“Jurnalistikaya ləkə
gətirənlər də az deyil”
Vüqar Rəhimzadə: “Ən
başlıca işimiz dövlətçilik
ideologiyasının, milli-mənəvi dəyərlərin
qorunması və daha da inkişaf etdirilməsidir”
“İki
sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası
İdarə Heyətinin üzvü, əməkdar jurnalist
Vüqar Rəhimzadənin APA-ya müsahibəsini ixtisarla
oxucularımıza təqdim edirik
- Vüqar müəllim, iyulun 10-da
“İki sahil” qəzetinin 25 yaşı tamam oldu. İlk olaraq bu münasibətlə sizi və
kollektivinizi təbrik edirik. Azərbaycanın
dövlət müstəqilliyi ilə həmyaşıd olan
“İki sahil” 25 yaşına necə qədəm qoyub?
- İlk növbədə təbrikə görə təşəkkürümü
bildirirəm.
“İki sahil” qəzeti yarandığı
gündən etibarən söz və mətbuat
azadlığının verdiyi imkanlardan sui-istifadə etməyib.
Müqəddəs jurnalistika ənənələrinə
sadiq qalıb, daim dövlətin, dövlətçiliyin və
milli maraqların qorunmasına xidmət edib. Bu amillər bizim üçün ən ümdə
vəzifələrdən biridir. Bunu
xüsusi qeyd etmək istəyirəm. Eyni
zamanda, “İki sahil”də jurnalist məsuliyyətinə hər
zaman ciddi yanaşılıb. Bəli, siz
çox haqlı qeyd etdiniz. Qəzetin
keçdiyi yol dövlət müstəqilliyinin bərpasının
25 illik tarixinə bərabərdir. “İki sahil” qəzeti
1965-ci ildə “Zavod həyatı” adı ilə fəaliyyətə
başlayıb, 1991-ci il iyulun 10-dan isə “İki sahil” adı
ilə müstəqil ictimai-siyasi qəzet kimi nəşr
olunub və bu gün də fəaliyyətini uğurla davam
etdirir.
1991-ci ilin iyul ayında Azərbaycan hələ dövlət
müstəqilliyinə qovuşmamışdı. Yəni Sovet
imperiyası hələ hökmranlıq edirdi. Müstəqil mətbuatın yaranmasından,
mövcudluğundan danışmaq qətiyyət tələb
edirdi. Bu, o dövr idi ki, senzuranın, hətta
hərbi senzuranın tüğyan etdiyi bir zaman idi. O vaxt
söz azadlığına böyük basqılar vardı. Bütövlükdə isə yeni media
qurumlarının yaranması ilə bağlı kifayət qədər
maneələr mövcud idi. Çox
çətin və ağır bir dövrdə “İki sahil”i
yaratdıq. Həm mətbuat, həm də
ölkənin ictimai-siyasi durumu çox ağır vəziyyətdə
idi. “İki sahil”i qeydiyyatdan keçirərkən
müəyyən problemlərlə üzləşdik. Çalışırdılar ki, hər vəchlə
buna siyasi don geyindirib, müxtəlif bəhanələrlə
qeydiyyatdan keçirməsinlər. Lakin bu əngəllərə
baxmayaraq çox çətinliklə də olsa qəzet
qeydiyyatdan keçdi. “İki sahil”
yarandığı gündən azad sözə, azad fikrə,
müstəqil, bədii yaradıcılığa xüsusi
önəm verib. Qəzet yeni yaranan zaman
dövriyyəsi davamlı deyildi.
Qəzet ay ərzində, yaxud həftədə bir dəfə
çap olunurdu. Bütün çətinliklərə
baxmayaraq, qəzet yaşadı və biz bu gün 25 illik
yubileyimizi qeyd edirik. Bu bizim
üçün qürurverici və şərəfli bir tarixdir.
O zaman siyasi hakimiyyətdə olan insanlar yeni yaranmış
“İki sahil”ə ədalətsiz münasibət sərgiləyirdilər.
