Qaraqalpaqlar: tarixi,
gerçək durumu
III yazı
Qaraqalpaqların etnogenezi Sırdərya və Aral ətrafı
delta və səhralıqlarda məskunlaşmış qəbilələrlə
əlaqəlidir. XVI-XVIII əsrlərin ortalarında
qaraqalpaqların böyük qismi Sırdəryanın orta və
aşağı axını hissəsini tutmuşdu. Onlar burada yarımoturaq həyat tərzi keçirib,
əsasən əkinçilik, heyvandarlıq və
balıqçılıqla məşğul olublar. XVIII əsrin ikinci yarısında qaraqalpaqların əsas
hissəsi Sırdərya çayının qolu olan Janıdəryanın
qərb tərəfindəki deltasına köçür.
XIX əsrin sonunda qaraqalpaqların Amudərya
deltasına köçüb yerləşməsi başa
çatır. Qaraqalpaqların tarixi və
etnogenezi Orta Asiya tarixi, qəbilələri və xalqları
ilə sıx bağlıdır.
Hələ e. ə. I minillikdə Orta Asiya
ərazisində zəngin, mədəni və eyni zamanda oturaq
həyat tərzi keçirən əhaliyə malik olan
dövlətlər Baktriya, Margiana, Soqdiana və Xarəzm
vardı. Bu dövlətlər
köçəri həyat tərzi keçirən qəbilələr
– daxlar, massagetlər, alanlar, aslar, parfiyalılarla sərhədlərə
malik idilər. Həmin dövrün qədim
abidələri bizə gəlib çatmasa da, qeyd olunan mərhələdə
yazının sırf din və administrasiyaya xidmət etməsi
qənaətini ortaya qoyur. Eyni zamanda onu da
söyləmək lazımdır ki, qədim yunan müəlliflərinin
şərhində massaget və digər skif qəbilələri
haqqında çoxsaylı əfsanə və rəvayətlər
dövrümüzə gəlib çatıb. Məsələn, Herodotun (e. ə.V əsr) Persiya
çarı Kirlə massaget çariçası Tomirisin
mübarizə epizodunu əks etdirən hekayət bu gün də
qaraqalpaqlar və azərbaycanlılar arasında kifayət qədər
məşhurdur. Farslar hərbi kələyə
əl atmaqla döyüşdə massagetləri və Tomirisin
oğlu Sparqapisi əsir götürürlər.
Oğlunu vəziyyətdən çıxarmaq
üçün çariça Tomiris fars
çarı Kirə Sparqapisi azad edib hər şeyi sülhlə
sonuclamağı təklif edir. Çariçanın ultimatumu
olduqca maraqlıdır: “Əgər bunu etməsən, sənin
qandan doymağına baxmayaraq, massagetlərin günəşinə,
allahına and olsun, mən sənin yangını qanda
boğacam”.
Tomirisin təklifini qəbul etmədiyindən o,
doğrudan da qanlı döyüşdə
öldürülüb. Çariça vəd etdiyi kimi kisəni insan qanı
ilə doldurub Kirin başını da kisəyə qoyub deyir:
“Baxmayaraq ki, sən döyüşdə qalib gəldin, mənə
ağır kədər qismət etdin və məkrlə
oğlumu əlimdən aldın, məndə buna görə səni
hədələdiyim kimi, qanda boğdum”. Bu
epizoddakı xarakterik xüsusiyyət həm də Polienin “Hərbi
kələklər” kitabında Şirakın qəhrəmanlığından
danışdıqda özünü əks etdirir. E. ə.
513-cü ildə skiflər İran çarı I Daraya
qarşı üsyanlar edərkən onların düşərgəsinə
sak mehtəri Şirak qulaqları, burnu kəsilmiş, pis hala
salınmış vəziyyətə gəlir və deyir ki,
onu bu günə öz qəbilədaşları
saldığından o, onlardan qisas almaq üçün
İran şahına xidmət etməyə hazır
olduğunu söyləyir. Buna görə o,
İran ordusunun sakların arxasına keçirilməsinə
kömək edəcəyinə söz verir. Fars ordusu yeddi gün yorğun-arğın yol gedir.
