Ahıska türkləri
1989-cu il
Fərqanə hadisələri...
V yazı
Araşdırmaçı
Sevil Piriyeva 1989-cu il Fərqanə hadisələri və
Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının
ikinci mərhələsi ilə bağlı bildirir ki,
“Ahıska türklərinin Azərbaycana köçməsinin
və burada məskunlaşmasının, eləcə də mədəni
inkişafının real səbəblərinə
aydınlıq gətirmək üçün XX əsrin
70-80-ci illərində Fərqanə bölgəsində cərəyan
etmiş etnososial və etno-siyasi proseslərin mahiyyətini və
əsas istiqamətlərini nəzərdən keçirmək
mühüm əhəmiyyətə malik məsələlərdən
biridir. Başqa sözlə, Fərqanə
vadisində iqtisadi və sosial strukturların uzun sürən
böhranının etnik səbəblərini, etnomədəni
və etnopsixoloji amillərin nəzərə alınması
şərtilə bu regionda əhalinin və əmək
resurslarının təkrar istehsalı mexanizmini açıb
göstərmək olar. 70-80-ci illərdə
burada baş vermiş sosial-siyasi proseslərdə etnik və
dini amilləri araşdırmaq həmin bölgədə faciələrlə
üzləşmiş Ahıska türklərinin o dövrdə
etnosiyasi durumunun öyrənilməsində mühüm
metodoloji əhəmiyyət kəsb edir. Fərqanə
vadisinin sosial və etnodemoqrafik durumu, burada gedən demoqrafik
proseslər, əhalinin həyat səviyyəsi və gəlirləri,
əhalinin məşğulluq strukturu kimi komponentlərin
qısaca da olsa nəzərdən keçirilməsi Ahıska
türklərinin tarixinin bu kəsiminin mürəkkəb və
ayrılmaz hissəsinə aydınlıq gətirmiş
olardı.
Orta
Asiyanın ən qədim tarixi bölgələrindən biri
olan Fərqanə vadisinin nisbi coğrafi təcrid vəziyyətində
olması (bu amillərdən yalnız biridir) çox güman
ki, onun etnik tarixində, eləcə də regionun əhalisinin
maddi və mənəvi mədəniyyətinin
formalaşmasında xüsusi cəhətlər kəsb edib. Müasir mərhələdə bütün
dünyada, o cümlədən postsovet məkanında
yaşayan xalqların milli mənlik şüurunun gücləndiyi
bir zamanda millətlərarası problemin öyrənilməsi
xüsusi əhəmiyyət daşıyır. «Kommunizmin son fazası olan millətçilik»
(A.Mixnik) hazırda daha çox aktuallıq kəsb edən nəzəri
araşdırmalar obyektinə, müasir etnosiyasi proseslərin
mühüm mexanizminə çevrilib. Bu
baxımdan götürüldükdə, XIX əsrin sonu, XX əsrin
əvvəlində Fərqanədə baş vermiş
etnosiyasi proseslərin tarixi-siyasi səbəblərinin
araşdırılması bugünkü reallıqları
öyrənmək baxımından müstəsna rol
oynayır.
Doğrudur, biz bu problemə dərindən, geniş
toxunmaq fikrində deyilik. Lakin bunu deməyi özümüzə borc bilirik ki,
Kokand xanlığının Rusiya tərəfindən
işğalı və kapitalizmin inkişafı ilə Fərqanə
vadisində etnik proseslərin məcrasında üzə
çıxan problem, təəssüf ki, SSRİ-nin
dağılmasından sonra daha konfliktli şəkildə təzahür
edib, sonradan digər azsaylı etnik birliklər kimi bu regiona
sürgün olunmuş Ahıska türklərinin taleyində
də faciəli izlər buraxıb”.
Digər
tərəfdən, sovet cəmiyyətinin permanent
böhranı özünün yüksək nöqtəsinə
çatmışdı: “Böhran çoxdan bəri gizli xəstəlik
şəklində olan milli məsələni qabartdı və
onun həllinə ehtiyacı üzə çıxardı. Həmin
dövrdə, yəni 80-ci illərin II yarısında
etnik-milli amil antiimperiya, mərkəzdən qaçma meyllərinin
detanatoru oldu və məlum olduğu kimi, 90-cı illərin əvvəlində
Sovetlər İttifaqının dağılmasına və
onun yerində yeni respublikaların yaranmasına gətirib
çıxaran səbəblərdən birinə
çevrildi. Təkcə bu amilin özü
ümumiyyətlə, milli tariximizin həmin ayrılmaz kəsimini
öyrənməyi son dərəcə aktuallaşdırır.
