Məhəmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu”

 

IV yazı

 

Bu sözlərilə Cümhuriyyətin son baş nazırı bir şeyi daha əlavə etmışdi ki, onu biz Siyavuşun aşağıdakı sözləri ilə nəql edirik:

... Pür əz cəng gərdəd sərasər zəmin

Zəmanə şəvəd pür zi şəmşiri-kin

Bəsi qarət o bürdəni-xastə

Pərakəndən künc arəstə

Bəsa kişvəra kan be paye sütur

Be kubənd be cayi abi-şur

(Dünya hərb və döyüşlə düşmanlıq və kinlə dolur. Bir çox qarət və soyğunçuluqlar vücuda gəlir, süvarilərin ayağı altında bir çox məmləkətlər çığnanır, yerlərində çöllər meydana çıxır -M.Ə.R.).

Bir tərəfdən belə qüvvətli irfan ordusunun hazırlanmasıyla məşğul olan milli maarif nazirliyi, digər tərəfdən də oxu kitablarını tərtib və tərcümə etdirərək öz hesabına çap etdirir, məktəblərə vəsaitlər hazırlayırdı.

Azərbaycan türk teatrı ilə musiqisinin inkişaf edən bir göstəricisidir. Cümhuriyyət zamanında teatr sənəti olduqca irəlilədi. Hökümət himayəsinə alınan türk səhnəsi ilə musiqisi ona verilən dövlət teatrında on illik bir irəliləmə əlaməti göstərdi. Dekor, oyun, rəqs, səs və ifa cəhətincə parlaq nümunələr, zəngin çiçəklər verdi. Az zamanda Azərbaycan sənəti Avropavari bəstəkar, tragediya, komediya, opera, operetta, aktyor və aktrisaları ilə ümid verən rəssamlara sahib olduğunu sübut etdi.

Yeni dövrə keçid zamanları ədəbiyyatın durduğu bir dövrdür. Bununla belə, Azərbaycan ədəbiyyatı gənc şairlər – yeni şairlər yetişdirir, üç rəngli istiqlal bayrağı zaman şairinin ən ilhamlı bir hədəfini təşkil edirdi. Azərbaycan həyat qabiliyyətini yalnız öz içində deyil, xaricdə də hiss etdirirdi. Dünyanın hər tərəfindən yeni Türk Cümhuriyyətinə heyətlər, səfirlər gəlir, burada görülən həyatı hüriyəti, sənəti və gözəlliyi təqdir edib heyran olurdular. Az keçmədi ki, Avropanın, Amerikanın seçkin elçiləri Azərbaycanın paytaxtını ziyarət edərək onu tanıdıqlarını və onunla hər növ mədəni və ticarət əlaqəsinə girmək istədiklərini bildirdilər.

Anarxiya dövrünün bərbadlığından yavaş-yavaş çıxaraq özünü doğrultmuş olan Azərbaycan, dünya millətləri tərəfindən tanınaraq şən və şaqraq bir həyata başlamışdı. Bakının vəziyyəti, ziyafətləri, teatrları yeni təsis edilən sənət və ticarət müəssisələri, ordusunun rəsmi keçid və manevrləri, şənlik topları, şənlik fişəngləri və böyüklü-kiçikli bütün şəhərin ağzından eşidilən: “İrəli, irəli, Azərbaycan əsgəri!”- nəğmə optimizmi ilə həmən “Siyavuş-gərd”ə bənzəyirdi ki, Firdovsi onun haqqında - Xoşuxürrəmi xub arastə, Be hər cayi kunci pür əzxaste - (xoş, şad, yaxşı və əmin-aman olan hər tərəfdə istədiyi qədər dolu xəzinələr-M.Ə.R.) - demişdi.

Azərbaycan belə məsud bir həyata başlayınca, şöhrəti bütün üfüqləri tutdu. Bu xəbər bilavasitə Azərbaycanın qoruyucusu olan Türkiyədə sevincə səbəb oldu. Siyavuş öz nəzəriyyə və yozumu ilə fəlakəti sezdiyi halda təhlükənin felən həyata keçdyini və fikrindən gəlib-keçən Gərsivəzin sui-qəsdin bir şeytanı olduğunu görə bilmirdi. Bir gecə rahat yatmışkən, Siyavuş gördüyü qorxunc röyadan sərsəm oyanmış, arvadı Firəngisə anlatmışdı ki:

Be yek dəst atəş, be yek dəst ab

Be piş əndərun pile Əfrasiyab

Be didi mera ruyi gərdi-dejəm

Demidi-bəran atəşi-tizdən

Çu Gərsivəz an atəş əfruxti

Əz əfruxtiyi-mer mərasuxti.

