Sivilizasiyalararası
münasibətin fəlsəfəsi
(əvvəli ötən sayımızda)
S.Xəlilovun fikrincə, bu cür yanaşdıqda
qloballaşmanın tarixi bəşər tarixi ilə
üst-üstə düşür. Yəni, hər bir insan
özünün həyat uğrunda, özünü və
dünyanı dərk etmək, onları dəyişdirmək
və dünyanı insana tabe etmək istiqamətindəki
mücadiləsində gec-tez başqa insanlarla iş birliyi
yaratmaq məcburiyyətində qalır və bu proses ta
bütün bəşəriyyəti əhatə edənə
qədər genişlənməkdə davam edir. Ailə, tayfa, millət, milli dövlət bu
inkişaf yolunda pillələrdir. Lakin buna heç kim qloballaşma demir. Çünki bu proses fərdi
insan mahiyyəti ilə ümumi insan mahiyyətinin eyniyyətindən
irəli gəlir və bir tendensiya kimi həmişə
mövcud olub.
İndi qloballaşma adı altında baş verən
proseslər əslində bir qütblü dünyanın
mütləqləşdirilməsi və milli dövlətlərin
vahid bayraq altında sıraya düzülməsi, bir dilin
başqa dilləri, bir siyasi iradə-nin başqa siyasi iradələri,
bir iqtisadi marağın başqa maraqları
sıxışdırıb çıxarması ilə
müşayiət olunur. Fəlsəfədə izlənən ümumictimai təşkilatlanma
prosesi isə belə subyektiv meyllər fövqündədir:
“Kant tərəfindən irəli sürülən vahid
planetar dövlət ideyası Hegelin ümumdünya-tarixi təfəkkür
ideyası, K.Yaspersin «istiqamətlənmiş zaman» təlimi və
s. ictimai zəruri inkişaf tendensiyasnı ifadə etməklə
fərddən millətə, millətdən bəşəriyyətə
gedən yolun qanunauyğunluqlarını, mahiyyətini izah
edir. Bu yolun bir məntəqəsi olan dövlət
bir çox mütəfəkkirlər tərəfindən
ictimai sazişin nəticəsi kimi izah olunub. Yəni, insanlar cəmiyyəti daha yaxşı idarə
etmək üçün ictimai təşkilatlanmanın
optimal formalarını axtarır və müxtəlif
ictimai-siyasi inkişaf mərhələlərində həmin
inkişaf səviyyəsinə adekvat olan idarəçilik
formaları tapılır. Bu məntiqlə
bütün bəşəriyyət miqyasındakı vahid
idarəçilik sistemi də ictimai sazişin nəticəsi
olmalıdır. Birləşmiş Millətlər Təşkilatı,
beynəlxalq hüquq normaları məhz bu məntiqdən
doğub. Bu proses, əlbəttə, qloballaşma
adlandırıla bilərdi, lakin belə olmayıb. İndi qloballaşma adı ilə təqdim olunan
tendensiya nəzərdən keçirdiyimiz bəşər
tarixinin məntiqi davamı kimi ortaya çıxmır.
Ona görə də bu iki proses fərqləndirilməlidir”.
Əvvəlcə, aydınlaşdırmaq lazımdır
ki, mahiyyəti etibarilə ümumbəşəriləşmə,
ictimai qloballaşma olan real tarixi inkişaf prosesi, fərddən
bəşəriyyətə gedən yol fəlsəfi ədəbiyyatda
öz əksini hansı terminlərlə tapıb. Şübhəsiz ki, ilk
növbədə sivilizasiya termini ilə! Hətta
sözün etimologiyasından da göründüyü kimi,
söhbət ictimailəşmədən, fərd müstəvisindən
ictimai toplum, cəmiyyət müstəvisinə keçiddən
gedir. Və məhz sivilizasiya insanların
birləşməsindən, birgə əməli fəaliyyətdən
doğan yeni enerji potensialının
daşıyıcısı olur. Yəni,
toplumun gücü fərdlərin gücünün cəmindən
çox olur. Fərdlər təbiətlə,
dünya ilə qarşılıqlı münasibətində
bu yeni güc potensialından istifadə etməyə
başlayır.
İnsan özünü hələ dünyadan, təbiətdən
ayırmadığı vaxtlarda o, bütöv idi. Özünü
təbiətə qarşı qoy-duqca, ayrıldıqca bu,
bütövlükdə boş sahələr yaranmağa
başladı. Və bu boşluq insanın
zehni və əməli fəaliyyəti ilə əsrlər
boyu damla-damla yeni məzmun, yeni mahiyyətlə doldurulmuş
oldu. Dünyanı bir küll halında
duyan, hiss edən insan onu rasional düşüncə ilə
anlamaq üçün hissələrə ayırdı.
