Ədil İsgəndərovun dövründə intizamsızlıq səyi göstərən aktyorlarımız olub. Məsələn, Ələsgər Ələkbərov “Vaqif”in məşqini qoyub, balıq tutmağa gedirdi. Ədil İsgəndərov partiyanın tələblərindən kənar ayağını qoysaydı, İsmayıl Dağıstanlı rəhmətlik onunla dalaşacaqdı. Məcid Şamxalov Ədil haqqında anekdot danışırdı, Süleyman Tağızadə Ədili bəyənmirdi. Belə şeylər teatrda olur. Amma intizam məsələsində, məşqlərə münasibətdə hamı ciddi idi. Bilirsən, intizamsızlıq yazıçılarda, rəssamlarda olur. Bizim sənət kollektivdir. Əgər xalq artisti hesab edirsə ki, mən toxunulmazam, böyük aktyoram, ona görə məşqə gecikirəm, gəlmirəm, o adamın böyüklüyünə şübhə edirəm. On beş dəqiqə gecikmişdim, Ədil İsgəndərov məni işdən çıxardı. Komsomol komitəsinin katibi, guya perspektivli aktyor idim. Gecə saat on ikinin yarısıdır, gözlədim, evə gedəndə yaxınlaşdım ki, Ədil müəllim, doğrudan məni çıxardınız? Dedi, qadam, görürsən də necə edirlər. Ələsgər gedib balıq tutur, filankəs içir. Hiss elədim, əzab çəkir ki, bunu niyə çıxardım. Evə çatanda dedi, qadam, narahat olma, mayın axırında səni bərpa edəcəyəm. Gördüm, Ədil müəllim də onu didənlərin əhatəsində özünü qorumalıdır.
- Bir dəfə əməkdar artist Sabir Məmmədovla içki haqda danışırdıq. Deyir, ruslar içməyib səhnəyə çıxana qəribə baxırlar. Hətta icazə versələr də içib səhnəyə çıxmağı ağlıma gətirmirəm. Rejissor təcrübənizdə belə şeylər çox olub?
- Olubsa da,
məndən gizlədiblər. Kim içəcəkdi
ki? Allah rəhmət
eləsin, Sidqi Ruhulla
evdən çıxardı, şəhərdə bufet vardı, orda 200 qram araq içərdi, gələrdi
oynamağa. Allah min rəhmət eləsin, mənim
böyük hörmətim var, içib gələnlərdən
biri də Yaşar Nuri idi. “Özümüzü
kəsən qılınc”da Yaşarla mənim
işim niyə tutmadı, deyim
sənə. Bəxtiyar Vahabzadə ilə işləyəndə
dedim, maraqlı rollardan
birini elə Yaşar üçün yazmısınız, özüdür ki, var. Məşqə başlayanda
gördüm, Yaşar
hər gün içib
gəlir. Dedim, ay Yaşar, olmaz belə. Dedi, növbəyə qoy,
bir gün mən gəlim,
bir gün
başqası. Tamaşaya da
on gün qalıb,
oynamalıyıq. Necə edək? Bərk dilxoram,
kədərlənmişəm, bir də gördüm, Bəxtiyar müəllimi necə
qızışdırıblarsa, gəldi ki,
bu nədir, ayıb deyil?
Gördüm vəziyyət başqa cürdür, dedim, Bəxtiyar müəllim üzr
istəyirəm, indi gələcəyəm.
Yenə əsəbiləşdi ki, hara gedirsən? Ona çox böyük
hörmətim var idi,
cavab qaytara bilməzdim.
“Tyuz”da baş rejissor idim, getdim kabinetimə,
başladım işlərimlə məşğul olmağa. Yarım saat keçdi, truppa müdiri zəng vurdu, dedim, məşqə gəlmirəm. On beş dəqiqə sonra Turabov özü
zəng vurdu. Sən demə, Bəxtiyar
müəllim də oturub yanında. Dedim, gəlmirəm. Beş
gün keçdi,
dedilər, əsəri tapşırırlar Bəhram Osmanova, dedim, lap yaxşı. Getdim ərizə
yazmağa ki, tamaşadan imtina edirəm.
Bəxtiyar müəllim də bununla
razılaşmaq istəmirdi. Bəhramın mədəniyyəti
böyükdür, gəldi dayandı
qapının ağzında. Dedim, bu şərtlə razıyam ki,
quruluşçu rejissor
kimi birinci mənim, ikinci Bəhramın adı yazılır. Bəhram
kişi kimi sözünü dedi: “Həsən
müəllim, qoyun kişi
işini görsün
də”. Turabovun acığı tutdu, Bəhramı yola
saldı. Bəxtiyar müəllim dedi, məndən
nə asılıdırsa, edirəm. Yaşarı
çağırdıq. Dedim, səni tamam çıxardırıq, istəmirəm.
