Görür artıq saçlarıma dən
düşüb...
Əliağa Vahidlə
Aşıq Şakir yaxın dost olublar
Aşıq Şakirə görə dünya həqiqətlərinin
aid olmadığı bir yer, hadisə və bir kəs yoxdur. Şakir dünyanın
sınaqdan çıxmış həqiqətlərini sənət
və sənətkar aləmində də görür:
Ən
qüsursuz bir əsərə,
Nadan gəldi
qiymət verə,
Göz gəzdirib
üç-dörd yerə,
Eyham atıb hırıldadı.
“Hırıltı” insan davranışının ən
eybəcər formalarındandır. Bu hal
başqalarında həmişə ikrah doğurur. Şakir də öz nadan “qəhrəmanını”
belə bir ikrahyaradıcı metaforik vahidlə “süsləndirir”.
Aşıq Şakir dinləyicisini inamlı
olmağa, dünyanın ulu həqiqətlərinə
inanmağa çağırır, harayında,
çal-çağırında özü daha inamlı
görünür. Çünki
özü inanmasa, dinləyicisini də inandıra bilməz.
Elə bu baxımdan Şakirin səsi bir
hayqırtıya bənzəyir.
Şakir,
eldə bir misal var;
“Şir
meydanda gücün sınar”,
Gücün
bilən hər sənətkar,
Yaratmaqdan yorulmadı.
Dünya Şakir üçün bir meydan olur. Meydan isə
sınaq, mübarizə, çəkişmə
anlamlarını poetik şəkildə
anımlandırır, assosiyasiya edir. Bu
assosiativ anımlar sırası nə Şakirin poetik
düşüncəsi, nə də mənsub olduğu arxaik
oğuz türk şeirinin söykəndiyi adekvat poetik
düşüncə üçün yad deyil. Azərbaycan dastanları, “Kitabi-Dədə Qorqud”
dünya-meydan poetik-assosiativ qovuşmasına saysız örnəklər
verir. Azərbaycan aşığı sazla
da, sözlə də döyüşür, mübarizə
aparır. Azərbaycan təsəvvüfi-məhəbbət
dastanlarını qəhrəmanları olan aşiqlər
öz buta sevgililərinə meydanlardakı söz
döyüşmələri ilə qovuşurlar.
Şakir də bu ənənənin övladıdır. Şakir istəsə
də, istəməsə də bu bu ənənədən
qıraqda dura bilməz. 1922-ci ildə
dünyaya göz açandan bəri sazın, sözün
içinə düşən Şakirin mayası bu ənənə
ilə yoğrulmuşdu. Kəndlərində toy məclisləri
qurulanda xoruzun ilk banına qədər yatmayan, yuxulu-yuxulu da
olsa “Koroğlu”ya , “Aşıq Qərib”ə
qulaq asan balaca Şakir elə balacalığından bircə
həyat həqiqətini yaxşı anlamışdı;
Koroğlu düşmənlərini qılıncı ilə
yenirdi. Qərib də öz rəqiblərini
sazı-sözü ilə yenirdi. Koroğlu
üçün də, Qərib üçün də bu
dünya bir döyüş meydanı idi. Və
Şakir balacalığından gözünü açıb
dünyanı bir vuruş, mübarizə meydanı
görmüşdü. Ona görə də
Şakir “Şir meydanda gücün sınar”, - deyirdi. Doğrudan da, sənətdə meydan oxuduğu illərdə
Şakir neçə-neçə haqsızlıqlarla
qarşılaşdığı kimi, nadanlarla da uzun zaman
mübarizəyə qalxmışdı.
Hər bir kamil sənətkar bu dünyanı
yorub-yorulandan sonra onun sənət həqiqətlərini “incələməyi”
özünə borc bilir. Bu poetik ənənənin
də milli poetik düşüncədə öz yeri var. Onun
Ələsgər kimi daşıyıcıları olub. Ələsgər ruhlu sənətkar olan Şakir də
bu yolda öz sözünü deyib və dediyi də həqiqi
söz kimi səslənib. Çünki
sözlərini həqiqətlə süsləndirirdi, onlara həqiqətdən
maya qatırdı. Onun yenə də gəraylı
üstündə deyilmiş “Olsun” ustadnaməsinə diqqət
kəsilək:
Əgər
kamil sənətkarsan,
İnci kimi sözün olsun.