(Bir tərəfdə od, bir tərəfdə su, o tərəfdə isə Əfrasiyabın filini gördüm. Məni görüncə, üzünü turşutdu, odu üflədi. Bu odu Gərsivəz alovlandırmış, məni yıxmışdı - M.Ə.R.).

Azərbaycan Cümhuriyyəti höküməti aprel ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı. Bir tərəfdə Bakı limanında lövbər salan dəniz qüvvələrinin üsyan bayrağı açdığını, digər tərəfdə... “Bena qazi” (Binəqədi – M.Ə.R.) yanar dağı səmtindən Qızıl Ordunun atəş saçaraq gəldiyini və geri qaçmaq istərkən yolunun Türkiyəli bir zabit komandasında olan “yardım alayı” tərəfindən kəsildiyini gördü” ( Bu xüsusda daha ziyadə və açıq bilgi almaq üçün “Azərbaycan Cümhuriyyəti” adlı əsərimizin 8-ci bölümünə baxınız - M.Ə.R.).

İşi belə gördükcə içdəki bolşeviklər çıxdılar, “təslim ol!” dedilər. Millət məclisi sonuncu iclasını topladı. Bolşeviklərin tələbləri müzakirə edildi. Ərz edici sifətlə, intiqamçılığı və təslimçiliyi ilə məşhur, əsrimizin Gərvi əlində xəncər qınına bənzər bir dolama, birinci və sonuncu dəfə xitabət kürsüsünə çıxdı. “Hazır olanlar, təslim olun” – dedi.

Məclis üzərində ölüm uçuşurdu. Hər kəs artıq hər kəs deyən – özünü uçacaq bir qaya altında hiss edir və bu hisslə müztərib olunurdu. Ağ saqqalı bir sosialist çıxdı. Bu faciəli gündə də adəti olan şəbədəçilikdən qalmadı, operetta qəhrəmanı Məşədi İbad kimi: O olmasın, bu olsun! – dedi. (“O olmasın, bu olsun” Üzeyir bəy Hacıbəylinin bir operettasının adıdır. Operetta qəhrəmanı Məşədi İbadı evlənərkən aldatmışlar, qadının gözəlini göstərmiş, fəqət ona xidmətçi qızı göndərmişlər. Məşədi İbad etiraz etmək istərkən təhdid edilmiş və nəhayət, “O olmasın, bu olsun” – deyə razı olmuşdu - M.Ə.R.).

Ömür boyu Siyavuşa isinə bilməyən bir qardaş da: “Bizim istədiyimiz elə bu idi” – deyə hayqırdı. Birinci dəfə İranı, ikinci dəfə Turanı satmış olan qara üzlü birisi də çıxdı, üçüncü dəfə Azərbaycanı satdı. Bir qismi isə hər zaman olduğu kimi yenə tərəfsiz qaldı. Hamı əsrimizin Siyavuşunu ölüm xəncərinə təslim etmişdi ki, halı pərişan bir surətdə Firəngis gəldi. Azərbaycan Cümhuriyyətinin təmiz suyunu daşıyan istiqlal pərisi bir natiq şəklində bürünərək dedi: “Yalandır. Gərsivəzlərə aldanmayınız: Gərvin əlindəki dolama zəhər bulaşmış bir intiqam xəncəridir, ona inanmayınız! Rus ordusunun hüdudumuzu keçdiyi bir vaxtda, müsəlman da olsalar, bolşeviklərin parıltılı yalanlarına uymayınız!

Türkiyə Azərbaycanın sığınacaq yeridir. Öz sığınacaq yerini qurtarmağa gedən bir qüvvənin səmimiyyətinə inanarsa, Azərbaycan elə bir qüvvəyə özü yol verər, fəqət bizim istiqlal və hakimiyyətimizi ayaqları altında çığnayıb sərhəd gözətçilərimizi torpağa ölü sərən xain bir qüvvə Turan yardımçısı ola bilməz!

