Ayrı düşdüm doğma eldən,
kam almadım şirin dildən…
XXI əsrin ilk onilliyində
Güney Azərbaycan poeziyası ictimai motivlərlə zəngindir
Ana yurdun, təbiətin, onun füsunkar gözəlliyinin
tərənnümü Əfrasiyab Ümüdi Dadaş
oğlunun təqdimində tamamilə yeni, orijinal səpgidə
özünü büruzə verir. Nədən, kimdən, hardan
yazırsa-yazsın, şairin şeirlərinin möhür bəndi
doğma Azərbaycandır:
Gül-çiçəkli
vətən, sənin qeyrətinə qurban olum,
Ana sayaq zəhmət çəkən zəhmətinə
qurban olum.
Bənövşəli
dağların var, tanınmayan sirdaşın var,
Əyilmyən bir başın var, sürətinə
qurban olum.
Dolanmışam
dağlarında, qalanmışam çağlarında,
Saxlanmışam tağlarında, şövkətinə
qurban olum.
Ayrı
düşdüm doğma eldən, kam almadım şirin dildən,
«Üç
qardaş»am yapış əldən, hikmətinə qurban
olum!
Vətənin insanı vəcdə gətirən gözəlliyi,
eyni zamanda vətən sevgisi bu şeirdə o qədər təbii
boyalarla verilib ki, bu şeiri oxuyarkən insan vətəni sevməyin,
eyni zamanda vətənə səcdə etməyin nə qədər
şərəfli olduğunu anlayır. Əlbəttə,
«Üç qardaş» hələ çox gəncdir, onun
şeirləri o qədər də peşəkarcasına
yazılmayıb. Ancaq onun şeirlərindəki
vətəndaş hissiyyatı, vətəndaş qüruru,
bu milli gənc şairin nəbzi, könül ritmləriilə
o qədər gözəl harmoniya təşkil etməkdədir
ki, bütün bu müsbət keyfiyyətlər qeyri-peşəkarlığı
öz əzəməti ilə əridir və görünməz
edir.
Əfrasiyabın
poeziyası şəffaf sulu çaylara bənzəyir.
Bu şəffaflıq təfəkkürün təmizliyi,
his və duyğuların səmimiliyi, sadəliyidir.
Gəlsə
ölüm can vermərəm,
Yabançılar
torpağında,
Min arzum
var ürəyimdə,
Gəzəm yarın otağında.
Gözlərdə
min dağ olmaya,
Nankor mənə
ağ olmaya,
Çağ
insafsız, çağ olmaya,
At oynadam
qabağında,
Babək
sayaq qoçaq olam,
El-obaya
dayaq olam,
«Üç
qardaş»a qonaq olam,
Vətən, sənin qucağında.
Bu nümunələr də başqa şeirlərində
olduğu kimi şairin kənardan gəlmə,
düşünülmüş, uydurulmuş bir naxış təsiri
yoxdur.Gənc şairin bütün
yaradıcılığında, o cümlədən
bütün şeirlərində, vətən sevgisi, vətən
həsrəti ilə yanaşı bir qəlb
narahatlığı, təmiz insan mənəviyyatının
gizli hıçqırıqları duyulmaqdadır. Gənc
şairin şeirləri birxətli olsa da həyati,
inadırıcıdır. Gənc şair
Əfrasiyabın çiçək açan dövrü
başlanır. Biz ona bu yolda sənətkarlıq
cəhətdən uğurlar və müvəfəqiyyətlər
arzu edirik.
Bir ürəyi iki yerə paralayıb bölən kimdir?
Güney-guzey Azərbaycan, bizi ayrı salan kimdir?
Qərib
yerdə saldıq binə, biz də düşdüy yaman
günə,
Alışmışıq sinə-sinə,
qayğımıza qalan kimdir?
Yaltaq olub
aramızda, çarasızdır, çaramızda,
Hey qan
axır yaramızdan, köç təbili çalan kimdir?
Hələ
qaçqın əsirlərin, şelləmişik qəm-kədərin,
Şuşa-Laçın-Kəlbəcərin,
torpağını alan kimdir?
Baxan
yox-savab günaha, el-obamız batıb aha,
Nurəli tək, bir də daha, xalq halına qalan kimdir?
