Osmanlı
dövlətinin qızıl dövrünün padşahı
- Sultan Süleyman
II yazı
Osmanlı dövlətinin
bir islam dövləti olduğu tarixi həqiqətdir. Dövlətin
verdiyi qərarlar Şeyxülislamın fitvası ilə təsdiqlənirdi.
Şahzadə Mustafanın ölüm qərarı də
Şeyxülislamın fitvasından sonra həyata
keçirilmişdi. Deyirlər ki, Sultan Süleyman öləndə
onun bir yazılı vəsiyyəti ortaya
çıxmışdı. Hadisəni Yavuz Bahadıroğlu
belə təsvir edir: "Tarix 7 eylül (oktyabr 1566. Kanuninin
inşa etdirib ibadətə açdırdığı
Süleymaniyyə Camisi) Yer Süleymaniyyə Camisi. Cənazə
namazını Şeyxülislam Ebussuud Əfəndi qılacaq
Cahana hökm edən Kanuni Sultan Süleymanın
hökmranlığı oradaca sona çatmışdı.
Namaz və dualar bitir. Haqlar hıçqırıqlar
arasında halal edilir və canəzə məzara qoyulur. Tam bu
əsnada məzar başına təngnəfəs gələn
bir Saraylı gətirdiyi qutunu "dəstur"la atlayıb məzara
yeləşdirməyə çalışır.
Şeyxülislam Ebussuud
Əfəndi "geri dur deyir… nə edirsən" deyə
müdaxilə edir. Saraylı əlində sıx tutduğu
qutuya baxaraq deyir ki, vəsiyyəti yerinə yetirirəm.
"Nə vəsiyyət" – deyə Şeyxülislamın
sualına Saraylı "Padişah vəsiyyəti".
Öldüyündə qəbrinə qoymaq şərtilə
qutunu mənə əmanət etmişdi, şahidlərim də
var. Göstərdiyi şahidlər onun doğru dediyini təsdiq
edirlər. Şeyxülislam "Belə şey olmaz, caiz
deyildir" – deyərək qutunu adamın əlindən almaq
istəyir, adam da vermək istəmir, yüngül bir çəkişmə
başlayır. Bu zaman qutunun qapağı açılır.
Bir sürü kağız ətrafa dağılır. Ebussuud
Efendi kağızlardan birini alıb oxuyunca
qıpqırmızı qızarır. Kağızı Sultan
Süleymanın məzarına buraxaraq deyir: "Ah,
Süleyman… Sən özünü qurtardın. Baxarıq, Ebussuud
nə edəcək?"
Qutunun içində
Sultan Süleymanın sağlığında etdiyi icralara
Ebussuud Əfəndinin verdiyi uyğunluq fitvaları var idi.
Padşah bütün icraatlarını Şeyxülislamın
"fitva"sına bağlamış, beləcə də,
özünü bir növ "qarantii"yə
almışdı. Amma fitvanı verən Şeyxülislam
Ebussuud Əfəndi nə edəcək?.. O, bu üzdən qəhərlənir".
Diqqət çəkən
maraqlı, düşündürücü səhnələrdən
biri də Sultan Süleymanın xəstələndiyi səhnədir.
Hər kəs narahat, hər şey bir-birinə dəyir.
Hürrəm Sultan, Rüstəm Paşa, Mehrimah… Şahzadə
Cahangir bacısı Mehrimana deyir ki, hər kəs qorxur. Mustafa
abi Hünkarımızın ona etimad etməməsindən,
Şahzadə Səlim hakimiyyətə gələ bilməməkdən,
taxtın Mustafaya keçməsindən, Şahzadə Bayazid
hakimiyyətdə oyundan kənarda qalmağından, sən də
yalnız qalmaqdan, Hürrəm Sultan övladlarını və
Hünkarı itirməkdən qorxur.
Mehriman ona: Bəs sən nədən
qorxursan? – deyə sual verir. O:
– Hər şeydən. Bunların
hamısından. Bilirsənmi ən çox nədən
qorxuram? – İnsanlardan.
