Orta əsrlərdə Azərbaycanda tibb
XV əsrdə Güney
Azərbaycanda 60-dan çox iri xəstəxana vardı
Azərbaycan hökmdarı Sultan Özbəyin (XII) şəxsi
həkimi olmuş Cəlaləddin Təbibi dövrünün
ən tanınmış təbiblərindən biri kimi ad
çıxarmışdı. Bu həkim barədə Sultan belə
yazır: “Mənim həyatımı saxlayan bu adamdır. O,
yalnız xəstələrin möcüzəli şəfavericisi
deyil. O, xəstəliyi əvvəlcədən təyin edir və
o dərəcədə dava-dərman hazırlayır ki, onlar
tam mənasında müalicə edir ... Onun varlığı
insanlara hədsiz xeyir verir və sonralar ona bənzər həkim
yetişməyib”.
XIV əsrdə
Azərbaycanda Əbdülməcid Təbib, Nəmvar Təbrizi
kimi alim və həkimlərin fəaliyyət göstərdiyini
diqqətə çatdıran F.Ələkbərlinin sözlərinə
görə, 1311-ci ildə Azərbaycan alimi Yusif İsmail
oğlu Xoyi “Bağdad toplusu” adında kitab yazmışdı.
Bağdad hökmdarının sifarişi ilə
yazılmış bu kitabda bir neçə min təbii dərman
vasitələri, dərman bitkiləri, minerallar, heyvan mənşəli
dərmanlar, çoxkomponentli dərmanlar haqqında bəhs
olunur. Alim İbn Kəbir təxəllüsü
ilə də tanınırdı. XV əsrdə
təkcə Güney Azərbaycanda 60-dan çox iri xəstəxana
vardı. Onların ən möhtəşəmi
Sultan Yaqub Ağqoyunlunun (1478-1490) Təbrizdəki “Yeddi Cənnət”
sarayında yerləşirdi. Bu xəstəxanada eyni
vaxtda minə yaxın adam müalicə
oluna bilərdi. Həkimlər 900-ə yaxın
dərman bitkisindən istifadə edirdi. Xəstəxananın
nəzdində olan əttar dükanında (aptekdə)
dünyanın müxtəlif ölkələrindən, o
cümlədən, Hindistan və Çindən gətirilmiş
dərman bitkiləri satılırdı”.
Müəllif hazırda Əlyazmalar İnstitutunda ənənəvi
tibbə aid çox sayda əlyazmanın qorunduğunu bildirməkdədir. Bu əlyazmalar
orta əsrlərdə Azərbaycanda mövcud olan ənənəvi
tibb haqqında məlumat əldə edə bilməmiz
baxımından əvəzsiz mənbədir. Onların öyrənilərək elmi ictimaiyyətin
diqqətinə çatdırılması sahəsində əmək
sərf edən alimlərin demək olar, hamısı
Əlyazmalar İnstitutunda çalışır və əgər
söhbət ənənəvi tibbin tədqiq tarixindən
gedirsə, onların adını və ərsəyə gətirdikləri
elmi əsərlərin adını ilk sırada çəkmək
lazımdır. Bu baxımdan “Xalq təbabətinin izi ilə”
kitabının müəllifi, eləcə də “Xalq təbabəti
xəzinəsindən” kitabının tərcüməçisi
və tərtibçisi Nəsib Göyüşovun,
1990-cı ildə Məhəmməd Şirvaninin “Tibbnamə”sinin
mətnini çapa hazırlayaraq nəşr etdirən
M.Sultanov, F.Fərzəliyev, F.Ələkbərov və A.
Ramazanovun, Məhəmməd Mehdi ibn Şərifin
“Zadül-müsafirin” əsərini tərcümə edərək
çapa hazırlayan K.Abdullayevin adlarını çəkə
bilərik.