El
içində günəşdən ağ,
Hər cəhətdən üzün olsun.
Beləliklə, sənətkarın olmağın ilk
şərti kimi Şakir Sözü irəli sürür. Sənətkarlığı
Sözdən başlayır. Onda istər-istəməz
düşünməli olursan, niyə Şakir sənətkarlığın
ilk şərti kimi söz demək qabiliyyətini irəli
sürür. Bi, bir təsadüfmü?
Axı ola bilərdi ki, Şakir sənətkarlıq
şərtləri sırasını gözəl səsdən,
şirin barmaqlardan başlaya idi. Axı elə sənətkarlar
olublar ki, onlar gözəl ifaçı olublar; gözəl
çalıb, gözəl oxuyublar. Göründüyü
kimi Şakir ön sıraya Sözü çəkir, Söz
isə - Mənadır. Şakir də Mənaya
söykənir. Dünya adlı həqiqəti
gerçəyə döndərən onun mənalı
olmasıdır.
Nə
lazımdır deyin, nəyə?
Bənzətməyin
qəndi zəyə,
Ləli
gövhərdən seçməyə,
Sərraf kimi gözün olsun.
“Nə lazımdır deyin, nəyə?” ilk
baxışdan adi bir poetik suala, səs-söz
alliterasiyasının doğurduğu poetik gözəllik məqamına
bənzəyir. Əlbəttə, misrada bunlar da var. Ancaq
var olanlar təkcə bunlarla məhdudlaşmır. Və Şakirin bu ritorik sualı əvvəlki bənddə
olan ulu həqiqətlə bir işarə kimi də səslənir.
Sənətkar açıq-aydın deyir ki, “Ləli
gövhərdən seçməyə sərraf gözü
lazımdır”. Bununla da o, arif oxucusuna
müdrik bir şuxluqla işarə verir, onu söz-məna aləminə
dəvət edir. Sonrakı bəndlər də özləri
bir gözəllik daşıyıcıları olmaqla
yanaşı, Şakir həqiqətlərinin müdrikcəsinə
işarə vahidləri kimi çıxmış edir:
Gündən-günə
ucal, boy at,
Səndən
ilham alsın həyat,
Aşıqsansa, söz yaz, yarat.
Bu dünyada izin olsun.
Bir sadəcə
söz deyim mən,
Günəş nurdan düşmür nədən?
Şakir
deyir, çalış ki, sən,
Bu dünyada izin olsun.
Göründüyü kimi, Şakir həqiqi sənətkar
o kəsi sayır ki, gündən-günə öz sənəti
ilə boy atıb ucala bilsin, həyat, yəni onu əhatə
edən, onu dinləyən insanlar ondan ilham alsınlar. Başqa
sözlə, həyatı onların gözlərində mənalandırsın,
gözəlləşdirsin, bununla da insanları
yaşamağa, yaratmağa ilhamlandırsın.
Şakirə görə, söz də, saz da ilhamla,
istedadla bağlıdır. O sənətkarda ki, həqiqi ilham
var (üstəlik bənzərsiz səs), onun sənəti
tükənməyəcək, o daim yaşayacaq, var olacaq, sənət
aləmində və sənəti sevən könüllərlə
izini qoyacaq. Şakir başqa ustadnamələrində
də həyatın sirlərini, onun dolanbac yollarını
dinləyicisinə poetik mənzərələrlə göstərməkdən
yorulmayıb, usanmayıb. Dünyadan nə
götürmüşdüsə, onu gəncliyə, dinləyənlərə
ünvanladı. Bu onun sənətkar
iste¬dadından soraq verir. Və bu cəhət onun
“Oğluma” ustadnaməsindən də açıq
görünür:
Günəşdə
bir sifət olmasa, gərək,
Aləmə nur saçıb verərmi bəzək?