Nəhayət, Şirak onları susuz səhraya
gətirib çıxarır. Perslər
Şirakı hədələməklə ondan düzgün
yol göstərməyi tələb edirlər. Belə
olduqda Şirak cavab verir: “Mən qələbəni uddum,
öz yerlilərimdən, saklardan bədbəxtliyi kənarlaşdırmaq
üçün farsları aclığa və ölümə
məhkum etdim”. Demə, qəbilədaşlarını
xilas etmək üçün mehtər bu yaraları
özü-özünə vurur. Bu əfsanənin
bəzi detalları türk xalqlarının qəhrəmanlıq
eposu “Koroğlu”da özünü əks etdirməkdədir.
X.Koroğlu “Özbək ədəbiyyatı” kitabında
yuxarıda adlarını çəkdiyimiz dövlətlərin
(Baktriya, Margiana, Soqdiana və Xarəzm) mədəniyyətindən
və dilindən söhbət açarkən e.ə. II-I əsrlərdə
yaşamış tarixçi – Si Ma-Tsyanyaya söykənərək
Fərqanədən Parfiyaya qədər (Aşqabad ərazil əri)
“insanların bir-birini anladıqlarını”, Strabon isə
Baktriya, Soqdiana, Persiya və Midiya (Cənubi Azərbaycan) əhalisinin
bir-birinin dilini başa düşdüklərini qeyd edib. Qaraqalpaqların tarixi və Qaraqalpaqstanın
özü ilə bağlı SSRİ EA-nın Xarəzm
Arxeoloji Etnoqrafiya Ekspedisiyasının professoru S.P.Tolstovun rəhbərliyi
ilə aparılan tədqiqatlar qaraqalpaq xalqının tarixi
simasının müəyyənləşdirilməsində
böyük rol oynayıb.
T.Jdankonun «Qaraqalpaqların tarixi etnoqra fiyasının
oçerkləri» kitabında qaraqalpaqların etnogenezi ilə
bağlı müxtəlif alimlərin nəzər nöqtələri
ümumiləşdirilir. XIX əsrdə qaraqalpaqların sosial
quruluşu öyrənilir, onların tayfa-qəbilə
strukturu ətraflı şəkildə şərh olunur.
Bu müəlli fin əsərlərində qaraqalpaq xalqının
tarixi və etnoqrafiyası ilə bağlı bir sıra digər
məsələlər də ətraflı şəkildə
öz əksini tapıb. Qaraqalpaqların tarixi,
etnoqrafiyası, məişəti və həyat tərzi
başqa materiallar da, monoqrafik əsərlərdə, tədqiqat
işlərində və məqalələrdədə nəzərdən
keçirilib.
Qaraqalpaq alimi X.Yesbergenov qaraqalpaqların etnoqrafiyası
ilə bağlı ayrıca bir əsər yazıb. Burada müəllif
nəinki qaraqalpaq mədəniyyətinə və həyatına,
həm də Qaraqalpaqstan ərazisində yaşayan digər
xalqların mədəniyyətinə və həyatına
kifayət qədər yer ayırıb. Bununla
belə, bu sahədə ən sanballı əsərlərdən
biri «Qaraqalpaqların qədim zamanlardan dövrümüzə
qədərki oçerki» adlanan mənbədir. Bu kitabda qaraqalpaqların tarixi daha obyektiv şəkildə
araşdırılmağa cəhd edilib. 50-60-cı
illərdə Qaraqalpaqstan və qaraqalpaqların folkloru, incəsənəti,
ədəbiyyatı və təhsillə bağlı
çoxsaylı əsərlər işıq üzü
görüb. Sadaladığımız bu
və digər mənbələr qaraqalpaqların tarixi,
etnoqrafiyası, folkloru, mədəniyyəti, ədəbiyyatı,
incəsənəti, mənəviyyatı haqqında geniş
mənzərə yaratmaq üçün müvafiq şərait
sərgiləyir. Təəssüf ki, belə
zəngin və orijinal qaraqalpaq mədəniyyəti və ədəbiyyatı
Azərbaycanda indiyə qədər diqqət mərkəzində
dayanmayıb. Bununla belə bu xalqın geniş mədəniyyəti
ilə tanış olduqda biz türk
xalqlarından özünəməxsusluğu ilə
seçilən qaraqalpaqların mədəniyyətinin və
mənəviyyatının özəl xüsusiyyətlərinin
şahidi oluruq. Bu kitabın nəşrinə qədər biz
qaraqalpaq qəhrəmanlıq eposu «Qırx qız»ın
ayrı-ayrı hissələrinin nəşri, tərcüməsi
və s. haqqında bir sıra məqalələr çap
etdirmişik ki, onlar qaraqalpaq mədəniyyəti və ədəbiyyatı
haqqında az da olsa təsəvvürlər yarada bilib. Azərbaycanda qaraqalpaqlar haqqında informasiyanın
kifayət qədər qənaətbəxş olmaması
ucbatından bu xalqın tarixinin müxtəlif dönəmləri
