Meyxana sənəti

 

II yazı

 

Milli müstəqilliyin və istiqlal məfkurəsinin təşəkkül tapdığı illərdə meyxana yaradıcılığına yeni məzmun, yeni mündəricə daxil oldu, eyni zamanda, onun forması, bədii üsul və ifadə imkanları, bütövlükdə poetik mətn sistemi yeniləşdi: meyxananın vəzni, əsasən, klassik ölçüdə saxlansa da, daxilən daha oynaq və dinamik şəkil aldı. Bu illərdə meyxana yaradıcılığı xalqın ictimai-siyasi həyatına daha dərindən nüfuz edir, cəmiyyətdə baş verən nöqsanlar satirik və yumoristik üslubda xalqa çatdırılır, onun mövzu dairəsi daha da genişlənib, sənətkarlığı artır, milli istiqlaliyyət və azadlıq uğrunda gedən mübarizə tərənnüm edilirdi. 1990-cı illərdə meyxana yaradıcılığında məhəbbət mövzusu yeni planda işlənməklə bərabər, ustadnamələr şəklində ənənəvi nəsihətamiz ruhlu əsərlər də yaradılıb. Müstəqilliyə qovuşduğumuz çağdaş mərhələdə yaranan meyxana nümunələri bu ənənəni davam etdirib, gənc nəsillərə yüksək zövq verən örnəyə çevrilib.

Xəlqilik Abşeron meyxanalarının başlıca keyfiyyətdir. O, yeni məzmun və mündəricənin gerçəkləşməsində mühüm rol oynayır. Meyxanaçı xalqın həyatını, ictimai gerçəkliyi göstərərkən bunu mütləq dövrün azadlıq hərəkatı ilə üzvi surətdə əlaqələndirir. Meyxanada xəlqilik ilə ictimai ideal ayrılmazdır. Meyxananın ən mühüm xüsusiyyətlərindən biri də realist təsvir üsuludur. Burada ən çətin mətləblər, ən mürəkkəb problemlər aydın və səlis, xalqın başa düşəcəyi canlı dildə dinləyiciyə çatdırılır. Meyxana ustalarının yaratmış olduqları sənət əsərlərində adi insanların xarakteri, düşüncə tərzi, sevgi və nifrətləri əsas yer tutur. Xalqa məxsus müdriklik, optimizm, mənəvi paklıq, xeyirxahlıq kimi sifətlər meyxanalarda öz əksini yetərincə tapmaqdadır. Bu sənətin yaşaması və günümüzə çatmasında, təkmilləşib inkişaf etməsində Mirzə Bağır, Əliağa Vahid, Əlislam, Mirpaşa, Əhməd Anatollu, Atababa Hicri, Məmmədəli Şəfai, Hacı Kazım, Nəcəfqulu, Ağasəlim Çıldağ, Nizami Rəmzi, Ağamirzə, Kərim və b. sənətkarlar xüsusilə böyük zəhmət sərf ediblər.

Meyxanadan bir xalq janrı kimi istifadə sferası son dərəcə rəngarəngdir. Belə ki, meyxanalar onun teatr səhnələrində istifadə olunduğu teatr ünsürləri ilə yanaşı, kino sənətimizdə də kifayət qədər aktualdır. Məsələn, “Qəzəlxan”, “Bizim Cəbiş müəllim”, “Fransız”, “Yeddi oğul istərəm”, “Dəli Kür”, “Nəsimi”, “Rəqiblər”, “Yuxu” və b. Azərbaycan kinosunda meyxanalar filmlərin dramaturji inkişafını, Abşeron koloritini, İçəri şəhərin dalanlarını, Bakı kəndlərinin ab-havasını yaradan, qədim adət-ənənələrin təsvirini şərtləndirən janr kimi uğurlu səmərə verib.

Bütün bunlar meyxananın Azərbaycan xalq yaradıcılığının rəngarəng, unikal və daim dinamikada olan nadir incilərindən biri olmaqla ictimai həyatda baş verən hadisələri poetik sözün köməyi ilə əks etdirən təkrarolunmaz, özünəməxsus janr olduğunu bir daha təsdiqləyir.