İki
üzlü olub xalça, xalı tək,
El ayaq altına sərməsin, bala.
Göründüyü kimi, Şakir günəş
obrazından burada da öz poetik sisteminin sürəkli bir
vahidi kimi yerində istifadə edir. O, günəşin nur
saçmağı ilə əqli, əməli, ürəyi,
sözü bir olan insanların saf işləri arasında
poetik bir bənzətmə, bağlılıq yaradır. Bununla da sadə, saf insanın ürəyini qurur,
vüqar hissi ilə doldurur. Aşıq
Şakirin qoşmaları içərisində onun zamana həsr
olunmuş şeirləri çoxdur. Onların səciyyəvi
örnəklərindən biri “Qayıtmaz...” şeiridir:
Sürüb
karvanını getdi cavanlıq,
Yüz çağırsan, yönü bəri
qayıtmaz.
İllər
ötüşdükcə ömür gödələr,
Ötüb keçən günlər geri qayıtmaz.
Şakirin bu şeirində bəşəri bir kədər
var. Ötüb keçən ömrün bir daha
qayıtmayacağının idrakından doğan bir təəssüf
hissi var. Aşıq Şakirin bu misraları onun şair qəlbinin
düşüncələrindən daha çox, bir insan kimi fərdi
düşüncələrinin poetik inikası təsiri
bağışlayır. Aşıq ustadnamənin sonuncu bəndində deyir:
Şakir,
ömür dağlarına çən düşüb,
Nərgiz
uzaqlaşıb, lalə gen düşüb,
Görür
artıq saçlarıma dən düşüb,
Etibarsız nazlı pəri qayıtmaz.
Aşıq şeirin son bəndini nikbin notlarla
qurtarır. Bu bəşəri kədər qarşısında
qəmlənmək istəyən dinləyicisini qəm
burulğanına düşməyə qoymur. Onu sevginin, məhəbbətin şux, şən
boyalarından yoğrulmuş bir əmələ çəkir,
qəlbini, ruhunu şənləndirir. Bu
dünyanın keşməkeşləri, zamanın
qanunauyğunluqları qarşısında nikbin olmağın
yolların olmağını öyrədir. Bütün bunlar göstərir ki, Şakirin işlək
olan ifadələri ilə desək “ictimai ruhlu” şeirləri
həm mövzu, həm də estetik ifadələnmə
baxımından rəngarəngdir.
Şeirdən Ələsgər Dədənin məşhur
“Çərşənbə günündə çeşmə
başında” misralı qoşmasının ruhu
açıq-aydın boy verir. Bu isə təsadüfi
deyil. Aşıq Şakir Ələsgər
vurğunlarından idi:
Çox
aşıq dünyadan gedib,
Öz məşuqunu
yad edib,
Sən də
məni Məcnun edib,
Salma çöldən-çölə, Ceyran.
Aşıq öz sevgisini Məcnun eşqi ilə
müqayisə edir. Bu metaforik qarşılaşdırma onun
“Ceyranı” rədifli qoşmasından da keçir.
Allahımdan
gizli deyil, sevirəm,
Qaraqaşlı, qarağözlü Ceyranı.
Məcnunuyam,
bəndəsi nə deyəcək,
Görüb, duyub şirin sözlü Ceyranı.
Aşığın Ceyranla bağlı bu iki şeiri
sanki bir-birinin davamıdır. “Ceyran” şeirində
aşıq öz məcnunluğunu sevgilisinin diqqətinə
çatdırıb ondan sevgi umacağını edirsə,
“Ceyranı” şeirində artıq bu “Məcnun” vüsala
qovuşub. İndi sevginin şirin xatirəsini
danışır. Şakirin bu “ceyrannamələri”
böyük sənətkar Əlağa Vahidin də diqqətini
cəlb etmişdi.
