Noqay türkləri
II yazı
Zəngin türk ruhunun, mədəniyyətinin
daşıyıcısı olan noqaylar haqqında növbəti
yazını təqdim edirik. Ə.Şamilin noqay türkləri
ilə bağlı apardığı araşdırmada
bildirilir ki, İrtışdan Dneprədək böyük bir ərazini
nəzarətdə saxlayan, Quzey Qafqaza, Kırıma hakim olan
Altınorda (Qızıl Orda) dövləti getdikcə gücdən
düşdü və sıxışdırılaraq siyasi səhnədən
uzaqlaşdırılmağa başlandı. Belə
qarışıq və gərgin bir dövrdə noqayların
böyük bir qrupu Volqanın sol sahilinə Ural və Emba
çayları hövzəsinə, Xəzər sahillərinə
yerləşir və burada mankitlərlə birləşərək
yeni bir güc kimi tarix səhnəsində görünürlər:
“Noqayların yenidən bir güc kimi tarix səhnəsində
görünməsində Yedigey bəyin rolu böyük olsa
da, Noqay Ordası dövlətinin qurucusu kimi onun oğlu Nurəddin
Mirzə (1420-1430) tanındı. 1420-ci ildə
Yedigey bəy öldürüldükdən sonra dövlətin
mərkəzdən idarə edilməsi zəiflədi. Ölkə dağılıb-parçalandığı
zaman Yedigey bəyin noqay ulusuna hakim təyin etdiyi oğlu Nurəddin
Mirzə yeni bir dövlət yaratdı.
Dövrün hadisələrini bədii təsvir vasitələri
ilə özündə yaşadan “Yedigey” dastanı noqaylar
arasında geniş yayılıb. V.M.Jirmunskinin
yazdığına görə, dastanın otuzdan çox
variantı mövcuddur. Əski türk
dastanlarının bədii ifadə vasitələrindən
istifadə edilərək və Altınordanın
(Qızıl Orda) çöküş dövründə
meydana çıxan qüdrətli sərkərdə,
bacarıqlı dövlət adamı Yedigeyin həyatından
götürülmüş faktlarla zənginləşdirilərək
yeni dastan yaradılıb. Yedigey də Noqay
kimi Çingiz xan nəslindən deyildi. Buna
baxmayaraq ağlı, gücü və diplomatik
bacarığı sayəsində çökməkdə olan
Altınordanı (Qızıl Orda) qoruyub saxlamağa
çalışır və dövlətdə aparıcı
şəxsə çevrilir. Volqa (İtil)
ilə Yayıq arasındakı çöllərdə
yaşayan mankitlər mərkəzi hökumətin zəifləməsindən
istifadə edərək müstəqil siyasət yeritməyə
çalışırdılar. Yedigey
1391-ci ildə onların üzərinə yürüş edərək
mərkəzi hakimiyyəti möhkəmləndirir. Yedigey Temir Qutluq xanın (1396-1399), Sadıbey
xanın (1399-1407) və b. hakimiyyətə gəlməsində
aparıcı rol oynamışdı. Buna
görə də övladlarını bölgələrə
hakim təyin etdirə bilmişdi. Hökumətin
başında Çıngizxan soyundan olanlar dursa da, əslində
ölkə Yedigey və oğlanları tərəfindən
idarə olunurdu. Onun ölümü ilə (1420) dövlətin
mərkəzi idarəsi laxladı və az
sonra dağıldı. Yedigey bəyin oğlu
Nurəddin Mirzə yeni bir dövlətin – Noqay Ordası
dövlətinin qurucusu oldu. “Yedigey”
dastanı da həmin vaxtdan formalaşmağa başladı.