Əfəndilər, eşitdiyiniz gurultular millətin deyil, düşmənlərin səsidir. Hakimiyyətinizə doğru uzanan və bizdən təslim olma tələb edən əllər, millətin müqəddəs hüququna uzanmış qəsbçi əllərdir. Ağ saqqalı generallarımızın məyus halda komandanlıq zirvəsində deyil, deputat kürsüsündə oturması bizi məyus etsə də, bilinməlidir ki, millətdən alınan haqq başqasına təslim edilə bilməz!

Bu kürsüdən çox kərə istiqlalımızı göz bəbəyi kimi saxlamağa, hürriyyətimiz yolunda canımızı sipər etməyə, öldü var, döndü yoxdur deyə, son damla qanımıza qədər dayanmağı and içmiş adamlar deyilikmi? Hazır olanlar, məsum qanı üçün çox-çox qanlar axacaq, gözəl Siyavuşumuzu aldanmış Əfrasiyabların qəzəbinə, xain Gərsivəzlərin hiyləsinə xəbis yaradılışlı Gərvlərin xəncərinə təslim etməyək! Qoy bizi bu haqqımızdan vaz keçməyə yalnız düşman süngüləri məcbur etsin!”

Orada olan əhali, bu nitqi ağlayan gözlərlə alqışladısa da, məclisin əksəriyyəti tarixin gedişatına təslim oldu, Siyavuşun öldürülməsinə razı oldu.

 

Çinin əst razi sipəhri bülənd

Gəhi şad darəd, gəhi müstəmənd.

(Qoca dünyanın gərdişi belədir. Gah nəşəli edər, gah ümidsiz.- M.Ə.R.).

 

QATİL KİMDİR?

 

1 – Rusiyanin hiyləsi, 2 – Yalanın ömrü az olur, 3 – Millətçiləri təqib.

Tarix təkrarlardan ibarətdir deyirlər: fəqət bu təkrar, belə təsəvvür olunmasın ki, irili-xırdalı təfsilatı ilə yenidən yoxlanır. Heç bir hadisə zaman və məkan təsirindən qurtula bilməz. “Siyavuş gərd” Turan torpağının şərqində - Çin sərhəddində meydana gəlmiş, bütünlüklə Turan əsgərləri ilə çevrələnmiş və Siyavuş Türk sərkərdəsinin əmri ilə öldürülmüşdü. Halbuki Bakı Qaf dağının ətəyində, Turanın bir kənarında deyil, düz göbəyində Rusiyanın qonşusu olmuş, Azərbaycan Cümhuriyyəti də Turan sərkərdəsi və əsgərləri tərəfindən deyil, turanlılardan aldanmış bir qisminin yardımları ilə Turan dostu qiyafəsinə girən əsgi Türk düşmanı tərəfindən qətl olundu.

Firdovsinin rəvayətinə görə, Yəcuc və Məcuclar əcaib bir varlıq olub Qaf dağını keçir, bu tərəfdəki insanları həlak edirdilər. Bunların əcaibliyi elə şəkildə idi ki, qulaqlarının biri kilim, digəri yorğan kimi görünürdü. Gözləri dəniz suyu kimi mavi, üzləri heyva kimi sarı idi. Müqəddəslik bilməyən bu əcaib varlıqdan hər kəsin iyrənməsinə baxmayaraq, qarışqa kimi çox olan saylarından qorxaraq, qarşılarına çıxa bilmirdilər.

Rusiya yəcuc və məcucları üzərində də zonanın böyük təsiri görünürdü. Avropanın amansız düşmənliyinə qarşı şeytanla da olsa ittifaq anlaşma yaratmaq zərurətində olan Türkiyə inqilabçılarının bu düşüncəsini bolşevik Rusiyası öz haqqıyla təqdir etmişdi. Türklərin Azərbaycan üzərində mənəvi nüfuzundan istifadə ilə bolşeviklər Yaxın Şərqdə özlərini o qədər sevdirə bildilər ki, bunlar müsəlmanların könlünü fəth edərək, Azərbaycanın istila deyil, əksinə, İstanbulu belə qurtaracaqlarına inandılar.

