Çərşənbələrlə
bağlı ənənələr
I yazı
Novruz iri bir mərasim kompleksidir. Bu kompleksə
daxil olan mərasimlərin əsas hissəsini Novruz bayramı gününə
– Yeni ilin ilk gününə qədərki
ilaxır çərşənbə
mərasimləri təşkil
edir. Qeyd edək ki, bu çərşənbələr
təkcə köhnə
ilin yola salınması baxımından
deyil, həm də elmi mübahisələrə
səbəb olması
baxımından diqqətçəkicidir.
Çünki son onilliklərdə Novruz bayramının xalqımızın həyatında
yeri və rolu artdıqca ilaxır çərşənbələrlə
bağlı mübahisələr
də böyüməkdədir.
Bu mübahisələrin əsas məzmun və mahiyyəti həmin çərşənbələrin
adları ilə bağlıdır. Lakin bu mübahisələrin ən
faydalı cəhəti
ondan ibarətdir ki, polemikalar, mübahisələr fonunda
Novruz bayramı ilə bağlı çoxlu maraqlı faktlar, tədqiqatlar meydana çıxır.
İlaxır çərşənbələrin sayı 4-dür. Bu, ən
geniş yayılmış
xalq inancıdır.
Belə inanc mətnlərindən
birində deyilir ki, qışda hər şey yatıb donur. Yaz gəlib dörd dəfəyə bunları
ayıldır. Bunların ayılması
Novruz bayramında olur. Ona görə də
Novruz bayramı dərd həftədir.
Bu dörd çərşənbə
xalq təqvimində qışın son ayı
olan Boz ayın dörd çərşənbəsidir. Xalq təqvimində də qışın müddəti
3 aydır. Əvvəlcə
dekabrın 20-dən yanvarın
30-dək davam edən
40 günlük Böyük
çillə, ardı
ilə fevralın 1-dən
20-dək davam edən
Kiçik çillə,
sonda fevralın 21-dən
martın 21-dək davam
edən Boz ay gəlir. Boz ay həm qışın,
həm də ilin son ayıdır.
Onun 4 çərşənbəsi köhnə
ilin sonu – yeni ilin ərəfəsi
kimi xalq içərisində əlamətdar
günlər kimi xüsusi fərqləndirilir
və qeyd olunur. Bəzi bölgələrdə xalq təqvimindəki Boz ayın 4 çərşənbəsi ilə
bərabər onlardan əvvəlki 3 çərşənbə
də əlamətdar
hesab olunur və onların da öz adları
var.
Qeyd edək
ki, tədqiqatçılar
bu adlar barəsində öz aralarında mübahisə
edərkən bəzi
hallarda Novruzun folklor düşüncəsi
olduğunu, folklorun da əsas xüsusiyyətinin
variantlılıq olmasını
diqqətdən kənarda
qoyurlar. Fərqanə Kazımova qeyd
edir ki, folklorda çoxvariantlılıq
əsas xüsusiyyətlərdən
biridir. Hətta kiçik bir
məhəllədə bir
neçə variantın
olması təbii və düzgündür.
Bu müstəvidən çıxış etsək,
Novruz bayramının
qeyd edilməsinə dair müxtəlif variantların olmasını
da təbii qəbul etməliyik.
Göründüyü kimi, şifahi düşüncədə yaşayan
mətn müxtəlif
folklor mühitlərində
dəyişmələrə məruz qalır. Məsələn, hətta adı bəlli məşhur aşıqların sevilən
şeirləri aşıqlar
arasında yayıldıqca
onların fərqli variantları yaranır.
Novruz bayramı da öz tipologiyasına görə folklordur və variantlaşma onun ruhundadır. Bu amilə bağlı
olaraq ilaxır çərşənbələr, onların adları, bu adlara uyğun
sıralanmalara müxtəlif
bölgələrdə fərqli
şəkildə rast
gəlmək mümkündür.
