Ahıska türkləri
Onlar Azərbaycanda nə
milli azlıq, nə də etnik qrup kimi mənəvi
ayrıseçkiliyə məruz qalmayıblar
I yazı
Tarix boyunca çoxlu köçlərə, itkilətə,
misilsiz çətinliklərə məruz qalmış
Ahıska türklərinin bu gün Azərbaycandakı
nümayəndələri təhlükəsiz şəraitdə
yaşayırlar. Araşdırmaçı Sevil Piriyeva
bildirir ki, postsovet məkanında deportasiya olunmuş
xalqların 80-ci illərin sonunda yeni faciələrlə
üzləşməsi nəinki nəsillərin
yaddaşından silinməyib, əksinə, xalqların həyatına
və düşüncəsinə vurduğu sosial-mənəvi
ziyanın nəticələri ilə hələ də
özünü göstərməkdədir. Belə tarixi ədalətsizliklərlə üzləşən
xalqlardan biri də Ahıska türkləridir. Xalqın
böyuk əksəriyyəti qaçqınlıq və
sürgün həyatını yaşamalı olub,
keçmiş İttifaqın müxtəlif ərazilərinə
səpələnərək dağınıq halda yaşamaq
məcburiyyətində qalıb: “Bu gün milli məsələ
və azsaylı xalqların problemləri ilə məşğul
olan tədqiqatçıların demək olar ki, hamısı
Ahıska türklərinin deportasiya olunması ilə
yanaşı, həm də bu xalqın öz mədəni ənənələrini
qoruyub saxlamasını qeyd edirlər.
Deportasiya
və sürgünlük həyatı xalqların, o cümlədən
Ahıska türklərinin tarixi taleyində, həyatında nəinki
ağır iz buraxıb, habelə spesifik mədəniyyətə
malik xalqları ən ağır şəraitdə belə
özlərini, mədəniyyətlərini unutmamağa
sövq edib, möhkəmləndirib, yaşamaq əzmini bir
daha artırıb. Şübhəsiz, deportasiya
ilə üzləşən xalqın mədəniyyətinin,
varlığının itkiləri, faciəsi başlayır.
Ahıska türkləri bu ağrıların
içərisində özünü qoruya bilib. Vətən, yurd sevqisi ilə yaşayıb, ona
dönmək ümidi ilə ömür-gün keçirib.
Sözün həqiqi mənasında bu həsrəti
yaşayıb. Ancaq hər dəfə daha
ağır olanlarla qarşılaşıb. Bir deportasiya digərini əvəzləyib. Lakin bütün olanlara, olacaqlara baxmayaraq, xalq
varlığını, mövcudluğunu qoruyub saxlaya bilib.
Nəinki qoruyub saxlayıb, baş verənləri,
bütövlükdə dərdini dünyaya hayqırıb.
Ahıska bölgəsi təbii şərait
baxımından dağlıq, dağətəyi və düzən
zonalardan ibarətdir. Bu ərazi uca
dağları, sıx meşələri, məhsuldar
torpaqları və ucsuz-bucaqsız vadiləri ilə maraq
doğurur. Ahıska və Cavaxet sıra
dağları Ahıskanın ən hündür və
geniş dağ silsiləsidir. Bunlar Qafqaz
sıra dağlarına söykənir. Qədim
türk yurdu olan Ahıska bol suları və hündür
şəlalələri ilə göz oxşayır. Tarixən bu ərazilərdə məskunlaşmış
xalqlar özlərinə məxsus əlamətləri ilə
fərqlənir. Vətənə,
torpağa bağlılıq ahıskalıların etnosiyasi həyatının
ən mühüm əlamətlərindən sayılır.
Onların etnosiyasi tarixi bir istiqamətdə
etnotoponimlərində öz əksini tapıb. Hundun,
Əcərə, Salbuz, Qanlı, Fındıqlı,
Abioğlu, Persat dağları, Zediban, Hamzula, Qarasu meşələri,
Persat, Qaxqılın, Sarıqaze, Uravel yaylaları, Piri
bulağı və digər yer adlarının hamısı
türk mənşəlidir. Həmin toponimlərdə
xalqın mentalitetinə xas olan azadlıq, saflıq, gözəllik
kimi keyfiyyətlər həkk olunub. Ahıska
türklərinin etnosiyasi və etnocoğrafi tarixini müxtəlif
dövrlər üzrə təsnif etmək
mümkündür.
Türk
xalqının bir qövmü olaraq ahıskalıların
etnomədəni dəyərləri, adət-ənənələri,
insan və yer adları müxtəlif bədii nümunələrdə,
kitabələrdə, türkün anlayışı hesab edilən
«Kitabi-Dədə Qorqud», «Bilqamıs», «Manas», «Oğuz
Kağan», «Şah qızı» kimi dastanlarda əksini tapıb.
Alp-ərənlərinin mərd, mübariz
xarakteri, vətən eşqi, yurd sevqisi ahıskalılar
üçün tarixi nümunə olub. Həmin
dastanlarda qəhrəmanların dünyaya gəlişi,
azadlıq uğrunda mübarizəsi, vətənpərvərliyi
dosta dost, düşmənə qənim olması və s. amillər
ümumtürk adət-ənənəsinə mənsubluğun
nişanələridir.
