Meyxana sənəti

 

III yazı

 

Mirzə Bağır 1810-cu ildə Bakının Maştağa kəndində anadan olub, ilk təhsilini xalq təbabətini gözəl bilən dayısından alıb, sonra müxtəlif şəxslərdən Şərq ədəbiyyatını, dövrünün həndəsə, riyaziyyat və digər elmlərini öyrənib. O həm də mahir rəssam (çizgiçi-rəssam) olub. “Məcməüş-şüəra”nın fəal iştirakçılarından biri olan Mirzə Bağır XIX əsrdə Bakı toyları və şənliklərində meyxana deyən şairlərin ən görkəmlisi, böyük şöhrət qazananlarından biri olub. Doğrudur, Mirzə Bağırın şeirlərinin çox cüzi bir hissəsi günümüzə gəlib çatıb, amma bu cüzi parçalardan da onun poetik üslubundakı sadəliyi, həyat həqiqətlərinə səmimi münasibətini, klassik şairlərdən ustalıqla bəhrələnməsini aşkar görmək olur:

 

Qaş-gözünü süzgilən,

Ürəyimi üzgilən,

Meyxanəçi görgilən,

Bu Bağırı müxtəsər.

 

Meyxana yaradıcılığının inkişafında özünəməxsus yeri olan şairlərdən biri də 1863-cü ildə Bakının Maştağa kəndində anadan olmuş Atababa Hicridir. Onun meyxanalarında xalqımızın mənəvi dünyası, xarakterindəki mərdanəlik, nəcib keyfiyyətlər sənətkarlıqla ifadə olunub. O, ədəbi dilimizin zənginləşməsinə, fars və ərəb tərkiblərindən təmizlənib cilalanmasına xüsusi diqqət yetirib. A.Hicri xalq ruhunda sadə, təbii və mənalı meyxanalar yaratmağa çalışmış, həyatı gerçəkliklərə fəal vətəndaşlıq mövqeyindən münasibət bildirib. O, gözəlliyi yüksək şövqlə vəsf etdiyi kimi, cəmiyyətdə baş verən nöqsanları da cəsarətlə tənqid edib:

 

Harda görsən əli təsbehli, çiyni əbalı,

Qaçmasan ondan əgər boynuva şeytan babalı.

Bunların xeyri topuqdan olur, boydan zərəri,

Baxma məsciddə vurub qoltuğuna Quranı.

 

...Şəhərdən un gətirib əllaf ona arpa qatır,

Əti on səkkizə gizlin uçuş arvadna satır.

Bəzzaz ölçəndə çiti o qədər dartır, uzadır,

Kisə beş puddur əgər, bəs hanı bir batmanı?

 

Satirada Sabir, lirikada Füzuli məktəbinin layiqli davamçılarından olan Ə.Vahid (1895-1965) meyxana yaradıcılığında yüksək peşəkarlığı, poetik məharəti, fitri qabiliyyəti, vətəndaş fəallığı, ictimai qüsurları görmək, səciyyələndirmək və ümumiləşdirmək bacarığı ilə digər meyxanaçılardan çox fərqlənir. Maraqlı məqamlardan biri budur ki, Vahid lirikası ilə müqayisədə Vahid satirası, Vahid meyxanası milli mətbuatımıza daha asanlıqla yol tapmış, qəzet və jurnallarda daha tez-tez dərc edilib. Ə.Vahid yaradıcılığının ilk dövrlərindən başlayaraq “Tuti”, “Məzəli”, “Babayi-Əmir”, daha sonra “Molla Nəsrəddin” və nəhayət “Kirpi” jurnalı ilə müntəzəm əməkdaşlıq etmiş və tənqidi şeirlərini dərc etdirib.

1922-ci ildə Bakıda M.Ə.Sabirin heykəlinin qoyulma mərasimində “Biz edirik şairə hörmət, öləndən sonra” qafiyəsi ilə yarım saat meyxana deməsi Vahidin həm sələfinə, həm də bütövlükdə ədəbiyyatımıza və mədəniyyətimizə hörmət və ehtiramının bariz nümunəsi olmaqla yanaşı, eləcə də “millətin qeyrətin çəkən” sənətkarlara zamanında diqqətsizliyin, sayğısızlığın tənqidi idi:

 

İndi özü düşünsün bizim cəmaət gərək,

Hər işə mövsümündə qılmalı diqqət gərək,

Şairə sağlığında eyləmək hörmət gərək.

Faydasızdır eyləmək rəğbət öləndən sonra.

Cəmaətin bir baxın səhvinə, iradına,

Şairin sağlığında yetən yox imdadın,

Ölən kimi bir heykəl yapdırarlar adına,

Çəkərlər uğrunda çox zəhmət öləndən sonra,

Biz elərik şairə hörmət öləndən sonra.

 

Mərasimdə meyxanasını deyib qurtardıqdan sonra böyük ictimai xadim N.Nərimanov Ə.Vahidə təşəkkür edib və onu mükafatlandırıb.