“Xalq təbabəti” kitabının tərtibçiləri
Yusif İsrafil oğlunun və Rəşid İsmayıl
oğlunun, eləcə də “Kirpi piyi, yarpız iyi, mərcimək. Türkəçarə”
kitabını tərtib edən və ona “Ön söz” yazan Sərdar
Məmmədovun da adlarını qeyd etmək lazımdır.
F.Ələkbərli 1991-ci ildə Mirməhəmməd
Möminin “Töhfətül-Möminin” (1669-cu il)
əsərini rus dilinə çevirərək, onu
özünün yazdığı şərhlərlə nəşr
etdirib. 1992-ci ildə ortaya rus dilində orta əsrlərdə
və günümüzdə Azərbaycanda istifadə edilən
bitkilərin müqayisəsindən bəhs edən çox dəyərli
tədqiqat əsərini qoyub. Həmin əsərdə
XIII-XX əsrləri əhatə edən geniş bir zaman
içərisində ölkəmizdə istifadə edilmiş
yüzlərlə müalicəvi bitki haqqında məlumat
verilməkdədir.
Tədqiqatçının
1991-ci ildə daha bir kitabı – rus dilində qələmə
aldığı 2 cildlik “Şərqin 1001 sirri” adlı
kitabı işıq üzü görüb. Eyni
müəllifin tərcümə və tərtib edərək
“Ön söz” yazdığı başqa bir əsər isə
ənənəvi təbabətdə cinsi xəstəliklərlə
bağlı müalicə metodlarına həsr edilib. “Şərq təbabəti cinsi həyat haqqında”
adlı bu kitab 1993-cü ildə nəşr edilib. 1994-cü ildə isə onun Azərbaycandakı ənənəvi
təbabətə həsr etdiyi və ingilis dilində qələmə
aldığı daha bir kitab (Orta əsrlər Azərbaycanında
sağlamlığın mühafizəsi) işıq
üzü görüb. Elə həmin il
F.Ələkbərlinin “Şərq təbabəti və milli
xörəklərimiz” adlı kitabı nəşr edilib və
“Elm” nəşriyyatında onun tərcümə və tərtib
edərək, ön söz yazdığı “Şərəbnamə”
adlı daha bir kitab çap edilib.
1999-cu ildə rus dilində nəşr etdirdiyi “Orta əsrlər
Azərbaycanında sağlamlığın mühafizəsi
(XVIII əsr)” və 2001-ci ildə ana dilimizdə nəşr
edilən “Şərqdə ailə və nigah” adlı
kitabları ökəmizdə ənənəvi tibbin tarixindən
bəhs edən ən yaxşı kitablar
sırasındadır. 2002-ci ildə A.Fərzəliyev ilə birlikdə Məhəmməd
Yusif Şirvaninin “Tibbnamə” və Məhəmməd
Möminin “Təhfətül-möminin” əsərlərini
rus dilinə tərcümə edərək və ona ön
söz yazan F.Ələkbərlinin eyni ildə işıq
üzü görən “Orta əsrlər əczaçılq
terminləri lüğəti”ni də mütləq bu
sıraya daxil etmək lazımdır.
“Azərbaycan
tibbinin xronologiyası” adlı məqaləsində
yazılanlardan aydın olur ki, “XVII-XVIII əsrlərdə
Murtuzaqulu Şamlu (cinsi xəstəliklər),
Əbülqasım Marağayi (ümumi tibb), Həsən Rza
oğlu Şirvani (əczaçılıq), Hacı
Süleyman İrəvani (əczaçılıq) tibb və əczaçılıq
üzrə bir sıra qiymətli əsərlər yaratdı.