Meyxana yaradıcılığının əhatə dairəsinin genişlənməsi və onun həm ictimai, həm də ədəbi-mədəni əhəmiyyətinin çoxalması bu janrın elmi-nəzəri əsaslarının öyrənilməsini də zəruriləşdirir. Mövzu ilə bağlı dəyərli fikirlər söylənilməklə yanaşı, bəzi mübahisələr də yaranır. Belə mübahisələrdən biri də meyxananın adı ilə bağlı yaranıb: bəziləri təklif edirlər ki, “meyxana” adı “bədihə”, yaxud “bədyə” sözü ilə əvəz edilsin. Arqumentlərini də “meyxana” sözünün, guya içki, şərab, mey içilən yer mənasını bildirməsi ilə əlaqələndirirlər. Doğrudur, “meyxana” sözü “şərab içilən, yaxud, satılan yer” mənasını bildirib, amma bu mənanı həmin söz sonradan qazanıb. İlkin və klassik anlamda isə “mey” və “meyxanə” sözləri tamamilə başqa məna bildirib. Professor Nizami Tağısoy: “Mey - eşq şərabı deməkdir. Mey meyxanaya aparan yol, vasitədir. Mey yerdən göyə doğru hərəkət, çirkabdan paklığa, insanın təkamülə doğru uçuşu, hər cür bağlılıqdan azadolma, nicattapma yoludur. Mey çaxır demək deyil, ərəbcə çaxır “xəmir” deməkdir. Mey sözünün digər bir mənası “məğanın çırağı”, “məğanın atəşi” deməkdir. Mey əksər hallarda göz yaşı, eşq, məhəbbət mənasını verir. Mey-eşqin qələbə çalması, qalibiyyət, eşqin ürəkdə qovğa etməsi, şur etməsi, həyəcandır. Mey-can deməkdir. Ruh eşqin peymanəsidir”.

Deyilənlərdən də aşkar görünür ki, “meyxanə” sözünün içki içilən, yaxud satılan yer mənası ilə adekvatlaşdırılması həqiqətə söykənmir. Amma o da etiraf edilməlidir ki, “meyxanə” və “bədyə”, yaxud “bədihə” terminlərinin bildirdiyi tarixi anlayışlar arasında oxşarlıqlar az deyil. Belə ki, müxtəlif lüğətlərdə “bədyə” və “bədihə” sözlərinə verilən izahlarda, xüsusən hazırcavablıq, bədahətənlik, sinədəftərlik, bəstəçilik mənalarının yer alması onu meyxanaya yaxınlaşdırır. Biz bu qənaətdəyik ki, “bədyə”, yaxud, “bədihə” meyxananın daha əvvəlki adıdır. Bununla yanaşı, həm də o fikirdəyik ki, uzun əsrlər “meyxana” adı ilə tanınan və geniş yayılan bir şeir şəklinin adını dəyişməyə ehtiyac yoxdur.

Xatırladaq ki, xalq arasında belə bir ifadə də var: “Bədyə-bədyə danışma”, yəni ağzına gələni danışma. Maştağa kəndində XVIII-XIX əsrlərdə yığcam kişi məclislərində meyxanaçılar deyişmə zamanı bir-birinə sözlə hərbə-zorba gələr, arada yüngül söyüşlər də işlədərdilər. Təəssüflə qeyd edilməlidir ki, indi də bəzən bəzi meyxana deyənlər kobud, əxlaqdan kənar sözlərdən istifadə edib tərəf müqabillərini təhqir etməkdən çəkinmirlər. Amma bu hal mənəvi-əxlaqi dəyərlərin daşıyıcısı olan meyxanalara xas ümumi keyfiyyət deyil, müstəsnalıqlardır.

Beləliklə, bir daha vurğulamaq istəyirik ki, meyxanaçı şairlər muğama, qəzələ bağlı sənətkarlardır. Muğam və qəzəl isə Bakıda və Bakı ətrafı kəndlərdə xüsusilə seçilib və onların dərin biliciləri də bu ərazilərdə yaşayıblar. Bu səbəbdən də meyxananın belə bir mühitdə klassik şeir nümunələri ilə qovuşuq şəkildə inkişafı təsadüfi hesab edilməməli, ədəbi-tarixi qanunauyğunluq və qədim ənənələrin davamı kimi anlaşılmalıdır.

Hərbə-zorbanın tarixi, məlum olduğu kimi, çox qədimdir. Milli ədəbiyyatımızın çox qədim örnəklərindən olan “Kitabi-Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağmalanması” boyunda ona hücum edən düşmənlərdən qorxmayan və şirin dillərinə aldanmayan Qaraca Çoban onlara belə hərbə-zorba gəlir:

 

Altındakı alaca atın nə öyərsən?

Ala başlı keçimcə gəlməz mana!

Başındakı tağalçanı nə öyərsən?

Başımdakı börkümcə gəlməz mana!

 

Hərbə-zorbalardan digər folklor mətnlərində, xüsusilə qəhrəmanlıq dastanlarında (məsələn, “Koroğlu” dastanında) və aşıq ədəbiyyatında – aşıqların deyişmələrində geniş şəkildə istifadə edilib. Hərbə-zorbadan, yalnız qəhrəmanlıq dastanları və aşıq deyişmələrində yox, meyxanalarda, daha doğrusu meyxanaların deyişmə formalarında da bir qədər fərqli şəkildə istifadə edilir. Əgər qəhrəmanlıq nəğmələrində işlədilən hərbə-zorbaların mövzusu döyüş meydanlarında xalqın azadlığı uğrunda aparılan mübarizənin məqsəd və məramını nümayişkaranə surətdə qabartmaqdan ibarətdirsə, meyxana ustaları arasında işlədilən meyxanalar söz sənətində qalibi müəyyənləşdirməyə xidmət edir.

