“Oğuznamə”lərdə Türk
dövlətçilik ənənələri
Türk dövlətçilik ənənələri
orta əsrlərdə geniş yayılmış “Oğuznamə”lərdə
də əks olunub. Məlumdur ki, “Oğuznamə” -
oğuzların kitabı deməkdir. Bu
kitab orta əsrlər oğuz ənənəsinə uyğun
olaraq özündə zəngin folklor irsini əks etdirir.
Bununla yanaşı bu kitablarda oğuzların
dövlətçilik tarixləri və ənənləri də
geniş yer alır. Əski “Oğuznamə”lərdən
biri haqqında “1309-1340-cı illərdə Misirdə
yaşamış oğuz-səlcuq mənşəli Əbubəkr
ibn Abdullah ibn Aybək əd-Dəvadari özünün ərəb
dilində yazaraq 1309-cu ildə tamaladığı “Dürər
ət-tican və təvarix qürər əz-zəman”
(“Şöhrətləndirilmişlərin tarixindən bir
inci”) adlı kiçik həcmli tarix əsərində məlumat
verir və ilk dəfə “Oğuznamə” sözünü də
o işlədir. Onun göstərdiyinə görə
Sasani hökmdarı Ənuşirvanın (hakimiyyət illəri:
531-573) Mərvdən Buzurq Mihr Baxtanq Farsiyə məxsus orta fars dilində yazılmış həmin kitab
Əbu Müslüm Xorasaninin (755- ci ildə
öldürülüb) xəzinəsindən tapılıb. Aybək Dəvadarinin haqqında
danışdığı əsər çox güman ki,
türkcə yazılmış bir qəhrəmanlıq
dastanı olmuş və 826-cı ildə Bağdadda
yaşayan suriyalı həkim Cəbrayıl Bəhşi tərəfindən
ərəb dilinə tərcümə olunub. Həmin
nüsxədən istifadə edən Aybək Dəvadari kitab
haqqında yazır: “Mən istəyirəm bu tayfanın
(türklərin – A.X.) haradan gəldikləri və onların
sələfləri haqqında bunların özlərinin
doğma dillərində (uyğur dilində)
yazılmış “Ulu xan Ata Bitiqçi” adlı kitablarına
əsaslanaraq danışım. Bunun
adının mənası “Böyük hökmdar - Ata
haqqında kitab” deməkdir. Bu elə bir
kitabdır ki, qədim türklərdən monqollar və
qıpçaqlar bununla sevinir və məmnun olurdular, bu
kitabın onların yanında böyük hörməti
vardı. Həmçinin digər türklərin
“Oğuznamə” adlı bir kitabları var. Onu əldən-ələ
gəzdirirlər. Onda onların
başına gələn rəvayətlər və ilk
hökmdarları haqqında məlumat var”.
F.Bayata görə, “Oğuznamələrin tarixi
xronikalarda geniş yer alması, daha doğrusu salnamələrin
özündə mifik səciyyəli Oğuz şəcərəsini
əritməsi, oğuznamə motivlərinin türk mədəniyyətində
eninə və dərininə yayılmasını göstərir. Türk dastan ənənəsinin
tarixi xronikalara keçməsi, epik
yaradıcılığın “tarixləşməsi”
etnokulturoloji baxımdan eyni informasiyanın müxtəlif
yönlərdən təqdimi idi. Bu
informasiyanın özəyində fütuhatçılıq
ideyası dururdu. Oğuznamə motivlərinin
türk epik ənənəsində geniş yayılmasına
səbəb də bu idi”. K.V.Nərimanoğlu və
F.Uğurlu “Oğuznamə”ni böyük
bir mədəniyyət hadisəsi kimi səciyyələndirərək
bu şəkildə xarakterizə edirlər: “Oğuznamə –
türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını
əks etdirən ədəbi-tarixi qaynaqdır; Oğuznamə
– oğuz eposudur; Oğuznamə – oğuz tarixidir.
Oğuznamə – oğuz mədəniyyətinin nəsildən
keçə-keçə yaşayan həyat kitabıdır”. Oğuznamələrin
materialını təşkil edən atalar sözləri, əfsanə
və rəvayətlər özlərində dövlətçilik
ənənlərini daşıyan zəngin məlumata malikdir.
Burada mif və tarix bir-birinə qovuşub,
gerçəklik əfsanələşib. Ancaq bu əfsanəvi tarix oğuzlar tərəfindən
yaşadılıb və orta əsrlərin sonlarında da
gerçək bir tarix kimi qəbul olunub. Buna
Əbül Qazi xan Xivəlinin “Şəcəreyi tərakimə”sində
də rast gəlirik. Oğuz dövlət
başçıları öz nəsil şəcərələrini
Nuh peyğəmbərdən, əfsanəvi Oğuz xandan və
onun böyük oğlu Gün xandan başlayırlar. Məlumdur ki, XI əsr oğuzların dövlətçilik
tarixlərində mühüm bir dövrdür. “XI əsrdə Azərbaycana gəlmiş oğuzlar
burada kifayət qədər kompakt yaşayan türkdilli yerli əhali
ilə qarşılaşdılar. Gəlmə
oğuz-qıpçaqların artıq Azərbaycanın əsl
əhalisinə çevrilmiş Hun mənşəli türklərlə
etnik yaxınlığı çoxsaylı faktlarla təsdiqlənir.
Məsələn, tarixi əsərlərdə
və eposda Oğuz xanın Hun hökmdarı Mete ilə
eyniliyi haqqında çox deyilib. Oğuzların 12
sağ, 12 sol ( yaxud İç və
Daş oğuzlar) qanada bölünmüş 24 oğuz
tayfası hunların bölgüsünə (tümənbaşı
ümumi adını daşıyan 24 hun ağsaqqalı) tam
uyğun gəlir. Şərq tərəfin knyaz
və başçıları Şərqdə, Qərb tərəfin
knyaz və başçıları Qərbdə yerləşmişdilər.
S.P.Tolstov belə hesab edir ki, hun tarixi ənənəsi
X-XI əsrlərdə onların xələfləri olan
oğuz tayfaları tərəfindən qəbul edilmişdi”.
Bu ənənənin davam etdirilməsi “Oğuznamə”lərdə
tam aydınlığı ilə görünməkdədir. Tədqiqatlarda
oğuzların mifoloji əcdadı Oğuz xan haqqında
müxtəlif fikir və mülahizələr mövcuddur.
Bu tipli araşdırmalar əsasən tarix və
folklor münasibətləri çərçivəsində
aparılır. