Lahıcların adət-ənənələri

 

Lahıcda daha çox xalq sənətləri yayılıb və 40-dan artıq növü inkişaf edib

 

I yazı

 

Bu yazıda İsmayıllı etnomühitində özünəməzsus yeri olan lahıcların folklor nümunələrində özünəməxsus mədəniyyət elementəri araşdırılır, bunun əsas səbəbləri kimi coğrafi şərait, müxtəlif tarixi dönəmlərdə həyat tərzi, təsərrüfat fəaliyyəti, fərqli etnik birliklərin adət-ənənə sarıdan bir-birindən bəhrələnməsı və s. haqqında danışılır. Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsində yaşayan pedaqoq Dadaş Əliyevin araşdırmasında bu kimi məsələlərə toxunulur. D.Əliyev bildirir ki, tarixi-coğrafi baxımdan maraqlı rayonlardan biri olan İsmayıllı həm də milli-etnik cəhətdən də çox rəngarəngdir. İsmayıllı etnomühitinin əlvanlığı, onun tarixinin qədimliyi bura müxtəlif zamanlarda fərqli etnosların məskunlaşmağa gəldiklərindən və təsərrüfat fəaliyyəti üçün olduqca əlverişli təbii imkanların mövcudluğundan şərtlənir. Rayonda Azərbaycan türklərilə yanaşı, lahıclar, tatlar, ləzgilər, haputlar, molokanlar, mesheti türkləri dinc yanaşı yaşayırlar. İsmayıllı ərazisindəki 109 yaşayış məntəqəsində yaşayan əhalinin milli-etni tərkibini araşdırarkən aşağıdakılar ortaya çıxır.

İsmayıllı rayonu ərazisində yaşayan 84 min (2015-ci ilin məlumatı) sayca daha çoxu azərbaycanlılardır. Sonrakı yerdə tatlar və lahıclardır. Yaşayış məntəqələri Lahıc qəsəbəsi, Ərəgit, Gəndo, Namazgah, Mulux, Qoydan, Müdrüsə, Nanıc, Kənəə, və s.-dir. Əhən, Zərnava, Gideyli, Zarat, Buynuz, Həftəsov, Brovdal, Ağbulaq, Çandahar, Dvoryans. kəndlərdə tatlar yaşamaqdadır. Ləzgilər isə Qurbanəfəndi, İstisu, Sumağallı, Qalacıq, Uştalqışlaq, Çəmənli, Ruşan, Qalınçaq, Qalagah, Vəng kəndlərində yaşayırlar. Haputlular isə Mollaisaqlı və Hacıhətəmli kəndlərində, molokanlar yalnız İvanovka kəndində yaşayırlar. Bundan başqa rayonda mesheti türkləri, kürdlər və dağ yəhudiləri azərbaycanlılarla eyni kəndlərdə kompakt şəkildə məskunlaşıblar. İsmayıllı şəhərində, Soltankənd, Topçu, Təzəkənd və İvanovka kəndlərində bir neçə etnosun nümayəndələri məskunlaşıblar.

Araşdırmaçının fikrincə, bunların hər biri məskunlaşdığı bu əraziyə və onun təbii-coğrafi şəraitinə uyğun təsərrüfat fəaliyyətini qurub, öz milli-etnik identikliyini qorumağa çalışmaqla, həm də yanaşı yaşadığı digər etnik birliklərdən uyğun olan adət-ənənələri qəbul edib: "Bütün bunların nəticəsi olaraq İsmayıllı ərazisində eyni yaxud fərqli yaşayış məntəqələrində yaşamış fərqli etnik birliklər arasında heç vaxt milli-dini zəmində münaqişələr olmayıb, əksinə, onlar bir-birinə elə qaynayıb-qarışıblar ki, aralarındakı adi qonşuluq, sadəcə, insani münasibət qohumluq əlaqələrinə çevrilib.

Bununla belə İsmayıllı etnomühitini zənginləşdirmiş hər bir etnosun təkcə varlığı ilə deyil, həm də öz dili, dini inancları, adət-ənənələri, məişəti və özəllikləri, öz mədəniyyəti və onun tərkib hissəsi olan sözmusiqi folkloru da yaranıb. Bunu da qeyd etmək lazımdır ki , hər bir etnos öz mədəniyyətini yaşadığı coğrafi şəraitdən, dini inanclar sistemindən, məşğuliyyət növlərindən və əsrlərlə formalaşmış milli psixologiyasından asılı olaraq yaradır və nəticədə hər bir millətin yaratdığı mədəniyyətdə onu digərlərindən fərqləndirən xüsusiyyətlər ortaya çıxır. Polietnik Azərbaycan cəmiyyəti üçün səciyyəvi olan Türk, fars, Qafqazslavyan mənşəli etnosların məskunlaşdığı İsmayıllı rayonu folklorşünaslıq müstəvisindən öyrənilmə baxımından çox əhəmiyyətli hesab edilməlidir".

