Zaqatalada yaşayan
azsaylı xalqların musiqi mədəniyyəti
II yazı
Zaqatala
aşıq mühitini araşdırmış Z.Mənsimovanın
tədqiqatından aydın olur ki, iyirmiyə yaxın etnik
qrupun (saxur, avar, ləzgi, lak, dargin, inqiloy, fars və s.) və
azsaylı xalqların çoxluğu ilə seçilən
Zaqatala folklor mühiti bu gün mədəniyyətlərin
bir-birinə qovuşması, çulğalaşması ilə
səciyyələnir. Məhz bu baxımdan Zaqatalada
yaşamaqda olan tənburu, onun ifaçılarını, tənburda
ifa olunan haylaları, unudulmaqda olan mahnılarımızı,
ümumilikdə, Zaqatala folklor mühitini araşdırmaq məqsədəuyğundur:
“Prof. S.Paşayev qədim musiqi alətlərindən olan tənburun
bu gün də qorunub saxlandığı əsas bölgələrdən
biri məhz Zaqatala olduğunu qeyd edib. Tarixə
nəzər salanda bir sıra bölgələrimiz kimi,
1813-cü ildə Gülüstan sülh müqaviləsinə
görə, Dərbəndin rəsmi şəkildə
Dağıstana verilməsi məlumdur. Məsələyə
o dövrün prizmasından yanaşdıqda müəllifin
tarixə «mühit» adı altında yanaşması müəyyən
qədər həqiqətə uyğun görünür.
Amma XVIII əsrin sonlarından üzü bəri
yaşayıb-yaradan Zaqatala aşıqlarının hər
birinin ayrılıqda xüsusi ifa tərzləri, saz
havacatları, ustad-şagird ənənələri olub. Yuxarıda qeyd olunduğu kimi, Zaqatala
aşıqları hazırda ya tək sazla, yaxud da iki
aşıq bir-birini əvəzləyərək məclis aparırlar.
Bir qayda olaraq, aşıq məclisi «Baş
divani» ilə açır, arxasınca «Təcnis» havası
üzərində bir təcnis deyir. Onların
ifa etdikləri yerli havaların əksəriyyəti məclisin
şəninə uyğun şəkildə qurulur. Sonda isə duvaqqapma, yaxud da müxəmməslə
bitirir. Bu xüsusiyyət bütün
mühitlərdə olduğu kimidir. Bildiyimiz
kimi, Şirvan aşıqları toy məclislərini, bir qayda
olaraq, musiqi ansamblının (qoşa nağaranın,
balabanın, zurnanın və s.) müşayiəti ilə
çalıb-çağırırlar. Şirvanda
tarixən aşığın yanında xanəndə olub.
Onlar bir-birini əvəzləyərək məclisi
keçiriblər. İfa zamanı
Şirvan aşıqları rəqs etməyə, şuxluq
göstərməyə də meyillidirlər. Zaqatala aşıqlarında bu xüsusiyyətə təsadüf
edilmir. Digər tərəfdən,
Şirvan aşıqları, bir qayda olaraq, məclisi
«peşrov»la başlayırlar. Amma bu
xüsusiyyətə də Zaqatala aşıqlarında təsadüf
edilmir. Tək sazla ifa etmək Zaqatala
aşıqlarını Borçalı aşıqlarına da
yaxınlaşdırır. Lakin bu, o demək
deyil ki, hər iki mühitin aşıqlarının
repertuarları, ifa tərzləri tamamilə eynidir. Hər iki mühitin sənətkarlarının
özünəməxsus ifaçılıq ənənəsi
olduğu üçün müxtəlif adlarla adlanıb.
Prof. S.Paşayev doğru olaraq ayrı-ayrı
mühitlərdə aşıq sənətinin musiqinin, dastan
yaradıcılığının və
ifaçılığın əlaqəli şəkildə
öyrənilməsini məqsədəuyğun hesab edib”.
Prof. Azad Nəbiyev Şirvan aşıq məktəbi
daxilində verdiyi Zaqatala aşıq mühiti adı
altında İsmayıllı, Qax, Şəki, Balakən
bölgələrinin adlarını çəkib. A.Mirzə “Şirvan
aşıq yaradıcılığı: təşəkkülü
və inkişaf tarixindən” adlı kitabında yazır:
“Ritm, sürət, lakoniklik kimi keyfiyyətlərin
üstünlüyü ilə seçilən Şirvan
ifaçılığı Şəki-Zaqatalada özünə
daim pərəstişkar tapır və onun yerli
ifaçıları yetişib peşəkarlıq səviyyəsinə
yüksələ bilirdilər”. Q.Sayılov bu
fikirdədir ki, Dərbənd, Salyan-Muğan, Şəki-Zaqatala,
aşıq mühitləri ilə qarşılıqlı təsir,
faydalanma şəklində bu gündə Molla Qasımla
başlanan Şirvan aşıq ənənəsi
yaşayıb davam etməkdədir.