Onlar öz kitablarında 724 dörd növ dərman
bitkisindən xəbər verirlər. XVIII əsrdə
- xanlıqların bir-biri ilə apardığı arasıkəsilməz
müharibələr nəticəsində bir çox xəstəxanalar,
apteklər və tibb məktəbləri
dağıdıldı. Elm, o cümlədən
tibb elmi dərin böhran keçirirdi. XIX
əsrin əvvəllərində Azərbaycanın şimal
xanlıqları (Şirvan, Bakı, Naxçıvan,
Qarabağ, İrəvan, Quba, Talış, Şəki, Dərbənd
və s.) Rusiya tərəfindən
işğal olundu, güneydə olan xanlıqlar isə (Təbriz,
Ərdəbil, Xoy və s.) İranın
tam nəzarəti altına keçdi. O dövrdən bəri
Quzey və Güney Azərbaycanda tibbin inkişafı müxtəlif
istiqamətlərdə davam etdi. Rus hakimiyyəti
dövründə bütün Güney Qafqazda rus əczaxanaları
və xəstəxanaları açıldı. Buna baxmayaraq, 1920-ci ildə Sovet hakimiyyətinin
qurulmasına qədər Quzey Azərbaycanda əttar
dükanları deyilən ənənəvi Şərq aptekləri
də mövcud idi. Güney Azərbaycanda
isə keçmişdə olduğu kimi, Şərq əczaxanaları
və xəstəxanaları əksəriyyət təşkil
edirdi.
F.Ələkbərlinin fikrincə, Azəbaycanda tibb
tarixinin araşdırılmasının təməlini qoyan
şəxs Əbdülxaliq Axundov olub. Bu Azərbaycanlı alim
Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur
əczaçılıq ensiklopediyasını fars
dilindən alman dilinə tərcümə etməklə məşhurdur.
“XIX əsrin ikinci yarısından başlayaraq
Azərbaycan xalq təbabətinin öyrənilməsində və
təbliğ edilməsində” bir çox “azərbaycanlı
müəllifin böyük rolu olub. “Bu cəhətdən
Həkim ağanın “Gwney Qafqaz tatarları (azərbaycanlıları
– F.V.) arasında yaraların müalicəsi haqqında”, Rəşid
bəy Əfəndiyevin “Qutqaşen (indiki Qəbələ) kəndinin
və Nuxa qəzasının xalq təbabəti haqqında”, Həsən
bəy Zərdabinin “Əkinçi” və “Kaspi” qəzeti səhifələrində
çap olunmuş silsilə məqalələri və “Torpaq,
su və hava”, “Bədəni salamat saxlamaq düsturuləməlidir”,
“Gigiyena” kimi əsərlərində Azərbaycan xalq təba¬bətinin
müxtəlif problemləri haqqında verdikləri məlumatlar
milli kadrların xalq təbabətinə münasibətindən
soraq verir. Azərbaycan xalq təbabəti ənənələrinin
öyrənilməsində, təbliğində, səhiyyəmizin
mövcud durumunun müəyyənləşdirilməsində
XX əsrin 20-ci illərində (1923-cü ildə) yaradılan
Azərbaycanı Tədqiq edən və Öyrənən Cəmiyyətin
(Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin)
də böyük xidmətləri olub. Cəmiyyətin
nəzdində yaradılan “İctimai təbabət və
gigiyena komissiyası” ətrafında toplaşan alim-həkimlər
və xalq təbabəti biliciləri top¬ladıqları
materialları vaxtaşırı cəmiyyətin “Xəbərlər”ində
dərc etdirir, xalq təbabətinə aid fikir və
mülahizələrini burada şərh edirdilər.
Bunların içərisində Ş.Həsənovun
informasiya səciy¬yəli məqaləsində Azərbaycanda
xalq təbabətinin mövcud vəziyyəti, bir çox
bitkilərin müalicəvi əhəmiyyəti və s.
haqqında verdiyi məlumatlar faydalıdır”.
