Qələbəyə
aparan yolun adı: Vətənpərvərlik...
Azərbaycanda hərbi sahədə, ordu quruculuğu
istiqamətində həyata keçirilən işlər gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunması,
onların vətənə məhəbbət hissi ilə
böyüməsinə müsbət təsir göstərir. Lakin etiraf
olunmalıdır ki, vətənpərvərlik ilk növbədə
ailədən və təhsil müəssisəsindən
başlayır. Sonra bu proses insan həyatının digər
mərhələlərində, o cümlədən də
Silahlı Qüvvələrdə davam edir. 1918-1920-ci
illərdəki müstəqillik dövrünü nəzərə
almasaq, ümumilikdə 160 ildən artıq bir dövrdə Azərbaycan
xalqı öz ordusuna malik olmayıb. Bütün
bu çətinliklərə və məhrumiyyətlərə
baxmayaraq, xalqımız mübarizə əzmini itirməyib və
vətənpərvərlik şüuru nəsldən-nəsilə
keçib. Yekunda isə Azərbaycan öz
dövlət müstəqilliyini əldə edib. Artıq dövlətimiz var. Azərbaycanın
müstəqilliyinin uğurlarından biri də Silahlı
Qüvvələrə malik olmasıdır. Bu gün hərbi imkanlarımız gənc nəsildə
vətənpərvərlik şüurunun formalaşmasına stimul
verən mühüm amillərdən biridir. Azərbaycan Ordusu qarşısına qoyulan vəzifəyə
uyğun olaraq təlimlər keçir və döyüş
bacarığını daim artırır. Ordunun texnika parkı yenilənir və gücləndirilir.
Bütün bunların məntiqi nəticəsi
olaraq isə ordumuz düşmən mövqelərinə -
işğalçıların səngər və
postlarına sarsıdıcı zərbələr endirirlər.
Qalır bu işlərin təbliği və gənclərə
vətənpərvərliyin aşılanması...
Təbliğat
necə aparmalı...
Burada əsas
iş ən böyük auditoriyası olan televiziya
kanallarının həmçinin, kinomatoqrafiya sənayesinin
üzərinə düşür. Bu gün izləyə
bildiyimiz ölkələrin televiziya kanalları, o cümlədən
kinomatoqrafiya sənayesi ordunun təbliğinə yönələn
saysız-hesabsız veriliş və bədii sənət
nümunələri ortaya qoyurlar. Bizdə
isə bu sahə hələ də ağsayır. Əlbəttə, heç bir işin görülmədiyini
birmənalı demək olmaz. Müəyyən
işlər görülür, lakin daha çox işləmək,
ordunun təbliği və bununla da vətənpərvərlik
ruhunun daha dərinə sirayət etməsinə nail olmaq
mümkündür. Digər vacib məqam
isə gənclərin çağırışa qədərki
hərbi hazırlıqla bağlı maairfləndirilməsi,
orta məktəblərdə bu istiqamətdə aparılan
işlərdir. Bu məsələyə isə
birmənalı fikir bildirmək olmaz. Lakin
çatışmamazlıqları demək vacibdir.
Orta məktəblərdə
hərbi hazırlıq dərsləri
Azərbaycan işğalçı Ermənistanla
müharibə vəziyyətində olduğuna görə gənclərin
ilkin hərbi hazırlıq dərslərini yüksək səviyyədə
keçmələri mühümdür. Bu məsələ
ordumuzun döyüş qabiliyyətinə təsir edən
amillərdən biridir. Çünki gənclər
ilkin hərbi hazırlığı məhz orta məktəblərdə
almalıdır. Keçmiş SSRİ
zamanında orta məktəblərdə bu istiqamət üzrə
keçirilən dərsliyin adı “İbtidai hərbi
hazırlıq” idi və tədris prosesi də məhz buna
uyğun aparılırdı. İndi isə
dərsin adı dəyişdirilərək, “Gənclərin
çağırışa qədərki
hazırlığı” adlandırılıb. Ölkəmizin müharibə vəziyyətində
olduğunu nəzərə alaraq, birmənalı demək olar
ki, bu uğurlu dəyişiklik deyil. Araşdırma
nəticəsində bəlli olub ki, adıçəkilən
tədris vəsaiti tələblərə, Azərbaycan
Silahlı Qüvvələrinin müasir ordu quruculuğu
standartlarına da cavab vermir. Bundan başqa
dərslər bəzi təhsil müəssisələrində
formal xarakter daşıyır. Bu fənn
üzrə orta məktəblərin əksərində
maddi-texniki baza, əyani vəsaitlər də qaneedici deyil.