Araşdırmaçının fikrincə, belə azsaylı xalqlardan biri də İsmayıllının Lahıc qəsəbəsi və onun ətrafında məskunlaşmış lahıclardır: "Lahıcın coğrafi mövqeyi və qədim tarixi kökləri aspektindən rayonun ən maraqlı ərazisi hesab olunması qeyd olunmalıdır. Belə ki, Qafqaz Albaniyasının ən əhəmiyyətli vilayəti olmuş Girdiman knyazlığı ərazisinində strateji cəhətdən əlverişli mövqedə yerləşmiş Lahıc dörd tərəfdən keçilməsi çətin olan dağlarla əhatə olunduğu üçün düşmən hücumlarından qorunmaq nisbətən asan idi. Lahıc istər Şirvanşahlar, istər Osmanlı, istər Şirvan xanlığı, istər çarizm, istərsə də Sovet hakimiyyəti illərində Dağlıq Şirvan üçün heç vaxt əhəmiyyətini itirməyib və bir çox karvan yollarını keçdiyizaman keçdikcə sənətkarlığın və ticarətin inkişaf etdiyi bir orta əsr feodal şəhəri kimi tanınıb və həmişə öz əhəmiyyətini qoruyub saxlayıb.

Hazırda Azərbaycan xalq sənətkarlığının özünəməxsus memarlıq üslubununbu ərazidə kompakt şəkildə əsrlərlə yaşamış lahıcların adət-ənənələrinin qorunduğu Lahıc həm də mühüm turizm məkanı sayılır. Əkin və heyvandarlıq üçün heç də əlverişli imkan olmadığına görə Lahıcda daha çox xalq sənətləri yayılıb və 40-dan artıq növü inkişaf edib. Bu sənətlərin arasında ən geniş yayılmış və inkişaf etmişi misgərlik sənətidir. Misgərlik sənəti o dərəcədə inkişaf edir ki, başqa sənət novlərinin də təşəkkül tapmasına təkan verir və nəticədə dəmirçilik, qalayçılıq, kömürçülük, çarvadarlıq, səhragərdlik və s. digər köməkçi sənətlər də yerli əhalinin əsas məşğuliyyətlərinə çevrilir. Lahıcın ən böyük sərvəti burada əsrlərlə yaşayan lahıclar və onların yaratdıqları maddi və mədəni abidələr, o cümlədən əsrlərin arxasından bugünümüzə gəlib çıxan qiymətli folklor nümunələridir.

Görkəmli folklorşünas P.Əfəndiyev demişkən, Azərbaycanın özü qədər qədim olan folkloru "əsrlər boyu xalqın kollektiv əməyinin məhsulu olan zəngin bədii sənət inciləri xəzinəsidir ". Folklor həm də bəzi tədqiqatçıların düşündüyü kimi, sadəcə, asudə vaxtın məhsulu olmayıb, rus yazıçısı A.Tolstoyun sözləri ilə desək, "xalqın ləyaqəti və ağlı " olub. Bu ədəbiyyat xalqın mənəvi simasını yaratmaqla onu möhkəmləndirir, onun tarixi yaddaşı və qəlbinin bayram libasları kimi onun əməyi və ata-babalarına hörməti ilə bağlı məyyən adət-ənənələrlə və mərasimlərlə keçən ölçüb-biçimiş həyatını dərindən mənalandırırdı".

Lahıc folklor nümunələri də dünya və Azərbaycan folkloruna xas olan əksər xüsusiyyətləri özündə daşımaqdadır. Odur ki, əvvəlcə ənənəvi epiklirik janrlardan, mərasimlərin müxtəlif növlərindən söz açmaq istərdim. Əhali arasında dolaşan mif, əfsanə və rəvayətlərdə Lahıcın tarixi, müxtəlif yer adları, tarixidini şəxsiyyətlərlə bağlı deyimlər əsas yer tutur. Bunlardan biri "Lahıc"sözünün yaranması ilə bağlıdır. Söyləyirlər ki, günlərlə davam edən leysan yağışından sonra güclü sel burada yerləşən La şəhərini basır, camaat qaçıb dağlara çıxır, oradan La şəhərinin məhv olunmasını görərək "La heç, La heç" deyirlər. O vaxtdan buranı "Lahıc" deyə adlandırırlar. Yaxud cin, qulyabanı xalq arasında "çırəncinə" yaxud "məməbədüş (lahıcca "döşləri çiynində")" adlanan mifik varlıqlarla bağlı deyimlər indi də dolaşır. Bu məxluqlar haqqında ancaq yaşlı insanlar danışa bilirlər.