Rəsmi ideologiyanın dərk etmədiyi faciə
bəlkə bilərəkdən M.Eynşteynin yeritdiyi
yanlış «millətçilik» ideyası olmuşdu. Tədqiqatçı M.Eynşteyn «İdeoloji təsir
vasitələri» əsərində haqlı olaraq göstərir
ki, sovet dövründə iqtidar ideoloqları eyni hadisələri
təsvir edən anlayışları uydurmaqla vətəndaşların
şüurunda təhrif olunmuş anlayışlar sistemi
formalaşdırırdılar. Məsələn,
sülhsevərlik, vətənpərvərlik, millətçilik,
beynəlmiləlçilik, kosmopolitizm və b. belə
anlayışlardan olmuşdu. Xalqların linqvistik
və siyasi təcrübəsi göstərir ki, «millətçilik»
anlayışı Qərbdə və Sovet gerçəkliyində
eyni məna kəsb etməmişdi. Qərbdən
fərqli olaraq hələ son illərə qədər Sovet
tarix ədəbiyyatında ittifaq müqaviləsi layihəsində
şovinizm və millətçilik eyni kateqoriyaya aid edilirdi.
Halbuki, bu anlayış, yəni millətçilik
Qərb alimlərinin əsərlərində mənlik
şüurunun artması, mənəvi dirçəliş,
öz mədəniyyətinə məhəbbət, milli hərəkatın
ideologiyası kimi başa düşülür. Məsələn,
M.K. Atatürk, İ.Qandi, Ə.Nasir və b. bu qəbilli millətçilər
olublar.
70 il xüsusilə Cənubi Qafqaz və Orta Asiya
respublikaları üçün «millətlərin
formalaşması» dövrü olub. 80-ci illərin
tarixi təcrübəsindən meydana gəlmiş yeni milli hərəkatlar
demoqrafik cəhətdən daha sıx və həmrəy olan
etnik və dini qrupların milli mənlik şüurunun
artmasına imkan yaradıb, milli özünüdərk
üçün mühüm sosial-psixoloji mexanizm olub.
İkincisi, sovet siyasətində milli dillərdən və
milli kadrlardan, milli ucqarlardan istifadə olunması milli
respublikalarda qeyri-rus əhalisinin dil imkanlarını, siyasiləşməsini
artırıb.
Milli fəhlə sinfinin yaranması, milli
ziyalıların və etnik siyasi elitanın formalaşması
millətlərin statusunun artmasına geniş sosial zəmin
yaradıb. Sovet modernizasiya siyasəti,
sosialist iqtisadiyyatının və cəmiyyətin sosial
institutlarının demokratik şuarlar əsasında «dəyişikliklərə»
məruz qalması, əslində demokratik sosializm
ideyasını gözdən salırdı. Repressiya və deportasiya siyasəti xalqları adət
etdikləri etnik sosial-psixoloji mühitdən ayıraraq, daha mobil
xalqlarla birgə yaşamaq məcburiyyəti
yaratmışdı. Süni şəkildə
marginallıq mühiti və psixologiyası yaratmaqla yerlərdə
«yerli xalq» və «gəlmə xalqların»
qarşıdurması ortaya qoyulmuşdu.
Kommunist Partiyası bütün dünyaya car çəkərək
Sovet İttifaqında «Milli məsələnin» birdəfəlik
həll olunduğundan xəbər verirdi. Çoxmillətli
imperiyada milli məsələnin həllində meydana
çıxan çətinliklərin səbəbi bunda idi ki,
millilik və etnik mədəniyyət iqtisadi parametrlərə
müncər edilir, etnik mədəniyyətin aparıcı
roluna diqqət yetirilmirdi. Bütün bu
etnososial və etnosiyasi meyllər həmin bölgədə
yaşayan insanların, xalqların və etnosların həyatının
sosiallaşmasında və sovetləşməsində bariz
şəkildə üzə çıxırdı.
Ərazisində Ahıska türklərinin də
yaşadığı Fərqanə əhalisinin iqtisadi həyatının
infrastrukturu, onun sosial-iqtisadi durumu obyektiv olaraq sosial gərginliyin
iqtisadi sahədən etnoslararası münasibətlər
sferasına keçirmək üçün çox əlverişli
şərait yaratmışdı. Çünki
yuxarıda sadaladığımız amillər
özünü son nəticədə siyasi konfliktlərdə
göstərmiş olur. Ümumiyyətlə,
hələ çarizm dövründə xammal mənbəyi
kimi baxılan Fərqanə vadisində etnik amil heç zaman
nəzərə alınmamışdı. Ahıska türklərinin də bu əraziyə
deportasiya olunduğu bütün xalqlar kimi «doğma tarix»
anlayışı itmişdi.
