“Avropada multikulturalizm ünsürləri nisbətən
gec təşəkkül tapdı”
Rəna Mirzəzadə: “Azərbaycanda
mədəniyyətlər arasında qarşılıqlı
dialoq azadlığı var”
II yazı...
Fəlsəfə
elmləri doktoru, AMEA, Fəlsəfə və Hüquq
İnstitutu, “Politologiya və siyasi sosiologiya” şöbəsinin
müdiri Rəna Mirzəzadə qeyd edib ki, Azərbaycan
reallığına nəzər yetirəndə müsbət
tendensiyalar diqqət çəkir: “Qeyd edək ki, vətəndaş
cəmiyyətinin formalaşması ötən XX əsrdə
elmi-texniki inqilabla yanaşı, həm də ondan sonra ikinci, yəni
sosial inqilab kimi zarakterizə olunur. Müstəqilliyin ikinci dəfə
bərpasından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin
təşəkkülü və formalaşması kimi ictimai
hadisənin baş verməsi, dövlətçiliyin demokratik
institutsional əsaslarını şərtləndirən
strujtur dəyişiklikləri, cəmiyyəti təşkil edən
müxtəlif sosial tip və stereotiplərin bir-birini əvəzləməsi
gedişatı kimi çətin bir proses başladı. Belə
dönəmlərdə siyasəti və siyasətçiləri,
onların məqam və missiyalarını insanlara
çatdırmaq üçün bu kimi ideyalarının
trayektoriyasını davam etdirtmək, geniş kütlələrə
düzgün təhlil, maarifləndirmə və məlumatlandırmanı
ötürmək missiyasını vətəndaş cəmiyyəti
institutları həyata keçirməyə cəhd edir. Təbii
ki, burada vətəndaş cəmiyyəti nümayəndələri
xalq, geniş əhali üçün anlaşıqlı və
düzgün məlumat “paketi” ilə xalq-dövlət
arasında olan problemlərin çözülməsi
üçün körpü, vasitəçi, bəlkə də
qarşılıqlı əlaqələndirici kimi
çıxış edir. Müstəqil Azərbaycan mədəniyyətinə
nəzər yetirəndə, aydın olur ki, problemin siyasi-mədəni
təhlili iki paralellikdə aparılmalıdır. Dünya mədəniyyəti
və Azərbaycan. Nəzərə çatdıraq ki, Azərbaycanda
çoxçalarlı mədəniyyətlər və onun da
müxtəlif tipləri mövcuddur. Dünya müasir mədəniyyətləri
kimi, Azərbaycan mədəniyyəti də vətəndaş
cəmiyyətinin təşəkkülü prosesində
multikultural xarakter kəsb edir”. Onun fikrincə, milli mədəniyyətlə
paralel multikulturalizm də buraya daxil olaraq, keçmişə,
mədəni, mənəvi irsə, tarixə yeni kontekstdən
nəzər salınmasını şərtləndirir:
“Kütləvi baxışda özünəməxsusluq hələ
də ənənəviliklə, müasirlik isə qərbləşmə
(amerikalaşma) ilə əlaqələndirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bakıda “XXI əsr:
ümidlər və çağırışlar” devizi ilə
keçirilən Beynəlxalq Humanitar Forumda söyləyib ki,
“Nəinki Azərbaycanda, bir çox ölkələrdə və
qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri
vardır. Ona görə də, bu gün multikulturalizmi
şübhə altında qoymaq, yaxud onun iflası haqqında
danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir.
Çünki multikulturalizmin alternativi yoxdur”. Qloballaşma,
modernləşmə və demokratik proseslər multikulturalizmin
ümumi xarakter daşımasına səbəb olur. Təhlillərdən
aydın olur ki, Avropada multikulturalizm ünsürləri nisbətən
gec təşəkkül tapdı. ABŞ-da artıq
multikulturalizmin inkişafında əhəmiyyəti qəbul
edildi.
