Zaqatala folklor mühiti
III yazı
Ötən yazılarda zəngin etnik-mədəni tərkibi
ilə seçilən Zaqatalada aşıq sənətinin
inkişafı ilə bağlı araşdırmanı təqdim
etmişdik. Mövzunu davam etdiririk. Zaqatala aşıq
mühitini araşdırmış Z.Mənsimovanın tədqiqatından
aydın olur ki, iyirmiyə yaxın etnik qrupun (saxur, avar, ləzgi,
lak, dargin, inqiloy, fars və s.) və azsaylı xalqların
çoxluğu ilə seçilən Zaqatala folklor mühiti
bu gün mədəniyyətlərin bir-birinə
qovuşması, çulğalaşması ilə səciyyələnir.
Zaqatalada yaşamaqda olan tənburu, onun
ifaçılarını, tənburda ifa olunan laylaları,
unudulmaqda olan mahnılarımızı, ümumilikdə,
Zaqatala folklor mühitini araşdırmaq məqsədəuyğundur:
“Bu gün tənbur daha çox toylarda, el şənliklərində
istifadə olunan çalğı alətinə çevrilib,
onun əvvəlki funksiyası isə dövrün tələbi
ilə aradan çıxıb. Balakən-Zaqatala bölgəsinin
tarixi etnoqrafiyasından yazan A.Məmmədli qeyd edir ki, 2-3
simli, 6 pərdəli çalğı aləti olan «danbur» həm
zaqatalalıların, həm də balakənlilərin dərdli
və sevincli anlarında ən yaxın dostu və
sirdaşı olub. Eyni zamanda tənbur burada el adəti olan iməciliklərin
yaraşığı, iç
dünyamızın aynası, sevgisi, ağrısı və
hayqırtısıdır. Zaqatalalı tənburçuların,
xüsusən suvagilli Musanın və muxaxlı Camalın
dediklərinə əsasən, tənbur musiqi aləti cökə,
gər və armud ağacından düzəldilir.
Maraqlı haldır ki, tənbur zaqatalalıların
yalnız xoş günlərində, toylarında, el şənliklərində
deyil, eyni zamanda onların ən çətin, ən
ağır günlərində də gərəkləri olub. Tənburda bəzi
saz havaları ilə yanaşı, sırf tənbur
havaları da ifa olunur. Bu havalar əsasən
mühitin ab-havasına, elin-obanın arzu-istəyinə
uyğun tərzdə ifa edilir. Tanınmış
tənbur ifaçıları tənburda həm qəmli
havalar, ilahilər, həm də məclisin ab-havasına
uyğun, oynaq havalar ifa edər, dastanlar söyləyərdilər.
Tənbur gecələrində tənburçular
sübhəcən dastan danışardılar. Zaqatalada məşhur
tənbur ifaçılarından olan 76 yaşlı Turacov Musa
Qazıməhəmməd oğlunun və rayonun bir çox
ağsaqqallarının dediklərinə görə, XIX əsrin
sonlarından XX əsrin ortalarına kimi tənbur gecələri
keçirilirdi. Tənbur gecələrində klassik
dastanlarımızdan olan «Novruz və Qəndab», «Aşıq Qərib»
və s. dastanlar söylənilirdi. Burada qara
nağıllar söylənilər, bardaş qurub oturan məclis
əhli isə böyük həvəslə tənburçuları
dinləyirdilər. Təbii ki, havaların
əksəriyyəti məclisin ab-havasına,
iştirakçıların arzu-istəyinə uyğun şəkildə
dəyişərdi. Tənburla mahnılar,
haylalar (başqa bölgələrimiz buna bayatılarda deyilir)
oxunur. Buna zaqatalalılar arasında «yerli
havalar» da deyilir. Tənbur havalarından
daha çox maraq doğuranları «Sarıbaş», «Məhərrəmkəndidir»
(buna el arasında «Gəlin ağladan» hava da deyilir).
Zaqatala oyun havalarından «Ox gülüm», «Ala gözlüm»,
«Leylam», «Ceyranım», el mahnılarından «Ay maral xanım»,
«Salamməlik» və s. daxildir. Tənburda məclisin
şəninə uyğun qəmli və şən havalarla
yanaşı, ilahilər də ifa olunur.
