“Bir-iki nəfəri
çıxmaq şərti ilə kinoşünaslar
qeyri-profesionaldırlar, yazdıqları məqalələr
plagiatdır”
“Kino qanunvericiliyində bəzi maddələr var ki, onların mane olmaqdan başqa heç bir funksiyası yoxdur”
Cəfər
Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının direktoru Müşfiq Hətəmovun
APA-ya müsahibəsi
-
Müşfiq müəllim, kino günü ərəfəsindəyik
və istəyirəm söhbətə hazırkı kino
prosesinin vəziyyəti ilə başlayaq. İşləriniz
necədir, hansı yeniliklər var?
- Cəmiyyətdə
psixoloji mənzərə dəyişdikcə, kino həmin
prosesi qabaqlamalıdır. Bu reaksiya, münasibət
adekvat olmursa, artıq sükut və ətalət yaranır,
geriləmə müşahidə olunur. Dünyada
olan bütün kino şirkətləri kimi biz də öz
üzərimizdə işləməliyik, günün tələbini
nəzərə almalıyıq. Bunu sevinc və
qürur hissi ilə deyirəm: “Azərbaycanfilm” təkcə
iki ildə 70-dən çox festivalda iştirak edib, filmlərimiz
58 ölkədə nümayiş olunub. Kinostudiya
Azərbaycanda yeganə mədəniyyət müəssisəsidir
ki, dünyanın aparıcı mədəniyyət mərkəzlərinin
kataloquna adı düşüb və ölkəmizi ən
böyük kino qurumlarında təmsil edir. Müstəqillik dövründə belə bir
uğur heç vaxt olmayıb. Bütün
bunlarla yanaşı, bizim böyük problemlərimiz də
var və həmin problemlərin həlli ilə ciddi məşğuluq.
- Problemlər
haqqında danışmaq maraqlı olar...
- Əsas problemimiz kino industriyasının qurulması və
yaradıcı atmosferin daha da gücləndirilməsidir. Bilirsiniz ki,
Prodüserlər Gildiyasını təsis etmişik, yeni kino
qanununu hazırlayıb Milli Məclisə təqdim etmişik.
Kinonun çəkiliş prosesinin belə deyək,
“ASAN Xidmət” sisteminə keçirilməsi üçün
layihə - Azərbaycan Film Komissiyası hazırlanır.
Həmin layihə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin nəzarətindədir,
müzakirələr aparılır. Hazırda
istedadlı və intellektli insanların “Azərbaycanfilm”in ətrafına
cəmləşdirilməsi üçün iş
aparılır. Tarixdə ilk dəfə olaraq 28 nəfər
istedadlı gənc “Azərbaycanfilm”də sınaqdan
keçib və bu proses davam edir. Əfsuslar
olsun ki, son vaxtlar mətbuatda yanlış informasiyalar dərc
olunur. Məsələn, bu yaxınlarda Azərbaycan
kinosunun vəziyyəti ilə erməni filmlərinin vəziyyəti
müqayisə olunub və yanlış, həqiqətə
uyğun olmayan məqamlara yer verilib. Amerikanın
hansısa ştatında ay ərzində filmlər göstərilir
və onların içindən seçim edilir. Həmin siyahıda erməni filmi də olub.
Bizim bəzi mətbuat orqanları bunu Azərbaycan
kinosunun Qarabağ mövzusunda Ermənistana uduzması kimi qiymətləndirib. Fakt budur: “Azərbaycanfilm”
kinostudiyasının işləri, ümumi kino prosesi Ermənistan
kinosundan qat-qat irəlidədir. Bunu gürcü
kino mütəxəssisləri dəfələrlə bizə
deyiblər. Əgər biz 70 festivalda olub
orda bir dənə də erməni filminə rast gəlməmişiksə,
demək, vəziyyətin nə yerdə olması məlumdur.
Qarabağ haqqında çəkilən filmlərimiz
Amerikanın hanısasa kiçik ştatında yox, Tokionun,
Venesiyanın kino festivallarında nümayiş olunur. Biz yeni kino qanununu gözləyirik. Əgər qanun layihəsi peşəkarların istədiyi
kimi qəbul olunsa, Azərbaycan kinosunun ikinci inkişaf xəttini
görəcəksiniz. Hesab edirəm,
qısa müddətdə bu işlərin aparılması
böyük uğurdur. Cənab prezidentin
imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər
üzrə inkişafına dair Dövlət Proqramı” imkan verdi ki, bir çox vacib layihələri həyata
keçirək.