1991-ci ildə nəinki Azərbaycanda, habelə
postsovet ölkələrində söz azadlığından
danışmaq belə yersiz idi. Bu sahədə
kifayət qədər məhdudiyyətlər var idi. Yenə qeyd edirəm ki, məhdudiyyətlərə
baxmayaraq, “İki sahil” yarandı, fəaliyyət göstərdi
və bu gün də gündəlik qəzet kimi öz nəşrini
uğurla, şərəflə davam etdirir. O illərdə
qəzetlər amansız senzuraya məruz qalırdı. Mən 90-cı illərin əvvəllərində hərbi
senzuranın tətbiqinin şahidi olmuşam. O illərdə
“İki sahil”in səhifələri də senzuranın
amansız münasibəti ilə rastlaşıb, dəfələrlə
qəzetimizin səhifələri ağ
çıxmaq “məcburiyyət”ində qalıb. “İki sahil” yarandığı gündən etibarən
demokratik prinsiplərin bərqərar olunmasına, söz
azadlığına xüsusi önəm verib. Kimliyindən, hansı peşə sahibi olmasından
asılı olmayaraq insanların fikrini ifadə etməsi
üçün qəzetimiz həmişə onların
üzünə açıq olub.
- Oxucuların elektron mediaya
üstünlük verdiyi bir dövrdə “İki sahil”in oxucu
problemi varmı?
- Tam səmimiyyətimlə
deyirəm ki, “İki sahil” yarandığı gündən
oxucu problemi yaşamayıb. “İki sahil” qəzeti
xalqa, dövlətə və dövlətçiliyə xidməti
əsas amalına çevirib. Bu gün milli-mənəvi
dəyərlərimizin qorunmasında, azərbaycançılıq
ideyasının təbliğində, dilimiz, dinimiz, mədəniyyətimiz,
tariximizlə, o cümlədən Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
ölkə və dünya ictimaiyyətinə
çatdırılmasında bizim üzərimizə
böyük məsuliyyət düşür. “İki
sahil” yarandığı gündən Yeni Azərbaycan
Partiyasının ideoloji işinin həyata keçirilməsində
daim öndə olub. “İki sahil” qəzeti
bu gün SOCAR-ın təsisçiliyi ilə nəşr
olunur. Həftədə 5 dəfə nəşr
olunan qəzetin tirajı gündəlik 9 minə
yaxındır. Qəzetimiz
respublikamızın bütün bölgələrində
yayımlanır. Qəzet yeni yaranan zaman
kollektiv təxminən 5 nəfərdən ibarət idi. Artıq bu gün bizim böyük bir kollektivimiz var.
Eyni zamanda, qəzetin elektron versiyası daim yenilənir. İnternet televiziyamız fəaliyyət göstərir.
Bunun özü bizim üçün çox
böyük uğurdur. Biz həm də Mətbuat
Şurasının təsisçilərindən biriyik.
Qəzetimizin səhifələrində ölkənin siyasi,
iqtisadi, sosial, mədəni, idman və s. həyatından
olduqca maraqlı xəbərlər, məqalələr, təhlillər
yayımlanır. Qəzetimizlə əməkdaşlıq
edən onlarla kənar müəlliflər var ki, onlar ölkənin
ictimai, siyasi, iqtisadi həyatında kifayət nüfuz sahibi
olan insanlar – tanınmış ziyalılardır. Düşünürəm ki, “İki sahil” rəngarənglik
baxımından heç də digər qəzetlərdən
geridə qalmır. Əlbəttə mənim qəzetin
baş redaktoru kimi bunu deməyim bir az bəlkə
də düzgün olmaz, amma oxucuların müntəzəm
redaksiya ilə əlaqələri, müraciətləri, məktubları,
rəyləri və təklifləri bunu deməyə əsas
verir.
- Qəzetiniz ilk sayının
tirajı nə qədər olub?
