Zaqatala aşıq mühiti etnik zənginliyin
qorunmasında özünəməxsus rol
oynayıb
V yazı
Azərbaycan aşıq sənəti insani-bəşəri
halıyla ölkəmizdə yaşayan hər bir kəs
üçün doğma sayılmağa özündə haqq
tapır. Zaqatalada aşıq sənətinin inkişafı
yönündə mövzunu davam etdiririk. Bölgədəki
etnik zənginliyin insanlıq-ulusallıq-bəşərilik
yönündə davamlı olaraq cilalanmasında aşıq sənəti
özünəməxsus, bənzərsiz rol oynayır.
Zaqatala aşıq mühitini araşdırmış Z.Mənsimovanın
tədqiqatından aydın olur ki, burada tarixən
yaşayıb-yaradan aşıqlarımızdan biri də
varxiyanlı Aşıq Məhəmməddir: “Onun həyat və
yaradıcılığı haqqında ayrı-ayrı ustad
aşıqlardan sənətkarın nəticəsi
Aşıq Səadəddindən əldə etdiyimiz məlumatlara
əsasən o, həqiqətən haqq aşığı
olub. Folklorşünas alim Salman Mümtaza
görə, “Varxiyanlı Məhəmməd XVIII əsrin II
yarısında Zaqatala rayonunun Varxiyan kəndində anadan olub,
65 yaşında dünyadan köçüb. O, ustad
aşıq olub, xalq şeirinin bir çox şəkillərində
gözəl nümunələr də yaratmışdı”. Aşıq Məhəmmədin həyatda
qarşılaşdığı hadisələr, düzə-düz,
əyriyə-əyri kimi münasibət bildirməsi, öncəgörənliyi
el arasında onun sənətkarlıq qüdrətini daha da
artırmışdı. Sənətkarın
«Yüküm» rədifli divanisinə diqqət etsək,
yüksək mənəvi-əxlaqi kefiyyətlərin təbliğini
aydın görmüş olarıq:
Ustadımdan dərs almışam, ərkandı,
yoldu yüküm.
Saf cövhərdən yüklənmişəm,
cəvahirdi, ləldi yüküm.
Halımdan xəbəri olan, qiymət
qoyar sözümə,
Dəymişdən cəm etmişəm,
deməsin kaldı yüküm.
Elləri,
obaları gəzən, bir üzü Xoy, bir üzü Dərbənd
və türk dünyasının çox yerlərində
olan ustadın bədahətən şeir demək
bacarığı, özünə xas ifaçılıq
qabiliyyəti sənətkara daha da böyük uğur gətirir.
Divanilərinin birində gəzib
dolaşdığı yerlərin adlarını çəkir.
Məhəmmədə qəsd elədim,
bu cümlə cahanı gəzib,
Xoy, Sərab, Marağa, Təbriz,
Tehranı gəzib.
Varxiyanlı Aşıq Məhəmmədin şeirlərinə
bir sıra mənbələrdə təsadüf edirik. Onun «Saldın», «Tellərin»,
«Yoxdu» rədifli şeirləri «Azərbaycan
aşıqları və el şairləri» kitabında
çap olunub. «Azərbaycan ədəbiyyatı inciləri»
kitabında aşığın «Düşdüm» gəraylısı,
«Telli saz ustadları» kitabında isə «Könül», «Bir cam
az», «Gəlməz», «Olan canım», rədifli şeirləri
öz əksini tapıb. Bu yerləri gəzib-dolaşan
tədqiqatçılar, səyyahlar, folklorşünas alimlər
Aşıq Məhəmmədin yaradıcılıq qüdrətindən
söz açırlar. Dövrünün
tanınmış etnoqraf alimi Plotto Qafqazı səyahət edərkən
Məhəmmədin sənətkarlıq qüdrətini
eşidib, onun ifaçılığı və
yaradıcılığı haqqında yüksək fikirdə
olub. O, məqalələrinin birində qeyd edib ki,
Aşıq Məhəmmədin mahnıları Zaqatala dairəsinin
müxtəlif millətlərdən olan məclislərində
Azərbaycan dilində oxunur. Plotto ustadın həm
də improvizatorçu aşıq olub,
yaradıcılığında daha çox məhəbbəti
tərənnüm etdiyini bildirib. Akademik
F.Qasımzadə də məqalələrində XIX əsrin
I yarısında Azərbaycanın şimalında bir sıra
sənətkarların yetişməsindən söhbət
açır. Bunlardan xüsusi ilə
Aşıq Məhəmmədin adını qeyd edib”.