Diqqətəlayiq faktlardan biri də budur ki, Azərbaycanda ilk dəfə ayrıca kitab halında meyxanalardan ibarət toplunun müəllifi də Ə.Vahid olub. Onun 1927-ci ildə işıq üzü görmüş “Meyxanalar” kitabında toplanan nümunələr ədəbi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Ə.Vahidin meyxanaları ictimai mənası və müdrikliyi ilə diqqət çəkir. Günün aktual məsələlərinə dərin maraq və müdaxilə onun meyxanalarında aparıcı xüsusiyyətlərdir. Kəskin satira, incə yumor, məzəli ibarələr şairin ömrünün sonuna qədər meyxanaları üçün də səciyyəvi olub. Ə.Vahidin meyxanalarında sosial-siyasi problemlərin tənqidi ilə yanaşı, Vətən, yurd sevgisi, Abşeronun, Bakının, onun gözəl təbiətinin tərənnümü də əsas istiqamətlərdən birini təşkil edir:

 

Pəh-pəh, Bakı dönmüş necə gör, xuldi-bərinə, çıx eylə səyahət.

Aç gözlərini, eylə nəzər dövri-bərinə, canın ola rahət.

Hər küçədə bir məclisi-meyxanə açılmış, əhsən bu məkanə!

Ovbaşların şöhrəti dünyaya saçılmış, gəldim dəxi canə.

 

Meyxananın müharibə illərində yeni istiqamət və məzmun qazanmasında Ə.Vahidin xidmətləri xüsusi qeyd edilməlidir. Vahidin yaradıcılığında faşizmi ifşa edən meyxanalar bir silsilə təşkil edir. O həm arxa cəbhədə - xalq arasında, həm də ön cəbhədə əsgər və zabitlər qarşısında söylədiyi meyxanalar faşizmə qarşı mübarizə əzmini artırıb, qələbəyə inam hissi oyadıb. Şairin bu illərdə yazdığı meyxanaların mövzusu oxşar, hətta eyni, yəni faşizmin ifşası olsa da, bu nümunələrdə də şairin poetik dəsti-xətti, deyim və duyum tərzinin bənzərsizliyi diqqət çəkir.

Müharibə mövzusu Ə.Vahidlə yanaşı, Atababa, B.Bağırzadə və başqa meyxana ustalarının da yaradıcılığında aparıcı mövqe qazanır. Meyxanaçılar qanlı-qadalı döyüş meydanlarında baş verən hadisələri müşahidə edir, şəhid olmuş qəhrəman döyüşçülərə meyxanalar həsr edir, bədii sözün qüdrəti ilə əsgərlərin ürəyində intiqam alovunu daha da artırırdılar.

Bakının Maştağa kəndində anadan olmuş meyxana ustası Ağasəlim Əli oğlu Səlimov xalq arasında Ağasəlim Çıldağ kimi tanınmış və məşhurlaşıb. Bu təxəllüsü ona 1948-ci ildə ustad şair Ə.Vahid verib. Fitri istedadı babası şair-qəzəlxan Hacı Əli Kərimdən keçmiş Ağasəlim Çıldağ Atababa Hicri, Ağahüseyn və Ə.Vahid kimi ustadların məktəblərindən bəhrələnib və onların yolunu ləyaqətlə davam etdirib. Gənc meyxanaçıların yetişməsində onun özünün də böyük xidmətləri olub. A.Çıldağ meyxanalarının bir qismini məhəbbət mövzusuna həsr edib. Onun meyxanalarında təsvir olunan real və azad sevgi ilahi məhəbbətdən üstün tutulur. Aşıq sevgilisinin cövrü-cəfasından, etinasızlığından şikayət etsə də, bunları yarın işvəsi, naz-qəmzəsi kimi qəbul edir və ona olan məhəbbəti daha da artır:

 

O gülü dərməginən, o gülün bağbanı mənəm,

O xumar gözlü qızın sevgili cananı mənəm.

Mən özüm azəriyəm, başqa dilə dönməmişəm,

Yanmışam eşq oduna, yanmadayam, sönməmişəm,

Bəlkə bir həftə olar sevgilimi görməmişəm,

O gözəl sevgilimin indi nigaranı mənəm.

 

Ağasəlim meyxanalarında məhəbbəti, eşqi böyük qüvvə hesab edir. Sevgilisi ilə hər bir görüş onun üçün bir bayram, ayrılıq isə bir dərd, bəla, müsibətdir. A.Çıldağın meyxanalarının mövzu dairəsi çox genişdir. O, şair – vətəndaş kimi də xalqı düşündürən problemlərdən kənarda qalmır, onlara öz münasibətini bildirir. Həqiqəti açıq söyləmək, inkişafa mane olanları ifşa etmək onun meyxanalarının başlıca istiqamətlərindəndir. A.Çıldağın meyxanalarının dili çox sadədir, anlaşıqlıdır, tez yadda qalandır. Onda artıq söz, yersiz təşbeh, qəliz ibarə yoxdur. Meyxana janrının inkişafı və təbliğində Nizami Rəmzinin də xidmətləri çoxdur. 1947-ci ildə Bakıda anadan olan Nizami Baxşıyev atası Rəmzinin adını özünə təxəllüs götürüb, bu adla da Azərbaycanda və onun hüdudlarından kənarda məşhurluq qazanıb.

