Qaraçay-Malkar (Balkar) türkləri və
ədəbiyyatı
II yazı
Bu gün
Türk Dünyasındakı zəngin türk mədəniyyətinin
öyrənilməsinə daha çox gərək var. Bu
yazıda Qaraçay-Malkar (Balkar) Türkləri və ədəbiyyatından
haqqında danışılıcaq.
Araşdırmaçı Ə.Şamil bildirir ki, çar
Rusiyası bölgədəki mövqeyini möhkəmlətmək
üçün 1838-ci ildə Peterburqda “Qafqaz komitəsi”
adlı bir təşkilat qurdu. Bu təşkilatın
planına görə Quzey Qafqazda yaşayan xalqların
üçdə biri köçürülməli və
onlardan boşaldılan ərazilərə rus kazakları yerləşməli
idi: “İlk baxışda könüllülük prinsipi əsasında
həyata keçirilən bu tədbir haqqında general
K.A.Fadayev 1899-cu ildə “Qafqaz məktubları” əsərində
yazır: “…Qafqazın yerli xalqları dəstə-dəstə
Qara dəniz sahillərinə gətirilərək zorla gəmilərə
doldurulub Anadoluya doğru yola salınırdı”.
Qafqazdakı
köçləri araşdıran Hayati Bice yazır: “1850-ci
illərin ilk yarısında bəzi qafqazlı ailələrin
könüllü olaraq Osmanlı torpaqlarına köç
etdiyi bilinməkdədir. Kırım savaşı zamanı məcburi
bir hərəkat halına gələn köç hadisəsi,
1862-1865-ci illər arasındakı müddətdə zirvəyə
çatıb və 1877-78, 1890-1908-ci illərdə artaraq
1920-ci illərə qədər davam edib”. Osmanlı dövlətinə
köçlərə dair müxtəlif qaynaqları
tutuşduran Bedri Hacıoğlu bu qənaətə gəlir:
“Böylece 1865-1907 yılları arasında yalnız
Kafkas’yadan gelen göçmenlerin mevcudu 165.000-i buldu.
Böylece 1855’den 1907’ye kadar olan dönemde Osmanlı
topraklarına ulaşabilen kafkasyalı göçmenlerin
sayısı (ortalama olarak) 600.000’in üzerindedir””.
Araşdırmaçı
bildirir ki, bu köçlərin dəqiq rəqəmləri
olmadığı kimi, köç zamanı yolda xəstəliklərdən
ölənlərin, dənizdə batanların sayı da dəqiq
bəlli deyil: “ Üzləşdiyi faciəyə xalq biganə
qala bilməzdi. “Al emina” (birinci vəba), “Ekinci emina” (ikinci vəba)
adlı şərqilərində 1790-1800, 1808-1814-cü illərdə
vəba xəstəliyinin yayılmasından bəhs edilir.
“Hasavka”, “Bagatır oğlu Umar” (bu yırların oxunması və
nəşri nəinki çar Rusiyasında, hətta Sovetlər
Birliyi zamanı da yasaqlanıb) şərqilərində
qaraçaylıların rus əsgərlərinə
qarşı dirənişləri, “Ullu Hoj” şərqisində
isə rus kazaklarının Hoj kəndində törətdikləri
vəhşiliklər təsvir olunur. “Tatarqan”, “Sarıbiy bla
Karabiy”, “Candar”, “Zavur biy”, “Qobanldanı qöy bölek” və
başqa mahnılarda qaraçay-malkarlara edilən
basqınlardan söz açılırsa, “Güyeldi”,
“Bekmırzalar, Qaysınlar”, “Zağoştoq oğlu
Çöpellev”, “Cansohların yırı” və s. mahnı
və nəğmələrdə isə onların
başqaları üzərinə basqınları,
çapıb-talamaları, bir sözlə tərənnüm
edilir.
Vəba
kimləri aparıb, xalqı kimlərdən məhrum edib? Bu
suallara yırlarda aydın cavab verilir. Düşmənlərin
yenə bilmədiyi, məğrur igidi vəba yenir. Onun
ölümünə xalq belə təəssüflənir:
Candetli
bolsun Söyünçlanı Bekmırza,
- Cənnətlik
olsun Söyünçlanı Bekmırza,
Atha minse,
atnı belin bügedi,
- Ata minsə
atın beli bükülür,
Suvğa
kirse, suv çabaklay cüzedi,
- Suya girsə
balıq kimi üzür,
Arkan atsa,
atnı boynun üzedi,
- Örkən
(kəmənd) atsa atın boynunu üzərdi,
Sadak atsa,
tiyer cerin biledi,
- Ox atsa,
vuracağı yeri bilərdi,
Kamçı
ursa cerni carıb kiredi.
-Qamçı
vursa yeri yarıb icərisinə girərdi.