82 yaşlı Lahıc sakini Babayeva Qızılnaz nəql edir ki, Səriyyə adlı qonşularını gecə vaxtı kimsə öz adı ilə çağırıb, gündüz belə çətin keçilən yolları keçib bir talaya gəlib çıxarıb, burada ocaq qırağında çalıb-oxuyan xeyli adamı görübmüş. Həmin anda başqa adamların təcrübəsindən istifadə edərək "Bismillah" deməsi ilə hər şey ətrafda yox olur. Diqqətlə baxanda kənddən 2-3 km uzaqlaşdığını və tək-tənha qaldığını görür, təbii bir qorxu hissi ilə səhərə yaxın evinə qayıdır.

Yaxud başqa bir Lahıc sakini Əlimərdanova Gülüstan nəql edirdi ki, onun nənəsinin dediyinə görə, bir dəfə onların həyətinə "məməbədüş" (Azərbaycan folklorunda Ərdov obrazı-red.) gəlir. Onun da ən çox qorxduğu iynə imiş. İynəni onun boynuna sancanda yalvarır ki, nə desələr edər. Əhvalat qış vaxtı olubmuş. Nənəsigilin də odunları yox imiş. "Məməbədüş"ə deyirlər ki, həyəti odunla doldursun. O da az müddətdə bu işi görür. İş başa çatan kimi yalvarır ki, iynəni onun bədənidən çıxarsınlar. İynəni çıxaran kimi həmin anda həyətə gətirilən bütün odunlar yox olur. Xalq arasında gözəgörünməz məxluqlarla bağlı çoxlu inamlar var. Yerə isti su atmaq, gecə güzgüyə baxmaq, uşağı yuxarı atıb-tutmaq, gecə vaxtı qız uşaqlarını çölə buraxmaq, gecə hamamda çimmək, su qırağına tək getmək, ölünü tək qoymaq, qapını murdarlamaq, şər vaxtı yatmaq, təndirə və ocağa tüpürmək, axşam pul saymaq, gecə ağac altında yatmaq olmaz, bəd ruhlar bu zaman insanlara xətər yetirərlər".

Rəvayətlər mif və əfsanələrdən fərqli olaraq reallığa daha yaxın folklor nümunələri sayılır. Lahıc folklorunda sırf yerli şəraitlə bağlı rəvayətlərdən biri Lahıcın yanındakı Girdiman çayı ilə bağlıdır. Girdiman çayı tez-tez yağan yağışlar ucbatından məcrasını dəyişirmiş. Buradan keçən Nadir şah Əfşar onun sahilində düşərgə salmağa razılıq vermir. "Öz yatağını tez-tez dəyişən çaya etibar yoxdur"- deyir. Bir Lahıc sakini danışır ki, lahıclardan biri Girdiman çayını keçib o biri taya getmək istəyir. Çayda da su çox imiş. Lahıclılarda belə bir inam varmış: Lahıcdan qərbə tərəf baxanda Dəhnə tərəfdə hava açıqdırsa, daha yağış yağmayacaq. Çayı keçmək istəyən kişini bundan vaz keçməyi məsləhət bilirlər, o isə hey lahıcca "Dəhnə əyozi ("Dəhnə açıqdır")" deyir. Suya girməsi ilə selin onu aparması bir olur. Xalq arasında bu bir rəvayətə çevrilir. Nəticəsi də zərb-məsəl kimi işlənir "Kişini su aparır, deyirlər "Dəhnə əyozi"".

Qədimdə deyilənlərə görə xeyli əhalinin yaşadığı Lahıcda eyni adda 8-10 nəfər olurdu. Xalq da onları bir-birindən ayırmaq üçün ləqəblər qoşurdu. D.Əliyev bildirir ki, bu ləqəblər təsadüfi seçilmirdi və müəyyən bir əhvalatla bağlı idi: Hüseyn Səqqət, Qurbon Dana, Əli Şəftəxənçəl, Məhəmməd Mingədəryo. Məsələn, M.Süleymanov "Lahıc" kitabında "Qurbon Dana" adına belə aydınlıq gətirir: "Qurban kişi bir neçə yoldaşı ilə alverdən qayıdanda pulları çox olur. Pullarını qaçaq-quldurdan qorumaq məqsədilə bir dana alırlar, kəsib ətini satırlar, bütün pullarını da dərinin içində yerləşdirirlər ki, salamat gətirib çıxarsınlar Lahıca. Lahıcda və onun ətrafındakı dağlarda çoxlu yer adları var ki , bəziləri ("Əspari ("At yıxıldı")", "Kəlkələvəlgon ("İri yarpaq")", "Qətkilə ("Kolarası")" lahıc, bəziləri isə "Ağbulaq", "Bağəli ", "Yəhəri", "Dana dərəsi " Azərbaycan dilindədir.

 

Uğur

 

Xalq Cəbhəsi .-2016.-  1 iyul.- S.13.