Göründüyü kimi, tənbur iki-üç simli
musiqi aləti olmasına baxmayaraq, imkanları çox
genişdir. Burada tənbur ifaçıları haqqında da məlumat
vermək yerinə düşər. Tənbur
ifaçılarına Zaqatalanın Tala, Muxax, Car, Əliabad,
Suvagil, Çardaxlı, Muğanlı və s. kəndlərində
daha çox rast gəlinir. Bunlardan Muxaxlı Camal oğlunun,
Talalı Aişə Süleymanovanın, Məmmədov Səəddinin,
Əlinin, Ramazanov Mikayılın, İsmayılın,
Əliabadlı Eyvazın və başqalarının
adlarını çəkmək olar. Bu sənətkarlar
dövrünün tanınmış sənətkarları
olublar. Qeyd edək ki, bu sənətkarların
əksəriyyəti uzun müddət tənburla məclislər
aparmış, dastanlar bağlayıb, sonralar isə saz
ifaçılığına keçiblər. Adı çəkilən bu şəxslər
yaşadıqları zamanın tanınmış tənbur
ifaçıları olublar. Maraqlı
xüsusiyyətlərdən biri də budur ki, tənbur
ifaçılarının əksəriyyətində sənətin
atadan-oğula ötürülməsi müşahidə
olunur. Bu halı bəzən indi də
müşahidə edirik. Məsələn,
suvagilli Musa Qazı Məhəmməd oğlu tənbur
havalarının ən gözəl ifaçısıdır.
Oğlu Turac isə onun sənətinin ən
layiqli davamçısı hesab oluna bilər. Turac nəinki
tənburda, eyni zamanda digər musiqi alətlərində sazda,
sintezatorda, qarmonda, qoşa nağarada və s. alətlərdə
böyük məharətlə ifa etməyi bacarır. Maraqlı xüsusiyyətlərdən biri də
budur ki, tənburçu Musa tənburda ifa edərkən, şəraitdən
asılı olaraq bəzən ömür-gün
yoldaşı ilə birgə hayla deyir. Yəni
biri tənburda çalır, digəri hayla deyir. Bu prosesdə onlar tez-tez bir-birini əvəzləyirlər.
Muxaxlı Məmmədov Səəddinin oğlu
Şaban da atasının layiqli davamçısı hesab oluna
bilər”.
Bu gün
də Zaqatalada sazla yanaşı, tənbur
ifaçılığı da yaşamaqdadır: “Hazırda
bu sənəti layiqincə yaşadanlardan Məmmədov
Şaban, Turacov Musa və başqalarının adlarını
çəkmək olar ki, onlar hələlik öz ifa tərzlərini
dəyişməyiblər. Mühit üçün
səciyyəvi olan xüsusiyyətlərdəndir ki, Zaqatala
aşıqlarının bəziləri ömürlərinin
çox hissəsini tənbur ifa edib, sonra isə saz
ifaçılığına keçiblər. Belələrindən Əliabadlı Camalın və
Əlinin adlarını çəkmək olar.
Tənbur ifaçılarının zaman ötdükcə
saz ifaçılığına keçmələrinin səbəbini
yalnız dövrün, zamanın tələbi ilə əlaqələndirmək
doğru olmazdı. Qeyd edək ki, quruluşuna, yaranma tarixinə
görə tənbur saza nisbətən daha qədim və sadə
çalğı alətidir. Qeyd etdiyimiz
kimi, bu mühitdə yaşayan əksər yerli sənətkarlar
saza keçməzdən öncə tənburda ifa etməyi
öyrənir, sonra saz ifaçılığına
keçirlər. Ancaq digər bir qrup tənbur
ifaçıları da vardır ki, onlar ömürlərinin
sonunadək elə tənbur ifaçıları kimi
tanınıblar.
Tənburun
qədim musiqi aləti kimi türkə məxsus olduğu məlumdur:
“Ancaq maraqlı haldır ki, bu gün Zaqatalada yaşayan
azsaylı xalqların nümayəndələrindən olan
ingiloylar, saxurlar, avarlar türkə məxsus tənbur
ifaçılığı ənənəsini sevərək
mənimsəyib və qorumağı bacarıblar. Buna
münasibət bildirən folklorşünas alim Ağalar Mirzə
«Şirvan Aşıq yaradıcılığı, təşəkkülü
və inkişaf tarixindən» adlı kitabında qeyd edib ki,
«Azərbaycanın Şimal bölgəsi etnik baxımdan
xüsusi keyfiyyətləri ilə seçilən, dillərin,
etnik özəlliklərin qovuşaraq ortaq mədəniyyət
yaratması baxımından daha incə və
qayğılı yanaşma tələb edir».
