Ana dilimizi qorumaq borcumuz
Professor İsmayıl Məmmədov:
"Azərbaycanda bütün dillərə sayğı var”
Dünyada hər mənada gərginliklərin artdığı
bir vaxtda xalqlar, dövlətlər dil qoruyuculuğu məsələsində
daha da ciddiləşiblər. Dil uğrunda
mübarizə əslində xəlqi müəyyənlik
uğrunda mübarizə deməkdir. Hazırda
dünyanın 25 müxtəlif regionunda 300 milyondan çox
insan türk dilinin 25 dialektində danışır. Tarixən türk dilinin digər dillərə təsiri
məsələsiylə bağlı göstəricilər isə
belədir. Erməni dilində 3159, yunan dilində 2643,
bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində
1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində
1500, macar dilində 1142, çin dilində 213, fars dilində
isə 1369 türk mənşəli söz qeydə
alınıb.
Zamanlar bir-birini əvəz edir, ancaq dil ölmür,
yaşayır.
Hər bir xalqın dili o xalqın təfəkkürünü,
hər mənada səviyyəsini göstərir. Ən əski dövrdən bəri, yəni
xalqın ilkin inancları formalaşdığı zamanlarda
dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər
yaşayıb, sonradan təkmilləşmə dövrü
keçib, nəsildən-nəsilə ötürülüb,
bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə
edir, yaşadır. Qəhrəmandır
dilimiz, ona görə ki, biz bir xalq olaraq
sarsıldığımız, hətta özümüzdən
ayrıldığımız çağlarda belə ruhumuzun
soraqlarını özündə kamil bir şəkildə
qoruyub-saxlaya bilib. Azərbaycan türkcəsi
burada yaşayan xalqların nümayəndələri
üçün doğma, birləşdirici bir ünsiyyət
dilidir.
Professor
İsmayıl Məmmədov bildirir: "Azərbaycanda
bütün dillərə sayğı var. Heç kəs
heç kəsə demir ki, sən lahıc, eləcə də
talış, ya da ləzgi dilində danışma. Quba rayonunun Xınalıq kəndi qəribə bir
yerdir. Bu kənddə yaşayan əhali
xınalıq dilində danışır. Azərbaycanda başqa dillərə
sayğının nəticəsidir ki, xınalıq dilinin
daşıyıcısı olduğu yeganə kənd əsrlərdir
bu bölgədə mövcudluğunu nəinki qoruyub saxlaya, hətta
artıra bilib. Bütövlükdə
götürdükdə Azərbaycan dili burada yaşayanlar
üçün ümumi, birləşdirici, anlaşma
dilidir".
Bu gün
Güney Azərbaycanda yaşayan 30 milyondan çox
soydaşımız fars şovinizminin əsarəti
altındadır, onlara ana dilimizdə istənilən səviyyədə
danışmasına belə imkan verilmir. Güney
Azərbaycanda ana dilimizə qarşı olan bütün
basqılara baxmayaraq ana dilimiz ölmür, itmir, daim
mövcudluğunu hünərvərliklə qoruyub saxlayır.
Güney Azərbaycanda dövlət səviyyəsində
dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər
olmadığına görə daha çox şifahi ədəbiyyatımız
inkişaf edib. Habelə aşıq sənəti
Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində
yazıb-yaratmağa üstünlük veriblər. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur.
Şəhriyarın "Heydər babaya salam"
poeması ana dilimizin soraqlarını çatdıran ən
gözəl ədəbi abidələrdən biridir. Şəhriyar
yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə
bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə vətənə,
yurda və dilinə daha çox bağlanır. Şəhriyar
dərk edəndə ki, ana dilində möhtəşəm
bir əsər yazmaq qüdrətinə malikdir; "Heydər
babaya salam" poeması milli ruhunun
izharı oldu.
Dilçi-alim
İsmayıl Kazımov isə deyir: "Hər bir xalqın
milli dəyərlərinin əsasını onun ana dili təşkil
edir. Dilimiz türk dilləri arasında
özünəməxsusluğu ilə seçilir. Ana dilimiz yaşam qaydamızdır".
Müstəqillikdən sonra ana dilimiz tədricən beynəlxalq
aləmdə tanınmağa başladı: "Əgər
sovet dövründə alınma terminlər, beynəlxalq
sözlər dilimizə rus dili vasitəsilə gəlirdisə,
hazırda Avropa dillərindən birbaşa bəhrələnmə
üstünlük təşkil edir. Habelə
dilimizdə Avropa terminlərinə meyl artıb".