Məhz bu dəstək və qayğı nəticəsində
son illərdə bir neçə uğurlu film çəkildi. Həmin ekran
işləri Azərbaycanı dünyada təmsil edir. Kinostudiyanın istehsalı olan filmlər xarici kino
şirkətlərinin diqqətini cəlb etməyə
başlayıb. İsveçrənin
“Triqon-Film”, Malayziyanın “Astra” şirkəti ilə əldə
olunan razılaşmalar əsasında filmlərimizin 20-dək
ölkənin yerli kinoteatrlarında və televiziya
kanallarında yayımına başlanılıb. Bundan başqa filmlərimiz haqqında “Variety”,
“Hollywood reporter” kimi bir nömrəli dərgilərdə
peşəkar yazılar yer alıb. Qarabağ
həqiqətlərini yüksək bədii dillə ifadə
edən bədii filmlərimiz bugünədək xarici dilli mətbuatda
işıqlandırılır və Qarabağ münaqişəsində
Azərbaycanın haqlı mövqeyini dünyanın nəzərinə
kino vasitəsi ilə çatdırılır.
-
Orta-statistik tamaşaçılar arasında, hətta deyə
bilərəm, kino mühitində festival deyilən kimi Kann,
Berlin festivalları ağıla gəlir. Yəni belə bir təəssürat
yaranıb: kino adını çəkdiyim müsabiqələrdə
qalib gəlmirsə, deməli, böyük mənada uğurdan
danışmaq olmaz. Bu haqda fikirlərinizi bilmək istəyirəm...
- Bizim Rusiya ilə müştərək çəkdiyimiz
“Sonuncu” qısametrajlı filmi Kann kino festivalının
müsabiqə proqramında iştirak edib. Təəssüf
ki, bəzi adamlar yanlış şəkildə bu cür rəy
formalaşdırmağa çalışırlar. Məsələn, erməni kinosunun vəziyyətinə
nəzər salın, görün, xaricdə çəkilən
filmlər istisna olunmaqla, Ermənistanın öz istehsalı
olan ekran işləri beynəlxalq festivallarda iştirak edirlərmi?
Bizim filmlərin çoxu iki min, üç min filmin
içindən seçilib “FIAPF” akkreditasiyası alan festivalların müsabiqə
proqramlarında iştirak edir. Təmsil
olunduğumuz festivallar dünyanın kino mühitinin ən
aparıcı festivallarıdır. Bundan
başqa, nəzərə alın ki, filmlərimiz artıq
Avropada satılmağa başlayıb. Bu
gün yeni nəsil gəlir və biz onların hesabına ən
böyük mükafatlara hazırlaşırıq. Mütəxəssislər dəvət edirik, Avropa,
Türkiyə, İran kino təcrübəsini müzakirə
edirik, əməkdaşlıq aparırıq. 70-dən çox festivalda iştirak etməyin, 58
ölkədə nümayiş olunmağın uğuru ilə
razılaşmırıq, daha böyük layihələri həyata
keçirməyi düşünürük.
- Kino
qanunu üzərində iş hansı şəkildə
aparılır. İstəyirəm, bu haqda danışaq...
- Bu, Azərbaycan
kinosu üçün böyük hadisədir və
bütün işlər kompleks şəkildə
aparılır. Vacib məqamı deyim: məsələn, kino
texnologiyasının alınmasına aid gömrük
rüsumu 36 faizdir. Bu həddən artıq
böyük rəqəmdir. Məsələn,
avadanlıq 500 min manata başa gəlirsə, üstünə
də 36 faiz gələndə, özəl şirkət bunu
ala bilmir. Qanunvericilikdəki bu maddə bizə
mane olur deyə, bəzi şirkətlər xaricdən icarəyə
avadanlıq gətirir. Bu da respublikadan vəsaitin
kənara çıxması deməkdir. Ona
görə təklif edirik ki, bəzi məsələlərdə
bizə güzəşt etsinlər. Demirik
ki, vergi tamamilə ləğv olunsun, xeyr, sadəcə,
texnikanın Azərbaycana gətirilməsinə güzəştlər
olsun, istehsaldan yox, satışdan vergi tutulsun. Bu Azərbaycanda özəl kinonun da inkişafına
böyük dəstək verəcək. Bu günlərdə
Prezident Administrasiyasında ölkə prezidentinin köməkçisi
hörmətli Əli Həsənovun, nazir Əbülfəs
Qarayevin, rabitə və yüksək texnologiyalar naziri Ramin
Quluzadənin və televiziya rəhbərlərinin
iştirakı ilə səmərəli, vacib müzakirələr
aparıldı. Kino qanunvericiliyində bəzi
maddələr var ki, onların mane olmaqdan başqa heç bir
funksiyası yoxdur.