Aşıq
Məhəmməd demək olar ki, xalq şeirinin bütün
janrlarında qələmini sınayıb, insanlar arasında
böyük rəğbət qazanıb: “Onun
yaradıcılıq irsi, mövzu istiqaməti
baxımından xüsusi maraq doğurur. Aşıq
Məhəmməd ictimai-siyasi hadisələrlə dolu qaynar
bir mühitdə yaşayırdı ki, bu da onun
poeziyasından yan keçmirdi. Zaqatala haqqında
bir neçə kitabın müəllifi Q.Şabanoğlu
Aşıq Məhəmmədin zamanında əlində
sazı el-el, oba-oba gəzərək saysız-hesabsız məclislər
keçirdiyini və xüsusən erməni
aşıqlarını bağladığını qeyd edib.
Əsrlər boyu ermənilər müxtəlif
siyasi səbəblərdən Azərbaycanın müxtəlif
ərazilərində eyni zamanda Şəkidə, Zaqatalada məskunlaşırdılar.
Təkcə 1826-1828-ci illər Rusiya-İran müharibəsinin
gedişində İrandan, o cümlədən Azərbaycanın
cənub ərazilərindən Zaqafqaziyaya, Azərbaycanın
müxtəlif rayonlarına, əsasən də Qarabağa 18
min erməni ailəsi köçürülmüşsə,
1830-cu ildən bu göstərici 40 mini keçmişdi”.
Aşıq
Məhəmmədin dövründə ermənilər öz məclislərinə
Azərbaycan aşıqlarını
çağırardılar: “Aşıq Məhəmmədin
öncəgörənliyi ilə bağlı bir rəvayət
də nəql olunur. Ermənilər həmişə
Aşıq Məhəmmədin yüksək fitri
istedadının, bədahətən söz deməsinin
paxıllığını çəkiblər.
Aşıq Səadəddinin, Aşıq Mədətin dediklərinə
əsasən, iki dəfə Məhəmmədi şagirdləri
ilə birgə öz məclislərinə dəvət edən
Bağdasarla Sarkasyan onu çoxlu bəxşişlərlə
yola salır (El arasında bu hadisənin Gürcüstanın
Səbətli kəndində baş verməsi haqqında da
fikirlər mövcuddur. Bəzi söyləyicilər
isə bu kəndin Şəki ərazisində olduğunu iddia
edirlər. Şəkinin Göynük kəndinin
yaxınlığında Səbətli adlı kənd olub.
Hazırda bu kənd mövcud deyil). Üçüncü dəfə isə bir çox
sınaqlara çəkərək məclislərin birində
zəhərləyib öldürürlər. Məhəmməd onlarla yeddi gün deyişir.
Bəhmədli Aşıq Mədətin dediyinə
görə, Aşıq Məhəmməd erməni
aşığı olan Aşıq Donu ilə məclislərin
birində deyişir. Onu heç cürə bağlaya bilməyən
erməni aşıqları sonda yeməyinə zəhər
qataraq öldürürlər. Maraqlı
haldır ki, yeməkdən öncə ustad öz şagirdliyə
götürdüyü əmisi oğlanlarına
tapşırır ki, onun yediyindən yeməsinlər. Ölümünü bilən sənətkar burada
«Aman günüdür» rədifli divanisini deyir. Bu divanidə
sənətkarın arzu və istəkləri, erməni
aşıqlarına olan qəzəbli ifadəsi əks olunur:
Bu nə yoldu, nə fərmandı
bilmirəm,
İzin verin, yollar, aman
günüdür.