Bütöv dünya parça-parça oldu,
hadisələr toplumuna çevrildi. İnsanın
məni də parçalandı və yenidən
parçalardan, hissələrdə rekonstruksiya olundu. Pozulmuş intuitiv ahəngin yeni rasional ahənglə
əvəzlənməsi üçün neçə-neçə
minilliklər ərzində insanın rasional quruculuq fəaliyyəti
lazım gəldi.
Rasionallaşma, dünyaya seyrci münasibət,
dünyanın məntiqi dərki insanı özündən
ayırıb, bütövlüyündən məhrum edib, təbiətin,
maddi dünyanın qoynuna atdı. Mifik dünya, əsrarəngiz
dünya, poetik dünya buz kimi soyuq ağlın təmasından
çatladı, hissələrinə ayrıldı. Və hissi idrakın tələblərinə
uyğun olaraq insan miqyası ilə müqayisə olunacaq lokal
tədqiqat sahələrinə ayrıldı. Bu sinkretik sahələr də öz növbəsində
duyğu orqanlarının fiziki-fizioloji qavrama imkanlarına
uyğun rakurslara bölündü.
Bu bölünmə hissi idrakın hökmü ilə həyata
keçirildi.
Yenidən bütövləşmək, ayrı-ayrı
parçaları və rakursları vahid ortaq məxrəcə
gətirmək, hissələrin arxasında tamı
görmək, hissi obrazların arxasında həqiqəti sezmək
və nəhayət, haçandan haçana
bütövlükdə dünyanın elmi mənzərəsini
yaratmaq uğrunda idrak mücadiləsi neçə min illər
ərzində davam etdi. Lakin insan yenə də bütövləşə
bilmədi: “Bir insanın rasional quruculuq fəaliyyətindəki
məhdudluq, lokallıq bütövlüyün əldə
olunması naminə daha çox insanın birgə fəaliyyətinin,
daha doğrusu fəaliyyətlərinin birləşməsini tələb
edirdi. Sivilizasiya bu missiyanı da öz üzərinə
götürdü.
İnsanların
intellektual fəaliyyətinin cəmiyyət miqyasında birləşdirilməsi…
Əməli fəaliyyət sahəsindəki səylərin
birləşdirilməsi, əmək bölgüsü və
bölünmüş əməli fəaliyyətlərin
inteqrasiyası, birgə yaradıcılıq səyləri ilə
yaranan elmi nəzəriyyələr, kəşflər və
onların tətbiqinin nəticəsi olan texniki qurğular,
maşınlar, sex, manufaktura, fabrik, zavod,
avtomatlaşmış istehsal müəssisələri…
İnsan idrakı ilə bölünmüş təbiətin
insan ideyaları əsasında yenidən birləşməsi
və ikinci təbiətin yaranması. Bütün
bu fəaliyyətlərin, bütün bu intellektual
yaradıcı proseslərin subyekti olan… insanmı? Yox, bəşəriyyət”.
Bəli, ümumbəşərilik sivilizasiyanın mahiyyətindədir. Bəşəriyyət
hələ özünü bir tam kimi tanımadığı
dövrlərdən, qeyri-aşkar şəkildə
ayrı-ayrı fərdlərin fəaliyyətinin arxasında
dayanaraq maddi istehsal prosesini, elmi-texniki tərəqqini,
informatizasiyanı, bir sözlə, sivilizasiyanı
yaradırdı. Düzdür, bir çox
hallarda bu böyük ictimai birlik, bu böyük ümumbəşəri
qüvvə məhz planet miqyasına gəlib
çatmamış, lokal və regional sivilizasiyalar mövcud
olmuşdur. Lakin bizcə, onların da
subyekti yarımçıq bəşəriyyətlər yox,
məhz bəşəriyyət özüdür.
Bu gün
bəşəriyyət özünü dərk etməyə
lap yaxın ikən, min illər ərzində gedən proseslər
öz məntiqi yekununa az qala
çatır ikən ictimai-siyasi proseslərdə baş verən
təbəddülatlar onun üçün təhlükəyə
çevrilmişdir. Sivilizasiyanın obyektiv zəruri
gedişatı qloballaşma deyilən yandançıxma bir
proseslə təhlükə altına alınıb.
Biz heç də müasir dövrdə qloballaşma
adı altında gedən prosesin əleyhdarı kimi
çıxış etmək fikrində deyilik. Sadəcə
olaraq, adın düzgün seçilməməsi, mahiyyətin
təhrif olunması ucbatından həqiqi böyük
qloballaşma prosesinin, yeni, ümumbəşəri
sivilizasiyanın arxa plana keçməsinin və nəzərdən
düşməsinin əleyhinəyik. Əlbəttə,
ictimai hadisələrin miqyası böyüdükcə
onları hansı isə bir, bütöv ideyanın maddi təcəssümü
kimi izah etmək çətinləşir. Kiçik miqyaslı hadisələri sonradan müəyyən
ideya istiqamətində düzmək və bütövlükdə
tarixin məqsədini onun ayrı-ayrı
parçalarının timsalında seyr etmək nisbətən
asandır. Lakin bütöv tarixi prosesi
sivilizasiya kontekstinə salmaq və intellektual texnoloji quruculuq
prosesi ilə ictimai hadisələr, tarix səhnələri
arasında əlaqə yaratmaq və bütün bunların
vahid ideya əsasını müəyyən etmək, əlbəttə,
çətindir. Lakin bu, çox önəmlidir.