- Milli Məclisdə qanunun qəbul olunması
üçün sizə dəstək verən millət vəkilləri
kimlərdir?
- Sevinirəm
ki, qanunun qəbul olunmasına etiraz edən millət vəkili
yoxdur. Başda mədəniyyət
komissiyasının sədri, akademik Rafael Hüseynov olmaqla millət
vəkilləri Aqil Abbas, Əflatun Amaşov, Fazil Mustafa, Novruz
Aslan bizə böyük dəstək verirlər. Bu məni çox sevindirir. Çünki
hər kəs Azərbaycan kinosunu sevir, Azərbaycan kinosunun
inkişafına çalışır. Təbii
ki, çətinliklərimiz, problemlərimiz bununla bitmir.
Bizim peşəkar kinoşünaslara, müasir kino musiqisini
bilən gənc bəstəkarlara, müasir texnikanı bilən
operatorlara, kino rəssamlarına, çağdaş
dramaturji-psixoloji durumu qiymətləndirə bilən gənc
ssenaristlərə ehtiyacımız var. Hər il
müsabiqə elan edirik. Kino günündə
dörd nəfər gənc rejissorun filmlərini
nümayiş etdirəcəyik. Hər kəsi
dəvət edirəm, gəlib baxsınlar ki, “Azərbaycanfilm”
gənclərin potensialının reallaşdırmasına
hansı şəkildə dəstək verir.
- Mədəniyyət
və İncəsənət Universiteti hər il
operator, kinoşünas məzunlara diplom verir, amma
kinostudiyanın tələblərini ödəmir...
- “Azərbaycanfilm”
olaraq bu il altı məzuna şərait
yaratdıq ki, diplom işlərini bizim qurumda çəksinlər.
Universitetin rektoru Fərəh Əliyevanın təqdimatı
ilə bir tələbəyə şəhid rejissor Vaqif
Əhmədovun adına təsis olunmuş
təqaüd veriləcək. Mədəniyyət
və İncəsənət Universitetinə böyük
texniki baza lazımdır. Universitetin
kiçik pavilyonları olmalıdır, tələbələr
parta arxasında oturmamalıdırlar. Təbii
ki, bu sahədə təşəbbüskarlıq var, müəyyən
işlər görülüb, amma azdır. Bir-iki nəfəri çıxmaq şərti ilə
kino haqqında yazan kinoşünaslar həddən artıq zəifdirlər,
yazdıqları məqalələr plagiatdır. Hətta tənqidi məqalədə də yüksək
mədəniyyətin olması vacibdir.
- Ciddi
ittihamdır və güman edirəm, sərt əks cavaba
hazırsınız...
- Mən
tənqidə açıq adamam və hər bir
kinoşünasla yaradıcı müstəvidə
bütün dialoqlara hazıram. Tənqid məni
daha çevik olmağa məcbur edir, özümə kənardan
baxa bilirəm. Amma onu da deyim, bir neçə
savadlı, obyektiv kinoşünas var, biz onlara kömək etmək
istəyirik ki, xaricdə kurslar keçsinlər. Yaxud bu gün hər şeyi dövlətdən istəyən
adamlar var. Rejissor deyir, dövlət pul versin, film çəkim.
Amma baxın, adi kamera ilə, hətta telefonla
çəkilən filmlər var ki, müsabiqələrdə
yer qazanırlar və satılırlar. İstedad,
intellekt və yüksək mədəniyyət varsa, sən
öz sözünü hər yerdə deyə, uğur qazana
bilərsən.
-Müşfiq
müəllim, hər dəfə müasir İran kino
nümunələrinə, Cənubi Koreya filmlərinə
baxanda heyrətlənirəm. Səbəbini sizə deyim:
qondarma fəlsəfəçiliyə, tarkovskivarı
ağırlığa getmədən, daha doğrusu, Tarkovskini
istedadsız şəkildə imitasiya etmədən, çox
adi hadisənin üstündə gözəl ssenari qururlar. Və
hər dəfə bu filmlərə baxanda mənə elə gəlir
ki, bizim ən böyük problemimiz
istedadsızlığımızdır...
