Sözlü ədəbiyyatımızda həcv

 

 

II yazı

 

Lətifələrimizdən bir neçə örnəyə diqqət edək:

Günlərin birində Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:

– Yenə kim bilir, yalandan basıb-bağlayırsan?

Molla heç özünü sındırmadan baş əyib deyir:

– eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram.

* *

Günlərin birində Teymurləng yenə haraya isə basqına hazırlaşır. Ordu yola düşən günü Mollaya deyir:

– Sən dur, hazırlaş! Bəsdir yeyib yatdin... Bu dünya dil dünyası deyil, əl dünyasıdır. Mənimlə müharibəyə gedəcəksən.

Molla qədər əlləşirsə, yaxasını qurtara bilmir. Axırda gedib bir dənə kaman tapıb keçirdir boynuna, eşşəyinə minib gəlir Teymurun hüzuruna. Teymur doyunca güldükdən sonra soruşur:

– A kişi, bu eşşək nədir? Bir at tapa bilmədin minəsən?

Molla deyir:

– Mümkün olmadı, qibleyi-aləm! Eşşək qoymadı ki, qoymadı. Deyir nədən qibleyi-aləm səndən ayrı dura bilmir, mən ayrı dura bilmərəm. Hara getsən, gərək mən gedəm.

Teymur başa düşür ki, Molla daşı hara vurur, camaat içində açıb-ağartmaq istəmir. Deyir:

–Yaxşı, görürəm boynunda kaman var. Amma deyəsən, oxun yoxdur.

Molla deyir:

– Xeyr, yoxdur.

Teymur deyir:

– Bəs düşmənə atacaqsan?

Molla deyir:

– Onların atdıqları oxları götürüb özlərinə atacağam.

Teymur deyir:

– Qəribə ağılsız adamsan... Bəlkə düşmən heç bizə ox atmadı?

Molla deyir:

– Düşmən bizə ox atmasa, demək, dava olmayacaq da... Onda daha oxu neylyirəm?!

 

Bayatı (mani, xoyrat)

 

Xalq ədəbiyyatımızın bu yığcam dərin mənalı nümunələri – ədəbiyyatımızın çox sevilən, oxunan söylənən növüdür (Müəllif janr nəzərdə tutur – A.H.) Keçmişimizi yaşadan, əski çağların izlərini daşıyan keçmiş nəsillərin, ata-babaların bağrından qopan həsrət dolu, sevgi dolu, istək arzu dolu, hikmət dolu nəğmələrdir. Bu nəğmələrdə sızıltını, iniltini, göz yaşlarını duyduğumuz kimi, istehzalı, acı kəskin gülüşü sezməkdəyik:

Ay zamana, zamana,

Oxu qoydum kamana.

Eşşəklər arpa yeyir,

At həsrətdir samana.

 

Əziziyəm, tən dura.

Odun qala təndura.

Dədəsizin haqqı,

Dədəliyə tən dura?

 

Fələyi dindireydim,

Bilməzin bildireydim.

Mənə yazı yazanda,

Qələmin sındıreydim.

 

Zəngin aşıq ədəbiyyatında, əski qəhrəmanlıq dastanlarımızda da həcv şeirinə, satira ünsürlərinə təsadüf etməkdəyik. Böyük kültür abidəmiz “Dədə Qorqud” boylarında həcv, gülüş daha çox ailə-məişət məsələlərilə, yarıtmaz qadınlarla bağlı olaraq kifayətləndirilib. Bilindiyi kimi, “Dədə Qorqud”da qadın ülvidir, ana haqqına yüksək dəyər verilməkdədir. Lakin ara-sıra Dədə Qorqudun dilindən söylənən şeirlərdə istehzalı gülüşü sezməmək mümkün deyil.

Eləcə ölməz “Koroğlu” dastanında da həcvə qismən yer verilib. XVII-XVIII əsrin məşhur saz ustaları qoşmalarında həcvin gözəl örnəklərini əbədiləşdirmişdirlər. Aşıqların əsərlərində çox vaxt dövrdən, zəmanədən, zorbalıq cahillikdən şikayətlərə rast gəlirik. Bu dövr aşıqlarımızın yaradıcılığında bəzən ictimai həcvin dolğun örnəklərini görə bilirik.

Zamanın acılarını, cəmiyyətdəki qabalığı söyləyə bilmək, göstərə bilmək üçün saz sənətçilərimizin böyük ölçüdə gülüş sənətindən yararlanmaları təbiidir. Belə aşıqlara örnək olaraq Aşıq Abbas Tufarqanlını, Aşıq Kərəmi, Xəstə Qasımı, Təbrizli Miranı b. göstərə bilərik.