Dastan noqaylar arasında “Yedigey və Kubugil”
adı ilə məşhurdur. Elmi ədəbiyyatlarda
noqay dastanı kimi tanıdılan “Yedigey” tatarların,
başqırdların, qazaxların, qırğızların,
qaraqalpaqların arasında heç də noqaylardan az sevilmir. Əslində bu dastan
qıpçaqların ortaq abidəsidir. Yedigeyin
1391-ci ildə mankitlər üzərindəki qələbəsini
əldə əsas tutaraq, 1991-ci ildə “Yedigey”
dastanının 600 illiyi təntənə ilə qeyd edilib və
dastanla bağlı çoxlu araşdırmalar nəşr
olunub”.
132 illik
ömrü olan Noqay Ordası dövləti (1426-1558) yeni siyasi
güc kimi tarix səhnəsinə atılan Rusiyanın və
Doğudan gələn Kalmık
basqınçılarının təzyiqi altında
çökür: “Rusiyanın güclənməsində və
ordu quruculuğunda başqa qonşu türk xalqları kimi,
noqayların da rolu olmuşdu. Noqay Ordasında
daxili ziddiyyətlər gücləndikcə soydaşları
olan xalqlarla münasibətləri də kəskinləşirdi.
Əvəzində onları məhv edəcək
Rusiya ilə siyasi və iqtisadi əlaqələri
yaxşılaşdırırdılar. Yalnız
bir faktı qeyd etmək yetərlidir ki, noqaylar Moskvaya
1534-cü ildə 50.000, 1548-ci ildə 16.000, 1552-ci ildə
25.200, 1555-ci ildə 46.000, XVII yüzildə isə ildə
70.000 təmizqanlı at satıblar. Bu da rus dövlətinə
qüdrətli atlı ordu yaratmağa
yetirdi. Xarici güclərin, daxili ziddiyyətlərin
və təbiətin yaratdığı
qıtlığın nəticəsində Noqay Ordası
üç yerə – Böyük Noqay ulusuna, Kiçik Noqay
ulusuna və Altı Oğul ulusuna parçalandı. Böyük Noqay ulusunun başçısı
İsmayıl Mirzə 1558-ci ildə müəyyən şərtlərlə
Rusiyaya tabeçiliyi qəbul etsə də, xalq bununla
razılaşmadı. 1563, 1564 və 1567-ci
illərdə Rusiya çarına qarşı üsyanlar
baş qaldırdı. Xalqın
böyük bir hissəsi köçərək Kırım
xanlığına sığındı. Lakin bununla da
iş bitmədi. Kazanı, Həştərxanı,
Kırımı işğal etməklə yetərlənməyən
Rusiya çarları bu yerlərin əhalisini də kölə
vəziyyətinə – Rusiyanın təhkimli kəndlisinin
gününə salmaq istəyirdi. Avropalıların
quldarlıq quruluşu adlandır¬dıq¬ları idarə
sistemini yaşamamış, islamı qəbul etmiş türk
xalqları isə heç bir vəchlə Rusiyanın təhkimçilik
qanunlarını qəbul etmirdi. Buna görə də
üsyanlar ara vermirdi. Bu
üsyanlar isə minlərlə dinc insanın
ölümünə səbəb olurdu. Yalnız
onu qeyd etmək yetər ki, Osmanlı dövləti
noqayları ölümdən xilas etmək üçün
XIX yüzilin ikinci yarısından başlayaraq 700 min
noqayın ölkəsinə gəlməsinə icazə
vermişdi”.
Araşdırıcı
M.K.Safarkalıyev ingilis Cenkinsona istinadən 1557-ci ilin sərt
qışında Həştərxan bölgəsində 100
min noqayın aclıqdan və soyuqdan öldüyünü
yazır: “On minlərcə noqay çocuğu ruslara kölə
olaraq satılmış, ya da atılmışdı”. Bu qıtlığın bir səbəbi sərt
qış idisə, başqa səbəbi də Kazan
xanlığını işğal edib, Volqa boyu ilə Həştərxanadək
irəliləyən Rusiya orduları idi. Ruslar
yeni əraziləri işğal etməklə noqayların
yaylaq və qışlaqlarını məhdudlaşdırırdılar.