Şagirdlərin ixtiyarında silah, texnika, təlim
partlayıcı qurğuları və digər vasitələr
nümunə şəklində verilmir. Həmçinin,
şagirdlər atıcılıq məşğələlərinə
aparılmırlar. Lakin Sovet zamanında bu
məşğələlər bəzi hallarda hərbi hissələrin
ərazisində belə keçirilirdi. İndi
isə bu ənənə yoxdur. Əlbəttə,
deyə bilərlər ki, bu gün orta məktəb şagirdləri
“Cəsurlar”, “Şahinlər” kimi hərbi oyunlara cəlb
olunurlar. Amma bu hərbi oyunların
geniş auditoriyanı əhatə etdiyini birmənalı
söyləmək düzgün olmaz. Hərbi
vətənpərvərlik hisslərinin gücləndirilməsi
üçün maarifləndirmə aparılarkən daim zamanın
tələbi nəzərə alınmalıdır. Çünki Azərbaycan ərazilərinin 20 faizi
işğal olunub. Bu mənada gənc, istər
qız, istərsə də oğlan həqiqi hərbi xidmətə
qədər silahla davranmağı bacarmalı, hərbi
üçün zəruri məqamları bilməlidir.
Vətənpərvər
xalq...
Səhvlərimizi deməkdən çəkinmədiyimiz
kimi, fəxr etməli olduğumuz məqamları da təbliğ
etməliyik. Birmənalı demək olar ki, Azərbaycan
xalqının vətənpərvərlik ruhu hər zaman oyaq
olub. Biz bunu 2016-cı ilin aprelin 2-5 tarixlərində
cəbhə xəttində yaranan gərginlik – Ermənistan
Ordusuna qarşı həyata keçirilən əməliyyatlar
zamanı şahidi olduq. Aprel
döyüşlərinin bu ruhun yenilənməsində
çox böyük önəmi oldu. Azərbaycan
ilk növbədə Ermənistana və bütün
dünyaya bir daha göstərdi ki, əzəli
torpaqlarının işğalı ilə barışmayacaq.
Ölkəmiz sülh danışıqlarına
sadiqdir, amma problem öz həllini yalnız beynəlxalq
hüquq çərçivəsində və Azərbaycanın
ərazi bütövlüyü qorunmaqla tapmalıdır.
Əlbəttə, cəbhə xəttində
ordumuzun qazandığı uğurun əsas səbəbi Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin diqqət ilə həyata keçirilən
ordu quruculuğudur. Ən böyük vətənpərvərlik
isə budur. Son döyüşlər
göstərdi ki, Silahlı Qüvvələrimiz
xalqımızın və ölkə rəhbərliyinin
etimadını yüksək səviyyədə
doğrultmağa qadirdir. Ali Baş
Komandanın tapşırığı ilə qısa müddətdə
orduda aparılan islahatlar, quruculuq işləri, keçirilən
çoxsaylı təlimlər müsbət bəhrəsini
verib. Ən vacib və qürurverici məqamlardan
biri də odur ki, son döyüş əməliyyatlarında
ordu və xalq möhkəm birlik nümayiş etdirdi. Hətta dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar da Müdafiə Nazirliyinə
müraciət edərək, dəstəklərini ifadə
etdilər və Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək
üçün ordumuzun sıralarında düşmənə
qarşı vuruşmağa hazır olduqlarını bildirdilər.
Döyüşlərdə şücaət
göstərən, şəhid olan hərbçilərimizin
valideynləri doğma övladlarını itirsələr də,
əsl vətəndaş mövqeyi ortaya qoydular, "Vətən
sağ olsun", dedilər.
Hərbi
vətənpərvərlik...
Bu gün Azərbaycan hökuməti bir sıra qaydalarda
dəyişiklik etməklə vətənpərvərlik
ruhunun daha da gücləndiriləsi istiqamətində işlərini
dava etdirir.
Bir müddət əvvəl Nazirlər Kabineti “Şəhid
adının əbədiləşdirilməsi və şəhid
ailələrinə edilən güzəştlərin tətbiqi
Qaydaları”na dəyişiklik etdi. Burada təqdir olunası məqam hərbi vəzifəlinin
Azərbaycanın ərazi bütövlüyü uğrunda
aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs
dövründə döyüş şəraitində olan hərbi
hissələrdə döyüş
tapşırığının və ya döyüş təminatı
ilə bağlı tapşırıqların yerinə yetirilməsi,
yaxud dövlət sərhədinin mühafizəsi üzrə
xidməti vəzifələrinin icrası zamanı həlak
olan zaman şəhid statusunun ona şamil olunmasıdır.
