Azərbaycanda yaşayan qaqauzlar

 

Onlar ana dillərini bilir və adət-ənənələrini qoruyub saxlayırlar

Bu yazıda Azərbaycan türkləri ilə qaqauzların tarixi-ulusal ilişgiləri haqqında danışılır. Araşdırmaçı Əli Şamil bildirir ki, Azərbaycan türkləri ilə qaqauzların tarixi ilişkiləri dərindən öyrənilməyib: “Ümumi şəkildə hər iki xalqın soykökünün oğuzlarla bağlı olduğunu yazan araşdırıcıların sayı isə olduqca çoxdur. Tarixin dərin qatlarına endikcə ortaqlıqlar da artır. Orta yüzilliklərdən isə ayrılmalar, uzaqlaşmalar sürətlənir. Buna baxmayaraq izlər tam itmir. Doqquz ilə yaxın davam edən Səfəvi və Osmanlı toqquşmasından sonra 1590-cı ildə anlaşma olur. Səfəvilər Quzey Batıda böyük bir bölgəni itirməli oldu. Osmanlı imperiyası yeni ələ keçirdiyi bölgədə vergi toplanmasını qaydaya salmaq üçün siyahıyaalma keçirdi. Həmin siyahıyaalma dəftərlərindən biri «İrəvan əyalətinin müfəssəl dəftəri» adlanır. İstanbulda Başbakanlıq arxivində saxlanılan bu sənədi akademik Ziya Bünyadovla tarixçi Hüsaməddin Məmmədov (Qaramanlı) 1996-cı ildə Bakıda «Elm» nəşriyyatında kiril əlifbasında çap etdiriblər. Bu qiymətli qaynağın 210-cu səhifəsində İrəvan əyalətinin Karni nahiyəsində Qaqauz adlı kəndin olduğu göstərilir. Sonralar həmin ərazilər Səfəvi və Osmanlı müharibələri nəticəsində əldən-ələ keçir. Osmanlı imperiyası 1728-ci ildə həmin bölgəni yenidən ələ keçirdikdə vergi toplanmasını qaydaya salmaq üçün yenidən siyahıyaalma keçirir. Təəssüf ki, burada Qaqauz kəndinin adı yoxdur. Sofiyada Kiril və Mefodi kitabxanasında saxlanılan «Dəftəri sicili livayi Rəvan» araşdıra bilmədiyimizdən bu qiymətli bəlgədə Qaqauz adlı kəndin və eləcə də qaqauzlarla bağlı toponimlərin olub-olmadığını öyrənə bilmədik.

Rusiya imperiyası Birinci Pyotrun vəsiyyətlərinə sadiq qalaraq qonşu ölkələri zəiflədir və onların torpaqlarını işğal edirdi. Beləliklə, 19-cu yüzilin önlərində artıq Azərbaycan türkləri də, qaqauzlar da Rusiya imperiyasının ərazisinə qatılmışdılar. 150 ildən çox eyni dövlətin tərkibində olsalar da birbaşa əlaqələri demək olar ki, mövcud olmayıb. Mətbuatda, elmi ədəbiyyatda gedən kiçik qeydləri nəzərə almasaq, Azərbaycan qaqauz əlaqələri 1970-ci illərdən dirçəlməyə başlayıb, 1990-cı illərdə daha da artıb. İkinci Dünya Savaşı ərəfəsində Sovetlər birliyi faşist Almaniyası ilə dünyanı yenidən bölüşdürmə haqqında gizli anlaşma imzaladı. Tarixə Molotov və Rodontrop anlaşması kimi daxil olmuş bu bəlgədən sonra Sovet orduları Batı Ukraynası, Batı Belarusiya adlandırdıqları bölgələri zor gücünə işğal etdi. Bessarabiya da Sovetlər Birliyinə qatıldı. Yeni işğal olunmuş bölgələrdə şəxsi mülkiyyət mövcud idi. Sovetlər Birliyində isə 20 illik təqiblərdən, həbslərdən, sürgünlərdən, bir sözlə, zorakı həyatı keçirilmiş tədbirlərdən sonra şəxsi mülkiyyət ləğv edildi. Hər yerdə sosialist təsərrüfatı qurulmuşdu”.