- Qəzetin
ilk sayının tirajı təxminən 10 min nüsxə
olub. “İki sahil”in 25 min tirajla çap olunan
vaxtları olub. Elə o vaxtdan qəzetə
çox böyük tələbat var idi. Həm qəzetlərin
sayı az idi, eyni zamanda müstəqil qəzetlər
tək-tək idi. O dövrdə elə rayonlar olurdu ki, təxminən
700-1000 nüsxə qəzet göndərilirdi. Qeyd
etməliyəm ki, bu gün gündəlik çap olunan digər
qəzetlərlə yanaşı, tirajımız kifayət qədərdir.
Sözsüz ki, bu, “İki sahil”in uğurlu fəaliyyətinin,
peşəkar kollektivimizin səmərəli fəaliyyətinin
bəhrəsidir. Amma biz yenə
çalışırıq ki, oxucularımızın
sayı günü-gündən artsın, fəaliyyət dairəmiz
daha da genişlənsin.
- Bugünkü qəzet bolluğu
şəraitində “İki sahil”in tutduğu mövqeni necə
dəyərləndirmək olar?
- Biz ilk
növbədə çalışırıq ki,
yazdığımız yazılarda daxili vicdanımızı
ortaya qoyaq. Həmçinin dəqiqlik,
obyektivlik, qərəzli olmamaq da ən başlıca şərtdir.
Bunlar həm də jurnalistikanın əsas
prinsipləridir. Bizim ən başlıca
işimiz dövlətçilik ideologiyasının, milli-mənəvi
dəyərlərin qorunması və daha da inkişaf etdirilməsidir.
Bu təkcə jurnalistin deyil, hər bir şəxsin
vətəndaşlıq borcudur.
- 25 yaşı olan bir qəzetin
baş redaktoru kimi indiki gənc jurnalistlərin fəaliyyətini
necə qiymətləndirirsiniz? Siz həm də
Bakı Slavyan Universitetində jurnalistika fakültəsinin tələbələrinə
dərs deyirsiniz. Tələbələrin
jurnalistikaya marağı hansı səviyyədədir?
-
Jurnalistika elə bir sahədir ki, burada daxili istedadın
olması mütləqdir. Yazıçı Kənan
Hacı uzun müddət bizim işçi olub. Bizdə
çalışan vaxt onun ali təhsili
yox idi. Ola bilər sonradan ali təhsil
alıb. Onun daxilində böyük
yaradıcılıq, istedad var idi. Jurnalistika
belədir. Universitetdə dərs dediyim tələbələr
arasında qabiliyyətli gənclər az
deyil. Amma elə tələbələr var və
100 faiz bilirəm ki, gələcəkdə ondan jurnalist
olmayacaq. Hansı peşənin sahibi olacaq,
heç o da bəlli deyil. Jurnalistikanın
inkişafı ilə bağlı dövlət nə
lazımdırsa, edir. Bütün bunlara
baxmayaraq, bu gün müəyyən problemlər də var. Bu
problemləri də jurnalistlərin özü yaradır.
Müəyyən mənada peşəkarlıq
aşağı səviyyədədir. Düzdür,
kifayət qədər peşəkar jurnalistlərimiz də
çoxdur. Qeyri-dövlət təşkilatı
olan Mətbuat Şurası özü-özünü tənzimləyən
bir qurum kimi uğurla fəaliyyət göstərir. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması da Azərbaycan mətbuat tarixində
mühüm hadisədir. Hər iki qurum
müntəzəm yazı müsabiqələri keçirir.
Mən bir ekspert kimi o yazıları oxuyuram və o yazı
müəllifləri arasında çox istedadlı jurnalistlər
var. Digər tərəfdən, jurnalistikaya ləkə gətirənlər
də az deyil. Zaman
keçdikcə bütün pislər ələnəcək.
- Qəzetdə
yazdığınız ilk yazını
xatırlayırsınızmı?
- Qəzet
yaranan gündən bizim devizimiz “Vahid Azərbaycan uğrunda!”
olub. İlk yazım “Təbriz, səndən
gileyim var” başlığı altında çap
olunmuşdu. Naxçıvandakı “Təbriz”
mehmanxanasında cənubi azərbaycanlı ilə söhbət
edirdim. Mən Azərbaycan türkcəsində, o isə
fars dilində danışırdı. Bu məni çox ağrıtdı. Bu haqda bir yazı yazdım. Yazını
da “Təbriz” adını daşıyan mehmanxanada yazdım.