Bülbül olub öz
bağımdan ötmədim,
Saralmayın, güllər, aman
günüdür.
Məhəmmədin könlü
ahü-zardadır,
Bəxtim bəd gətirib
işim dardadı.
Heç bilmirəm qohum-qardaş
hardadır,
Xəvər verin, ellər, aman
günüdür.
Bütün sınaqlardan uğurla çıxan ustad
aşığın xörəyinə zəhər qatmaqla
Aşıq Donunun qisasını almış olurlar. Onun şagirdlərindən
Təmazın dili tutulub, Qurban isə uzun müddət dəri
xəstəliyindən əziyyət çəkib. Heç biri əvvəlki kimi
çalıb-çağıra bilməyiblər. Bəzi mənbələrdə isə Məhəmmədin
ermənilər tərəfindən şagirdləri ilə
birgə zəhərlənib öldürüldüyü qeyd
olunub. Aşıq Məhəmmədin
şagirdliyə götürdüyü əmisi
oğlanlarının onunla birgə zəhərlənib
öldürülməsi yuxarıda qeyd etdiymiz rəvayət və
əhvalatlardan da məlum olur ki, həqiqətə
uyğundur.
Aşıq Məhəmmədin poeziyası
çoxşaxəli tam və dolğun bir poeziyadır. Onun şeirlərinin
çoxu müəyyən səbəblərdən itib.
Təbiət gözəllikləri, məhəbbət,
ictimai-siyasi lirika, dini-ürfani görüşlər, ustad sənətkarın
poeziyasında xüsusi yer tutur. Aşıq
Məhəmmədi aşıq sənətinin görkəmli
sənətkarlarından biri olan Aşıq Alı,
Aşıq Ələsgər, Növrəs İman, Mola Cuma
kimi söz korifeyləri ilə bir cərgəyə qoymaq olar.
O, həm də öz novatorluğu ilə sayılıb
seçilən ustad aşıqlarımızdandır. Onun yaradıcılığında
cığalı-zəncirli müsəddəsə təsadüf
olunur ki, Aşıq Məhəmmədin adıyla
bağlıdır. Aşıq Məhəmmədin
məhəbbət lirikası öz saflığı, səmimiliyi,
axıcılığı ilə səciyyələnir.
Ustadın arzuları, hiss-həyəcanı onun
ayrı-ayrı şeirlərində, misralarında öz əksini
tapır. «Gəlsənə» rədifli qoşmasında
deyilir:
Xumar gözlüm, nə durmusan yol
üstə,
Qədəm basıb bizə
sarı gəlsənə.
Gecə-gündüz dilimdəsən,
dilimdə,
Ay qız, mənim bu dərdimi bilsənə.
Aşıq Məhəmmədin məhəbbət
mövzusunda yazdığı şeirlərinin məzmununu əsasən
gözəllərin tərənnümü, tərifi ilə
yanaşı, yol gözləyən aşiqin hiss-həyəcanı,
narahatçılığı, kədəri, nisgili təşkil
edir. Ustad sənətkar gəzib-dolaşdığı
obaların, ellərin göz tutub könül oxşayan, ədəbli-ərkanlı
gözəllərinin şəninə bədahətən
şeirlər deyir.
Molla Cuma kimi Aşıq Məhəmməd də
şeirlərində həqiqi sevdiyi gözəlin
adını çəkmir. Sadəcə, onun
gözəlliyindən və əxlaqından söz
açır. «Bağlar» rədifli təcnisində
sənətkar kamil bir bənzətmə yaradır.