Sultan Süleymanın Mahmud, Mustafa, Murad,
Mehmet, Abdullah, Selim, Beyazid, Cahangir adlı 8 oğlu olduğu
yazılmaqdadır. 8 şahzadənin 5-i Kanuninin
sağlığında əcəlləri ilə
ölmüş, Mustafa və Beyazid doğdurulmuş, taxt
varisi yalnız Selim qalmışdı.
Son iki şahzadə Bayazid və Səlimin
taxt davası filmin maraqla izlənən bölümlərindəndir.
Oğullarının onun sağlığında belə
taxt-tac fikrinə düşməsini öyrənən Sultan
Süleyman onları bir-birindən uzaqlaşdırmaq
üçün Səlimi Konyaya, Bayazidi Kütahyaya Şahzadə
təyin edir. Şahzadə Bayazid qardaşı Şahzadə
Səlimlə girdiyi taxt davasında yenilərək İran
şahına sığınmağa məcbur olur. Sultan
Süleyman Şahzadə Bayazidin tövbə etməsini istəsə
də, Bayazid Sultan Süleymanın onun haqqında ölüm
qərarı çıxardığını və
Şahzadə Səlimin hiyləsindən yaxa qurtara bilməyəcəyini
bildiyi üçün tərəddüd edir. Bu barədə
Sultan Süleymanın Bayazidə yazdığı
"Bi-Günaham deme barı tövbə qıl canım
Oğul" şeiri də məlumdur.
Şah İsmayıl və Yavuz Sultan Səlim
arasında 1514-cü ildə gedən Çaldıran
müharibəsi hər iki türk dövləti
arasındakı bu tarixi hadisə yenə bir haqsızlığa
vəsilə olur. Aralarındakı taxt-tac davası
üzündən Şah Təhmasibin qardaşı Elkas Mirzə
Sultan Süleymana sığındığı kimi, indi də
Şahzadə Bayazid Şah Təhmasibə
sığınır. Sultan Süleyman hər nə qədər
"mənim qəsdim Şah İsmayıl deyil, mənim qəsdim
kafirlərin qəlbinə qılınc sancmaqdır" desə
də düşmənə sığındığı
üçün Sultan Süleyman oğluna
qızğındır və aralarındakı münasibət
sağlamlaşa bilmir. Odur ki, Sultan Süleyman Elkas Mirzəni Təhmasibə
vermədiyi kimi, Şah Təhmasib də Şahzadə Bayazidi
müxtəlif bəhanələrlə Sultana vermir.
Şah Təhmasib Bayazidə təklif edir
ki, artıq Sultan Süleyman qocalıb. Birlikdə hərəkət
edib onu devirmək vaxtıdır. Bu təklifi çox sərt
qarşılayan Bayazidin və oğullarının faciəli
günləri başlayır. Sultan Süleyman Şah Təhmasibə
məktub göndərib Bayazidi geri verməsini əmr etsə
də istəyinə nail ola bilmir. Digər tərəfdən
də Şahzadə Səlimin gizlicə Təhmasibə
göndərdiyi həddindən artıq məbləğdə
qızılın sayəsində Bayazid Səlimin əlinə
keçir və oğlanları ilə bərabər
boğdurulur.
Filmin son bölümü Sultan
Süleymanın son hərbi səfəri və
ölümü ilə bitir. Hökmünün və qüdrətinin
sürdüyünü göstərmək üçün,
oğul itkiləri əzabından və xəstəlikdən əziyyət
çəkən Həkimbaşının məsləhətini
dinləməyən "mən bu günə qədər nə
qərar aldımsa, Ali-Osmanın və müsəlmanların
sədaqəti üçündür" deyən 71
yaşlı Sultanın son hərbi səfəri filmin
maraqlı anlarıdır. At üzərində "bəyaz
saqqalı, bəyaz geyimi ilə nurdan bir minarəyə bənzəyən"
Sultan Süleymanın "Hər kəs bilsin ki, bu dünyadan
bir Süleyman keçdi, cənab Haqqın qulu Süleyman"
sözləri insan oğluna verilən ən məntiqli
mesajdır.