Bayramın ümummilli səviyyəsi
onun milli səviyyələrinin ümumiləşdirilməsini,
vahid sistemə salınmasını tələb
edir. Fərqanə Kazımova ümumiləşdirmə
zərurətinin folklorun
çoxvariantlılıq xüsusiyyətindən
doğduğunu vurğulayaraq
yazır ki, ədəbi, eləcə də bütün ictimaiyyətin nəzər-diqqətinə
çatdırılan konkret
mərasim (Novruz mərasimi – S.Q.) toplanmış
materiallar əsasında
ümumiləşdirilmiş formadır. Dünya ictimaiyyətinin də
diqqətinə ümumiləşdirilmiş
formanın çatdırılması
çox düzgündür.
Tədqiqatlara gəldikdə isə
hər bir bölgəni ayrıca araşdırmaq gərəkdir.
Belə bir ümumiləşdirmə-sistemləşdirmə
işini ilk dəfə
folklorşünas Azad Nəbiyev
aparıb, “İlaxır
çərşənbələr” adlanan kitabçasında bu dörd çərşənbəni
aşağıdakı adlar
altında bu ardıcıllıqla sıralayıb:
– Su çərşənbəsi;
– Od çərşənbəsi;
– Yel çərşənbəsi;
– Torpaq çərşənbəsi.
Müstəqillik dövründə televiziya
və radiolar Boz ayın bu
4 çərşənbəsini (bəzən müəyyən
yerdəyişmələrlə) göstərilən adlar altında ardıcıl olaraq qeyd etməyə
başladılar. 2008-ci ildə
Bəhlul Abdulla və
Tofiq Babayevin tərtibatı ilə buraxılmış “Novruz
Bayramı Ensiklopediyası”nda
da bu adlar
təsbit olunub. Ensiklopediyada deyilir: “Boz ayda qeyd
olunan dörd ilsonu çərşənbələr
öz mərasim və ayinlərinin zəngin və təmtəraqlı olması
ilə həmişə
seçilib, elə bundan belə də seçiləcək.
Sonuncu dörd çərşənbənin
məxsusi adları olub. Bu adlar
elə indi də var. Xalq arasında, el içində
bu adlar “Əzəl çərşənbə”
(“Yalançı çərşənbə”,
“Müjdəçi çərşənbə”
də deyilir), “Kül çərşənbə”,
“Gül çərşənbə”,
“İlaxır çərşənbə
şəklindədir. XX əsrin 80-ci illərinin axırlarından “abi-atəş-xaki-bad”ın
təsiri ilə Boz ayın dörd
çərşənbəsi “Su çərşənbəsi”, “Od çərşənbəsi”,
“Torpaq çərşənbəsi”,
“Yel çərşənbəsi”
adıyla da tanınmaqdadır.
Ramazan Qafarlı
bu 4 çərşənbənin
keçən əsrin
80-ci illərinin ikinci
yarısından başlayaraq
televiziya və radiolar tərəfindən
xüsusi qeyd olunmasının tarixçəsi
haqqında yazır ki, o zaman BDU-nun Folklor kafedrasında çalışırdım. Mərhum
professor Azad Nəbiyevlə birlikdə dünyanın yaranmasında iştirak edən dörd ünsürlə (su, od, torpaq,
yel) bağlı qədim inancları, atalar sözü və məsəlləri toplayıb ilk dəfə
1987-ci ilin fevral ayından başlayaraq hər çərşənbə
günü “Kommunist” qəzetində su, od, torpaq və
yelə aid çoxlu materiallar çap etdirdik. Bu təşəbbüs
gözləmədiyimiz maraqla
qarşılandı, o vaxtdan
çərşənbələri ünsürlərlə qeyd
etmək ənənə
halını aldı.
1988-ci ildə “Əzəl çərşənbələr”
adında bir toplu da buraxdıq. Bundan sonra hər il Novruzla bərabər dörd çərşənbə
də bu adlarla qeyd olunmağa başladı. Bir
vaxtlar “Əkinçi” qəzetində belə bir məlumat dərc
olunmuşdu ki, ötən çağlarda yazqabağı
çərşənbələrdə təntənələr
ab, atəş, xak və bada həsr olunurdu. Biz bu məlumata əsaslanaraq rituallar sistemini bərpa
etməyə təşəbbüs göstərmişdik.