Ahıska türklərinin mədəniyyəti
ümumtürk mədəniyyətinin bir hissəsidir. Gürcüstanın
cənub-qərbində yerləşən Ahıska bölgəsi
bu gün respublikanın inzibati-ərazi bölgüsündə
«Mesxetiya» adlanır. Bu xalqın
etnocoğrafi tarixi haqqında müxtəlif fikirlər
mövcuddur. Onların bir qrupunda xüsusi
olaraq vurğulanır ki, bu ərazidə qədim türklərin
ulu əcdadları sayılan "Buntürk" tayfası
yaşayıb.
Məlumdur ki, Ahıska bölgəsi XIX əsrə qədər
Osmanlı imperiyasının tərkibində olub. Tarixi hadisələr
məcrasında bu xalqların etnik tarixində müxtəlif
proseslər baş verib. Belə ki, orta
çağlarda yerli türklərin yaşadıqları
Ahıska bölgəsinə Osmanlı türklərinin
miqrasiyası başlayır. Onların bir
hissəsi yerli türklərlə
qaynayıb-qarışır. Həmin
dövrdə burada yaşayan gürcülərin bir hissəsi
könüllü olaraq türk dilini, İslam dinini qəbul edərək
etnodini assimilyasiyaya uğrayıblar. Onu da
qeyd edək ki, orta əsrlərdə Ahıska bölgəsində
əhalinin barmaqla sayılacaq hissəsini gürcülər təşkil
edirdilər. Bütün bunlar orta əsrlərdə
yerli türklərin etnik strukturuna müəyyən təsirlər
göstərib. Türklərin
etnocoğrafi mənşəyi haqqında bu mülahizələri
qafqazşünas L.Zaqurski də təsdiqləyib. Lakin gürcü tarixçiləri və
etnoqrafları Ahıska türklərinin bu ərazidə
yaşaması faktını inkar edir, onların gürcü mənşəli
olması barədə heç bir əsası olmayan məlumatlar
yayırlar. Belə ki, guya
ahıskalılar müstəqil xalq deyil, mesxlərdir. Mesxlər isə gürcülərin etnik
qruplarından biri sayılır. Elmilikdən
uzaq olan bu fikrə istinad etməklə, gürcü
tarixçilərinin bir qismi əslində türklərin həmin
ərazinin aborigen əhalisi olması faktını inkar etməyə
cəhd göstərirlər. Rusiya
imperiyasının rəsmi sənədlərində isə
ahıskalılar həm də «tatar» kimi qeyd edilib. Halbuki xalq özünü Ahıskanın ən qədim
yerli sakinləri, yəni türk sayıb.
Antik dövr tarixçiləri iddia edirlər ki,
İberiya (Gürcüstan) ərazisində Kür, Araz boyunda
müxtəlif türk mənşəli tayfa birləşmələri
hələ qədim dövrlərdən yerli sakinlərlə
konsalidasiya prosesində məskunlaşıblar. Məsələn,
tarixşünas K.V.Trever tarixi araşdırmalarında
Ahıska, Ahılkələk, Borçalı və digər ərazilərdə
türklərin antik dövrlərdən məskunlaşmasını
qeyd edir. Səlcuq sultanı Alp Arslan
1064-cü ildə Qafqazın Ahıska, Adıgün, Aspinza
(Əspincə), Ahılkələk, Boqdanovka (Hocabəy)
bölgələrinə yürüş edib. Bu yürüşün bir sıra səbəbləri
vardı. Ən birincisi pərakəndə
şəkildə olan bu türk qövmlərini bir bayraq
altında birləşdirmək idi. İkincisi
ərazinin son dərəcədə hərbi və iqtisadi
baxımdan əlverişli olması ilə bağlı idi.
Bu hələ birinci minilliyin başlanğıcında gedən
proses idi. «Lakin o zamanadək azərbaycanlılar
da orada yaşayıb-yaradırdılar». Ayrı-ayrı
türk tayfalarının burada məskunlaşmasının
tarixini mənbələr çox əski zamanlara aparıb
çıxarır. Böyük türk
hökmdarlarının müxtəlif çağlarda bu ərazilərə
səfərini isə bir türk oğlunun digər türk
oğlunun yurduna gəlişi kimi başa düşmək
doğru olar.
«Bizim eradan əvvəl Ahıska, Aspinza (Əspincə),
Adıgün, Batum, Suxum ərazilərində türk mənşəli
tayfalar yaşayıblar».
