Sivilizasiyalararası münasibətin fəlsəfəsi
I yazı
Azərbaycanda da digər Şərq ölkələrində
olduğu kimi, sivilizasiyalararası münasibət probleminə
elmi-fəlsəfi münasibətdən öncə ədəbi-bədii
münasibət formalaşıb. Yəni ilk reaksiya
şair mütəfəkkirlərdən gəlib. Professor Səlahəddin Xəlilovun fikrincə,
zamanca dünyanın intellektual dərkinin hissi dərkdən
sonra gəlməsi qanunauyğun haldır. Və
bir problem kimi fəlsəfi əhəmiyyət kəsb edən
ancaq bu iki düşüncə tərzi və mədəniyyət
formaları arasında münasibətin öyrənilməsidir.
Coğrafi mənada Şərq və Qərb
olsa-olsa geopolitika problemi sayıla bilər. Sadəcə olaraq, müasir mənada elm Qərbi
Avropada yaranıb inkişaf etdiyindən elmə əsaslanan
sivilizasiya formasının şərti olaraq “Qərb”
adlandırılması daha məqsədyönlüdür.
Reallıqda isə bu gün ABŞ və Yaponiya
elmi-texnoloji sistemlərin inkişafında liderliyi ələ
keçirdiklərindən fəlsəfi və coğrafi
bölgü arasındakı adekvatlıq artıq çoxdan
sıradan çıxıb. Qərb
sivilizasiyası hissə-hissə, damla-damla bütün planetə
paylanmışdır və getdikcə daha çox dərəcədə
planetar hadisəyə çevrilmək cəhdləri göstərir.
Qloballaşma da məhz bu dəyərlər
sisteminin dünyaya yayılması, hamı tərəfindən
qəbul olunması və ya hamıya qəbul etdirilməsi
proseslərini əhatə edir. Dünyada
gedən bu proseslərin dərk olunmuş surətdə, təbii-tarixi
inkişaf yolu ilə, mədəniyyətlərin yüksəlişi,
sivilizasiyaların dialoqu sayəsində həyata keçməsi
üçün mütərəqqi qüvvələrin birgə
səyi tələb olunur. Heydər
Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan
da bu proseslərin fəal iştirakçısına
çevrilmişdir. Bu məsələyə münasibətini
Heydər Əliyev belə ifadə etmişdir: “Avropa ölkələri
ilə münasibətlərin inkişafında qədim
«İpək yolu»nun bərpasını nəzərdə tutan
TRASEKA proqramının həyata keçirilməsinə
başlanması mühüm yer tutur. Bu nəhəng
nəqliyyat dəhlizinin mərkəzində yerləşən
ölkə kimi Azərbaycan Şərqlə Qərbin
qovuşmasında mühüm rol oynayır”. İndi Azərbaycanda bu strateji kurs Prezident tərəfindən
inamla davam etdirilməkdədir.
Son
vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi Qədim
İpək yolunun bərpasında oyanaya biləcək strateji
rol, beynəlxalq neft-qaz kəmərlərinin və dəmir
yollarının Azərbaycandan keçməsi və s. bu kimi
amillərə istinadla belə bir fikir səslənirdi ki,
ölkəmiz Şərq ilə Qərb arasında
körpüdür. Lakin prezident İlham
Əliyevin qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı
və elmi-mədəni potensialı elə bir səviyyəyə
çatmışdır ki, biz daha sadəcə olaraq iki
sivilizasiya arasında körpü rolunu oynamırııq;
biz bu sivilizasiyaların hər ikisinin
daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm
etdiririk. Çünki “Azərbaycan iqtisadi
cəhətdən artıq oturuşmuş dövlət kimi
tanınır. Mən hesab edirəm ki, biz
artıq iqtisadi sahədə keçid dövrünü
başa vurmuşuq.” Son illərdə
qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana
özünün beynəlxalq mövqeyini möhkəmləndirmək,
Şərq ilə Qərb arasında tutduğu əlverişli
coğrafi vəziyyətdən daha optimal surətdə istifadə
etmək imkanı verib.