-
Yanlış fikirdir və qətiyyən
razılaşmıram. Azərbaycan xalqı
çox istedadlı xalqdır. Sadəcə,
istedadı üzə çıxaran mexanizm problemi var.
İranda da, Türkiyədə də, Uzaq Şərqdə də
o mexanizm qurulub, industriya formalaşıb və neçə
illərdir işləyir. Sadəcə,
zamana ehtiyac var. Nəzərə alaq ki, adını çəkdiyimiz
ölkələrin müstəqil kino təcrübəsi bizdən
qat-qat çoxdur.
- Özəl kommersiya filmləri çəkilir. İzləyə bilirsiniz? Onların səviyyəsi necədir?
- Özəl kommersiya filmləri sahəsində ilk işləri mən həyata keçirmişəm. 1997-ci ildə müəllim işləyirdim, amma eyni zamanda bir neçə kommersiya filminin ərsəyə gəlməsində rolum olub. Məsələn, “İnterpapa”, “Toy”, Moskva-Bakı qatarı”, “Məhəllə” və s. Hətta bu filmlərdən bəziləri mənim şəxsi mülkiyyətimdir. Son çəkilən filmləri də təbii ki, izləyirəm. Prodüserlər Gildiyasının iclasında son çəkilən filmləri müzakirə etmişik və nazirliyə məktub təqdim etmişik ki, bu filmlərdən bəziləri uğurlu alınıb. Gildiya olaraq yaxın gələcəkdə bu sahəyə dəstək verəcəyik. Bu sahənin inkişafı bizə çox lazımdır. “Azərbaycanfilm”in əsas məqsədi peşəkar kino məktəbini qoruyub-saxlamaqdır. Biz peşəkar kino məktəbini qoruya bilsək, kassa filmləri bazarın tələbinə uyğun olaraq öz-özünə inkişaf edəcək. Yenə deyirəm, kinostudiya olaraq kassa filmlərinin inkişafına dəstək verməyə hazırıq və bu, belə də olacaq.
- Rejissor Babək Şirinsifət dövlət sifarişi ilə “Üç gün və bir ömür” filmini çəkir. Sizi tənqid edirlər ki, Azərbaycanda Babək Şirinsifət səviyyəsində bir neçə rejissor işsizdir, amma filmi iranlı rejissora vermisiniz. Bu irada, tənqidə cavabınız nədir?
- Biz müxtəlif metodlardan istifadə edib Azərbaycan kinosunun inkişafına nail olmaq istəyirik. Çalışırıq, qonşu ölkələrin və ümumilikdə dünya praktikasından istifadə edək. Babək Şirinsifət Azərbaycanın ən ağır günlərində Qarabağ dərdi haqqında şəxsi vəsaiti hesabına “Sıfır saatının qatarı” filmini çəkib və bu film dünyanın ən böyük televiziya şirkətlərində nümayiş olunub. Daha sonra Qarabağ problemi haqqında bədii film çəkdi, ən çətin günlərdə Azərbaycana dəstəyini göstərdi. Babək Azərbaycanı sevən şəxsdir. Bundan başqa o, müasir və peşəkar kino istehsalını bilir. İnanıram ki, Babəkin filmi uğur qazanacaq, deyilən bütün tənqidlərin əsassız olduğu görünəcək.
- Kinostudiyanın təmiri ilə bağlı işlər nə yerdədir?
- Ümid edirəm, yaxın vaxtlarda bu məsələ də öz əsaslı həllini tapacaq. Yəqin ki, kinostudiyanın indiki vəziyyəti ilə əvvəlki vəziyyəti arasındakı fərqi hiss etdiniz. Öz vəsaitimiz hesabına kinostudiyanın iki mərtəbəsində əsaslı olmasa da, müəyyən təmir işləri aparmışıq. Yeni zallarımızı bərpa etmişik, yeni montaj studiyaları yaratmışıq. Çəkiliş pavilyonlarımızı dövlətdən vəsait almadan təmir etmişik, bu gün ən böyük reytinqi olan televiziya layihələrinin çəkilişi kinostudiyada aparılır.
- Planlar nədən ibarətdir?
- İki tarixi mövzunun ekran həllini türk
kinematoqrafçıları ilə birgə işləməyi
müzakirə edirik. Bu məsələdə ssenarist problemi
yaşayırıq. Əgər o iki filmi çəkə bilsək,
böyük hadisə olacaq.
Xalq cəbhəsi.-2016.- 16 iyul.-
S.15.