Araşdırmaçı Z.Mənsimovanın tədqiqatından
məlum olur ki, Zaqatalada yaşayıb-yaradan ustad,
ifaçı sənətkarların sənətkarlıq irsləri,
tənbur və saz ifaçılığının paralel
inkişafı Zaqatalanı ayrıca bir mühit kimi təqdim
etməyə əsas verir. Digər tərəfdən, burada
yaşayıb-yaradan çağdaş dövr sənətkarlarının
bəzilərinin ifasında Şirvandan daha çox qərb
ifasına yaxınlıq duyulur: “Bu da çox təbii ki,
burada Göyçədən gələn sənətkarların
(Aşıq Əlinin, Aşıq Valehin)
qarşılıqlı təsiri ilə əlaqədar olub. Deməli, bu mühit bir sıra yuxarıda göstərdiyimiz
xüsusiyyətlərilə daha çox qərb aşıq
mühitinə yaxınlaşsa da, burada tarixən mövcud
olan ənənə Zaqatalanı ayrıca bir mühit kimi təqdim
etməyimizə əsas verir”.
Bölgədə aşıq mühitində tənbur-saz
ifaçılıq əlaqələrinə gəlincə,
araşdırmaçı bildirir ki, Zaqatala Azərbaycanın
qədim tarixə, mədəniyyətə, folklora malik olan
mühitlərindən biridir. Etnik-mədəni tərkibin
sıxlığı ilə seçilən bu mühitdə
ayrı-ayrı folklor örnəklərinin zənginliyi ilə
yanaşı, müxtəlif xalq sənətləri də
yaşamaqdadır: “Zaqatalada yaşayan tənbur
ifaçılarına, onların yaratdıqları tənbur
havalarına, tənburla deyilən haylalara keçməzdən
öncə bu alətin özü haqqında məlumat vermək
daha düzgündür. Tənbur 2-3 simli qədim
musiqi alətidir. Tənburun yaranma tarixi və
inkişafı, dövrü barəsində, çox təəssüf
ki, konkret olaraq araşdırma aparılmayıb. Tənbur türklərə məxsus olan bir musiqi alətidir.
Bu alət Azərbaycanın əsasən, şimal bölgəsində
qorunduğu kimi, Şərqdə, Orta Asiyada, türk
xalqlarında, qazaxlarda «dombra», qırğızlarda «dombura»,
özbəklərdə «dombrak», türkmənlərdə
«danbura», osmanlı türklərinə yaxın olan türklərdə
«tanbura» kimi, eləcə də bir çox Qərb xalqları
arasında «dombra» adı ilə tanınıb inkişaf edib. Bəzi
mənbələrdə tənbur növləri kimi
«Bağdad», «Şirvan» tənburu ilə yanaşı,
dütar, setar, pənctar, şeştar və
s. adları çəkilib. Azərbaycanda tarixən
«tənbur» adı ilə çox məşhur olan bu alət
mizrab, baş və orta barmaqların hərəkəti ilə
çalınır. Bəzi mənbələrdə
bu alətin adı çəkilir və onun XIX əsrin
sonlarına kimi daha çox istifadə olunduğu bildirilir.
Eyni zamanda bu musiqi aləti hazırda daha
çox Zaqatala və Balakən mühitində yaşamaqdadır.
Ü.Hacıbəyov isə tənbur musiqi alətini
«telli saz» sazın bir növü adlandırıb, qeyd edib ki,
«telli sazlardan biri tənburdur ki, bu da çox qədim tarixə
malikdir». S.Paşayev bir bir sıra tədqiqatlarında
qədim musiqi alətlərindən olan qopuz, setarla yanaşı,
tənburun da adını çəkib. Bu
alətin tək tel və cüt tel kökləri olduğunu
bildirib. Müəllif onu da qeyd edib ki, tənbur
daha çox Zaqatala-Balakən mühitində
yaşamaqdadır. Digər mənbələrdə
isə tənburun yaranma tarixi haqqında müxtəlif qeydlər
var.
Prof. S.P.Pirsultanlıya görə, Nəsiminin tənbur
musiqi aləti ilə yaxınlığının olması
onun poeziyasına musiqilik, oynaqlıq və axıcılıq
gətirir. Nizaminin əsərlərində isə bu alətin
görünüşü, düzəlmə texnologiyası
haqqında məlumatın verilməsi, tənburun
yaranmasının daha əvvəlki dövrlərə
bağlı olduğuna işarə edir. Prof.
S.P.Pirsultanlı haqlı olaraq tənburu setarın, sazın və
tarın, ümumiyyətlə, simli alətlərin ulu əcdadı
hesab edib. Tənbur o dövrlərdə
saray məclislərində də özünə geniş yer
tapıb. Müasir tənbur armudvari olub,
kiçik çanaqdan və uzun qoldan ibarətdir. Bu qola 16-dək pərdə bağlanır. Simlərin sayı beşdən çox olmur. Cökə, armud, gər, tut, ərik
ağaclarından hazırlanan iki-üç simli Zaqatala tənburunun
armuda bənzər gövdəsi olur. Nisbətən
qısa qola beş pərdə bərkidilir.
Əvvəllər tənburun simləri ipəkdən
və bağırsaqdan hazırlanardı, hazırda isə
metaldan hazırlanır, həm mizrabla, həm də əl
barmaqlarının köməyi ilə çalınır.