 

Aşıq Ələsgərəm, söylənir adım,

Budur ürəyimdə mətləb-muradım.

Sənin ərin ölsün, mənim arvadım,

İkimiz qalaq yaslı, yaralı.

Xeylidir həsrətəm, dilin qurusun,

olar deyəsən, nar sinəmdə var.

 

Ətrafındakı qabalığı, geriliyi, sənətə, sənətçiyə xor baxanları, dini mənfəəti üçün vasitəyə çevirənləri, məzhəb fərqlərini körükləyənləri kəskin, öldürücü gülüşlə qamçılamış aşıqlarımız.

Yenə Aşıq Ələsgərdən bir neçə örnək verək:

 

Mən dərdliyəm, mən ağlaram, bu dağlar,

Eşq ucundan sinəmdə var bu dağlar,

Mən tərlanam, ovlağımdır bu dağlar,

Sənsən səqi-lağər, şikarın məkəs,

Hökmün kəsakəs.

Sümün diraz, ləhcən bənzər himarə,

Aləmə bəllidir bu nitqü nəfəs.

Misali-kərkəs.

 

Örnək verdiyimiz bu təcnisdə həcv kəskindir. Aşıq sənətə dəyər verməyənlərə, söz sənətini anlamayanlara qarşı barışmazdır, amansızdır. Sənətlə sənətçi məşğul olmalıdır. Sənət meydanının təsadüfi insanların, istedadsız kimsələrin yeri olmadığını anladır Aşığımız. Nümunə verəcəyimiz aşağıdakı qoşmada da Aşıq Ələs¬gər şairlik sənətini özünə məslək edən bacarıqsızlardan şikayətlənir:

 

Bir şair çıxıbdır Yekəallardan,

Adı şair, özü eşşəyin tayı;

İncidib qonağa zəhmət verməsin.

Molla Əli naməni yazandan bəri,

Bir söz çox incidir qul Ələsgəri.

Təvəqqəm var Şəmsəddinin bəyləri,

Acıqlanan çal köpəyə hürməsin.

 

ya:

 

Tanı adamını, bil müştərini,

Qarğı mızraq qıl çuvala sığışmaz.

Tökərəm hörməti, götürrəm sazı,

Şişər başın, bu mahala sığışmaz.

 

Biz xalq ədəbiyyatının yayılmış sevilən növləri olan lətifələrdə, nağıllarda, bayatılarda, ata sözləri ilə deyimlərdə var olan, yaşayan həcvi qısa şəkildə olsa, anlatmağa çalışdıq. Ümumiyyətlə, sözlü ədəbiyyatımızın, demək olar, bütün janrlarında zəif, ya da güclü dərəcədə, örtülü, ya da açıq şəkildə gülüş sənətinin mövcud olduğunu görə bilirik. Eləcə xalq təmsillərində, atmacalarda, xalq oyunlarında. Bu qısa yazımızdan da anlaşıldığı kimi.

Yazılı ədəbiyyat yaranmadan öncə, sözlü ədəbiyyatda, xalq sənətində həcvin, gülüşün ölməz örnəkləri mövcud olub. Yazılı ədəbiyyatda həcv sahəsində qazanılan uğurların ən önəmli qaynağı, ədəbiyyatımızda həcvin bəsləndiyi ən əsaslı mənbə xalq ədəbiyyatımız, folklorumuzdur. Buna görə sözlü ədəbiyyatımızı yaxşıca öyrənmədən, həcvin xalq ədəbiyyatındakı yerini, önəmini dəyərləndirmədən, yazılı ədəbiyyatımızda da onun elmi baxımdan araşdırılması işində düzgün əsaslı nəticələrə vara bilmərik.

Bunu da qürurla qeyd etməliyik ki, çağımızın ən böyük həcv ustaları ola bilmək şərəfi türkəsilli sənətçilərə nəsib olub. Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” məcmuəsi ilə bütün Yaxın Orta Şərq ölkələrində özlərini, səslərini duyura biliblərsə, bu gün Əziz Nesin dünyamızın gülüş sənətinin inkişafında, zənginləşməsində xidmətləri olan, payı olan bir şəxsdir. Bu ünlü yazarların müvəffəqiyyətlərinin, bir çox dünya ölkələrində tanınmaları sevilmələrinin başda gələn səbəbi isə zəngin xalq yumorunu, folklorunu əsərlərində ustalıqla yaşada bilmələridir.

 

 

Məqalə İstanbulda nəşr edilən “Xəzər” dərgisinin

1980-ci il, may, 14-cü sayında (s.3-11) dərc edilib.

 

Xavər ASLAN

Azərbaycan türkcəsinə uyğunlaşdıran:

Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2016.- 19 fevral.- S.14.