Deyişmə - meyxana ustalarının sənətkarlıq qüdrətini, istedadını, biliyini, dünyagörüşünü nümayiş etdirmək üçün ən mühüm vasitələrdən biridir. Qeyd edək ki, hərbə-zorbalardan, daha çox deyişmələrin əvvəlində işlədilir. Deyişmələr iki və daha çox meyxanaçılar arasında aparılır.

Meyxana ustaları arasında deyişmələr, bir qayda olaraq məclislərdə, insanların gözləri qarşısında davam edib. Meyxanaçılar xalq şənliklərində bir-biri ilə yarışmış, öz qabiliyyət və istedadlarını sınayıblar. Daha çox poetik məharətə malik olan meyxana ustaları belə yarışlarda qələbə qazanırlar. Onu da qeyd edək ki, deyişmə heç də həmişə bir-birini sözlə bağlamaq, məğlub etmək məqsədini daşımır, o, meyxananın maraq dairəsini genişləndirir, həm də onu daha da mükəmməlləşdirir.

Tənqid-təbliğ teatrı səhnəsində 1922-1923-cü illərdə söylənilmiş meyxanalar – Ə.Vahid və Bağır Cabbarzadə, daha sonralar Mirpaşa və Əlislam, Ağasəlim Çıldağ və Həkim Qəni duetləri deyişmənin ən gözəl nümunələri hesab edilə bilər. Çağdaş meyxanaçılar (Ağamirzə, Kərim, Məşədi Baba, Vüqar və b.) arasında da deyişmənin və hərbə-zorbanın xalq tərəfindən sevilən nümunələri kifayət qədərdir. Meyxananın qədim variantı, qənaətimizə görə, bədyə sözü ilə bağlıdır. İlkin anlamında bədyə sözü təhqir, ifşa çalarlarını bildirməyib, əksinə, əzizləmək, oxşamaq mənalarında işlənib. Digər tərəfdən təriqət ədəbiyyatının müəyyən elementlərini ehtiva edib və bu proses təxminən XIII əsrdən meyxanaya çevrilən janrda da davam edib.

Meyxana klassik təriqət ədəbiyyatının və xalq şeirinin formasında meydana gəlmiş, sonralar isə müstəqil bir poetik janr kimi təkmilləşmiş xalq şeiri şəkillərindəndir, bədii-fəlsəfi janrdır. Meyxanada həm sufiyanə, həm də irfani məzmun aparıcı olub. Professor M.Qasımlı yazır: “Xalq arasında yayılmış “meyxana” şeir forması da, heç şübhəsiz ki, uzun zaman təriqətin xidmətində dayanıb. Meyxananın xüsusi avaz və çılğınlıqla ifa olunması ondan ekstatik vasitə kimi təkkə mərasimlərində istifadə edildiyini göstərir. Çox güman ki, əvvəllər, əsasən sufi mətnlərindən ibarət olan “meyxanalar” sonradan – XX yüzillik vulqar sosiologiyanın təsiri altında öz məzmun istiqamətini dəyişmiş və xeyli dərəcədə bəsitləşərək bayağılaşıb. Borçalı və Qazaxda indiyədək yaşamaqda davam edən “Əfəndi ocağı”nda (Seyid Nigari ardıcılları) icra olunan “meyxanalar” tarixi mahiyyətə uyğun şəkildədir”.

Professor M.Qasımlı qənaətində haqlıdır. Amma sonrakı illərdə, xüsusilə son dövrdə yaranan meyxanaların həm strukturunda, həm də məzmununda inkişaf meylləri aşkar görünür. Meyxanalarda günümüzdə baş verən ictimai-siyasi və ədəbi-mədəni hadisələr, xalqın həyat və məişət tərzi geniş yer almaqla yanaşı, tarixi ənənələrə, milli-mənəvi dəyərlərə qayıdış da göz önündədir. Müşahidələr meyxanaçılarla dərvişlər və meyxanaçılarla dərviş toyları arasında da bir yaxınlıq olduğunu üzə çıxarmağa imkan verir. Meyxanaçılarla dərvişlər arasındakı tarixi oxşarlıq, ilk növbədə onların şəxsiyyətlərinin saflığında, milli-mənəvi dəyərlərə bağlılığında və ifa etdikləri ədəbi nümunələrin təriqət ədəbiyyatı, xüsusilə sufiliklə əlaqəli olmasındadır. Hər hansı meyxanaçının ilk dəfə məclisə gələrkən onun yüngülcə sual-cavabdan sonra qəbul edilməsi aşıq yaradıcılığındakı ustad-şagird münasibətlərini xatırlatmaqdadır.

 

Nazim Rzayev

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 16 fevral.- S.14