Son səfərində belə zəbt
etdiyi yerlərdə ədaləti bərqərar edən, Budin
bəylərbəyi Aslan Paşanın etdiyi
haqsızlıqlarla barışmayan, onun ölümünə
fərman verən qoca Sultan yenə "zəfərlərdir
bir hökmdarın şanını yazdıran" deyir. Təslim
olmasına nail olduğu "Zigetvar" qalasının təslimi
ilə nəticələnən, fəqət Sultanın
ölümü ilə bir vaxta düşən bu qələbə
də Sultan Süleyman tarixinin bir parçasıdır. 1561-ci
ildə Şahzadə Bayazid oğul İları ilə birlikdə
Şahzadə Səlim tərəfindən boğdurularaq
öldürülmüşdü. Atası Sultan
Süleymanın dəstəyi ilə qalib çıxaran
Şahzadə Səlim Kanunidən sonra taxt varisi olmuşdu. Səlim
və Bayazid rollarını oynayan Engin Öztürk və Aras
Bulut İynemli onların iztirab və həyəcanlarını
çox ustalıqla tamaşaçıya
çatdırıblar.
Filmdə Ayşe Hafsa Sultan rolunun
ifaçısı Nebahat Çehre, Parqalı İbrahim
Paşa rolunun ifaçısı Okan Yalabık, Mahidevran
rolunun ifaçısı Nur Fettahoğlu "mən
sarayın sirr küpüyəm" deyən Sünbül
Ağa rolunun ifaçısı Selim Bayraktar, Taşlıçalı
Yahya rolunun ifaçısı Serkan Altunorak, Atmaca rolunun
ifaçısı Sarp Akkaya, Malkoçoğlu Bali bəy
rolunun ifaçısı Burak Özçivit,
Matrakçı Nasuh rolunun ifaçısı Fatih Al
xüsusilə yaddaqalan peşəkarlıq göstəriblər.
Dörd il müddətində (2010-2014) televiziya seyiricilərinin
maraqla izlədiyi 139 bölümlü bu möhtəşəm
teleserial bir sıra nöqsanlardan da xali deyildi. Bunu daha
çox saray xanımlarının geyim-kecimlərində və
bir çox personajın danışığında görmək
mümkündür.
"Möhtəşəm yüzil" hər
nə qədər tarixi hadisələrə əsaslansa da, sənədli
tarixi film deyil. Burada ssenari müəllifinin təxəyyülü,
rejissor qənaətləri ayrıcalıq təşkil edə
bilər. Fəqət tarixin elə milli-mənəvi dəyərləri
var ki, onu tam tərsinə tamaşaçıya təqdim etmək
tarix və tarixi mədəniyyətlə bir araya
çıxmır. Bu da serialda müşahidə etdiyimiz saray
qadınlarına xas olan milli geyimlərdəki düzənbazlıqdır.
Bir dini dövlət olan Osmanlı dövlətində hər
şeyin islam qayda-qanununa əsaslandığı tarixi bir həqiqətdir.
Bu həqiqət içərisində qadın mədəniyyətinin
ayrıca yeri olsa da, Osmanlı sarayında yaşayan
qadınların, o cümlədən Sultan Süleymanın həyat
yoldaşlarının, bacılarının, şahzadə, vəzir
xanımlarının geyimlərindəki döşlərinin
yarıya qədər açıqlığı bir
narazılıq doğurmaya bilməz. Bu geyim-kecimin hərəm
dairəsi içərisində göründüyü təəccüb
yaratmasa da, qadınların ən ali rütbəli kişilərlə
o qiyafətdə söhbətləri təəssüf
yaradır.
Geyim məsələsində onu da demək
yerinə düşər ki, padşahdan, vəzirdən,
şahzadədən tutmuş kişilərin geyimləri
dövrün milli ənənələrinə nə qədər
uyğundursa, qadınların, xüsusən də Sultan
Süleymanın, şahzadələrin, paşaların, vəzir
əzamların xanımlarının islami ənənədən
uzaq yaxası, başı açıq geyim tərzləri də
qəbuledilməzdir. Nə Osmanlı, nə də islam tarixində
(müasir dövr istisna olmaqla. İndi Şərq
qadınları Qərb qadınlarından daha
açıq-saçıq geyimlərlə ekranlarda
görünürlər) heç zaman qadınlar sinəsi,
döşləri açıq şəkildə yad kişilərlə
söhbət etməyiblər. Xüsusilə də Osmanlı
kimi islam qaydaları üzərində hökm edən bir
dövlətin sarayında.