haqqında bəzi məlumatlar verməyi məqsədəuyğun
hesab edirik. Qeyd etmək lazımdır ki,
qaraqalpaqların daimi məskunlaşdığı torpaqlar
kimi Sırdəryanın aşağı hissəsi, vaxtılə
Noqay xanlığına daxil olan ərazilər İdil (Volqa),
Yaik (Ural) və Krım göstərilir. Elə
buradaca qeyd edək ki, Qaraqalpaq folklorunda «noğay qatı» daha
güclüdür. Bu isə məhz burada
yaşamış noğay xanları və mirzələri
(Yedigey, Orus-b əy, Ormambet bəy) və digərlərinin
adı ilə bağlıdır. Türk
dillərinin məşhur bilicisi N.A.Baskakov qaraqalpaq və
noğay dillərini müqayisə edib bir-biri ilə
qarşılaşdırmaqla onların tayfa tərkibini
göstərib, etnik birliyini sübuta yetirib. Bundan başqa XVII əsr rus tarixi sənədlərində
qaraqalpaqların və noğayların Yaik çayı üzərində
hərbi döyüşlərdə birlikdə iştirak etdikləri
göstərilir. Bütün bunlar bir daha
təsdiq edir ki, XV-XVI əsrlərdə qaraqalpaqlar Noğay
Ordasının tərkibində olublar. Bu
siyasi birləşmənin çərçivələrində
hər ehtimala qarşı məhz qaraqalpaqların etnogenezinin
formalaşmasının mürəkkəb prosesi gedib, onların
dili və qaraqalpaqların mədəniyyətinin əsas
xüsusiyyətləri məhz bu mühitdə
formalaşıb. Burada Orta Asiya
siviliziasiyasının qədim mərkəzi olan Xarəzmə
məxsus olan xarakterik əlaqələr də öz əksini
tapıb. Eləcə də onların Dəşti-Qıpçaqla
və aşağı – Sırdərya rayonları
(Qazaxıstan) və Şərqi Avropanın - Ural ətrafının,
Volqa ətrafının və Şimali Qafqaz ərazilərində
yaşayan xalqların mədəniyyətləri ilə bir
arealda formalaşması da tarixi etnoqrafik ədəbiyyatda
sübuta yetirilib. Qaraqalpaqlarla
noğayların etnik birliyini həm də bu iki xalqın
içində olan qəbilə-tayfa adlarının eyniliyi də
sübut edir. Qaraqalpaq etnoqrafları və
folklorşünasları tərəfindən qələmə
alınmış əfsanələr və lətifələr
sırasında xüsusi maraq noğayların tarixi folklorlu ilə
bağlı silsilə əhəmiyyət kəsb edir.
Rəvayət və əfsanələrdə
qaraqalpaqların noğaylarla Ural ətrafında Volqaya, Urala və
Krıma tərəf birgə köç etməsi də əksini
tapıb. Bununla belə əfsanə və rəvayətlərdə
həm də rus və Şərq mənbələrinə
görə noğaylardan Ormambet bəyin, Orus bəyin və
digər hökmdarların adı çəkilir.
Tarixi sənədlərdə “qaraqalpaq” adı ilk dəfə
1598-ci ildə əksini tapıb. Bununla bağlı Şeybanilər
sülaləsindən olan Buxaralı Abdulla xan (1583-1598) tərəfindən
yazılmış bir sənəddə məlumat var. Bu haqda
Abdulla xan tərəfindən Sığnaqda Ziyaəddin
müqəddəs məqbərəsinə verilmiş sənəddə
qeydlər var. Şəhərin adı çəkilən bu
yerinə yaxın olan ərazilərdə yaşayan
yarımoturaq, yarıköçəri qrupların
adını sadalayan müəllif sənəddə digər
tayfa və qəbilələr arasında, həm də
qaraqalpaqların adını çəkir. Sənəddə
gətirilən bu fikirlərə söykənərək
tanınmış alim P.P.İvanov hesab edir ki, qaraqalpaqlar
yarımoturaq həyat tərzi keçirirdilər. Sonrakı dövrlərdə ortaya çıxan mənbələr
qaraqalpaqların lap XIII əsrdə həm də digər ərazilərdə
yayılmasını göstərir. Məsələn,
qaraqalpaqların bir hissəsi qazaxlarla və noğaylarla
birlikdə Volqa, Ural, Emba və Ürgenc ətrafına
köç etmiş və Cənubi Şərqi Avropa
xalqları ilə əlaqələrdə olub, digər bir hissəsi
isə Orta Asiyaya tərəf hərəkət etməklə,
Buxaranın təsiri altına düşərək Buxara
xanlığının daxilində yaşayıb. Qaraqalpaqların mənşəyi ilə
bağlı məsələ uzun müddət ərzində
heç də dürüst konsepsiyaya malik deyil.
