Şah İsmayılın dövlətçiliyimiz
və folklor irsimiz üçün göstərdiyi xidmətlər
1499- cu ildə Şah
İsmayılın rəhbərliyi
altında başlanan qızılbaş hərəkatı
Səfəvilərin əvvəlki
çıxışlarından (Cüneyd, Heydər, Soltan Əli) əhəmiyyətli dərəcədə
fərqlənirdi. İ.P.Petruşevski
yazırdı: ”Əgər Şeyx Heydər yalnız Azərbaycanı birləşdirməyi
öz qarşısına
məqsəd qoymuşdusa,
İsmayılın müridlərinin
və tərəfdarlarının
məhz qonşu ölkələrdə fəal
çıxışları onun qarşısında daha geniş vəzifələr qoydu.
O, Azərbaycanı birləşdirdi.
O.Əfəndiyev yazır ki,
“hekayə üslubunda
olan mənbələr
qızılbaşlar hərəkatının
ideologiyası, yəni
onun iştirakçılarının
ictimai və siyasi məramı haqqında mühakimə yürütməyə imkan
vermir. Bu cəhətdən
Şah İsmayıl Xətayinin öz divanı (şeirlər külliyatı) böyük
əhəmiyyət kəsb
edir...”
Şah İsmayıl
ilahiləşdirilmiş bir
şəxsiyyət idi. Qızılbaşlar onu çox sevir, xalq ona
xilaskar kimi inanırdı. Xalqın ona
olan sonsuz sevgisi və inamı onun hərbi yürüşlərdə
qazandığı zəfərlərin
əsas qüvvəsi
idi. Şah İsmayıl bir
çox əski türk dəyərlərini,
dili, mədəniyyəti
milliləşdirmişdi. Türkcə
rəsmi dil idi. Sufilik dövlətin ideologiyası
səviyyəsinə yüksəlmişdi.
Qızılbaşlıq ideologiyasının
əsasında dincə
islam, məzhəbcə
şiəlik, təriqətcə
əhli-həqlik dayanırdı.
Ölkənin problemləri bəylərin
toplandığı şah
divanında müzakirə
olunurdu. Divan dövlətin parlamenti funksiyasını yerinə
yetirirdi.
Şah İsmayılın
dövlətçiliyimiz və
folklor irsimiz üçün göstərdiyi
misilsiz xidmətlərdən
biri də onun xalq mədəniyyətini,
musiqisini, şeirini, sözünü və sənətini, dilini və inamını xalqın özünə qaytarması idi. Aşıq sənətinin
təşəkkülü də onun adı
ilə bağlıdır.
Türk kökü və türk ruhu ustundə köklənmiş
sazı da saraya o daxil edir. H.İsmayılova görə Şah
İsmayılın divanı
“baş divani” saz havası ilə açılıb,
“Ruhani” havası ilə bağlanarmış.
Bu havanı Səfəvi
dövlətinin himni də saymaq olar. Bu ənənə
sonralar aşıqlar tərəfindən məclislərdə
davam etdirilir.
Professor A.Attar türk
tarixində Səfəvilərin
yerini belə səciyyələndirir: “Səfəvi
dövləti idari, əsgəri, siyasi, mədəni strukturuyla bir türk dövləti
olub. Şərqi Anadolu, İran, İraq, Azərbaycan, Orta Asiyanın bir hissəsini içinə alaraq toplam 2 milyon kvadrat kilometrdən çox bir ərazini içinə alaraq Yaxın və Orta Şərqin
mərkəzində bir
imperatorluq qurmuş olan Səfəvilər 200
ildən çox bir müddətdə bölgənin tarixi taleyinə hökm edib. Siyasi səviyyəsi nəzərə
alındığından Osmanlı,
Baburlu və Şeybanilərlə birlikdə
dönəmin dörd
böyük türk dövlətindən biri olub. Bu baxımdan
bəzi Qərb tarixçiləri XVI əsrə
Türk Əsri adını verməkdədirlər.
Səfəvilər dönəmində ilk dəfə türkcə İranda sarayda geniş şəkildə
işlənmiş və
bir xanədan dili səviyyəsinə gəlmişdi. Sənət sahəsində
isə özəlliklə
rəsm və memarlığın ən
böyük əsərləri
bu dönəmdə yaradılmışdı. İsfahan o dönəmin ən böyük yadigarlarından
biri olaraq canlılığını bu
gün də qorumaqdadır. Türk milli
dəyərləri önə
çəkildiyindən İran
bir türk ölkəsi halına gəlmiş və 1925- ci ilə qədər
türklər bölgənin
ən yetkin etnik qrupu kimi
özünəməxsusluqlarını qorumuşlar. Bu gün də İranın əhalisinin önəmli bir hissəsinin türklərdən
ibarət olması Səfəvilərin apardığı
siyasət sayəsində
gerçəkləşib. Dolayısıyla Səfəvi tarixi
hər yönüylə
türk tarixində bir zirvə olub”. Səfəvilər dövrünün folklor gerçəkliyi, Xətayi yaradıcılığının
folklorla əlaqələri
və Şah İsmayılın xalq mədəniyyətinə verdiyi
böyük önəm
tədqiqatlarda yüksək
qiymətləndirilir. F.Bayatın yazdığı
kimi, oğuzçuluq
ideologiyası nəticəsində
Azərbaycanda və Ön Asiyada Qaraman bəyliyi, Qaraqoyunlu və Ağqoyunlu, nəhayət
Səfəvilər dövləti
kimi köçəbə
- maldar prinsipli dövlətlər yarandı.