Şərq-Qərb sivilizasiyalarının dialoqu və
ümumbəşəri vəhdət ideyası bu gün diqqət
mərkəzindədir. XXI əsrin zaman məsafəsindən
baxdıqda, dünyada gedən qlobal proseslərin konturları
kifayət qədər aydın görünür və məlum
olur ki, dünyanın yeni nizamının formalaşması
sivilizasiyaların qarşılıqlı əlaqəsinə
də fərqli münasibət göstərilməsini tələb
edir. XX əsrin 70-80-ci illərində isə bu yeni
tendensiyanın mahiyyətini və üstün istiqamətlərini
çox az adam görə bilirdi. Bu yenilik, ilk növbədə mədəniyyət
müstəvisində baş verən qlobal proseslərin siyasi
müstəvidə təzahüründən ibarət idi.
Dünyada Şərq və Qərb
bölgüsünün aktuallığının artması
da məhz bu yeni tendensiyaların nəticəsi idi.
Azərbaycan əsrlər boyu bir Şərq ölkəsi
kimi mövcud olduğundan, azərbaycanlı alimlər
SSRİ-də aparılan tədqiqatların əsasən şərqşünaslıq
aspektlərinə cəlb edilirdilər; qərbşünaslıq
və xüsusən Şərq-Qərb münasibətlərinin
tədqiqi isə bizim üçün bir növ yasaq mövzu
idi. Belə bir dövrdə – XX əsrin 70-ci illərində
Azərbaycanda ilk dəfə görkəmli şərqşünas
alim Aida İmanquliyeva öz elmi mühitinin ətalətini dəf
edərək və öz zəmanəsini qabaqlayaraq, olduqca
aktual, gələcəyə yönəlmiş bu mövzu ətrafında
ciddi araşdırmalar apardı. O, problemin elə aspektlərini
ön plana çəkdi ki, onlar təkcə Azərbaycanda
yox, bütün dünyada ancaq 90-cı illərin
axırlarında, iki əsrin qovuşuğunda
aktuallaşmış oldu. Siyasi və iqtisadi müstəvidə
bu tendensiyanı dünyada ilk dəfə nəzərə alan və Böyük İpək Yolunun bərpası
ideyasını irəli sürən ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə 8-9 sentyabr 1998-ci
ildə 32 dövlət başçısının
iştirakı ilə Bakıda keçirilən beynəlxalq
konfransda bir sıra planetar miqyaslı strateji layihələrə
start verildi. Onu da qeyd etmək yerinə
düşər ki, 2000-ci ildə İran prezidenti Məhəmməd
Hatəmi Şərq və Qərb sivilizasiyalarının
dialoqu ideyası ilə çıxış edəndə, bir
çoxları bunu bir yenilik kimi dəyərləndirdi.
2001-ci il isə YUNESKO tərəfindən
«Sivilizasiyaların dialoqu» ili adlandırıldı. Məqsədyönlü fəaliyyət nəticəsində
bu dəfə ölkəmiz bu dialoqda təşəbbüskar
və aparıcı tərəf kimi çıxış
etdi. Məhz bu fəaliyyətin sayəsində
Bakı 2009-cu ildə bütövlükdə İslam mədəniyyətinin
paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən
İpək Yolunun bərpası işinin təməli
Bakıda qoyulduğu kimi, şəhərimiz “Şərq-Qərb”
mövzusunda kino festivalları, incəsənət
bayramları, beynəlxalq elmi konfranslar üçün də
mədəni-mənəvi məbədə çevrildi.
10 iyun
2008-ci ildə Bakıda “Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişlənməsi”
mövzusunda keçirilən Beynəlxalq forumdakı
çıxışında Mehriban xanım Əliyeva bu sahədə
qarşıda duran vəzifələrdən danışaraq
dedi: “Görəsən, sivilizasiyalara, xalqlara və
ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa
nə mane olur və nə kömək ola
bilər?”
Maddi mədəniyyətin,
elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki
sağlamlığın, idmanın prioritetliyinə əsaslanan
Qərb sivilizasiyası və mənəvi mədəniyyətin,
əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan
Şərq sivilizasiyası ancaq bir-birini
qarşılıqlı surətdə tamamladıqda kamil
insanın formalaşmasına xidmət edir.