Bəşəriyyət bundan sonra hara gedəcəyini
dərk etmək üçün buna qədər hansı
ideya əsasında inkişaf etdiyini mütləq
anlamalıdır.
Biz bütövlükdə bəşər tarixini
bütün lokal sivilizasiyaları əhatə edən bu
geniş əhatəli prosesi məzmununa uyğun olaraq qlobal
sivilizasiya adlandıracağıq. İdeya müəllifi və
icraçısı bütövlükdə bəşəriyyət
olan bu proses ayrı-ayrı fərdlərin və lokal ictimai
qrupların, millətlərin, dövlətlərin neçə
min illər ərzində göstərdikləri məqsədyönlü
fəaliyyətlərin vektorial cəmi kimi ortaya
çıxır.
Çağdaş mənada qloballaşma da, şübhəsiz,
qlobal sivilizasiyanın əhatə etdiyi müxtəlif
yönümlü, müxtəlif çeşidli, müxtəlif
ömürlü proseslərdən biridir. Qlobal
sivilizasiya qloballaşmadan fərqli olaraq həmçinin qlobal
problemləri də əhatə edir. Ekologiyanın
ayrı-ayrı lokal problemlər çərçivəsində
yox, bəşər tarixi kontekstində, insanın mahiyyəti
kontekstində nəzərdən keçirilməsi də məhz
qlobal sivilizasiya çərçivəsində mümkün
olur. Məhz qlobal sivilizasiyanın bəşəriyyətin
ideya təcəssümü kimi nəzərdən
keçirilməsi yenidən insanın mahiyyəti probleminə,
həyatın mənası probleminə və həqiqi
böyük fəlsəfi problematikaya qayıdışı
da şərtləndirmiş olur.
Uzun bir dövr ərzində ayrı düşmüş mənəviyyatla texnogen cəmiyyət, mədəni-mənəvi dəyərlər sistemi ilə maddi-texniki sistemlər, fərdi-mənəvi yaşantılarla ictimai-siyasi proseslər, adi insani xoşbəxtliklə planetar vətəndaşlıq məsuliyyəti, nəhayət ki, eyni bir ortaq məxrəcə, eyni baxış müstəvisinə gətirilir. «Bəşəriyyətin uşaqlıq çağı» olan antik dövrdə olduğu kimi, yenidən mikrokosmun makrokosmla əks əlaqəyə girməsi, özünü rasional dünyada, süni təbiətdə itirmiş insanın yenidən özünü tapması…
Üçüncü minilliyin başlanğıcında dünyada gedən ictimai-siyasi və iqtisadi proseslər kontekstində ən çox nəzərə çarpan hadisələrdən biri tarixi İpək Yoluna qayıdışdır. Bu gün neçə yüzillər və mi-nillər keçdikdən sonra bir vaxtlar dünyanın iki qütbünü birləşdirən Böyük İpək Yolunun yenidən bərpası məsələsi ortaya çıxır, Azərbaycan da yenidən Şərqlə Qərb arasında strateji körpü rolunu oynamağa başlayır. Lakin nəyə görə məhz indi? 400 il keçdikdən sonra dünyada dəyişən nə olub? İpəyəmi yenidən ehtiyac yaranmışdır, karvanamı?
Karvan dövrü çoxdan keçib. Onun çox güclü alternativləri onu ticarət yollarından çoxdan sıxışdırıb çıxarmışdır və yeni nəqliyyat vasitələri dünyanın ən ucqar qütblərini ən qısa müddətə birləşdirmək imkanı açıb. İpək də daha çoxdandır ki, Şərqi səciyyələndirmir. İpəyin də olduqca müxtəlif alternativləri meydana çıxıb. Elm və texnologiya inkişaf etdikcə çox müxtəlif çeşidlərdə istehsal olunan sintetik parçalar ipəyin həm zahiri, həm də fiziki xassələrini asanlıqla əvəz edir. Həm də bu sahədə Qərb Şərqi üstələyir. İndi dəvə də, karvan da, ipək də, köhnə geyimlər, dəblər də, adət-ənənələr də daha çox dərəcədə ekzotikaya çevrilir. Onlar qərbliləri iqtisadi cəhətdən deyil, başlıca olaraq tarixi və etnoqrafik baxımdan maraqlandırır. Bir çox Şərq ölkələri iqtisadi partnyorluqdan çıxaraq istirahət və turizm diyarlarına çevrilir.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 18 fevral.-
S.13