A.Rəmzi unutdurulmaqda olan və nüfuzdan salınmış meyxana janrına yeni ruh verdi, onu canlandırdı, bu janra gətirdiyi yeniliklərdən biri meyxananı musiqi ilə ifa etməsi idi. Özü xoşavazlı mahnı ifaçısı olan N.Rəmzi “Meyxana” folklor ansamblının yaradıcısı idi. O, meyxananı toy, el şənliklərindən böyük sənət ocaqlarına, möhtəşəm səhnələrə çıxarıb. İlk dəfə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Respublika sarayında meyxananı geniş auditoriya qarşısında nümayiş etdirib. Meyxananı televiziya ekranlarına da ilk dəfə N.Rəmzi çıxarıb.

Meyxanaçılar arasında ilk dəfə kinofilmə (“Qəzəlxan”) və sənədli filmə (“Göy qurşağı”) də məhz N.Rəmzi çəkilib. Xarici ölkələrə də meyxananı ilk dəfə o aparıb. N.Rəmzi həm də bəstəkar-müğənni idi. Onun “Ana”, “Təbrizim”, “Xızı dağları”, “Aşiq və canan” kimi mahnılarını indi də müğənnilər tez-tez səsləndirilir.

N.Rəmzi öz meyxanalarında sovet dövrünün nöqsanlarını, eybəcərliklərini, eləcə də erməni faşizmini açıq-aşkar tənqid edib. Onun “Gör neçə illərdir yalan görmüşəm”, “Sən nə qoymusan, nəyi axtarırsan”, “Dəyirmanımızı”, eləcə də “Yazıldı dastanı Azərbaycanın”, “Lay-lay Azərbaycan”, “Bilsən, Vahid”, “Vəziryan”, “Qorbaçov”, “Xilaskarımız” adlı meyxanaları bu mövzulardadır. Müasir dövrün istedadlı meyxanaçılarından biri də 1962-ci ildə Maştağa qəsəbəsində anadan olmuş Məmmədov Ağamirzə Rəfi oğludur. Ustadı A.Çıldağ olan Ağamirzə meyxana yaradıcılığı ənənələrini ləyaqətlə davam etdirən və xalq tərəfindən böyük məhəbbətlə sevilən sənətkarlardandır. Ağamirzə yaradıcılığında təbiət gözəlliklərinin, saf məhəbbətin təsviri, mənəvi-əxlaqi dəyərlərin təbliği, Vətən sevgisi, Qarabağ mövzusu geniş yer tutur.

Sadəlik, səmimi insan hisslərinin tərənnümü onun meyxana yaradıcılığına məxsus keyfiyyətlərdir. Ağamirzənin fitri qabiliyyəti, iti hafizəsi, hazırcavablığı, vəziyyətlə bağlı məqamları qiymətləndirmək bacarığı, gur səsi və temperamenti onun gələcəkdə daha istedadlı meyxana ustası olacağına dərin inam yaradır. Müasir meyxana ustalarından biri də Kərim Ağamoğlan oğlu Novruzovdur. O, 1964-cü ildə Maştağada anadan olub və onun da ustadı Ağasəlim Çıldağ olub.

1991-ci ildə keçirilən Respublika Meyxanaçılar müsabiqəsinin qaliblərindən biri olan Kərimin meyxanaları nikbinliyi, həyatiliyi ilə seçilir, canlı və poetik məziyyətləri ilə yadda qalır. Onun bir sənətkar kimi başlıca cəhəti duyğu və fikirlərinin ifadəsi üçün münasib forma, özünəməxsus ritm, lirik təhkiyə tapa bilməsi, şəxsi həyəcanlarını bədii ümumiləşdirmə səviyyəsinə qaldırmağı bacarmasıdır. Kərim çalışır ki, meyxanalarında xalq həyatının, xalqın hiss və düşüncə tərzinin inikası daha dərin və təsirli olsun. Kərimin meyxanalarında yumor qüvvətlidir, zahirən yumşaq və həlimdir. Lakin o, elə hadisələri qabardır ki, onlar məzəli olmaqla yanaşı, dərin ictimai məna daşıyır. Realizm, təbiilik və həyatdan gələn notlar onun meyxanaları üçün səciyyəvidir. Kərimin meyxanalarında təbiət təsviri başlıca yerlərdən birini tutur və onun meyxanalarının əsas qəhrəmanı Azərbaycandır. Kərimin yaradıcılıq yolu mövzu baxımından rəngarəng və çoxşaxəlidir. Onun poetik dünyası ilə tanış olduqca bu meyxana ustasının həyata baxışının, fəlsəfi düşüncələrinin özünəməxsus, fərdi üslubda ifadə olunduğunu görürük.

 

Nazim Rzayev

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 17 fevral.- S.14