Bu alətin tarixi sırf türk xalqları ilə
bağlı olsa da, sonralar Zaqatalada yaşayan azsaylı xalqlar
da tənbur musiqi alətini öz mədəniyyətlərinə
daxil edib və bu gün də onun ən kamil qoruyucularına
çevriliblər. İki-üç simli alət kimi
tanıdığımız tənburda tək tel kökü
ilə mahnılar, cüt tel kökü ilə isə əsasən,
oyun havaları ifa edilir. Qədim musiqi alətlərini tədqiq
edən Məcnun Kərimov «Unudulmuş musiqi alətlərimiz»
adlı məqaləsində Şirvan tənburu haqqında belə
qeyd edir: «Şirvan tənburu saz tipli alətdir, simləri ipək
sapdan hazırlanır.
Şirvan tənburunda ifa olunan havaların əksəriyyəti
Şirvan saz havaları kimi ritmik və oynaqdır. Amma Zaqatala tənbur
havaları məclisin ab-havasına uyğun tərzdə
qurulurdu. Tənbur vaxtı ilə daha
çox xınayaxdı və toy mərasimlərində ifa
olunardı. Yuxarıda qeyd etdiyimiz kimi,
vaxtı ilə burada toy mərasimləri əvvəldən
sonadək tənbur musiqi aləti ilə aparılıb. Eyni zamanda mövsüm mərasimlərinin əksəriyyətində
bu musiqi aləti ifa olunub ki, bu da əsasən əmək
prosesini sürətləndirməyə xidmət edirdi. Tənburla əsasən ürfani havalar
çalınar, hamının iştirakı ilə ilahilər
deyilərdi. XX əsrin 70-80-ci illərinə kimi
tütün düzmə, tay basma, barama təmizləmə
iməciliklərində tənbur çalınar, mahnılar
oxunar, laylalar deyilərdi. Bu alət vaxtı ilə
ayrı-ayrı evlərdə təşkil olunan Novruz
bayramı şənliklərində də
çalınardı. Tənbur əskidən
dərvişlərin toplandığı ürfan məclislərində,
təkkə ocaqlarında ilahilərin səslənməsində
daha çox istifadə olunub. Fikrimizcə,
tənburun sazla oxşarlığı və daha dəqiq desək,
bu alətləri birləşdirən cəhət də məhz
hər ikisinin təkkə ocağına
bağlılığı faktıdır.
Zaqatalada tənbur sazla paralel inkişaf prosesi keçirib
ki, bu da mühiti səciyyələndirən və maraq
doğuran xüsusiyyətlərdəndir. Bu mühitdə
yaşayan ustad və ifaçı aşıqların bir
çoxu öncə tənbur ifaçılığı ilə
məşğul olub, sonra saz ifaçılığına
keçiblər. Tənburla əsasən
ürfani havalar çalınar, hamının iştirakı
ilə ilahilər deyilərdi. Zaqatalanın
Qımır kəndində yeddi qədim ziyarətgah var. Bu
ziyarətgahların hər biri burada yaşayan
övliyaların adıyla bağlıdır. Bu gün Hacı Murad Əfəndi, Hacı
Mikayıl Əfəndi, Qudbi babanın adlarıyla
bağlı olan bu ziyarətgahlarda böyük hücrələrin,
təkkə ocaqlarının qalıqları mövcuddur.
Kəndin ağsaqqallarının söylədiklərinə
görə, bura əvvəllər dərvişlərin,
övliyaların toplandığı iqamətgah olub. Onlar burada öz dini, ürfani biliklərini verər,
zikr edər, tənburda ilahilər deyərdilər. Bütün bunlar onu göstərir ki, tənbur
öncə ürfan məclislərinin əsasını təşkil
edib, hal əhlinin Allaha yetişməsi üçün bir
növ vasitə olub. Digər tərəfdən
Zaqatalanın qədim pirlər, övliyalar məskəni
olması, təriqətçiliyin (xüsusən, nəqşibəndiliyin)
yayıldığı ərazi olması baxımından, tənbur
musiqi alətinin də bu məclislərdə ifa olunması məqsədəuyğundur.
Qurban bayramında Yunis İmrədən ilahilərin
oxunması da təbii qarşılanır. Çünki el arasında dolaşan rəvayətlərə
görə, Yunis İmrənin və onun mürşidi
Hacı Tapdığın qəbirləri də Qax rayonunun
Oncalı kəndindədir. Əziz Ələkbərli bu
barədə yazır: «Oncalı kəndi
yaxınlığındakı Oğuz qəbiristanlığı
Yunis baba və Tapdıq babanın məzar-ziyarətgahlarıdır».
El arasında Yunis İmrə barəsində bu
gün də müxtəlif rəvayətlər
yaşamaqdadır. Əslində Yunis
İmrənin harada dəfn olunduğu bəlli deyil. Bu səbəbdən Yunis İmrəni sevən,
adını əbədiləşdirən xalq onun
üçün hər yerdə bir məzar yaradıb.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 2 iyun.-
S.13