Bütün bunlar sözsüz ki, xalqın
yazılı və şifahi ədəbiyyatında əksini
tapırdı.
Qonşu dövlətləri zəiflədərək təsir
dairəsinə salmaq və yeni torpaqlar işğal etmək
üçün Rusiya öncə həmin bölgələri
yaxşıca öyrənirdi. Bu baxımdan
Rusiyanın XVI yüzildə hazırlatdığı bir xəritə
olduqca önəmlidir. “Áîëüøîé ÷åðòåæ ãîñóäàðñòâà Ðîññèéñêîãî, êîíåö XVI âåêà” adlanan bu xəritə günümüzədək
gəlib çatmayıbsa da, xəritənin
hazırlanmasında istifadə edilən bölgələrin,
çayların, dağların, şəhər və kəndlərin
sözlə təsviri olan yazı arxivlərdə qorunub
saxlanıb. Burada noqayların
yaşadıqları bölgənin təsvirindən söhbət
gedərkən məscidlər “tatar məscidləri”
adlandırılır. Bu da onu göstərir ki, Noqay
xanın zamanında da, Noqay Ordası dövləti
zamanında da xalq noqaylı adı ilə
çağırılmaqla yanaşı, tatar, qıpçaq,
hun və s. adlarla da adlandırılırmış. Çoxadlılıq bu günün özündə
də davam etməkdədir. Rusiya
Federasiyasının rəsmi statistikasında noqayların
sayının 90 min olduğu göstərilir. İnternet saytlarında isə dünyada 4 milyon
noqayın yaşadığı göstərilir. Rəqəmlər arasındakı fərq əsasən,
xalqın adlandırılmasından doğur. İnternet saytlarında bu gün “Kırım
tatarı”, “türk” adlandırılanlar da, soykökünə
görə “noqay” adlandırılır. Başqa
xalqlar arasında assimilə olunmuşlar da noqaylar kimi
siyahıya daxil edilir. Belə ki, Dobrucada, Kırımda
yaşayanlar rəsmi statistikada tatar kimi qeyd edilsələr də,
internet saytlarını hazırlayanlar onları və kazak kimi tanıdığımız rusdilli
xalqın bir qismini mənşələrinə görə
noqay kimi qeyd edirlər. Bunun səbəbi isə
bu günün özündə də Kırım
tatarlarının və Dobrucalıların özlərini həm
tatar, həm noqay, Buxara və Xivə ətrafında
yaşayanların isə özlərini mankit və noqay
adlandırmalarıdır”.
Noqay
folklorunun toplanması və yayımlanmasından
danışan araşdırmaçı bildirir ki, Noqay
folklorunun və ədəbiyyat tarixinin
araşdırıcılarından A.İ.Siqaliyev
(Şeyxalıyev) noqayların yerləşməsini
aşağıdakı kimi təsvir edir: “Noqaylar (özlərini
noqay, norkaylı adlandırırlar) türkdilli xalqlardan
biridir. Onların əksəriyyəti Noqay
çöllərində – Stavropol diyarının Neftekum
rayonunda yaşayırlar. Dağıstan ərazisində
isə Noqay, Tarumov, Kizler, Babayurt rayonlarında, həmçinin
balıqçılıq qəsəbələri olan Klavsudar
və Klavlopatində yerləşiblər. Noqaylar həmçinin Kizler, Xasavyurt və
Mahaçkala şəhərlərində də
yaşayırlar. Çeçen
Respublikasının Şelkov rayonunda da noqaylar məskunlaşıblar.
Stavropol diyarının Mineralvodı və Koçibeyev
rayonlarında, Kuzey Osetiyanın Mazdok rayonunda, eyni zamanda
Adıgey Respublikası hüdudlarında noqayların
yaşadıqları kəndlər var. Karaçay-Çərkəzin
noqay əhalisi, əsasən, Adıge-Habl, Habez, Kuban ətrafı
rayonlarında, o cümlədən Erkinşəhər qəsəbəsində
və Çerkessk şəhərində yaşayırlar”.
