Bəşəriyyətin ilk
qəhrəmanlıq dövrü
Şumerlərin adıyla bağlıdır
Tarixdə türklər qədər
çoxsaylı qəhrəmanlıq
eposları yaratmış
ikinci bir xalq yoxdur. Bu əsərlərin nə sayını, nə də həcmini indiyə qədər müəyyənləşdirən olmayıb. Burada bircə faktı göstərmək istəyirəm
ki, “Manas” eposunun həcmi Homerin “Odisseya” və “İliada” əsərlərinin birlikdə
həcmindən təxminən
20 dəfə çoxdur.
Dünya xalqlarının
bütün qəhrəmanlıq
eposlarının birlikdə
həcmi yalnız türk qəhrəmanlıq
eposlarının həcmindən
çox ola
bilməz. Türk dastanlarının adlarına
ötəri bir nəzər salmaq yerinə düşər:
“Yaradılış”, “Alp Ər
Tonqa”, “Şu”, “Oğuz Kağan”, “Törəyiş”, “Kitabi-Dədə
Qorqud”, “Koroğlu”, “Manas”, “Altın Arıq”, “Alpamış”,
“Altan Şaqay”, “Gizir” (“Geser”), “Ural Batır”, “Abay Gizir-Xubun”, “Altay Buuçi”,
“Ay-Xuuçin”, “Koblandı-Batır”,
“Yel qanadlı Nurgün Batır”, “Canqar”, “Alpamış Batır”, “Qəmbər-Batır”,
“Ər-Tarqın”, “Ayduray
Mergen”, “Xarasqay Mergen” və s. Bunlar türk qəhrəmanlıq eposlarının
hamısı deyil. Digər tərəfdən bu gün təkcə “Koroğlu” eposunun ondan çox variant və versiyası mövcuddur. Eyni sözləri “Alpamış”,
“Gizir” və s. eposlar haqqında da demək olar.
M.Ergin “hər
millətin bir milli dastanı olduğu halda, türklərin milli dastanlarının çoxluğunu
onların milli həyatının və tarixi macəralarının
bir dastana sığmaması ilə
əlaqələndirib”. Bir dastana
sığmayan milli həyat və macəralar türkün tarixinin nə qədər qədim olduğunu şərtləndirir.
Türk dastançılıq ənənəsinin
tarixi haqqında düşünərkən bu
zəngin xəzinəni
göz önünə
gətirmək kifayətdir.
Çox
qədim dövrlərdən
türk sərkərdələri
müsiqi sədaları
altında döyüşə
gediblər. Bu motiv “Koroğlu” dastanında bütün gözəlliyi ilə öz ifadəsini tapıb. 448-ci ildə Bizans tarixçisi Prisk Atillanın sarayında iki nəfərin qarşı-qarşıya durub
Atillanın qəhrəmanlıqlarına
dair öz qoşduqları mahnıları
oxuduqlarının şahidi
olub. Hələ eramızdan əvvəl
VII əsrdə yaşamış
Alp Ər Tonqanın da haqqında qəhrəmanlıq nəğmələri
qoşulub. Ayrı-ayrı xalqların müxtəlif
dövrlərdəki qəhrəmanlıq
eposları heç də ədəbi uydurma olmayıb, ictimai inkişafın mədəniyyət tarixinin
çox mühüm mərhələsidir. Bu mərhələni əksər
xalqların tarixində
görmək olur.
İngilis alimi M.Çedvik bunu “qəhrəmanlıq dövrü”
adlandırıb və
epik mətnlər əsasında onun tarixi xronologiya üzrə bölgüsünü
aparıb: yunan qəhrəmanlıq dövrü;
hind qəhrəmanlıq dövrü;
german qəhrəmanlıq
dövrü.
M.Çedvik e.ə. II minilliyin axırlarını yunan, ondan üç yüz il sonranı hind və b.e. IV-VI əsrlərini Avropanın şimalında yaşayan germanların qəhrəmanlıq dövrü adlandırıb. S.N.Kramer buna Şumer qəhrəmanlıq dövrünü əlavə edib. S.N.Kramer Şumer qəhrəmanlıq dövrünü e.ə. III minilliyin birinci rübünə aid edib, onun yunan qəhrəmanlıq dövrünü ən azı 1500 il qabaqladığını yazıb. Deməli, bəşəriyyətin ilk “qəhrəmanlıq dövrü” şumerlərin adıyla bağlıdır.