Şübhəsiz, heç bir dil özünə
qapanıb qalmır, onun başqa dillərlə əlaqəsi,
təbii ünsiyyəti olur. Həticədə bir dildən bu və
ya digər dillərə çoxlu sözlər keçir və
ya əksinə: əksər hallarda bu,
qarşılıqlıdır. Ancaq faktdır
ki, tarixin çox dönəmlərində
işğalçılıq motivləri bu və ya digər
dilin başqa dili üstələməsinə, nəticədə
"dilin dili işğal etməsinə" səbəb olub.
Fars dilində Azərbaycan türkcəsinə məxsus
min söz belə yoxdur. Tarixən türk
qılıncının zəhmini dadmış çinlilərin
dilində belə bu gün türk sözlərinin sayı
azdır. Türklər fitri
yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə
malik olduqları dərəcədə həm də təəssüf
ki, arxayınlaşıblar. Dilimizi təəssübkeşliklə
qorumamışıq. Bu
arxayınçılıq indi də xarakterimizdə
mövcuddur. Dili qorumaq milləti qorumaq deməkdir.
Həmçinin dövləti, dövlətçiliyi
təsdiq etməkdir. Bu gün ədəbi
dilə sayğı məsələsində hələ də
məsuliyyətimiz tam deyil. Bu, hər
şeydən əvvəl aydınlarımızdan
mümkün qədər ana dilimizin tələbinə
uyğun səviyyədə köklənməyi tələb
edir. Əks təqdirdə bundan sonra dilimizə
daxil olacaq çoxsaylı yeni terminlərin
qarşısında yenə də "ağ bayraq"
qaldıracaq, nəticədə dilimiz demək olar, əlimizdən
gedəcək. Hə qədər bədbin
səslənsə də, gerçəklik budur.
Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini
yenə də səyli şəkildə şair və
yazıçıların üzərinə atırlar. XX əsrdə
şair-yazıçılarımız tərəfindən
çox az söz yaradılıb. Bu, onu deməyə əsas verir ki, söz yaratmaq
xüsusi bir hadisə səviyyəsində mütəxəssislər
tərəfindən olmalıdır. "Dədə
Qorqud dastanları"nda söz yaradıcılığı
ilahi bir səviyyədə ənənələşib.
Bu mənada Azərbaycana indi ifrat səviyyədə
dalğası çatan elmi-texniki inkişaf dövründə
yeni gələn termin və sözlərə qarşı
mümkün qədər "sipər çəkilməli",
yəni onların qarşılığının
tapılmasına səy etməliyik. Digər bir
fəlakətli hadisə isə Azərbaycanın şəxs
adlarının çoxunun özgə adlardan ibarət
olmasıdır. Habelə 1828-ci ildə Azərbaycanın
Güney torpaqlarının İran tərəfindən qəsb
edilməsindən sonra bu bölgələrdə tədricən
ana dilimizin farslaşması mərhələsi
başlandı. Bu gün Azərbaycan
türkcəsinin ardıcıl şəkildə
farslaşdırılması üçün İran əlindən
gələni edir. Şəhriyar yazır:
"...Türkün
dili tək sevgili, istəkli dil olmaz,
Özgə
dilə qatsan, bu əsəl dil əsil olmaz...".
Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən
qovuşduğu dərəcədə gözəl əsərlər
yarada bilər.
Yazar ruhlu, inamlıdırsa, əsəri də
gözəl olacaq. O deməkdir ki,
yazıçının yaradıcı müstəqilliyi mənsub
olduğu xalqdan asılı olmalı, o, xalq
qarşısında məsuliyyətini unutmamalıdır. Yazarlarımız bacardıqca ana dilimizdə yeni
sözlər yaratmalıdırlar.
Professor Fəxrəddin
Veysəlli bildirir: “ Bu gün
dünyanın dil mənzərəsi rəngarəng və zəngin
olsa da, hərtərəfli qloballaşma bu mənzərəyə
çox ciddi təsir göstərir. Planetimizdə mütəxəssislərin
2001-ci ildə qeydə aldığı 200 BMT üzvü –
dövlətin ərazilərində mövcud olan 6.417 dildən
hər il bir çoxu ölüb aradan
çıxır.
Alman alimi H.Haarmanın fikrincə, XXI əsrdə
hazırkı dünya dillərinin 40 %-i aradan çıxacaq. 2008-ci ildə
Alman Dili Cəmiyyəti “Almanlar öz dilləri və xarici
dillər haqqında nə düşünürlər?” mövzusunda
sorğu keçirib. Söhbət Avropa
İttifaqında işlənən dillərdən gedir. Sorğunun nəticələri çox
maraqlıdır. Sorğuda iştirak edənlərin 13 %
-i Avropada vahid dil olmasına səs verib, ondan 11 %-i ingilis, 2 %-i
isə alman dilini seçib. Resipientlərin 9 %-i
seçim edə bilməyib. Deməli,
sorğuda iştirak edənlərin 78 %-i Avropada dillərin
saxlanılmasına səs verib. Sorğuda
iştirak edənlərin təxminən ¼ -i Avropada vahid
dilin – ingilis dilinin xeyrinə səs verib. Bu
meyil günü-gündən güclənməkdədir.