Dil məsələsinə
gəlincə, məlumdur ki, Osmanlı sarayına gətirilən
bütün yabançı xanımlara hər şeydən əvvəl
müsəlmanlıqla bərabər türkcə bütün
qayda-qanunları ilə öyrədilirdi. Onlar türk-müsəlman
ənənəsi üzərində tərbiyə edilirdi. Bu
qadınların ləhcələrindəki fərqlilik də
xüsusən Hürrəm Sultanın ilk bölümlərindəki
rolunu oynayan Meryem Uzerlinin danışığındakı fərqlilik
tamaşaçı üçün təbii təsir
bağışlayır. Serialın sonrakı bölümlərində
Hürrəm Sultan rolunun iştirakçısı, professional
usta sənətkar Vahide Perçinin
danışığında I Hürrəmin aksenti eşidilməsə
də, onun guya öz ana dilində danışması da
çox qəribə gəlir (filmdə o, slav əsilli rus
qızı kimi təqdim olunur). Hürrəm Sultan prinses Annanı qəbul
edir və onunla rusca danışır…
Əgər Hürrəm Sultan doğrudan
da, rus əsillidirsə və uşaqlıqdan bu dildə
danışıbsa (o, saraya gətiriləndə bəlli bir
yaşda nişanlı qız imiş) o zaman onun Anna ilə
danışması normal rusca olardı, o qədər "əzik-üzük"
rusca olmazdı. Özü də deyir ki, mən
çoxdandır, rusca danışmıram. Əvvəla,
Hürrəmin rus, italyan və ya hansı kökdən
olması belə bu gün də mübahisəlidir.
Yaxşı olardı ki, elə I Hürrəmin
danışığı kimi, ya da ən azı elə
türkcənin özü kimi danışa idi. Eləcə də
filmdə Osmanlı sarayına bu və ya digər məqsədlə
müsafir gələn, ticarətlə məşğul olan,
başqa dövlətdən gəlib Osmanlı dövlətlərindən
maddi yardım istəyən yabançı qadınların
danışığının qondarma türkcəsi
tamaşaçıya xoş təsir bağışlamır.
Kanuni Sultan Süleymanın (1494-1566)
müasiri türk dünyasının böyük şairi Məhəmməd
Füzulinin (1494-1556) haqqında serialda bir epizodun belə
olmaması təəssüf doğurur. 1534-cü ildə
Kanuni Sultan Süleymanın Bağdada daxil olması ilə
Füzuli Sultanı mədh edən qəsidələr
yazmış, onun gəlişindən məmnunluğunu
bildirmişdi. Füzulinin ana dilində yazdığı
"Leyli və Məcnun" poemasını da Sultan
Süleymana təqdim etməsi və Sultan Süleyman tərəfindən
ona 9 arxa təqaüd təyin edilməsi də məxəzlərdə
bilinməkdədir. Şairin bu təqaüdü ovqat idarəsindən
ala bilmədiyi üçün nişançı Paşa
Mustafa Çələbiyə "Nişançı
paşa" məktubu ilə yazdığı və ədəbiyyat
tarixində "Şikayətnamə" adı ilə məşhur
əsərini yazması və ovqad idarəsindəki məmurları
tənqid etməsi də Füzuli haqqında bilinən məlumatlar
sırasındadır. Doğrudur, Sultan Süleymanın
Füzuliyə təyin edilən bu təqaüd barədə
bir sıra yozmalar da var. Bəziləri tərəfindən
"Kanun dönəmində yayqın rüşvət
vardı" şəklində yorumlanan məşhur
"Şikayətnamə" yayqın rüşvətdən
dolayı deyil, maaşının gecikməsinə
açıqlanan Füzulinin şəxsi məsələsindən
dolayı yazılmışdır" - şərhi də
inandırıcıdır.
Maarifə
Hacıyeva
Professor
Xalq Cəbhəsi.-2016.-21
iyul.-S.14.