Sovetlər Birliyinin yeni işğal etdiyi bölgələrdə, eləcə də qaqauzların yaşadığı bölgədə zor gücünə sosialist təsərrüfatları haqqında danışan araşdırmaçı bildirir ki, kəndlərdə kolxozlar, sovxozlar, artellər yaratmaqla başladı: “1941-ci ildə faşist Almaniyasının Sovetlər birliyinə hücumu alman qoşunlarının sürətli yürüşü bu işi yarıda qoydu. 1944-cü ildə Sovet qoşunları almanları geri oturtmağa başladı. Qaqauzlar yaşayan bölgə yenidən Sovetlər Birliyinin əlinə keçdi. Müharibə gec başa çatdığına, eləcə də yerli sakinlərin təsərrüfat sosialist quruculuğuna keçidi bir az ləngidi. İkinci Dünya Savaşı bitdikdən sonra Sovetlər Birliyi yeni işğal etdiyi bölgələrdə sosialist təsərrufatı qurmaq üçün uzun illik təcrübəsinə əsaslanaraq öncədən müqavimət göstərə biləcək insanları güllələtdi. Beləliklə, növbəti terror həyata keçirildi. Onlarla qaqauz ailəsi bu qəddar siyasətin qurbanı oldu. Ailə başçılarını itirdilər, torpaq, mülk sahibləri güllələndi və həbs edildi. Bu azmış kimi onların ailə üzvləri də Vətəndən uzaqlara sürgün edildi. Heç bir şəraiti olmayan yük vaqonlarında uzaq yola çıxmış sərnişinlərin çoxu yolda soyuqdan, acından, xəstəlikdən məhv oldu. Sürgün olunan qaqauz ailələrindən 100-ə yaxını Azərbaycana da gətirildi. Onların çoxu Bakı şəhərinin yaxınlığındakı Maştağa qəsəbəsinin yanındakı daş karxanasının baraklarında yerləşdirildi. Yerli əhali ilə əlaqəsi əngəllənən, daimi komendant nəzarətində olan qaqauzların fiziki işə yararlıları daş karxanasında işlədilirdi.

Qaqauzlar yalnız Azərbaycanda deyil, Quzey Qafqaza, Qazaxıstana, Orta Asiyaya sürgün edilmişdilər. Sosializm quruluşuna əngəl ola biləcəyi düşünülən insanların güllələnməsi, sürgün edilməsi, həbsi təsərrufatı iflic vəziyyətə salmışdı. Necə deyərlər, torpağı əkməyə, yetişən məhsulu biçməyə əmək alətləri, bacarıqlı işçilər qalmamışdı. Bölgəni aclıq, səfalət, xəstəlik bürümüşdü. Qəribəsi budur ki, sürgündəkilər qaçıb doğma vətənlərinə gələ bilmədikləri halda aclığın, yoxsulluğun əlindən qaçıb xilas olmaq istəyən qaqauzların bəziləri sürgün olunan doğmalarının, qohumlarının yanına gəlirdilər. Beləliklə, Azərbaycana qaqauzların ikinci qrupu gəlib yerləşməyə başlamışdı. Azərbaycanda havaların xoş keçməsi, qışın o qədər də sərt keçməməsi, hətta qış aylarında belə çöldə yeməli meyvələrin olması, iş yerinin mövcudluğu onların burada qalmaqlarına və yaşamaqlarına şərait yaratmışdı. Stalinin ölümündən sonra cəmiyyətin qüsurlarını tək bir adamın adına yazmaqla sosializm sisteminin ömrünü 35 ilə yaxın uzatdılar. Orta Asiyaya, Qazaxıstana elliklə sürgün olunmuş Balkanlara, qaraçaylara çeçenlərə, inquşlara doğma yurdlarına qayıtmağa icazə verilirdi. Həbsdə olanlara amnistiya verilirdi. Sürgündə olan qaqauzlara da vətənlərinə dönmək icazə verilirdi. Qaqauzların vətənə dönmə vəziyyəti sürgün olunanlardan xeyli fərqli idi. Onların sürgün olunmasında soydaşlarından, əqrəbalaraından belə vasitə kimi istifadə etmişdilər. Onları sürgün etdirənlər indi geri dönməsinə, tez-tez üz-üzə gəlməsinə razı ola bilməzdilər. Amma zaman öz işini görürdü”.