Müəllifin müşahidələrinə görə, Səfəvilərin
təbliğ etdikləri
şiəlik də əski türk şamançılığına çox yaxın idi... inamla demək
olar ki, Şah İsmayıl şiəlikdə şamanlığı
əridib, dövlətdə
türk törəsini
bərpa edirdi. “Göründüyü kimi, Xətayi bütün siyasi və ədəbi şəxsiyyəti ilə
Oğuz-Türk varlığından
qopmuş, bu varlığın daşıyıcısı
olmaqla onun mövcudluğu, yaşarılığı
uğrunda mücadilə
etmişdi. Mücadilənin etnopsixoloji mayasında oğuzçuluq dururdu.
Oğuzçuluq isə bir ideologiya kimi Oğuz türklərinin ulu əcdadı Oğuz Kağanla bağlı oğuznamə
mətnlərinə dayanırdı.
Bu isə birbaşa
olarak Oğuz türklərinin folklor yaddaşı, epos yaddaşı
demək idi. “Xətayi və
folklor” münasibətləri
ən geniş baxış müstəvisində
“Xətayi və epos (etnik yaddaş, etnoepik ənənə)” deməkdir. Xətayi və folklor
münasibətlərini bu
şəkildə xarakterizə
edən S.Rzasoya görə “folklor Xətayi üçün
bir tərəfdən
hərəkət enerjisi
aldığı etnoepik
yaddaş, digər tərəfdən davranış
formulları aldığı
düşüncə qaynağı
olub. Xətayi Oğuz-türk törəsinə
əsaslanan Azərbaycan
etnopolitik varlığının
qurulmasında davranış
formullarını folklordan
almışdı. Bu baxımdan, Xətayinin dayandığı, söykəndiyi
folklor onun təmsil etdiyi etnosun tarixi statusunda olmuşdu. Xətayi öz siyasi, ictimai, ideoloji, təsəvvüfi-irfani, ədəbi,
kültürəl fəaliyyəti
ilə təkcə folklordan qidalanmayıb, eyni zamanda folkloru
qidalandırıb (onun
adı epikləşib,
dastanlaşıb)”.
Xalqımızın yaddaşında yaşayaraq
ən əski zamanlardan çağdaş
dövrə qədər
gəlib çatan dövlətçilik ənənəsi
öz növbəsində
milli ruhu və milli ideyanı
folklorun sonsuz enerjisi hesabına qidalandırıb və artıq XX əsrin əvvəllərində bir
ideologiya kimi formalaşıb. Ayrı-ayrı zamanlarda türkçülük,
oğuzçuluq, islamçılıq
kimi ictimai və rəsmi dövləti meyllər mövcud olub. Nəhayət, bu meyllər
mədəni türkçülük
kimi meydana gəlir.
Mədəni Türkçülük öz prinsip və müddəalarını
aşağıdakı istiqamətlər
üzrə formalaşdırır:
Türk millətinin bütövlüyü,
bir millət olmasının əsasını
təşkil edən soykökün dərk olunması.
– Milli şüur və milli vicdanın
aktivləşdirilməsi.
– Türk milləti və Türk dili anlayışlarının
həm rəsmi, həm də kütləvi şəkildə
qəbul edilməsi.
– Türk tarixinin vahid bir millətin
tarixi kimi öyrənilməsi.
– Türk xalqlarının ortaq ədəbiyyatının
yaradılmasını.
– Türk xalqlarının vahid əlifbasının qəbul edilməsi.
– Türk xalqları arasında mədəni əlaqələrin qurulması.
– Türkcənin sadələşdirilməsi,
təmizlənməsi və
inkişaf etdirilməsi.
XX əsrin əvvəllərində
formalaşan bu ideyaya görə Turançılıq türkçülüyün
son həddi sayılır. Bu hədəfə
doğru gedən yolu türkçülük
fikrinin böyük mütəfəkkirlərindən biri olan Z.Göyalp
üç mərhələdə
görürdü: Türkiyəçilik,
Oğuzçuluq, Turançılıq.
Siyasi türkçülük isə
müstəqil türk
dövlətlərinin yaradılmasını
nəzərdə tuturdu.
O dönəmdə Azərbaycanda
Məhəmməd Əmin
Rəsulzadə, Türkiyədə
Mustafa Kamal Atatürk,
Krımda Seyidəhməd
Krımər türkçülüyün
siyasi məfkurəsini,
ideoloji əsaslarını
hazırlayan böyük
liderlər idi.
Bütün türk dünyasında tanınan və türkçülük ideyasını
hazırlayan və yayan görkəmli ideoloqlar isə Azərbaycanda Əli bəy Hüseynzadə, Krımda İsmayıl bəy Qaspıralı, Türkiyədə Ziya Göyalp olub. Türkiyədə
cümhuriyyətin qurucusu
Atatürkün yaratdığı
ideoloji sistem özündə bunları
ehtiva edir: cümhuriyyətçilik, millətçilik,
dövlətçilik, dünyəvilik,
inqilabçılıq, xalqçılıq.
Atatürk milli ideoloji görüşlərini
belə ifadə edirdi: “Biz Türk millətiyiz. Bunu bilməliyiz ki,
milli mənliyini bilməyən millətlər
başqa millətlərə
yem olur. Bir millətin ruhu zəbt olunmadıqca, o millətə hakim olmaq imkanı yoxdur”.
Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 5 iyul.-
S.14.