Vahid “Ceyran” şeiri çox diqqətçəkən
poetik məqamdır. Vahid əruz şairi idi. Aşıq Şakir Ağsunun Xəlilli kəndində
dünyaya göz açanda mayası heça ilə,
qoşma, gəraylı ilə tutulduğu kimi, Vahidin də
mayası əruz olmuşdu. Ancaq
Aşıq Şakir sənəti, Şakiri sözü Vahidi
dillənməyə “məcbur edəndə”, o, Aşıq
Şakirə əruzla üz tuta bilməmişdi, hecaya,
qoşmaya köklənmişdi. Bax bu məqam çox
maraqlı, diqqətçəkən bir poetik cəhət
olmaqla Aşıq Şakir sənətinin qüdrətini,
öz dövrünün şəksiz qəbul edilən
aşıqlarından olmasını, eləcə də Azərbaycan
poetik söz miqyasında nüfuz sahibi - sənətkar
olmasını aydın şəkildə nümayiş etdirir.
Haşiyə:
Dədə Ələsgərin bir çox qoşmaları kimi
Aşıq Şakirin, “Ceyrannamə”ləri ilə
yanaşı Ə.Vahidin “Ceyran” rədifli şeirinin də
yazılmasının maraqlı bir tarixi də var. Şair
Əliağa Vahidlə Aşıq Şakir yaxın dost
olmuşdular. Vahid Şakirin bənzərsiz səsinin,
Şakir isə Vahidin bədahətən düzdüyü
misraların “əruzda” istədiyi kimi
“fırlatmasının”... Elə vaxt olurdu ki,
Aşıq Şakir aylarla Bakı və Bakı kəndlərində
toy keçirərdi. Özü də bu
zaman rayona qayıtmazdı. Bakıda
qalardı. O zaman “Maloe More” adlı küçədə
(Dəmir yol vağzalına yaxın) 28 saylı evdə
qalardı... Aşıq Şakir Bakıda keçirəcəyi
toyların siyahısını qabaqcadan Vahidə verərdi...
Vahid həmin toylarda iştirak edər, bədahətən
düzdüyü meyxanələrlə məclisə
xüsusi ovqat verərdi.. Şakir
də belə vaxtlar toydan sonra dostu Vahidə lazımınca əl
tutardı.
Aşıq Şakir sənətinin pərəstişkarları arasında qadınlar da var idi. Bunlardan biri də o zamanlar “gözəlliyi ilə çoxlarını Məcnun etmiş” Ceyran xanım olmuşdu. Bu mələk misallı xanım ümumiyyətlə, aşıq sənətinin vurğunu imiş. Özünün “ZİM” markalı maşını ilə Şakirin məclislərində iştirak etmək üçün qonşu rayonlara da gedərdi. Yaxın dostu, tanışı eləcə də, qohumlarının toyuna həmişə Aşıq Şakiri gətirərdi. Bu llərdə o, Bakıda qardaşına toy edir. Ceyran xanım qardaşının toyxanasını indiki “Naxçıvan” mehmanxanasının yuxarı tərəfindəki küçədə qurdurur. Uzunluğu əlli-altmış metr olan toyxanada 400-500 nəfər adam iştirak edir. İki gün davam edən bu məclisin misli-bərabəri olmayıb. Aşıq Şakirin başına tökülən pulların qədəri olmur. Pulları kisəyə yığıblar o toyda...Ə.Vahid xəstə olduğu üçün həmin toyda iştirak etmir. Bu hadisədən bir neçə gün keçəndən sonra Aşıq Şakir indiki “Araz” kinoteatrının yanındakı çayxanada Vahidlə görüşür. Aşıq həmin bənzərsiz məclisdən, Ceyrandan Vahidə söz salır. Bu münasibətlə yazdığı “Ceyranı” rədifli qoşmasını şairə oxuyur... Aşığın cani-dillə söylədiyi şeir Vahidi tutur. Təbii cuşa gələn Vahid elə çayxanada özünün “Ceyran” şeirini yazıb Aşıq Şakirə verir. (Ağaməhəmməd Şakir oğlunun xatırələrindən).
Seyfəddin Qəniyev
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2016.- 1 iyul.-
S.14.