Bu şeirdə vətənin dərdi, taleyi, Azərbaycanın
birləşmə həsrəti, nisgil və
ayrılığı bir oğul qeyrəti ilə
canlandırılır. Söhbət Şuşadan,
Laçından, Kəlbəcərdən və milyon-milyon
qaçqından düşəndə hər bir misrada müqəddəs
dərdin, kədərin şahidi oluruq. Vaxtilə
Süleyman Rüstəm Məhəmməd Şəhriyara
gözəl bir əsər həsr etmişdi. Bu şeirin bütün söz və misraları Cənub
şeirlərinin poetik zirvəsi, şahrah beytlərlə dolu
olan ustad Şəhriyara məhəbbətdən və səmimiyyətdən
yoğrulmuşdu.
Gəl
söyləyim ürəyimin sözünü,
Bir kərə
də görməmişəm üzünü,
Nigaranam
yetir mənə özünü,
Məhəbbətin
bağrımdadır Şəhriyar,
Mənim ürək ağrımdadır Şəhryar.
Kim deyir
ki, məkanımız ayrıdır,
Nə
adımız, nə sanımız ayrıdır,
Nə
canımız, nə qanımız ayrıdır
Ürək
birdir, bədən birdir Şəhryar,
Vətən
birdir, vətən birdir Şəhriyar!
Dilimiz, canımız, ürəyimiz əgər birdirsə,
bəs bu hicran nədir? Nə üçün sənin avazın
Araz üstdən mənə çatmır? Qaşla gözün arasından yaxın olan bu yolu
niyə keçib gələ bilmirsən? Vaxtilə
şairlərimiz, yazıçılarımız bu nisgildən,
bu həsrətdən, bu ayrılıqdan çox yazdılar və
bəziləri ömürlərinin axırına qədər
yaralı Arazın sahillərinə həsrətlə
baxdılar. Bu insanlar öz əsərləri
heç zaman sönməyən, getdikcə alovlanan,
şölələnən müqəddəs məşəlləri,
şəhidlər qəbri üzərində dilimlənən
və göylərə yüksələn qədim Odlar yurdunun
əbədi alovlarına çevrilir.
Nurəlinin torpaq acısı, vətən
yağısı, ürək ağrısı başqa bir
şeirində də özünü obrazlı şəkildə
elə büruzə verir ki, bütün bunların onun
poeziyasının mayasını, cövhərini təşkil
etdiyini daha aydın bir şəkildə hiss etdiririk.
Arzum idi səni
nə tez getdin gora, Bəhmən,
Yaman oldu
sinəm dağlı, çəkdi məni dara, Bəhmən!
Qaradağım
qala-qala, köçüb getdi yad mahala,
Hicran
düşdü dalbadala, Heç vermədi ara,
Bəhmən!
Həftələri
aya satdım, gecə-gündüz qəmə batdım
Allah
şahid, çox can atdım, Gələmmədim ora, Bəhmən!
Talan oldu
Kəlbəcərim, yaralandım dərin-dərin,
Uca boylu
gözəllərin, Qaçqın oldu hara, Bəhmən!
Bu
könlümün simi bəlli, yaşamışam dərdi-qəmli,
Sənin
sarı gözü nəmli, Canım düşüb zara, Bəhmən!
Nurəliyəm,
güləmmədim, yar qəlbini biləmmədim,
Varlığında
gələmmədim, Oldu üzüm qara, Bəhmən!
Çağdaş Güney Azərbaycan poeziyasında vətənpərvərlik,
millətsevərlik, torpağa bağlılıq motivlərilə
yanaşı sevgi motivləri də yer tutur. Bir sıra gənc
şairlərin məhəbbət mövzulu şeirlərində
insan qəlbinin gözəl, bakir hissləri əks olunur.
Lakin bu şeirlərdə klassik şeir ənənəsi
üzərində formalaşan lirik üslubda sədaqətlə
bərabər, ictimai-fəlsəfi məzmunda öz ifadəsini
tapmaqdadır. Ədalət Dumanın
yaradıcılığında biz bunun şahidi oluruq. Şairin lirik qəhrəmanı gözəllikdən,
incə beldən, uca boydan söz açmaqla yanaşı,
öz övrünün mənsub olduğu adamlardan, şərdən-böhtandan,
öz kimliyini özgələrdən soruşan «zavallı»
insanlardan danışmağı özünə borc bilir.