Belə
ki, millətlərin və milli etniklərin bərabər
hüquq əldə etdiyi multikulturalizmin inkişaf etdiyi Azərbaycanda
bu mədəniyyətlər arasında qarşılıqlı
dialoq azadlığı var. Azərbaycanda müxtəlif
milli-mənəvi və konfessional birliklər öz
xüsusiyyətlərini hərtərəfli şəkildə
inkişaf etdirmək imkanına malik olaraq həm də,
başqa mədəniyyətdən də yararlanaraq, istifadə
etmək imkanına malikdir. Ölkədə multikulturalizmin
yaranması və inkişafında modernləşmə və
Azərbaycançılıq ideologiyası da əsas amildir”.
Onun
fikrincə, bu ideologiyanın əsasını millilik, dünyəvilik,
sosial ədalət, demokratiya, milli tərəqqi insan hüquq
və azadlığına riayət təşkil edir: “Bu ideologiya
Azərbaycanı özünə vətən qəbul
etmiş, ölkədə yaşayan bütün millətlərin
və etnik qrupların vəhdət şəklində, dostluq,
hətta qohumluq, qonşuluq, əmin-amanlıq şəraitində
yaşadığı mədəniyyətlərinin inkişaf
etdiyi ümumi talelərini əks etdirən, multikulturalizm
göstəricisi olan mənəvi fenomendir. Digər bir aspekt
isə ondan ibarətdir ki, Azərbaycançılıq
ideologiyası yalnız ölkə ərazisində yaşayan
müxtəlif etnik və dini mənsubiyyətli insanların
göstəricisi yox, o həm də geosiyasi sərhədə
və məkanların ayırdığı, dünyanın
müxtəlif ölkələrində yaşayan
soydaşlarımızı da bir ideya-fəlsəfi, mədəni
məkanda tamlaşdıran, bütövləşdirən
gücdür. Azərbaycançılıq - cəmiyyətin
sosial-mədəni, siyasi və hüquqi nizamlanmasının,
insanları mənən səfərbər edən və vəhdətinin
əsas faktorudur. Azərbaycanın vətəndaş cəmiyyətinin
yekcins olmamasına diqqət yetirildikdə etnik və dini dəyərlər
ideoloji sxemdə tolerantlıqla qarşılanır. Eyni zamanda
birləşdirici faktor kimi milli dövlət, ümumxalq
ideyası olaraq azərbaycançılıq
universallaşır. Təbii ki, burada məcburiyyət yoxdur.
Amma elə məqsəd, elə prioritetlər var ki, onlar milli
ideya olaraq müəyyənləşir. Belə məqamdasa vətəndaşların
dini, etnik, və sosial mənsubiyyətindən (həmçinin
siyasi əqidəsini də buraya aid etmək olar.) asılı
olmadan , bu kimi ideyalar geniş dəstək qazanır. Bu
ideologiya məhz azərbaycançılıqdır. Bu isə
Azərbaycan vətənpərvərliyi, dövlət müstəqilliyi,
milli təhlükəsizliyin qorunması, demokratik və
iqtisadi islahatlarla ölkənin modernləşdirilməsidir.
Burada “qızıl ortada” xətt kimi ən əsas isə
Qarabağ probleminin həllidir”.
O
bildirib ki, hər bir inkişaf edən sosiumda ideologiya olmadan cəmiyyət
“ideya boşluğuna” yuvarlana, nəticədə, tənəzzülə
uğraya bilər. İdeologiya isə elə ümumi, ruhi-mənəvi
bir təməldir ki, onsuz mədəniyyət və
sivilizasiyanın formalaşması qeyri real görünür:
“Azərbaycançılıq ideologiyasının qayəsi və
dəyəri onun ətrafında ölkədə yaşayan
bütün xalqlar, milli-etnik qrup və azlıqların birləşməsi,
ümumilikdə özlərini “azərbaycanlı”
adlanmasıdır. Azərbaycan ta qədimdən ən müxtəlif
xalqlar və mədəniyyətlərin mövcud olduğu
diyarı kimi tanınır. Azərbaycanda multikulturalizmin
inkişaf dinamikası xalqın özünün
tolerantlığı, demokratikliyi,
açıqlığı ilə bağlı amildir. Belə
ki xalqın tarixi kökləri bütün dünyaya yayılan
ümumtürk etnosuna gedib çatır. Bununla bahəm,
coğrafi və geosiyasi müstəvidən həmişə
bütün dünyaya ölkəmiz açıq olmuş,
çoxlu müxtəlif mədəniyyətlər arasında
isə sintez-qovşaq missiyasını ifa edib.