Doğma qardaşımın mənimlə fars
dilində danışması çox üzücü idi... Qəzetdə Araz dərdindən, o taylı, bu
taylı soydaşlarımızın problemlərindən ətraflı
materiallar dərc olunurdu. İlk nömrədə
dərc olunan “Xudafərin körpüləri”, “Təbriz, səndən
gileyim var” kimi yazılar oxucular tərəfindən
böyük maraqla qarşılanmışdı. Adı ilə tutduğu yolu, məqsəd və məramını
açıqlayan "İki sahil" sözsüz ki, ölkədə
baş verən ictimai-siyasi proseslərə biganə
qalmadı.
- Hazırda ölkədə elektron
media sahəsində bir bolluq yaşanır. Siz necə
düşünürsünüz, çap mediası elektron
media ilə ayaqlaşa bilirmi?
- Mən
qəzet adamıyam. Hesab edirəm ki, elektron
media operativliyinə görə çap mediasından fərqlənir.
Bu, əsas üstünlükdür. Lakin mən düşünürəm ki, çap
mediasına həmişə ehtiyac olacaq. Nə
mənada?! Çap mediasında müəllif,
təhlil yazılarına geniş yer verilir. Bu gün elə materiallar var ki, qəzetdə verə
bilmirik. Bu baxımdan elektron medianın daha
geniş imkanları var və biz bu imkanlardan maksimum şəkildə
istifadə edirik. Çalışırıq ki, fərqli
iş ərsəyə gətirək, maraqlı
yaradıcılıq nümunələri ortaya qoyaq. Qəzetlər
var ki, 3-5 il yaşayır, sonra sıradan
çıxır. Ümumiyyətlə, bu sahədə
işini gərək elə sistemli şəkildə qurasan ki,
qəzetin ömrü uzun olsun. Həm də
bir mövqeyin, bir əqidən olmalıdır. Həqiqətən
də şəxsi məqsədlərə qulluq edən,
öz maraq dairələrindən kənara çıxa bilməyən,
peşə davranış qaydalarına zidd fəaliyyət
göstərən qəzetlər az deyil. Belə olan halda qəzetlərin ömrü uzun
olmur. Yalan 5 dəfə yazırsan, 10 dəfə
yazırsan, 11-ci dəfə oxucu buna inanmır. Ona görə də hər zaman obyektiv, qərəzsiz
mövqe tutmaq vacibdir.
- Gələcəklə bağlı
planlarınız nədən ibarətdir?
- Mənim
gələcəklə bağlı ən ümdə arzum
budur ki, qəzetimizin tirajı daha da artsın. Mən
yazının başlığına, həcminə çox
ciddi fikir verirəm. Xəbərin, məqalənin
başlığı yazının 50 faizi deməkdir. Elə yazı başlığı qoymalısan ki,
başlıq çığırsın ki, məni oxu. Biz də maksimum çalışırıq ki,
inkişafla ayaqlaşaq. “İki sahil” qəzeti
olaraq əldə olunan uğurlarımız dövlətimizin
25 illik müstəqillik tarixi ilə bağlıdır. Azərbaycanın müstəqilliyinin yenidən bərpa
olunmasının 25 ilinin qəzetimizin 25 illiyi ilə
üst-üstə düşməsi təsadüfi deyil.
Bu fakt bir daha onu təsdiqləyir ki, tutduğu
yoldan geri dönməyən, fəaliyyətə
başladığı gündən düzə düz, əyriyə
əyri kimi yanaşan qəzetimiz Azərbaycanın
keçdiyi inkişaf yoluna daim bələdçilik edəcək.
Eyni zamanda, “İki sahil” qəzeti 25 illik tarixi ərzində
böyük təcrübə əldə edərək,
qarşıdakı illər üçün mühüm
uğurların təməlini qoyub.
Xalq cəbhəsi.- 2016.- 14
iyul.- S.5.