Turabovla Yaşar dost idi, istəmirdi onu çıxarım. Rolu verdim Əlabbas Qədirova, on gün məşq etdik, oldu hazır. Amma mən nə dedim? Dedim, Əlabbasın
“Qara Xaqan”ı oynamağı üçün
mənim rejissorluğum
lazım deyil. Çünki traktovkam elə deyil, tamaşada oldu üç nəfər
boy-buxunlu qəhrəman:
Nurəddin, Əlabbas,
Ramiz. Allah Yaşara
rəhmət eləsin,
onun kimi aktyor var idi?
Mənim
o qədər tamaşalarımda
oynayıb ki. “Büllur sarayda”, “Od gəlini”, “Qəribə oğlan”, “Gülüstanda qətl”...
- Söhbətimizdən əvvəl
dediniz, özümü
unudulmuş adam
sayıram…
- Bilirsən, bu məsələ yaman dərindi. Bilmirəm, kimin bostanına
daş atmışam?
2011-ci ildə mənə dedilər, siz daha Akademik
Milli Dram Teatrında işləmirsiniz. Soruşdum niyə?
Dedilər, bütün rejissorlar
müqavilə əsasında
tamaşa hazırlayacaq.
Sonra çox böyük hörmətim olan Ədalət Vəliyevin iştirakı ilə tədbir keçirildi.
Dedim, Ədalət müəllim, indi biz nə edəcəyik? Dedi, Ağakişi müəllim, narahat olmayın, sizi çağıracağıq, hər
il müqavilə
əsasında tamaşa
hazırlayacaqsınız. Dedim,
nə yaxşı,
biz də elə bunu istəyirik. O çağırılan, bu
çağırılan. Elə belə
demirəm ki, unudulmuşam. Yoxsa, qəzetdə,
televiziyada, radioda… hər yerdə varam. Amma sənə bunu da deyim: Azər
Paşa Nemət Teatr Xadimləri İttifaqında mənə
gözəl bir 80 illik keçirdi. Onda ürəyim yerinə gəldi.
- Hansı tamaşanı səhnəyə qoymaq fikrindəsiniz?
- İstəyirəm, Sabit Rəhmanın “Xoşbəxtlik” əsərini müzikl hazırlayım. İdeya da belədir: sosializmin qələbəsindən dəli olan adamların xoşbəxtliyi. Bir də “Vaqif”i hazırlamaq istəyirəm. İnsafən, İsrafil İsrafilov vəzifəyə gələn kimi mənə demişdi, hazırla. İstəyirdim “Vaqif”də dəyişiklik edəm. Rəhmətlik Vaqif Səmədoğlu ilə danışdım ki, əsəri bir az qısaltmaq, bəzi səhnələri dəyişmək lazım olacaq. Dedi, yox, bir vergülünə də icazə vermərəm. Dedim, ay Vaqif müəllim, biz Şekspiri, Ostrovskini, Mülleri, Molyeri, Lope de Veqanı pozuruq. Sərt cavab verdi: səndən yuxarıya şikayət edərəm.
- Ağakişi müəllim, inandığınız, amma zənninizdə yanıldığınız aktyorlar olub?
- Möhsün Sənani mənə deyirdi aktyorlara çox məhəbbət göstərmə. Onların bəziləri bunu başa düşür, bəziləri yox. O, haqlı idi. Ürək ağrısı ilə deyə bilərəm ki, zənnimdə yanıldığım aktyorlar olub. Uzun illər Gənc Tamaşaçılar Teatrının baş rejissoru olduğuma görə 1973-cü ildən 1982-ci ilə qədər mənə Milli Dram Teatrında tamaşa verməyiblər. 10 il. Necədir sənin üçün? Turabov rəhmətlik zəng vurdu ki, bizim teatra tərəf gəlsən, məni gör. Gəldim, dedi, İlyas müəllim “Büllur sarayda” əsərini sənə vermək istəyir. Elə bu vaxt İlyas müəllim özü gəldi. Əsəri verdi ki, bir bunu oxu, gör necədir. Əsər qoltuğumda Hüsü Hacıyevlə gedirəm, Hökümə Qurbanovaya rast gəldim. Soruşdu, haradan belə? Dedim, teatrdan gəlirəm, İlyas Əfəndiyev “Büllur sarayda” əsərini verib, oxuyacağam. Dedi, ağlını başına yığ, o əsər deyil. Biz onu bədii şurada oxuduq, bəyənmədik, təkrardır hamısı. Hökümə xanıma böyük hörmətim var idi, indi məni həyəcan tutub, bilmirəm nə edim. Səhər tezdən əsəri oxudum, gördüm burda aləm var ki. Rəhmətlik İlyas müəllimin mənə böyük ərki var idi. Zəng vurdu ki, niyə xəbər yoxdur səndən? Dedim, oxudum, mənə tapşırırsınızsa, hazırlayıram.
- Dramaturq korluğu çəkirsiniz?