Digər bir dəyişiklik isə Nazirlər
Kabineti tərəfindən “Azərbaycan Respublikasının vəfat
etmiş (həlak olmuş) vətəndaşlarına hərbi
ehtiramın göstərilməsi ilə bağlı Azərbaycan
Respublikası Dövlət bayrağının istifadəsi
Qaydaları”nda edilən dəyişikləri göstərmək
olar. Dəyişikliyə əsasən
artıq tək döyüş şəraitində
döyüş əməliyyatlarında iştirak edən
şəxslər həlak olduqda deyil, hərbi xidmət vəzifələrinin
icrası ilə əlaqədar hərbi qulluqçular və
toplanışa çağırılmış hərbi vəzifəlilər
vəfat etdikdə (həlak olduqda) onlara hərbi ehtiram
göstəriləcək. Qaydada o da qeyd olunub ki, hərbi
qulluqçular və toplanışa
çağırılmış hərbi vəzifəlilər
döyüş əməliyyatlarında iştirak edərkən,
hərbi vəziyyət dövründə, yaxud silahlı
münaqişələr zamanı müəyyən edilmiş
vəzifələri yerinə yetirərkən,
döyüş növbəsini (döyüş xidmətini)
apararkən, daxili xidmət naryadlarında, qarovulda və
qarnizon növbələrində olarkən, təlimlərdə
və təlimlə bağlı səfərlərdə
iştirak edərkən, vəzifə borclarını, yaxud
komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam
və ya göstərişi yerinə yetirərkən,
günün nizam qaydaları ilə müəyyən
edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə
əlaqədar günün digər vaxtlarında hərbi hissənin
(müəssisənin) ərazisində olarkən, ezamiyyətdə
olarkən, müalicədə olarkən və müalicə
yerinə gedib-gələrkən, toplanışlar keçərkən,
hərbi xidmət yerinə gedib-gələrkən, əsirlikdə
olarkən (düşmən tərəfinə
könüllü keçmə hallarından başqa), xidməti
vəzifəsini icra edərkən xəbərsiz itkin
düşdükdə – şəxs qanunla müəyyən
olunmuş qaydada xəbərsiz itkin düşmüş və
ya ölmüş elan edilənədək, vətəndaşların
həyat və sağlamlıqlarını, şərəf və
ləyaqətini müdafiə edərkən, insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsi,
qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai
qaydanın qorunub saxlanılması işində dövlət
orqanlarının əməkdaşlarına köməklik
göstərərkən və fövqəladə halların
və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların
qarşısının alınması və nəticələrinin
aradan qaldırılmasında iştirak edərkən hərbi
xidmət vəzifələrinin icrasında sayılırlar. Bu dəyişikliklərə qədər yaranan
ayrıseçkilik cəmiyyətdə incikliyə səbəb
olurdu desək, yanılmarıq. Etiraf
olunalıdır ki, şəhid və qazilərə -
müharibə veteranlarına edilən hər bir müsbət
xarakterli münasibət – ehtiram da vətənpərvərlik
ruhunun inkişaf etməsinə, möhkəmlənməsinə
stimul yaradır.
Sosial tələb...
Dövlətimiz şəhid və qazilərin – müharibə əlillərinin maddi vəziyyəti ilə bağlı zəruri tədbirlər görsə də, ictimaiyyət dək könüllü olaraq bu istiqamətdə bəzi işlər görməyə can atır. Bu da xalqımızda vətənpərvərliyin bir istiqamətidir desək, yanılmarıq. Məlum aprel döyüşlərindən sonra belə niyyətli vətəndaşlarımızın – xaricdə yaşayan soydaşlarımızın sayı artmağa başladı. Lakin xaricdə yaşayan soydaşlarımız qeyd edilən ailələrə yardım etmək istəyini həyata keçirə bilmədirlər. Bunun səbəbi isə bu prosesi öz üzərinə götürə biləcək dövlət qurumunun olmaması oldu. Belə bir vəziyyətdə şəhid ailələrinə maddi yardımın həyata keçirilməsi üçün mərkəzləşdirilmiş dövlət qurumunun yaradılmasına ehtiyac duyuldu. Cəmiyyətin böyük bir qismi şəhid ailələrinə maddi cəhətdən dayaq olmağın yollarını axtardı.Lakin bu yardımın edilməsi mexanizmi tapılmadı. Artıq birmənalı söyləmək olar ki, Azərbaycanda şəhidlər, yaxudda şəhid ailələrinə yardım fondu adlı qurumun yaradılmasına ehtiyac duyulur. Bütün bu və digər nüanslar nəzərə alınmaqla dövlət tərəfindən bu funksiyanı rəsmi şəkildə həyata keçirəcək fondun təsis olunmasının zəruriliyi artır. Çünki müharibə davam etdiyi təqdirdə şəhidlərimiz olacaq. Bu mənada onlara dayaq olmaq istəyən vətənsevər insanlarımıza şərait yaratmalıyıq. Bu həm də şəhid ailələri üçün böyük dayaqdır.
Ramil Məmmədli
“AzeriDefence” hərbi-texnoloji
jurnalın redaktoru
Xalq Cəbhəsi.- 2016.- 5 iyul.-
S.5.