Sonra mütəxəssis və həvəskarların
bu məsələ ətrafında mübahisələri
KİV-lərə yol tapdı. Çərşənbələrin
ardıcıllığını hərə bir cür
yozmağa başladı. Müxtəlif
konsepsiyalar irəli sürdülər. Əslində,
çərşənbələrin adları ideyasının
xalqa elm adamları tərəfindən ötürülməsinin
heç bir ziyanı yox idi. Novruzun
yaradılış, törəyiş, uğur, bərəkət
bayramı olmasını elm sübut edir. Biz
dünyanın yaranışının mifoloji modelinin tədqiqinə
əsaslanaraq ilkin ünsürlərlə bağlı
inancları gündəmə gətirmişdik.
Qeyd edək
ki, dörd ünsürlə bağlı mifologiyada, folklorda
çox geniş və zəngin faktlar var. R.Qafarlı
başqa bir kitabının “Azərbaycanda yazqabağı
rituallar” adlanan yarımfəslində və ayrıca bir məqaləsində
həmin fakt-mətnləri dörd çərşənbə
ilə əlaqədə əhatəli şəkildə
ümumiləşdirib.
Son
dövrlərdə rəsmi adlanmaya (Su, Od,
Külək, Torpaq çərşənbələri) etiraz
olunur. Etirazın əsas məzmun və mahiyyəti bundan ibarətdir
ki, ilaxır çərşənbələrin “Su çərşənbəsi”,
“Od çərşənbəsi”, “Torpaq çərşənbəsi”,
“Yel çərşənbəsi” adları altında qeyd
olunması düzgün deyil. Bu adlar Şərqdə məşhur
olan dörd ünsürün [ab (su)-atəş (od)-xak (torpaq)-bad (yel, külək)] adına
uyğun olaraq sonradan süni şəkildə düzəldilib
və xalq ilaxır çərşənbələri
heç vaxt bu adlarla adlandırmayıb. Məsələn,
Güllü Yoloğlu bu adlara qarşı kəskin şəkildə
etiraz edərək yazır ki, çərşənbələrin
dörd ünsürlə adlandırılması məsələsini
ortaya atan alimlər “ab, atəş, xak, bad” (heç biri
türk sözü deyil – G.Y.) fikrinə dayanaraq, insanın bu
dörd ünsürdən yaranmasına əsaslanaraq çərşənbələri
də su, od, torpaq, yel deyə dörd yerə
bölürlər... Lakin bu dörd
ünsürün sıralanmasında da alimlərimiz fərqli
fikir nümayiş etdirirlər. Onu da qeyd edək ki,
türkün mifik təfəkküründə insanın var
oluşunda dörd ünsür deyil, beş
ünsür böyük rol oynayır. Bunlardan
beşincisi dəmirdir.
Bəhlul
Abdulla da bu adlandırmanı düzgün hesab etməyərək
yazır: “Amma bir müddət var ki, “abı-atəş-xaki-bad”ın
təsiri ilə Boz ayın dörd çərşənbəsi
“Su çərşənbəsi”, “Od çərşənbəsi”,
“Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”
adıyla deyilir, yazılır, təbliğ olunur. Bu cür adlara biz mifoloji fikrimizdə də, filoloji
fikrimizdə də tuş olmuruq”.