XX əsrin
20-ci illərinə qədər qaraqalpaqlar haqqında elmi ədəbiyyat
son dərəcə az idi. Qaraqalpaqların
etnogenezi ilə bağlı əsasən «qapaqalpaq»
sözü məlum idi ki, bunun da «qarapapaq» mənasına gəldiyi
vurğulanırdı. Uzun müddət ərzində
alimlər bu etnonimi digər orta əsrlər etnonimi ilə
eyniləşdirmək fikrində olub, eyni zamanda bu etnonimi həm
də “çyorniye klobukı” - oğuz-peçeneq qəbilələrinin
bir hissəsi ilə eyniləşdirirdilər. Hələ
XIX əsrin 30-cu illərində tarixçi-etnoqraflar
“çyornıye klobukı” Rəsidəddin tərəfindən
adı çəkilmiş “çyornıye klobuku” “qarapapaq
xalqı” daha dəqiq – “kaum-i-kul-sia” ilə müqayisə etməyə
başlayıblar. İlk dəfə bu iki
etnonimi bir-biri ilə əlaqələndirən
tanınmış şərqşünas alim Dosson olub.
O, bu barədə özünün «Monqolların tarixi»
adlı kitabında məlumat verib. Rəsidəddinin «Salnamələr
məcmuəsi»ni dərindən təhlil
edən Dosson belə bir nəticəyə gəlib ki,
qaraqalpaqlar elə rus salnamələrində adı çəkilən
“çyornıye klobuk”lardır. Demək olar ki,
elə bu istiqamətdə qaraqalpaq adını digər bir
alim, professor N.İ.Berezin özünün «Batının
hücumu» əsərində göstərir. Digər bir XIV əsr ərəb tarixçisi
Ən-Nüveyrinin məsələ ilə bağlı fikri isə
xeyli mübahisələrə səbəb olub. O,
yazırdı ki, Qızıl Ordada olan 11 qıpçaq qəbilələrindən
biri “qara börklü”, yəni “qara papaqlı”
adlanırdı. Alimlərin əksəriyyəti
belə hesab edir ki, bu adlar rus salnamələrində olan
«çyornıye klobuki»yə uyğundur.
Ancaq etnonim bu günə qədər hələ də dəqiqləşdirilməyib. Elmi ədəbiyyatda
qaraqalpaqların öz mənşəyini peçeneqlərdən
götürdüyü faktı birmənalı şəkildə
müdafiə və təsdiq olunur. Bununla ba ğlı
macar türkoloqu A.Vamberi yazırdı: “Əgər onların
(qaraqalpaqların – N.T.) ən yaxın qohumları kimi
peçeneqləri hesab etmiş olsaq, səhv etmərik”.
Təxmin ən analoji fikri XIX əsrin dördüncü
rübündə ingilis tarixçisi Xovoros da söyləmişdi. Qaraqalpaqların
peçeneqlərlə qohumluğundan və onların mənşəyinin
Rəşidəddinin söylədiyi kimi “qarapapaq xalqı” ilə
əlaqələndirməsi ilə bağlı danışarkən
o, hesab edirdi ki, onların birbaşa sələfi elə
peçeneqlərdir ki, onlardan da noğaylar törəyiblər.
Noğayların bir hissəsi sonralar Aral dənizi
yaxınlığındakı səhralara səpələnmişdi.
Məhz bu ərazilərdə yaşayan
noğaylar sonralar qaraqalpaq adını alıblar ki, bu da
qaraqalpaqların başlarında gəzdirdikləri qarapapaqla əlaqələndirilib.
Nizami
Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2016.- 2 iyul.-
S.14.