Döyüşlərdə
qəhrəmanlıq göstərən, ov etməkdə mahir
igidlər haqqında da onlarla yır qoşulub və az zamanda
dillər əzbərinə çevrilib. Xalqın
yaddaşına əbədi hakim olan, dillər əzbərinə
çevrilən yırlardan biri də Toxçukların
Acı Murata həsr edilib. Yırda deyilir:
Kafkaz
tavladan carık gün batadı,
- Qafqaz
dağlarında parlaq günəş batır,
Xurzuk
özende bir tav aslan catadı,
- Xurzuk
vadisində bir dağ aslanı yatır.
Atı
aytılsa barğan Kobannı tohtathan,
- Adı
söylənsə, Kuban çayını durduran,
Ma ol allay
cigit tavlu edi.
- Bax, o
belə igid dağlı idi,
Toxçukların
Acı Murat Xurzuk eldə biy edi,
-
Toxçukların Hacı Muratı Xurzuk elində bəy idi,
Xurzuk
özenden bir katı suvuk cel urad,
- Xurzuk
vadisində bir şiddətli soyuq yel əsdi,
Candetleni
ceti eşigi sannğa boş bolsun,
- Cənnətlərin yeddi qapısı sənə açıq olsun,
Toxçuk
ulu cigit tuvğan Acı Murat.
-
Toxçuk oğlu, igid doğulan Hacı Murat.
Milli
azadlıq mübarizəsini ədəbiyyatın mövzu
qaynağı kimi təhlil edən araşdırmaçı
bildirir: „1905-ci ildə Rus-Yapon savaşında Rusiyanın
yenilməsi bu dövlətin çökdüyündən xəbər
verirdi. Rusiyanın öndə gedənləri vəziyyətdən
çıxış yolları axtarırdılar. Kimisi
konstitusiyalı monarxiya, kimisi respublika yaratmağa
çalışırdı. Sosialistlər isə sinfi mübarizəni
önə çəkərək, ətraflarına daha
çox tərəfdar toplayıb hakimiyyəti ələ
almaq istəyirdilər. Çar Rusiyasının hökumətinə
qarşı çıxan bu insanların əksəriyyəti
imperiyanı qoruyub saxlamağa çalışır,
işğal altında olan xalqlara azadlıq verəcəklərini
düşünmürdülər.
İşğal
altında olan xalqların öndə gedənlərinin bir
qrupu Rusiyadakı ayrı-ayrı siyasi təşkilatları dəstəkləsə
də, əslində müstəqil dövlətlərini
qurmağa çalışırdılar. 1917-ci ilin
fevralında baş verən çevriliş bu işi sürətləndirdi.
Lakin bolşeviklər bu dəyişikliklə
razılaşmadılar. Onlar demokratik yolla - seçkilərdə
fəal iştirak etməklə hakimiyyətə gələ
bilməyəcəklərini görüb 1917-ci il oktyabrın
25-də (yeni təqvimlə noyabrın 7-də) silah
gücünə hakimiyyəti ələ aldılar. Bununla da
dünyanın altıda birini tutan bir ölkədə vətəndaş
savaşlarının, qarışıqlığın, hərci-mərcliyin
əsasını qoydular. Belə ağır, çətin
günlərdə qaraçay-malkarlar rus ordusunda polkovnik
rütbəsinədək yüksəlmiş Mırzaqul
Kırımşavxalın ətrafına toplaşaraq
bolşeviklərə qarşı mübarizəyə başladılar.
Onlar adıgey, çeçen, inquş və başqa
Dağıstan xalqları ilə birləşərək
1918-ci ilin may ayının 11-də „Quzey Qafqaz Dövlətləri
Federasiyası“nı (Bu qısa ömürlü dövlətin
adı qaynaqlarda fərqli şəkildə yazılır)
qurduqlarını elan etdilər. Ay-ulduzlu, yaşıl bayraq
qaldırdılar. Ancaq bu dövlətin ömrü uzun
olmadı. Daxili çəkişmələr, xarici qüvvələr,
ağqvardiyaçı-general Denikin 1919-cu ilin sonlarında bu
dövlətin varlığına son qoydu. 1920-ci ilin
martında isə bolşeviklər denikinçiləri
bölgədən qovub çıxardılar.
Qaraçay-malkarlar
öz müstəqilliklərini əldə etmək
üçün Mırzaqul Kırımşavxal və
Qılıç Giray xanın
başçılığı ilə bolşeviklərə
qarşı vuruşdular. 5 aya qədər davam edən bu
müqavimətə 1920-ci ilin dekabrında son verildi.
Bolşeviklər vəd etdilər ki, Sovet Rusiyası daxilində
qaraçaylara müstəqilliklərini saxlamağa, muxtar
respublikalarını qurmağa icazə verəcəklər.
Lakin mövqelərini möhkəmləndirən bolşeviklər
vədlə¬rinə dönük çıxdılar. 1922-ci
ilin yanvarında yeni inzibati bölgü - Qaraçay-Çərkəz
Muxtar Vilayəti yaratmaqla malkarları yenidən çar
Rusiyası zamanında olduğu kimi, qaraçaylardan
ayırdılar. Malkarları isə Kabarda Muxtar Sovet Sosialist
Respublikasının tərkibinə daxil etdilər.