Noqaylar bu
gün, əsasən, Qafqazın quzeyində toplu halda və
qarışıq yaşasalar da, onların folklor və
yazılı ədəbiyyat nümunələri Avrasiya məkanının
geniş ərazisində - Almatıda, Həştərxanda,
Buxarestdə, Varşavada, İstanbulda və b. şəhərlərdə
saxlanılır: “XVIII yüzilədək olan abidələr
runi-uyğur və ərəb əlifbaları ilə,
sonrakı yüzildə isə bütövlükdə ərəb
əlifbası ilədir. Keçmiş SSRİ-də türk,
müsəlman xalqlarının əlifbası dəyişiləndə,
yəni 1928-ci ildə noqaylar da ərəb əlifbasından latın qrafikalı əlifbaya, 1938-ci ildə
isə latın qrafikalı əlifbadan kiril əlifbasına
keçirildilər. Hər bir xalqın
yazılı ədəbiyyatı onun yüzillər boyu
yaratmış və yaşatmış olduğu folklor
nümunələri əsasında formalaşır. Ədəbiyyat, bir növ, xalqın tarixinin, mənəviyyatının,
mədəniyyətinin güzgüsü rolunu oynayır.
Noqay xalqının folkloru və yazılı ədəbiyyatı
həm də bu xalqın tarixini yazmaq üçün əvəzsiz
qaynaqdır. Çox təəssüf ki,
bu dəyərli mənəvi sərvət vaxtında gərəyincə
toplanıb araşdırılmayıb. Aparılmış
araşdırmalardakı metodoloji səhvlər də ümumi
işə böyük ziyan vurub. Ürək
ağrıdan odur ki, metodoloji səhvlər bugün də
davam edir. İşğal altına aldıqları
xalqları uzun illər əsarətdə saxlamaq
üçün Rusiya strateqləri uzunmüddətli plan
hazırlayıb və onu gerçəkləşdiriblər.
Bu planın bəndlərindən biri də eyni dildə
danışan, eyni tarixə və mədəniyyətə
malik toplumu bir-birindən ayırmaq üçün az qala hər
dialektdən bir müstəqil dil, hər tayfadan bir xalq
yaratmaq, bir sözlə, xalqı kiçik parçalara
ayırmaq, gücdən salmaq, kökündən
uzaqlaşdırmaqla idarə etməkdir.
Bolşeviklər
hakimiyyəti ələ aldıqdan sonra çar
Rusiyasının varisliyindən sözdə imtina etdiklərini
elan etsələr də, «parçala, hökm sür!» siyasətindən əl götürmədilər.
Sovetlər Birliyi dağılsa da, onun yeritdiyi
siyasət hələ də beyinlərdən təmizlənməyib.
Son illər noqay ovsunlarının
poetikasını araşdıran A.İ.M.Siqaliyev və noqay
epik mahnılarını öyrənən B.B.Kardanova
araşdırdıqları mövzuların zamanında öyrənilməməsinin
mədəniyyətimizə vurduğu ağır zərbədən
ürək ağrısı ilə yazırlar. Lakin onlar bu gün də məhəlliçilikdən
irəli gedə bilmirlər. Yalnız məhdud
dairədə noqaylardan toplanmış folklor nümunələrini
öyrənməklə yetərlənirlər.
Mövzuya bir az geniş anlamda,
ümumtürk kontekstində yanaşsalar, noqay folklor nümunəsi
kimi təqdim etdikləri materialların əksəriyyətinin
qazaxlarda, qırğızlarda, tatarlarda, başqırdlarda,
türkmənlərdə, özbəklərdə, türklərdə
və b. türk xalqlarında da olduğunu görərlər.
Türk xalqlarının folklorçu bilginləri də
janrların bölgülərə ayrılması və
araşdırılması sahəsində xeyli iş
görüblər. Sadəcə bunları oxuyub
ümumiləşdirmək gərəkdir”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 7 iyun.-
S.14.