Araşdırmadan məlum olur ki, qısa müddətə Bakı ətrafında, Yevlaxda yaşayan qaqauzların əksəriyyəti vətəninə döndü: “Ölənlərin qəbirləri qaldı, bir də azərbaycanlılara ərə getmiş qadınlar. Qarışıq nigaha girmiş qadınların sayı 40-ı keçirdi. Stalinin ölümündən sonra rejim də xeyli yumşalmışdı. Bütün bunlara baxmayaraq qaqauzlar haqqında bilgi olduqca az idi. Ailə qurub Azərbaycanda qalan və ya müəyyən səbəbdən geri dönməyən qaqauzların əksəriyyəti savadsız olduğundan vətənlərini, millətlərini təbliğ edib tanıda bilmirdilər.

Qaqauzların Azərbaycanda tanınmasına və sevilməsinə səbəb burada qaqauzların Azərbaycana ezamiyyətə gələn qaqauz şairləri, yazıçıları, elm xadimləri, bir sözlə aydınları oldu. Onların televiziya və radioda çıxışları, qəzet və jurnallara verdikləri müsahibələr azərbaycanlılara güclü təsir göstərdi. Azərbaycan aydınları da qaqauzlar haqqında televiziya və radioda, qəzet və jurnallarda daha çox bilgi verməyə başladılar. Azərbaycan-qaqauz ədəbi əlaqələri geniş bir mövzu olduğundan ona toxunmayacağıq. Bu mövzuda lap azacıq xidmətləri olmuş insanlara da minnətdarlığımızı bildirməklə Azərbaycan qaqauzları mövzusuna dönəcəyik.

Yeni ictimai fikir formalaşdığı dövrdə bütün Sovetlər İttifaqında olduğu kimi Azərbaycanda da məmurlar özlərində güc tapıb Moskvanın başı üstündən qaqauzların Bakının ali məktəblərində oxumaları üçün yer ayırdılar. 1988-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk dili tərcüməçisi bölümünə müsabiqədən kənar 2 qaqauz tələbəsi qəbul edildi. Bununla da Azərbaycana qaqauzların yeni köçü başladı. Sonrakı illərdə Bakıya oxumağa gələn qaqauzların sayı 50-yə qədər artdı. Onlar Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alırdılar.

Azərbaycanda da bu tələbələrə xüsusi bir proqram əsasında, keçmiş sovet xarici tələbələri üçün hazırlanmış proqram əsasında dərs keçirilmişdi. Həmin proqram isə sosializmin nailiyyətləri adı altında yalnız rus mədəniyyəti, rus ədəbiyyatı təbliğ olunurdu. Belə bir proqram əsasında təhsil almış tələbələrin çoxunda milli şüur oyanmırdı. Bakıya təhsil almağa gələn tələbə qızlardan bəziləri əfqana, fələstinliyə, ərəbə və başqa afrikalı tələbələrə ərə getdiyi kimi, az bir qismi azərbaycanlı gənclərə ərə getdilər. Bundan başqa ali məktəbi bitirdikdən sonra vətənində münasib iş tapa bilməyəcəyini düşünüb Bakıda qalanlar da olmuşdu. Beləliklə, Azərbaycanda qaqauz diasporunu aşağıdakı kimi qruplaşdırmaq olar.

1. 1946-cı ildə sürgünə göndərilənlərdən evlənib qalanlar.

2. Qohumlarının yanına yaşamağa və işləməyə gedənlərdən evlənib qalanlar.

3. 1988-ci-1992-ci illərdə ali məktəblərdə oxumağa göndərilənlərdən Bakıda qalanlar. 1997-ci ilin mayında çox çətinliklə olsa Bakıda yaşayan qaqauzların cəmiyyətini yaratmaq məqsədi ilə onları bir araya gətirməyə cəhd göstərdik. Qəzetlərdə və radioda da elan verdik. Təssüf ki bu toplantıya qaqauzların yarısından azı qatıldı. Hazırda Azərbaycanda onlarla qaqauz yaşayır. Bakıda ali məktəbi qurtarmış qeydiyyata düşmədən burada qalan və işləyənlər bu statistikaya düşməyiblər.

Bakıda yaşayan və görüşüb söhbət etdiyimiz qaqauzların ana dillərini bilir və adət-ənənələrini qoruyub saxlayırlar. Son onillərdə onlar Vətənlə əlaqə saxlaya bilməsələr də folklor nümunələrini də yaşadırlar. Qaqauz folklorçuları və etnoqrafları üçün Bakı qaqauzları öyrənilməli bir mövzudur.

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 5 iyul.- S.13.