Bu tarixi
hadisələr öz əksini xalq
yaradıcılığında tapsa da, Sovet hakimiyyəti illərində
onların oxunması, toplanması və nəşr edilməsi
yasaq idi. Yalnız bolşevikləri öyən, kollektivləşməni
tərənnüm edən, vətəndaş savaşında
bolşeviklərin tərəfini tutan, İkinci Dünya
Savaşında Rusiyanın mövqeyini müdafiə edən
mahnı və nəğmələrin, lətifələrin
toplanmasına və nəşrinə icazə verilirdi. Bu
dövrdə qaraçay-malkarlar arasında da din əleyhinə
yönələn, bəy-xanları, bir sözlə, varlı
təbəqəni tənqid edən folklor nümunələri
görünməyə başladı. Bolşeviklər öz
hakimiyyətlərini möhkəmlətmək, təbliğatlarını
geniş xalq kütlələrinə çatdırmaq
üçün bir tərəfdən milli dillərdə məktəblər,
teatr, qəzet-jurnal, elmi-tədqiqat müəssisələri
açırdı, o biri tərəfdən millətpərvər,
xalqın azadlığını və müstəqilliyini istəyən
insanları güllələyir, həbsxanalara və sürgünlərə
göndərirdilər. 1918-1919-cu illərdə xalqın
önündə getmiş, milli dövlət quruculuğunda fəal
iştirak etmiş Qiliastan Sefer, Basxanuk Kırımşavxal,
Qazi Hacı Laypan, Davud Özgen, Barisbiy Duda, Catay Bayramuk və
başqa vətənpərvərlər güllələndi.
Keçmiş qazı Qafar Naçır, Muhəmmət Ali
Botaş, Salix Barisbiy, İbrahim Koba, Şaban Qagu, Maşak
Hubi, Musa Bayramuk, Şamil Qaca, Muhəmmət Tambiy və s. kimi
oxumuş, təhsil almış 34 min din adamı həbs
edildi. Azsaylı bir xalqdan bu qədər insanın məhv
edilməsi onun ədəbiyyatının məhv edilməsi
demək idi. Çünki bu insanlar folkloru yaratmaq və təbliğ
etməklə yanaşı, yeniyetmələrə dərs
keçir, yazılı ədəbiyyat formalaşdırır
və yeni nəsil yazıçı, şair və bilginlər
yetişdirirdilər.
1930-cu ildə
qaraçay-malkarlar kolxozlaşmanın əleyhinə
çıxdılar. Abdulkərim Xasanın
başçılığı ilə xalq dörd 4 bölgəni
bolşeviklərdən təmizlədi. Əslində bu,
yaşam mücadiləsi idi. Xalqın əlindən
torpağı, mal-qarası alınmış, bir sözlə,
insanlar yaşamlarını təmin edəcək vasitələrdən
mərhum edilmişdi. Üsyan Sovet hərbi hissələri tərəfindən
qəddarlıqda yatırıldı. Kəndlər
dağıdıldı, minlərlə insan
öldürüldü - 3 min adam güllələndi, 17 min nəfər
həbsxanalara və sürgünlərə göndərildi.
Bütün bunlar azmış kimi, 1937-ci ildən başlayaraq
Sovet hakimiyyətinin qurulmasında, bolşeviklər
partiyasının bölgədə möhkəmlənməsində
xidməti olan milli kadrlar başda olmaqla 7 min insana “xalq
düşməni„ adı verilərək həbs edildi və
güllələndi. Bu da əhalinin hər 14 nəfərindən
biri demək idi.
İkinci Dünya Savaşı isə qaraçay-malkar xalqı üçün əsl faciəyə çevrildi. Əli silah tuta bilənlər - 17 yaşından 55 yaşınadək kişilər Sovet ordusuna səfərbərliyə alınıb Almaniyaya qarşı döyüşə göndərildi. Yüzlərlə insan dağlara çəkilərək partizan savaşına başladı. Onlar müstəqillik naminə Sovet xüsusi xidmət orqanlarına və alman ordularına qarşı vuruşa atıldılar. Alman orduları Qafqazdan geri çəkildikdən sonra Sovet xüsusi xidmət orqanlarının yaratdığı cəza dəstələri dağlara sığınmış insanların üzərinə təyyarələrlə, tank və toplarla hücuma keçdi. 5 malkar kəndi yerlə yeksan edildi. Ullu qaraçay qalasındakı, Kart Curt, Uçkulan və Xursuk kəndlərindəki müqavimət hərəkatı iştirakçıları da məhv edildi. 1943-cü ilin noyabrın 2-də qaraçaylar, 1944-cü il martın 8 də malkarlar elliklə sürgünə göndərildi. Onların az qala yarısı yollarda aclıqdan, soyuqdan və xəstəlikdən ölsə də, mübarizəni dayandırmadılar. 1957-ci ildə vətənə dönmək hüququ qazandılar”.
Uğur
Xalq Cəbhəsi.-
2016.- 13 fevral.- S.14