Sorğunu keçirən cəmiyyət həyəcan
təbili çalır ki, alman dili bu gün Avropada
sıxışdırılaraq bir dialektə çevrilir, ya
da ölüb getmək yolundadır. Qeyd
etmək yerinə düşər ki, dillərlə
bağlı gələcək haqqında dəqiq öncəgörmə
vermək o qədər də asan deyil. Uzun
müddətdir ki, dünyada təkdilliliyə meyil güclənməkdədir.
Bu gün Azərbaycan dililə bağlı belə
bir sorğu keçirtmək maraqlı olardı. Təbii ki, müstəqillik əldə etdikdən
sonra dilimizin mövqeyi xeyli möhkəmlənib. İndi radio dalğalarında, televiziya
kanallarında, Beynəlxalq tədbirlərdə dilimiz daha
möhtəşəm görünür və daha geniş
auditoriyanı əhatə edir. Ancaq bizdə
geniş sorğuları və kitab çapının
miqdarını göstərən konkret rəqəmlər
olmadığı üçün dilimizin işlənməsi
və gələcəyilə bağlı sualları
cavablandırmaq çətindir. Bu gün
saysız media nümunələrinə, kiçik və
böyük nəşriyyatların sayına nəzər yetirəndə
və dünyada bizim dildə danışan əhalini təhlil
edəndə Azərbaycan dilinin təxminən 20-22-ci yerləri
bölüşdürməsi bizi sevindirməyə bilməz.
Dillərin mənzərəsi haqqında tam təsəvvür yaratmaq üçün vaxtilə planetimizdə vahid vaxt ölçüsünə keçmənin tarixinə baxsaq, maraqlı nəticələrə gələrik. Azərbaycanla Nyu York arasında vaxt fərqi 9 saatdır. 1884-cü ildə Vaşinqtonda Beynəlxalq Meridian Konfransı dünyada 24 müxtəlif vaxt zonasını 15 uzunluq dərəcəsilə Qrinviç sıfır meridian əsasında qəbul etdi. Almaniya bundestaqı bu ölçünü hərbi mülahizələrə görə ləngitmədən qəbul etdi. Fransa isə bunu yalnız 1911-ci ildə Paris rəsədxanasının müqavimətinə baxmayaraq qəbul etməyə məcbur oldu. Hindistan da yeni vaxt ölçüsünü – Qrinviç ölçüsünü qəbul etməli oldu, çünki gəmiçilikdə və dəmir yolunda artıq Beynəlxalq vaxt ölçüsü qəbul edilmişdi. Eyni sözləri təqvimin unifikasiyası barədə demək olar. Y.Sezarın vaxtından qalmış yulian təqvimi o qədər də münasib deyildi, çünki bu təqvimə görə il 11 dəqiqə uzanırdı. Yalnız XIII Qriqor uzun dartışmalardan sonra 1582-ci ildə təzə ilin başlanğıcını yanvarın 1-nə keçirtdi. Katolik ölkələr o saat bunu qəbul etdilər. O cümlədən protestant Almaniya 1700-cü ildə həmin sazişə qoşuldu. Ondan sonra Danimarka, Farer adaları, İslandiya və Niderland da bu təqvimə qoşuldu. 1752-ci ildə Britaniya koloniyaları ilə birgə, 1753-cü ildə Finlandiya, İsveç, sonra Florensiya və Pisa yeni təqvimi qəbul etdi. Fransa (1793-1806) və İtaliya (1922-1943) aralardakı məsafəni çıxmaq şərtilə, Yaponiya 1872-ci ildə, Çin 1912-də, Rusiya 1918-də vahid unifikasiyalı poçt və dəmiryolu nəqliyyatı cədvəli ilə işləyir (buna görə də oktyabr inqilabının bayramı 8 noyabra düşür). Yuqaslaviya 1919, Rumıniya 1920, Yunanıstan 1923, Türkiyə 1927, Misir 1928-də bu təqvimə qoşulublar. O vaxtdan dünya xalqları vaxtı qarışıq salmadan öz işlərini görə bilirlər. Ölkə və ölkədən kənar hərəkətlər vahidlik prinsipinə əsaslanır”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 20 fevral.-
S.14