Müasir dövrdə ənənəvi tibb tarixinin tədqiqindən
danışarkən, F.Ələkbərlinin müxtəlif
dövrlərdə “Azerbaijan International” jurnalında ingilis
dilində nəşr etdirdiyi bir neçə məqaləsinin
də adını xüsusi çəkmək lazımdır. Bunlardan
birincisi indiyədək, demək olar ki, öyrənilməmiş
bir sahəyə - musiqi ilə müalicə üsullarına həsr
olunmuş “Musiqi terapiyası” adlı məqalədir. Məqalədə alim bildirir ki, “əsrlər
öncə həkimlər musiqinin qüdrətinə çox
yaxşı bələd idilər. 7 əsr öncə
Azərbaycan alimi Səfiyəddin Urmiyyəvi (XIII əsr) elmi əsərlər
yazıb, “Şərəffiyyə” və “Musiqi tonları
kitabı” əsərlərində musiqinin müalicəvi
qüdrəti barəsində fikirlərini
açıqlayıb”. Onun sözlərinə
görə, “İran və digər ərəb ölkələrində
Səfiyyəddin Urmiyyəvi “Muğamın atası” hesab
olunur. O, bu janrda elmi nəzəriyyə yaradan, musiqi
terminologiyası işləyib hazırlayan və modal
qammaları müəyyən edib onları tədris edən
ilk insan olub. O, musiqinin insan sağlamlığına müsbət
təsiri haqqında yazıb. Bundan sonrakı əsrdə
digər Azərbaycan musiqiçisi Əbdül-Qədir
Marağayi (1353-1433) onun işini davam etdirib”.
Tədqiqatçının eyni jurnalda dərc edilmiş
“Ətirlərlə müalicə” adlı məqaləsi isə
adından da göründüyü kimi, xalq təbabətində
geniş istifadə edilən aramoterapiyaya həsr edilib. Alim bu məqaləsində
yazır: “Azərbaycan əlyazmalarına əsasən o vaxt
aromaterapiyada ən azı 60 bitki ədviyyəsi işlədilib.
Hətta bugünkündən fərqli olaraq o
zaman ətirli heyvan ədviyyatından da istifadə edilirdi.
Sənədlərimizdə onların 8-nin
adı çəkilir”.
Eyni
müəllifin “Qədim şərablar” adlı məqaləsində
isə şərabla müalicədən söhbət
açılır: “Məşhur Azərbaycan alimi və
Güney Azərbaycanda yerləşən (indi İranda)
Marağa rəsədxanasının banisi Nəsrəddin Tusi
(1201-1274) yazırdı: “Ağıl və ayıqlıqdan
yaxşı cəhət, ağılsızlıq və
içkiyə aludə olmaqdan isə qorxulu bəla yoxdur”. Lakin buna baxmayaraq orta əsrlər alimləri
müalicəvi tədbirlər üçün şərabın
xüsusi növlərini məsləhət görürdülər.
Qərbdə daha çox Avisenna kimi tanınan və ilk
müfəssəl elmi-tibbi əsər olan “Tibb qanunları” əsərinin
yaradıcısı İbn Sina (980-1137) göstərirdi:
“Əlbəttə ki, şərabdan qədərində istifadə
mədə və digər orqanlar üçün xeyirdir,
lakin ondan həddən artıq istifadə zərərli və
təhlükəlidir. Siz dönə-dönə içkili
şəxslər görmüşsunüz və onlara
qarşı nifrət hiss etməyinizdə haqlı
olmuşsunuz”.
Müalicəvi şərablardan söhbət açan F.Ələkbərli daha sonra yazır: “Şərablardan tibbi məqsədlərdə də istifadə olunur. Məsələn, Yusif Xoyi (1311) göstərir: “Tibbi şərabın kiçik dozaları hissiyyat üzvlərini və bütün bədəni möhkəmlədir. Tibbi şərablar kədər, sıxıntı və ruh düşgünlüyünə qarşı yaxşı dərmandır. Onlar hirs və əsəbiliyi azaldır, insanlan daha cəsur və əliaçıq edir və bir neçə zəhərin təsirini aradan qaldırır. Su qatılmış şərab soyuqdəymə və qızdırmaya qarşı yaxşı dərmandır”.
Nübar Həkimova
bilologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
25 fevral.- S.14.