Hər nə qədər “Müsavat” partiyasına mənsub olan millətsevərlər xalqı bu yuxudan oyatmaq istəyir, “camaat, aldanmayın” – deyir, bunlar dərhal Quranın buyurduğu, “İnnə Yəcucə və məcucə müfsidunə filərz” – edərlər. Eyni məxluqlərdir ki, Krım, Türküstan və Mart faciələrini icad etdilər. “Bunların əsl arzusu İstanbulun qurtarılması deyil, əksinə, Bakı və Azərbaycandır” – dedilərsə də, “Müstəvər bozbaşı”(“Şah Abbas və Xurşud Banu” operasında bir “müstəvər” (məst edən) tipi var. Bu tip edpozdur (“Bozbaş” bir növ Azərbaycan şorbasıdır). İsfahanlılar Şah Abbasın yanına gəlmiş, hər gün qeyb olan vətəndaşların ucbatından xalqın qorxuda olduğunu ərz etmişlər - M.Ə.R.) yemiş kimi xalq, “hay, dəli, şaftalı” (Şah Abbas dəyişik qiyafədə İsfahana getmiş, bu sirri öyrənmək istəmişdi. Tədqiq əsnasında müstəvərin dükanına gəlib görmüşdü ki, bu dükanın müştəriləri həddən çoxdur. Səbəbini öyrənmək istəmişdi. Xalq bu aşpazın çox ləzzətli şorba bişirdiyini ona anladarkən, pərişan hallı birisi “müstəvər”in şorbanı insan ətindən bişirdiyini söylədikdə hər kəs onu “hay, dəli, şaftalı” – deyə alçatmışdı. Halbuki Şah Abbasın araşdırmasını davam etdirəndə kəşf etdiyi həqiqət, “dəli”nin doğru söylədiyini isbat etmişdi – M.Ə.R.) – deyə onlarla cəmlənir və özlərini ingilisə satılmış kimi görürdülər.

Hətta iş o mərhələyə gəlmişdi ki, küçə baqqaları belə bolşevikin, artıq gördükləri “spekulyasion” düşmanı olmadığına inanmışdılar, dar görüşlü ittihadçılar da Qarayevin qızıl yalanlarına qapılmışdılar. Düşünürdülər ki, Rusiya gələcək, Ermənistanı ortadan qaldıracaq və ordularını Müstafa Kamal Paşanın yardımına göndərəcək.

Yalanın ömrü az olur. Xalq hikmətincə açıq olan bu həqiqət bir daha isbat olundu. Bolşeviklərlə bolşevik təbliğatı aparanların yalanlarına aldanan xalq, Qızıl Ordunun Ermənistana təcavüzünü gözlərkən, Moskvanın Ermənistanın istiqlalını tanıdığı xəbəri alındı. Ermənilərin əks-hücumlarına, Qarayevin üsyankar məqaləsi və Həsənovun göyərtədəki nitqilərinə baxmayaraq, Qarabağdakı hərəkat durduruldu. Gürcüstana verilən 24 saatlıq notanın nəticəsi hərbi xalq komissarının gürcü nazirlərini Bakıya çağırmaq üçün etdiyi israra rəğmən Tiflisə gedib gürcü menşeviklərinin tələblərinə imza atmaqla bitdi. Erivandan keçərək Türkiyə yolu Şəki ilə Lənkərana döndü. İstanbulun imdadına getmək şüarı, “Ləhistanı qovaq!” – şüarına döndərildi.

Ucuz və daha ziyadə rahatlıq gözləyən fəhlə ilə kəndli, birə-on çətinliklə çörək tapmayıb daha çox çalışdı və qatı bir istibdad altında qaldıqda: - Eyvah! – dedi.

Bakının bütün sərvəti talana getdi. Dükanlar elə bil çapğınçı, basqınçı kimi soyuldu. Evlər sahiblərindən alınaraq miras kimi paylandı. Kəndliyə torpaq kağız üzərində verilirdisə də, əkinin məhsulu ərzaq məmurları tərəfindən çalınırdı.

 

Xalq Cəbhəsi.- 2016.- 2 iyun.- S.14