Qeyd
olunan bu aspektlər Azərbaycanı çoxmillətli,
çoxdilli, multikultural, demokratik vətəndaş cəmiyyəti
quruculuqlu ölkə kimi tanıtmışdır. Azərbaycanın
multikultural stereotipləri qlobal tədbirlərdə də təsdiq
olunur. Bu yanaşmadan 2011-ci il Bakı Forumunda iştirak edən
Y.Jdanovun multikulturalizmin inkişafı barədə söylədikləri
ümumi təsəvvürləri göstərir: “Planetdə
başqa elə bir bölgə yoxdur ki, buradakı kimi onlarla
xalq çox uzun müddətə və birlikdə
yaşamış olsun. Bu füsunkar
çoxçalarlılıq bütün bəşəriyyətin
dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna
görədir ki, bu ölkənin ictimai-elmi fikri millətlərarası
münasibətlər, əməkdaşlıq və
qarşılıqlı anlaşma probleminə dünyanın
diqqətini bu qədər cəmləşdirməyə
çalışır. Azərbaycanın tarixi təcrübəsi
bu baxımdan dəyərli və intəhasızdır”. Məhz
bu kimi baxışlar ölkədə multikulturalizmin
inkişafını göstərən reallıqdır. Bu
reallıqda bir dəlil multikulturalizmə həsr edilmiş
“Bakı Beynəlxalq Humanitar Forumu”, orada iştirak edən
müxtəlif ölkələrin ölkəmizin multikultural
siyasətini təqdir etməsidir. İkincisi isə demokratik,
tolerant, multikultural dövlət kimi Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvü seçilməsi
faktıdır”.
R.Mirzəzadə
əlavə edib ki, ölkəmizdə yaşayan eyni bir
doğma ailə kimi tarixi gerçəklik, genetik-etnik
yaddaş və qarşılıqlı münasibətlərin
ötürücüsü olan müxtəlif xalqlar:
talış, ləzgi, avar, kürd, tatar, udin, tat və
başqaları da özünü azərbaycanlı
adlandırır: “Müstəqil Azərbaycan
konstitusiyasında ölkə əhalisinin əksəriyyətini
təşkil edən əhali Azərbaycan türkləri kimi
verilməyib. Belə ki vətəndaş milləti,
multikulturalizm siyasəti konseptində konstitusiyada vətəndaşların
cəmindən ibarət əhali “Azərbaycan xalqı” kimi təsbit
olunubdur. Ali Qanunun I fəsli “Xalq hakimiyyət ” adlanır və
I maddədə deyilir ki, “Azərbaycan Respublikasında dövlət
hakimiyyətinin yeganə mənbəyi Azərbaycan
xalqıdır.” Maddə 1-in II bölməsində isə
yazılıb ki, “Azərbaycan xalqı Azərbaycan
Respublikası ərazisində və ondan kənarda yaşayan,
Azərbaycan dövlətinə və onun qanunlarına tabe
sayılan Azərbaycan Respublikası vətəndaşlarından
ibarətdir”. Konstitusiyada xüsusi olaraq “Xalqın vahidliyi”
haqqında olan 5-ci maddədə göstərilir: “I. Azərbaycan
xalqı vahiddir. II. Azərbaycan xalqının vahidliyi Azərbaycan
dövlətinin təməlini təşkil edir. Azərbaycan
Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının
ümumi və bölünməz vətənidir.” Daha sonra isə
44-cü maddədə “Milli mənsubiyyət hüququ”nda
deyilir: “I. Hər kəsin milli mənsubiyyətini qoruyub
saxlamaq hüququ ardır. II. Heç kəs milli mənsubiyyətini
dəyişdirməyə məcbur edilə bilməz.” 45-ci
maddədə isə yazılıb ki, “Hər kəsin ana
dilindən istifadə etmək hüququ vardır.” Bu müddəalar
təsdiq edir ki, Azərbaycanda yaşayan etnik və dil müxtəlifliyini
etiraf edən, həm də onu müdafiə edən Dövlət
bunlara baxmayaraq Azərbaycan xalqının təmsilçisi
olaraq əhalinin vətəndaş birliyi, vahidliyidir”.