Cəmiyyətin həyatında elmlə yanaşı, əxlaq
və din də həlledici rol oynayır. Ruhun
sağlamlığı təkcə bilik üzərində
qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə
önəmlidir. Bütün bu cəhətlər
ilk növbədə təhsil strategiyasında öz əksini
tapır. Son dövrlərdə Azərbaycanda
məktəblərə dövlət qayğısının
artması da bu baxımdan qanunauyğun görünür.
Milli Olimpiya Komitəsi tərəfindən bütün
bölgələrdə yeni idman komplekslərinin tikilməsi
işi indi bütün bölgələrdə yeni məktəb
binalarının tikilməsi ilə davam etdirilir ki, bu da
«sağlam bədən» üçün görülən
işlərin «sağlam ruh» üçün görülən
işlərlə tamamlanması deməkdir. Siyasi və iqtisadi
kursun prioritetliyini önə çəkən, ölkənin
davamlı inkişafını təmin etmək
üçün möhkəm iqtisadi baza yaradan ölkə
Prezidentinin quruculuq fəaliyyəti mədəni-mənəvi
dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi
və dünya ictimaiyyətinə çatdırılması
sahəsində böyük işlərlə tamamlanır ki,
bu da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə
xidmət edir.
Təsadüfi
deyildir ki, bu gün bütün dünyanın böyük din
xadimləri də özünü artıq
tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü
kimi təsdiq etmiş olan Bakıda toplaşır və dinlərin
dialoqu çərçivəsində və bununla həm də
sivilizasiyaların qarşılıqlı anlaşması
istiqa-mətində səmərəli iş aparırlar.
Azərbaycanın
eyni zamanda dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə
çevrildiyini diqqətə çatdıran Prezident İlham
Əliyev “Dinlərarası dialoq: qarşılıqlı
anlaşmadan birgə əməkdaşlığa doğru”
mövzusunda beynəlxalq konfransdakı
çıxışında dünyada sülhün təmin
olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu
demişdir. Həqiqətən də, bu gün Azərbaycan təkcə
Şərqdən Qərbə və Qərbdən Şərqə
gedən yolların baş keçidi deyil, habelə siyasi və
iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin,
sivilizasiyaların da qovuşduğu və bir-birini
qarşılıqlı surətdə tamamladığı
siyasi-iqtisadi və mədəni-mənəvi mərkəzə
çevrilmişdir. Bu mənada Azərbaycan həm
Şərq, həm də Qərb dəyərlərini ehtiva
edir.
Dünyada yeni inteqrativ meyllərin güclənməsi,
xüsusən, qloballaşma hadisəsi bu mövzuya diqqətin
daha da artırılmasını tələb edir. Son vaxtlar fəlsəfi
və ictimai-siyasi fikirdə ən çox rast gəlinən
anlayışlardan biri qloballaşmadır. Lakin təhlil göstərir ki, fəlsəfi
kontekstdə bu anlayış heç bir yük
daşımır. Belə ki, son dövrlərdə
dünyanın coğrafi-siyasi xəritəsində
ikiqütblü inkişafdan birqütblü inkişaf yoluna
keçid tendensiyası müşahidə olunursa, bu hal ancaq
yaranmış konkret siyasi-iqtisadi situasiyanı ifadə edir və
hər hansı obyektiv-zəruri inkişaf
qanunauyğunluğunu əks etdirmir. Fəlsəfə
maddi dünyada olduğu kimi, ictimai-siyasi həyatda da konkret
tarixi vəziyyətləri yox, insan-dünya münasibətlərinin
zəruri mərhələlərini öyrənir. Bu zərurət isə ondan ibarətdir ki, ilk insan cəmiyyətləri
yarandığı gündən bu günə qədər
insanın əməli fəaliyyəti kiçik ictimai qruplar
miqyasından başlayaraq daha böyük ictimai birlikləri və
nəhayət, bütün bəşəriyyəti ehtiva edən
genişmiqyaslı, qlobal ictimai proseslərin tərkib hissəsi
kimi üzə çıxır. Yəni fərdi
fəaliyyətlər ancaq ictimai fəaliyyət kontekstində
məna kəsb edir.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 17 fevral.-
S13.