Gözəlin çöhrəsindəki busə
bağları ilə şikarın arxasınca düşən
ovçunun bağları pusmağı müqayisə edir və
bununla gözəl bir təşbeh yaratmış olur:
Bir gözəl görmüşəm
bizim ellərdə,
Üzündə görmüşəm
busə bağları,
Yaşılbaşlar cəm-xəm
eylər göllərdə
Tərlan şikarında busə
bağları.
Ustadın
şeirlərindən «Gəlin», «Məni», «Sən», «Tükəzban»,
«Yar», «Yaraşığı», «Bilər» və s.
adlarını çəkmək olar. Aşıq
Məhəmməd çox zaman səsinin sevgisinə
çatmadığı üçün kədərlənir,
ömrü boyu o dilbəri görmək arzusu ilə
yaşayır. Həmişə olduğu
kimi, mənfur ermənilər aşığı haqsız yerə
şərə salıb, şikayət edirlər.
Üç il vətənindən ayrı
düşən, ömrünü zindanda keçirən
aşıq o illər ərzində şikayət xarakterli
şeirlərini yazır. (Bu hadisə ermənilərin
sənətkarı zəhərləyib öldürməzdən
əvvəl baş verib.) «Məni» rədifli
qoşmasına diqqət etsək, bu mənzərəni
aydın görmüş olarıq:
Məhəmməd
düşübdü şərə nagahan,
Yalvarmaqdan qabar oldu dil-dəhan,
Sən yetiş dadıma,
Xaliqi-sübhan,
Amandı, götürün
buradan məni.
Aşıq
Məhəmməd ictimai-siyasi şeirlərinin böyük əksəriyyətini
məhz ömrünün həbsdə keçirdiyi illərində
yazıb: “Qarşılaşdığı haqsızlıqlar,
qondarma erməni aşıqlarının onun başına
açdığı oyunlar ustadı rahat qoymur. Çar Rusiyasının siyasəti nəticəsində
Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər
öz niyyətlərini burda da açıq-aşkar bəyan
ediblər.
Zaqatalada
tarixən istedadlı sənətkarlar
yaşayıb-yaradıblar. Bu günə kimi belə sənətkarların
həyat və yaradıcılıq irsləri layiqincə
araşdırılmadığından bəzi tədqiqatlarda
yalnız adı çəkilib. Zənnimizcə, Azərbaycan
aşıq sənətinin az və yaxud çox öyrənildiyi
bölgələri var. Təəssüf ki, Zaqatala da az
öyrənilən bölgələrimizdəndir. Məhz bu səbəbdəndir
ki, bəzi hallarda Zaqatala aşıq mühitini Dərbənd,
Şirvan, mühitləri daxilində veriblər. Ancaq bu
mühitdə istər tarixən yaşayan, istərsə də
bu gün yaşamaqda davam edən, el arasında
sayılıb-seçilən sənətkarların özlərinəməxsus
yaradıcılıq xüsusiyyətləri, sələflərdən
gələn ustad-şagird ənənəsinin az da olsa
yaşaması, ustad aşıqların xüsusi ifa tərzləri,
repertuar zənginliyi mühitin məhz Zaqatala aşıq
mühiti adlanmasına əsas verir. Varxiyanlı Aşıq Məhəmmədin
qoyduğu ənənəni layiqincə davam etdirən, ustad
aşıq səviyyəsinə qədər yüksələn
aşıqlarımızdan yengiyanlı Aşıq
Əlixanın, qandaxlı Aşıq Arabın, «Kamal» təxəllüsü
ilə şeirlər yazan talalı Aşıq Dibronun
adlarını çəkmək olar. Adları çəkilən
bu aşıqların hər biri ayrılıqda öz dəsti-xətti
ilə, şagird öyrətmə bacarığı ilə
tanınan aşıqlarımızdan olub”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 21 iyul.-
S.13.