- Dramaturgiya ilə məşğul olan yazıçılarımızın sayı niyə azalıb? Bir fədakar Elçindir. Ondan az fədakar Əli Əmirli, Afaq Məsuddur. Dramaturgiyaya münasibət adidən adi olub.
- Hüseynbala Mirələmovun, Firuz Mustafanın, Elçin Hüseynbəylinin, Yunus Oğuzun adını çəkmədiniz...
- Deyim sənə. Bu adamların ikisini çox sevirəm və səhnəyə hazırlamaq istəyirəm. Biri Hüseynbala Mirələmovdur, o biri Firuz Mustafa. Firuz Mustafanın “Tufandan sonra” əsəri dəhşətli əsərdir və bu gün də onu tamaşaya qoymağa hazıram. Mirələmovu harada olsa, müdafiə edirəm. Çünki onun əsərləri tamaşaya hazırlanan da hamı dedi ki, bu qaz idarəsindən gəlib, filan. Dedim, bir oxuyum, görüm, nə yazır. Oxudum, gördüm, qardaş, bitkin dramaturji əsərlər yazır. İndi hər yerdə deyirəm ki, adamın harada işləməsindən çıxış edib əsərə münasibət bildirməyin. Zəhmət olmasa, əsərdən çıxış edin. Bu nə deməkdir: o niyə qaz idarəsində işləyir? Mən süpürgəçiyəm, dramaturqluq edirəm, sənə nə? Firuz Mustafa dramaturgiyanın dəlisidir, çox yazır. Özünə də demişəm, sən hadisəni kəskin yerlərə çatdırırsan, sonra elə bil, yadından çıxarırsan ki, hara getməliyəm. Elçin Hüseynbəylinin və Yunus Oğuzun isə sadəcə, adını eşitmişəm, oxumamışam. Səmimi deyirəm: mən tənbəl deyiləm, əsərlərini versinlər, oxuyum. Afaq Məsud da mənə qəti əsər verməz. Versə, oxuyaram. Bilirsən, ola bilər onlarda kiminsə təsiri ilə belə fikir yaranıb ki, Ağakişi Kazımovlar köhnədir. Mən deyirəm ki, dram sənəti ölüb. İndi dramatik əsər qoymaqla tamaşaçının diqqətini çəkmək olmaz. İndi deyirlər postmodernizm. İki üç-dəfə iclaslarda demişəm, ay qardaş, bizdə köklü modernizm nə vaxt oldu ki, indi postmodernizm olsun?
- Yusif Vəliyevin xanımı, əməkdar artist Zemfira Sadıqova müsahibəsində deyib ki, Yusifi Ağakişi Kazımov öldürdü. İstəyirəm bu məsələyə aydınlıq gətirəsiniz...
- 1978-ci ildə 50 illiyimizlə əlaqədar
bizə ev verdilər. Mənə 8-ci mərtəbədə
düşdü, Yusifə 9-da. Eyni ev. Mən nə bilim ki, Yusif
bundan çox inciyib, gedib nazirliyə ki, o səkkizdə olur, mən doqquza
çıxmalıyam filan. Yusifin yoldaşının da
üzünə deyərəm, heyf ki, görmürəm. Onlarda
hər gün dava olurdu. Yusif içib
gəlirdi, aşağıdan qışqırırdı ki, lifti göndərin. Evdə
nə dərəcədə söyüşlər,
qarğışlar olurdu. Yoldaşı
Yusifə deyirdi, öl
də, öl. Mən o
xanımla iki kəlmə söz
danışmamışam. Yusif öləndə
Kamal Əzizovla birinci
biz getdik. Apardıq yuyuldu, dəfn olundu. Yusif böyük aktyor idi. Mən onunla iki tamaşada
işləmişəm. Yerdə qalan
tamaşalarımda ona layiq
rol tapa bilmirdim. İnan mənə.
Bunu yaxşı mənada deyirəm. Həmişə
deyirdi, bəs mənə rol?
Əsəri verirdim ki,
bu əsər, bu sən,
nəyi istəyirsən, oyna. O da gedib evdə deyirmiş ki, Ağakişi evimi
yıxır, rol vermir.
Yoldaşı da bəlkə belə
şeylərə görə, bəlkə mənim
arvadımla dalaşdığı üçün
belə deyir, bilmirəm. İnan,
mən onun dediklərini oxuyanda,
şoka düşdüm.
Yolla gedirdim, bir kişi
yaxınlaşdı ki, Ağakişi
müəllim, mənə pul ver. Dedim, vallah,
hələ almamışam. Qayıtdı ki,
olmaz də, Yusif Vəliyev
kimi aktyoru
öldürəndən sonra səndə pul da olmaz.
Vallah, mənimlə ev
davası edirdilərsə, köçərdim. Mən niyə
Yusifi öldürməliydim? Onu məhv edən elə öz
arvadı oldu. Elə davaları olurdu, səhərə qədər yatmırdıq.
Xalq Cəbhəsi.- 2016.- 13 fevral.- S.15