Bu gün
ingiloyların orta təhsil ocaqlarında tənbur xüsusi bir
musiqi aləti kimi tədris olunur: “Ancaq çox təəssüf
ki, buna yerli türklərin yaşadığı kəndlərin
orta ümumtəhsil məktəblərində təsadüf
etmirik. Zaqatala folklor mühitində tənbur
musiqi alətinin yeri, tarixi kökləri, qurban bayramına,
ürfan məclislərinə təsirindən yuxarıda
söz açmışıq. Maraqlı
xüsusiyyətlərdən biri də budur ki, bu mühitdə
tənbur musiqi aləti ilə yerli havaları avazla
çalıb-oxuyurlar. İfaçıların
daha çox ər-arvad olması halı müşahidə
olunur. Zaqatala aşıq mühitində tənburla
oxunan mahnılara «hayla» deyilir. Öncə
bu sözün etimologiyasına diqqət edək. Fikrimizcə,
«hayla» sözünü «haylamaq», «haraylamaq», «səsləmək»
və s. kimi mənaları ifadə edir. Maraqlıdır ki,
xakaslarda, altaylarda, şorlarda, tuvalarda, başqırdlarda
dastana «kay», «kayla», yaxud «hay», «hayla», dastan söyləyənə
isə «kayçı», yaxud «hayçı» deyilir. Bu sözün bir mənası da «boğazda oxuyan»,
yaxud «boğaz oxuması» anlamını verir.
Prof. Metin Ergin Hakas hayçıları və
hayçılık sanatı» tədqiqatında qeyd edir ki,
«Hakaslar arasında nimax, ya da alıptıx nimaxlar söyləməyə
hayla deyilir. Qeyd edək ki, bu haylaların ifası və
haylaların yeddilik şeir şəklində olması Zaqatala
haylaları ilə müəyyən bir oxşarlıq
yaradır. Digər tərəfdən, bu
haylalar yuxarıda adı çəkilən xalqlar arasında
həm qədim musiqi alətlərində – tənburda, setarda,
çoğurda ifa olunur, həm də musiqi alətindən
istifadə etmədən oxunurdu. Ehtimal etmək
olar ki, Zaqatalada tənburla söylənilən haylalar öz
ilkin formasını itirməsinə baxmayaraq, bu gün də
öz arxaik izlərini qorumaqdadır. Zaqatala
haylalarının Ağbaba aşıq mühitində
xüsusi mərasimlərdə deyilən nanaylara,
tırınqılara da müəyyən qədər
oxşarlığı var. Ağbaba nanayları Novruz, toy mərasimlərində
payız və qış gecələrində keçirilən
yığnaxlarda deyilərdi.
Bu yığnaqlar Zaqatalada vaxtilə tənbur ifası
üçün də təşkil olunardı. Ağbaba
mühitində keçirilən nanay məclisləri qara zurna
ilə müşayiət olunardı. Tənbur
gecələrində hayla ilə iki nəfər qabaq-qabağa
deyişərdilər. Bu xüsusiyyətə
biz nanay gecələrində də təsadüf edirik. Digər bir oxşarlıq həm nanayın həm də
haylanın bayatılar üzərində avazla
oxumasıdır. Fərq ondadır ki,
nanaylar əsasən, qara zurna ilə oxunur və misrada sözlərin
təkrarı isə əsas rol oynayır. Bir nümunəyə
diqqət edək:
Kisə
aldın olmadı
Ay
şaqqılar, ay şaqqılar, kəmərin.
Suya
saldın olmadı,
Varmı yardan, varmı yardan xəbərin.
Haylaların nanaylardan fərqli mövzu əlvanlığı
və tənbur gecələrində mövludlarda ifa
olunmasıdır. Hayla əsasən, tənburun adı ilə
başlayır. Bunlar bəzən iməciliklərdə,
el şənliklərində söylənmə məqamları
ilə oxşarlıq təşkil etsələr də, mahiyyət
etibarilə başqadırlar. Hayla
birbaşa təkkə ocaqlarından qidalanır. Zaqatala tənburunda deyilən haylaların məzmununda
qədim inanclar, əski bəşəri
dünyagörüş, təriqətçiliyin elementləri
əks olunur. XIX əsrin 70-80-cı illərində
bu alətlə müxtəlif ürfan məclislərində,
təkkə ocaqlarında, dərvişlərin,
övliyaların toplaşdıqları dini mərasimlərdə
ilahilər oxunardı. Tənburda ifa olunan
havalar, mahnılar istənilən mərasimin ab-havasına,
insanların istəyinə uyğun tərzdə olur. Onu da qeyd edək ki, əvvəllər yuxarıda
adları çəkilən ürfan məclislərində
istifadə olunmuş tənbur musiqi aləti, zaman keçdikcə
öz auditoriyasını da dəyişmiş, daha çox
mövsüm mərasimlərinin və el şənliklərinin
aparıcı musiqi alətinə çevrilib”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 6 iyul.-
S.13.