M.Çedvikin bölgüsündə iki məqama aydınlıq gətirmək lazımdır. Birincisi, “yunan qəhrəmanlıq dövrü” deyəndə mütləq Homerin “İliada və “Odisseya” əsərləri yada düşür. Əvvəla, e.ə. II minilliyin axırlarında yunanlar bir etnos kimi hələ ellin-italiya tayfa birliyindən ayrılmamışdılar. İkincisi, M.Çedvikin bu bölgüsü epik əsərlərə əsaslandığından “yunan qəhrəmanlıq dövrünü” “İliada” və “Odisseya”nın yarandığı tarixdən əvvələ aparmaq olmaz. Əgər yunan ədəbiyyatının “qızıl dövrü” e.ə. 527-322-ci illərə düşürsə, “yunan epik qəhrəmanlıq dövrü” ondan qədimlərə gedə bilməz. Homerin “İliada” və “Odisseya”əsərlərinin də məhz həmin tarixi kəsimdə yazıldığını unutmaq olmaz. Digər tərəfdən, “Odisseya” və “İliada” xalq yaradıcılığı örnəkləri deyil. Onlara əsaslanıb “qəhrəmanlıq dövrü” haqqında fikir söyləmək və bölgü aparmaq doğru deyil. Çünki bu əsərlər müəllifli əsərlərdir. Hər bir müəllif həyatda ən pis adamı belə ideallaşdırıb qəhrəman eləyə bilər. Xalq isə yalnız həqiqi qəhrəmanlar haqqında epos yaradır. Ona görə də “qəhrəmanlıq dövrü” haqqında danışarkən və bölgü apararkən yalnız xalq eposlarına istinad edilməlidir. Həm də araşdırmalar göstərir ki, Homerin əsərlərindəki bir çox süjet və motivlər Makedoniyalı İskəndərdən əvvəl və onun Şərq ölkələrinə yürüşləri zamanı yazılı yaxud şifahi şəkildə Şərqdən gətirilib. Bu tezisi söyləməyə S.N.Kramerin aşağıdakı fikri də əsas verir ki, “yunan, hind və german qəhrəmanlıq əsərlərinin saxlanılmış epik rəvayətləri arasında həm forma, həm də məzmun nöqteyi-nəzərindən heyrət doğuran oxşarlıq var”.
Heç bir şübhə yoxdur ki, bu oxşarlıqların hamısı daha qədim epik qəhrəmanlıq dövründən gəlmədir. S.N.Kramerin bir fikri də bu tezisin təsdiqi kimi səslənir: “Üslubuna və formasına görə özünməxsus bir janrın-epik poeziyanın müxtəlif ölkələrdə və ən müxtəlif zamanlarda tamamilə müstəqil olaraq yaranmasına inanmaq çətindir. Ən qədim qəhrəmanlıq rəvayətləri Şumerdə yarandığına görə belə güman etmək olar ki, epik poeziyanın vətəni İkiçayarası olub”.
Təpəgöz və Dəli Domrul obrazlarının, habelə “Dədə Qorqud”dakı bir sıra süjetlərin mənşəyi ilə bağlı araşdırmalar onların indiyə qədər yanlış olaraq ilkin qaynaq sayılmış yunan miflərindən daha qədim olduğunu göstərib. Təpəgöz və Dəli Domrul obrazlarının prototiplərinə tarix etibarilə daha qədim olan şumer-türk qaynaqlarında rast gəlinməsi bu motivlərin yunan ədəbiyyatına Şərqdən keçdiyini söyləməyə tam əsas verir.
M.Çedvikin bölgüsünün ikinci qüsuru bəşəriyyətin qəhrəmanlıq dövrlərinin üç xalqla məhdudlaşdırılmasıdır. Yuxarıda türklərin yaratdıqları qəhrəmanlıq eposlarının adlarını məhz buna görə xatırlatdım. İndi sual doğur: görəsən M.Çedvik bu qədər qəhrəmanlıq eposunun altına imza qoymuş türk xalqını necə, yaxud niyə unudub? German və skandinav xalqları epos mədəniyyətini və eposçuluq ənənəsini hunlardan (türklərdən) götürdükləri halda, german qəhrəmanlıq dövründən əvvəl türk qəhrəmanlıq dövrü gəlməli deyildimi? Bu sualların bircə düzgün cavabı var: türkün tarixinə və mədəniyyətinə qarşı Qərb qısqanclığı!
Hər bir etnos müəyyən coğrafi ərazidə, müxtəlif təbii varlıqların mövcud olduğu mühitdə məskunlaşır və yaşayır. Həmin təbii varlıqlar arasında ayrı-ayrı insanların və hətta bütövlükdə etnosun həyatı üçün təhlükə törədən nəhənglər də olur. Bu zaman etnos özünü qoruma zərurəti ilə üzləşir. Epik örnəklərdən göründüyü kimi, başlanğıcda etnos bu varlıqlarla mübarizəyə hazır olmur, hətta qurbanlar verir. Elə bir vaxt gəlib çatır ki, etnosun varlığı təhlükə altında qalır, tarix onu “olum ya ölüm” dilemması qarşısında qoyur. Məhz tarixi şəraitin bu cür kəskinləş¬məsi etnosun öz içindən xilaskar funksiyasını yerinə yetirəcək qəhrəmanların yetişməsinə zəmin yaradır. Buna aid yetərincə tarixi və epik örnəklər göstərmək olar. Elə “Dədə Qorqud kitabı”nı götürək. Oğuz dünyasının bir qütbündə onun başına əngəl olacaq Təpəgöz doğulur, digər qütbündə etnosu bu ölüm təhlükəsindən qurtaracaq Basat dünyaya gəlir. Yaxud Şumeri götürək. Onun da bir qütbündə nəhəng Humbaba, digər qütbündə isə Bilqamıs və Enkidu dururlar. Təpəgözü yaradan epik təfəkkür onun qarşısına çıxartmaq üçün Basatı, Humbabanı yaradan epik təfəkkür isə onun qarşısına çıxartmaq üçün Bilqamısla Enkidunu yaratmağı unutmur. Türk qəhrəmanlıq eposlarındakı qəhrəman obrazlarını səciyyələndirən və fərqləndirən nədir? Nə üçün bu qəhrəmanlar epik obrazlara çevrilib əbədi yaşamaq haqqı qazanırlar?