Tarixi-statistik sənədlərdən də məlum
olduğu kimi, 1829-cu ilədək bölgədə türklərdən
və gürcülərdən başqa qeyri xalqlar
yaşamırdı. Rusiya ilə Türkiyə arasında bağlanan
Ədirnə sülh müqaviləsi (1829-cu il)
nəticəsində bölgəyə müxtəlif
regionlardan ermənilərin miqrasiyası başlanır. Hakim milətçilik ideyasına xidmət edən
imperiyanın strukturları minlərlə türk ailələrini
sıxışdıraraq, onları Türkiyəyə
köçməyə məcbur edirdi. Beləliklə,
dövlət strukturları Rusiyanın cənub sərhədlərini
türklərdən və digər müsəlman
xalqlarından təmizləmək siyasəti yeridir, xristian mənşəli
tayfaların bura köçürülüb məskunlaşması
üçün regionda hər cür əlverişli şərait
yaradırdı. Ədirnə sülh
müqaviləsinin şərtləri həmin ərazidə
Rusiyanın təsirini gücləndirir, bura xarici dövlətlərdən
ermənilər, Krımdan və Volqa boyundan yüzlərlə
rus ailələri köçürülüb gətirilir.
Digər tərəfdən, regionda etnik tərkibin
xristian əhali hesabına dəyişməsi yerli
ahıskalıların qədim adət-ənənəsini,
milli mədəniyyətini yad təzyiqlərə məruz
qoyurdu. Həmin reallıqlar tədqiqatçıların
uydurmalarından fərqli olaraq, milli tarixçilərimiz tərəfindən
daha obyektiv işıqlandırılır.
Ahıska türkləri Azərbaycanda məskunlaşdığı
yaxın 60 ildə nə milli azlıq, nə də etnik qrup
kimi mənəvi ayrı-seçkiliyə məruz
qalmayıblar.
Bu, ilk öncə azərbaycanlılarla
ahıskalıların türk mənşəli olması ilə
bağlıdır. Digər tərəfdən,
Azərbaycanda azlıq təşkil edən etnoslar aborigen
çoxluq əhali tərəfindən daim himayə edilib”.
Araşdırmaçı
bildirir ki, Ahıska türkləri ilə bağlı
olayları sırf obyektivliklə qiymətləndirən tədqiqatçılar
da var: “Onlar tarixi faktları, deportasiya hadisəsini, baş verən
siyasi faktları sırf elmi mövqedən izah edirlər. Tədqiqatçılardan G.X.Paneş və
L.B.Ermolov etiraf edirlər ki, Azərbaycanda məskunlaşan
ahıskalıların vəziyyəti daha yaxşıdır.
Burada onları etnik mənşəyinə və adət-ənənələrinə
görə gəlmələr deyil, bir türk kimi qəbul
ediblər.
Müəlliflər həmçinin göstərirlər ki,
tarixən formalaşmış Türkiyə-Azərbaycan
münasibətləri də onların yerli əhali tərəfindən
səmimi qəbul olunmasına psixoloji cəhətdən az kömək etməyib. Azərbaycan
türklərinin mühitində ahıskalılar
qarşılıqlı təsir şəraitində öz mədəniyyətlərini
qoruyub saxlaya biliblər. Ahıskalıların
Azərbaycanla bağlılığını çox
aydınlıqla izah edən bu tədqiqatçılar
bütövlükdə məsələnin mahiyyətini dərk
ediblər. Doğrudan da, eyni mənşəyə
malik olan bu iki türk qövmünün arasında heç
bir problem olmayıb. Əksinə, ən
ağır məqamında, tarixin ağır dönəmlərində
onlar bir-birinə dayaq durublar. Son
dövrün hadisələri də bunu təsdiqləyir.
Və bütövlükdə bu iki xalq
böyük türk mədəniyyətinin inkişafına
xidmət etsələr də, ayrılıqda özünəməxsusluqlarını
da qoruyub saxlaya biliblər”.
1918-ci il oktyabrın 30-da Türkiyə
üçün ağır şərtlərlə nəticələnən
«Mudros» sazişi ahıskalıların taleyində ağır
iz buraxdı: “Qars, Ərdahan, Batum, Naxçıvan, Ahıska,
Ahılkələk, Ağbaba, Borçalı türkləri
demək olar ki, öz mübarizələrində Türkiyənin
maddi-mənəvi yardımından məhrum oldular. Lakin yerli türk əhalisi hürriyyət və
istiqlal mübarizə bayrağını yerə qoymadı,
birləşməyə, təşkilatlanmaya
üstünlük verdilər. Bu qətiyyətli hərəkat
sayəsində «Ahıska Hökuməti-Müvəqqətəsi»,
«Araz Türk Hökuməti», «Qars İslam Şurası», «Milli
Şura Hökuməti» və nəhayət «Cənubi-Qərbi
Qafqaz Hökuməti Müvəqqətəsi-Milliyəsi»
adlanan türk respublikaları qurulur. Əlamətdar
haldır ki, həmin respublikalar Qarsın, Ahıskanın,
Çıldırın, Ərdahanın,
Naxçıvanın, Poshofun ruslardan xilas olunmasında
iştirak ediblər. Bunlar hamısı
yeni şəraitlə barışa bilməyən Rusiyanın
işğalçılıq siyasətinə əhalisi birmənalı
şəkildə müxtəlif birliklərdə, təşkilatlarda
birləşərək mübarizəni davam etdirirdilər.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 20 fevral.-
S.13.