Ramin
Allahverdiyev bu barədə fikirləri ümumiləşdirərək
çərşənbələrin “Su çərşənbəsi”,
“Od çərşənbəsi”, “Yer çərşənbəsi”
və “Yel çərşənbəsi” kimi təqdim edilməsini
aşağıdakı beş arqumentlə inkar edir. Birincisi, sadə məntiqə əsasən fəlsəfi
(və yaxud dini-fəlsəfi, dini) təfəkkürün məhsulu
olan istənilən fəlsəfi (və yaxud dini-fəlsəfi)
konsepsiya özündən əvvəlki təfəkkür
(mifoloji təfəkkürün) mərhələsinin məhsulu
olan ritual-mifoloji köklərə malik çərşənbələrin
əsasında dayana bilməz. İkincisi,
çərşənbələrin sayı el arasında (tədqiqatçıların
da qeyd etdikləri kimi) dörd yox, yeddidir. Belə
olduğu halda dörd ünsürün üstünə
üç əlavə ünsür də gəlmək
lazımdır.
Üçüncüsü,
Novruz bayramı və çərşənbələrlə
bağlı ritual-mifoloji görüşlərin, inamların
cəmləşdiyi mifoloji mətnlər və digər folklor
materiallarında, demək olar ki, ancaq su və od
simvolu əksini tapır. Yəni ritual simvolu kimi
torpaq və yel elementləri yoxdur. Ümumiyyətlə,
çərşənbə ritualları, inancları,
görüşləri ilə bağlı əlimizdə olan
bütün mifoloji və digər folklor mətnləri
göstərir ki, çərşənbələrdə əsasən
iki element su, od ünsürü əksini
tapır. Bu məqam Y.V.Çəmənzəminlinin
də diqqətini cəlb edib. O, yazır “Ənasiri-ərbəə
(dörd ünsür – S.Q.) deyilən bu dörd amil
xalqımızın arasında təqdis olunur. Bunların
içində böyük bir qüdsiyyət daşıyan od və axar sudur. Ocağa və
çırağa and içərlər, suyu murdarlamazlar.
Novruza yaxın çərşənbələrdə sabah erkən
axar su üstə çıxarlar, çillə kəsdirərlər
və i. a.”.
Torpaq və yel ünsürü demək olar ki, bu mətnlərdə
ümumiyyətlə, əksini tapmır. Bu da çərşənbələri
“Yer çərşənbəsi” və “Yel çərşənbəsi”
kimi adlandırmağın əsassız olduğunu göstərən
fakt təsiri bağışlayır. Düzdür,
yellə bağlı ayrıca “Yel baba” kimi mərasimlər var
(taxıl məhsul yığımı və digər təsərrüfatçılıqla
bağlı mərasimlərdə qeyd olunur). Lakin bu o demək deyil ki, hansısa Novruzla əlaqəsi
olmayan mövsüm mərasimini çərşənbələrə
aid etmək olar. Eləcə də torpaqla
bağlı hansısa əski inamların olması çərşənbə
rituallarını bu cür adlandırmağa əsas vermir.
O ki qaldı, od və su ünsürlərinə
hər iki element demək olar ki, bütün çərşənbələrdəki
ayinlərdə, mifoloji görüşlərdə əksini
tapır və hər iki element ritual simvolu statusunda
çıxış edir.
Dördüncüsü, demək olar ki, eyni ünsür
bütün çərşənbə rituallarında
iştirak edir.
Məsələn, bütün çərşənbələrdə
tonqal qalandığına görə, çərşənbələrdən
birinə “Od çərşənbəsi” adı vermək,
ümumiyyətlə, absurddur. Deməli, bütün
çərşənbələrdə, demək olar, eyni ilə
əksini tapan bu elementlərin şərəfinə (bu və
ya digər dərəcədə çox və ya az olmasına baxmayaraq) çərşənbələri
adlandırmaq da məntiqsizdir.
Beşincisi, ən əsası bu və ya digər ənənəni
təqdim etmək yalnız və yalnız etnosun, xalqın
özünün ixtiyarındadır. Xalq özünün çərşənbələrini
“Əzəl çərşənbə”, “Müjdəçi
çərşənbə” “Ölü çərşənbəsi”
, “İlaxır çərşənbə”, və s. bu kimi
adlarla təqdim edirsə, onu elə bu cür də qəbul
edib təbliğ etmək lazımdır.
S.Qasımova
araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 23 fevral.- S.14.