Digər xalqlar kimi Ahıska türklərinin də
hüquqlarının pozulmasına səbəb, milli mənliklərin
unutdurulmasına cəhd göstərən amillərdən
biri də Sov.İKP-nin regionda yeritdiyi səriştəsiz kadr
siyasəti olmuşdu. Kadr siyasətinin yerinə yetirilməsində
başlıca rolu rusdilli funksionerlər oynayırdı. Müxtəlif yerlərdə «gürcü işi»,
«özbək işi» kimi qondarma problemlər yaratmaqla mərkəz,
əslində ruslaşdırma siyasətini daha da dərinləşdirirdi.
Tədqiqatçı A.Avtorxanov regionda həyata keçirilən
kadr siyasətindən bəhs edərək yazırdı:
«Leninin böyük rus heyvərəsi»
adlandırdığı rus bürokratı, milli respublikalarda
özünü azyaşlı uşaqlar üzərində
despot-qəyyum kimi aparır. «Böyük
qardaş» onları öyrədir, başa salır, cəzalandırır,
amma heç vaxt özünə bərabər saymırdı.
Lakin «böyük qardaşın» bədbəxtliyi
bundadır ki, «kiçik qardaşlar» təbiətin qanununa əsasən
getdikcə böyüyür və əldən
düşmüş despotun tabeçiliyindən
çıxmağa başlayırlar». Ahıska
türklərinin düçar olduğu faciə göstərir
ki, Fərqanədə baş verən hadisələr onlara daha
çox sosial-psixoloji təsir etmişdi. «Qarabağ
kartı» kimi «Fərqanə modeli» də Sovetlər
İttifaqının dağıdılmasında öz rolunu
oynamışdı. Əsasən türk
xalqlarının mənliyini qırmaq üçün məlum
qırğınlar Azərbaycanda, Özbəkistanda və
Qazaxıstanda törədilmişdi.
Qeyd etdiyimiz kimi, Ahıska türkləri harada
yaşamaqlarından asılı olmayaraq (o cümlədən
Fərqanə vadisində) öz milli dəyərlərini
qoruyub saxlamağa çalışıblar. Lakin bu regionda XX əsrin
70-80-ci illərində baş vermiş «etnik partlayış»,
resurs bazasının tükənməsi milli-mədəni
dirçəlişə tamamilə mane ola
bilməyib.
Ahıskalıların mentalitetinin tarixi-mədəni
xüsusiyyətləri ölməyib, xalqın öz etnik
köklərini yaşatmasına, onun bir milli varlıq kimi
mövcudluğuna yardımçı olub. Ahıska
türkləri kimi digər deportasiyaya məruz qalmış
xalqların tarixi taleyi bir daha göstərir ki, hazırda
ictimai elmlər sistemində etnoregionun siyasi amili dərindən
təhlil edilməli, xüsusi elmi-metodoloji sahə kimi predmet
hüququ qazanmalıdır”.
Araşdırmaçının
fikrincə, burada ilkin metodoloji yanaşma belə
olmalıdır: “Məlumdur ki, millətlərarası
münasibətlərin gedişində mənafelərin
üst-üstə düşməməsi onların dialektik
inkişafından, milli, bəşəri məqsəd və vəzifələrin
daxili qarşılıqlı əlaqəsindən irəli gələn
ziddiyyətlərdən törəyir. Ona
görə də millətlərarası münaqişələrin
həlli konstitusiya və müvafiq hüquq sistemi əsasında
həyata keçirilməsidir. Belə bir
prinsip nəzərə alınmalıdır ki, istənilən
regionda (söhbət yalnız Fərqanə vadisindən
getmir) meydana çıxa biləcək qeyri-sabitlik ilk növbədə
azsaylı, xüsusilə deportasiyaya məruz qalmış
xalqların siyasi vəziyyətinə daha çox təsir
göstərir. Ən ümumi kontekstdən
götürülsə, Fərqanədə baş verən
faciənin obyektiv səbəblərindən biri də Özbəkistanda
ictimai-siyasi şüurun zəif olmasıdır. Özbəkistan əhalisinin milli şüurunun zəif
formalaşmamasını onunla izah etmək lazımdır ki,
feodal ictimai-siyasi quruluşunun düşüncəsindən
böyük sosial-iqtisadi təkamül yolu keçmədən
qısa zaman kəsiyində milli şüur hələ qəbul
etməyə hazır olmadığı sosializm gerçəkliyi
ilə üzləşdi. Milli
şüurun formalaşması aylarla, onillərlə deyil, bəzən
əsrlərlə davam edən təkamül prosesidir. Bütün bu amillər onu deməyə imkan verir
ki, Özbəkistan əhalisi, bir sıra digər türkdilli
dövlətlərin əhalisindən fərqli olaraq Fərqanə
hadisələrində türk milli şüurunu,
türkçülük düşüncə tərzini,
öz milli identikliyini dərk etməmişdi”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 26 fevral.-
S.13.