Onun
fikrincə, Azərbaycanda yaşayan müxtəlif xalqların
mənəvi yaddaşı tarixi inkişaf mərhələsində
zərdüştlükdən üzübəri
dünyanın bütün əsas dinlərinin ən ülvi,
bəşəri dəyərləri ilə zənginləşərək,
mədəniyyət və mənəviyyatın
çoxsaylı cəhətlərini özündə miras
saxlayıb: “Əhalisinin əksəriyyəti azərbaycanlı
olan respublikada ta qədimdən İran, Qafqaz (gürcü, erməni,
osetin və s.) etnosları, eləcə də yəhudi, rus,
ukrayna, tatar, belorus və s. də yaşamışdır.
Mövcud etnik, dini,dil qeyri-cinsliyi deyil, dövlətin məhz
bugünkü anlamda desək “multikulturalizm” siyasətinin mədəni
müxtəlifliyi də ideoloji modellərinin sivil yaşam tərzidir.
Multikulturalizm
siyasətində vətəndaş cəmiyyətinin
formalaşdırılması əhalinin azərbaycanlı kimi
özünü adekvat olaraq identikləşdirməsi, yəni
eyniləşdirməsidir. Bu isə həm də ölkə vətəndaşının
etnik mənşəyindən asılı olmadan,
özünü “azərbaycanlı” adlandırmalı, belə
saymalıdır. Bu əhalisinin əksəriyyəti azərbaycanlı
olanların türksoylu olmasına qarşı deyil, əksinə
ölkədəki etnik fərqlərin bir vahiddə ifadəsi,
belə desək “multikulturalizm siyasəti” və vətəndaş
cəmiyyəti millətinin formalaşmasıdır. Hər
insanın etnik kökünün onun vətəndaşlığına
aidiyyəti yoxdur. Azərbaycanda anadan olan, valideynlərindən
biri Azərbaycan vətəndaşı olan hər bir kəs
Qanuna əsasən azərbaycanlıdır. Multikulturalizm siyasətində
vətəndaş millətinin formalaşması prosesində
Dövlət dili də mühüm əhəmiyyət
daşıyır. Belə ki bütün Azərbaycan vətəndaşlarının
Dövlət dilini-azərbaycan dilini mənimsəməsi də
əss şərtlərdən biridir. Burada qeyd edək ki, azərbaycan
dilinin mənimsənilməsi etnik azlıq və yaxud
qrupların dilinin də qorunması ilə birgə tətbiq
olunmalıdır. Mədəni müxtəlifliyin
hüquqlarına hörmət olaraq ölkədə əsrlərlə
bərqərar olmuş çoxdillilik ənənəsi
qorunmalıdır. Bu dil öyrənmək yox, başqası tərəfindən
məskun olduğu ərazidə hər kəsin bir-birini
anlaması, başa düçməsi probleminin
çözülməsidir. Bu Y.Eqbert yazdığı kimi
liberal fərdi insan haqları ilə yanaşı və ona əlavə
olaraq, etnik və dil icmalarının xüsusi qrup
hüquqlarının tanınmasına gətirib
çıxarıb. Mədəni müxtəlif, multikultural
siyasətində sərtlik deyil, inadcıllıq göstərmək
gərəkdir. Ölkədə sürətlə iqtisadi
inkişaf vardır. Bu dəyişilmələrlə
yanaşı, həm də dil və mədəniyyətlərin
qarşılıqlı əlaqəsi də intensivləşməlidir.
Dövlət, üçüncü sektor, siyasi institutlar
multikultural vətəndaşlar yetişdirməlidirlər. Belə
ki, Martin Haydeger demişkən , indi insan fəaliyyəti mədəniyyət
kimi qavranılmalı və həyata keçirilməlidir;
artıq mədəniyyətin mahiyyəti odur ki, insanın ali
nemətlərə ehtiyacını mədəniyyət
üstünə götürür və məhz bu , mədəni
siyasətə çevrilir.” Bu baxımdan da mədəni
müxtəliflik, dialoq və sosiomədəni proseslərin
öyrənilməsi XXI əsrin əsas elmlərindən biri
olacaq”.
Əli
Xalq cəbhəsi.- 2016.- 14 iyul.- S.9.