Bu suallara cavab verməzdən əvvəl qısaca onu demək istəyirəm ki, türk düşüncəsindəki qəhrəman və qəhrəmanlıq anlayışları Qərb düşüncəsindəkindən fərqlidir. Məsələn, Qərb düşüncəsində Homerin “Odisseya” əsərindəki təkgöz Polifem də qəhrəman sayılırsa, türk düşüncəsində Təpəgöz qəhrəman deyil. Bu da ondan irəli gəlir ki, türk epik qəhrəmanları bir qayda olaraq etnosun varlığını və xoşbəxt həyatını təmin edən funksiyaları yerinə yetirir. Həmin funksiyalara başlıca olaraq aşağıdakılar aiddir: Etnosun həyatı üçün təhlükə yaratmış nəhəng təbiət varlıqları ilə vuruşur və onlara qalib gəlir; Etnosun özünü, torpağını, yurd-yuvasını, var-dövlətini və sərvətini digər enosların yağmalarından, basqınlarından qoruyur; Etnosun dinc və xoşbəxt yaşayışını təmin edir; Tayfalara, tirələrə, hətta xırda-xırda aullara parçalanmış, bölük-bölük olmuş etnosu yenidən bir yerə toplayır, bütövləşdirir, yumruq kimi birləşdirir, əvvəlki gücünü, qüdrətini, böyüklüyünü onun özünə qaytarır; Öz torpağından qovulmuş, yaxud sürülüb başqa yerə aparılmış, var-dövləti yağmalanmış etnosu, xalqı var-dövləti ilə birlikdə əsirlikdən azad edib öz yurd-yuvasına qaytarır; Düşmən tərəfindən işğal edilmiş vətənini və torpağını azad edir; Etnosun itirilmiş azadlığını və vətənin itirilmiş müstəqilliyini özünə qaytarır; Haqqın, ədalətin keşiyində durur, haqq, ədalət uğrunda mübarizə aparır; Kasıbların, gücsüzlərin, fağır və əlsiz-ayaqsızların, arxasız, kimsəsiz və köməksizlərin haqlarının tapdalanmasına qarşı durur, onları bütün kənar təsirlərdən müdafiə edir.
Bütün bu ağır və çətin funksiyaları yerinə yetirmək üçün epik qəhrəmanın yalnız ona məxsus səciyyəvi keyfiyyətləri olduğunu görürük: Çox güclüdür, qüdrətlidir, məğlubedilməzdir; Ağıllıdır, müdrikdir, hər şeyi bilir. Onun varlığında ağılla güc birləşib; Məğrurdur, təmkinlidir, dəyanətlidir; Ürəklidir, qorxmazdır, heç bir çətinlikdən və hətta ölümdən də qorxmur; Epik qəhrəmanın şəxsi mənafeyi, marağı və istəyi yoxdur. Onun bütün hərəkət və əməlləri etnosun maraqlarına, xalqın mənafeyinə köklənib; Vətənə və etnosa sevgisi, məhəbbəti çox güclüdür; Epik qəhrəmanın ictimai düşüncəsi adi insanlarınkından yüksəkdir. Bəlkə də onu epik qəhrəmana çevirən məhz bu ictimai düşüncənin yüksəkliyidir.
Xalq tarixi qəhrəmanını öz mifopoetik düşüncəsində mükəmməlləşdirərək ondan ideal epik qəhrəman obrazı yaradır. Bu qəhrəman ona görə ideal hesab edilir ki, etnosun bütün milli varlığı, ideya və düşüncəsi, dünyagörüşü və psixologiyası onun simasında cəmləşir, öz ifadəsini tapır. Bu ifadənin poetik səviyyəsi epik əsərin dəyərini müəyyənləşdirən ən mühüm amildir. “Millətin duyğusal, mənəvi dünyasını dastanlar güzgü kimi əks etdirir. Ona görə dastanlara baxaraq millətləri, millətlərə baxaraq dastanları ayırd etmək olur”.
İslam Sadıq
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 9 iyun.-
S.14.