Ədalət Dumanın «Yazışma» şeirində ictimai-fəlsəfi
motivlərin məharətlə verildiyinin şahidi oluruq:
Qara teldən
yazma dedin, yazmaram;
Heç olmasa bəyaz teldən yazımmı?
Uca boydan,
incə beldən yazmaram,
Qış qatlamış əyri teldən
yazımmı?
Dəftərimdə
bir yar adı yazmayım,
Haram
sağdı, ya yaradı, yazmayım,
Göz
aladı, qaş qaradı yazmayım,
Gözdən axan qanlı seldən yazımmı?
Yaz
qarı tək öz-özünə əriyən,
Ölkələri,
ürəkləri bürüyən,
Günü-gündən
ayaq tutub yeriyən
Şər-böhtandan, fitnə-feldən yazımmı?
Dar
günlərdə sinə gərib vuruşan,
Gen
günlərdə boş pətəkdi, quru şan,
Öz
kimliyin özgələrdən soruşan,
Belə yazıq, məzlum eldən yazımmı?
Heç
deməyim, əlim xəmir, qarnım ac,
Ömrümüzü yarı böldü ehtiyac.
Ay
Ədalət, şələ ağır, yol yamac,
Susdurulmuş şirin dildən yazımmı?
Ədalət Duman eyi zamanda lirik peyzaj yaratmaq, canlı, həyati
lövhə çəkmək ustası kimi də diqqəti cəlb
edir. Şairin «Sevinc işıqları» şeiri Quzey Azərbaycandan,
Güney Azərbaycana saçılan romantik və əsrarlı
gecə işıqları, hər gecə ən əziz, ən
doğma bir müsafirə çevrilir. Vətəni
iki yerə parçalayan Araz bu məhəbbətin, bu
doğmalığın, bu səmimiyyətin
ucalığı qarşısında görünməz olur.
Bu şeirdə romantik və rasional bir ruh, bədii-fəlsəfi
ümumiləşdirmə meyli çox qüvvətlidir.
Əslində bu işıqlar romantik vüsal
işıqlarıdır. Bu şeirin lirik
qəhrəmanı uzun zaman ondan ayrı düşmüş
qardaşının o biri sahildə işıq
yandırdığını görüb bütün
varlığı ilə sevinir. Fəqət
bir gecə işıq yoxdursa, özünü dünyanın ən
bədbəxt adamı hesab edir. Bununla da Ədalət
Duman həmin işığın əbədi olaraq
nurlanacağına poetik və fəlsəfi bir məna ilə
ön plana çəkir:
Uzaq
olsaydı da o işıltılar,
Görəndə ürəkdə işıq
doğardı.
Onların
sozalmış şüalarından
Bizim kəndimizə sevinc yağardı.
Zülmət
gecələrdə ulduz sayağı
Sayrışa-sayrışa görünərdilər.
Həyalı
- istəkli bir qız sayağı
Duman yaylıqlarda bürünərdilər.
Araz
aramızda yoxlamırdı gah,
Körpüsüz
adlayıb gəlirdi işıq,
Qaranlıq
təməldən laxlaşırdı gah
Bütün zülmətləri dəlirdi işıq.
Bir gecə
onları görməyəndə biz
Sabahı
boranlı qarlı duyardıq,
Nə vaxt ki onlardan görünərdi iz.
Özümüzü dövlətli-varlı duyardıq.
İndi
çıraqları sönük görəndə
Elə bil, ömrümün çırağı
sönür.
Bir
xalqın bəxtini dönük görəndə
Kədər parça-parça qəlbimi yonur.
İlahi,
nə oldu, söndü çırağlar,
İndiki dünyanın işıq vaxtıdı.
İzləri
zülmətə döndü çıraqlar,
Çün dünya şeytanın qızıl
taxtıdı.
Qəlbi
qaranlıqlar zülmət törətdi,
Zülmətdən törənən fəlakət olar.
Harda
Ədaləti şər büdürətdi,
Orda çiçəklər də açmamış
solar.
Göründüyü kimi, XXI əsrin ilk onilliyində
Cənubi Azərbaycan poeziyası ictimai motivlərlə zəngindir. Quzeyli-güneyli
Vətənin torpaq bəlaları, milli qayğılar
ağuşunda sosial leytmotivə dönərək
poeziymızın əbədi mövzusuna çevrilib.
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2016.- 27 fevral.-
S.14.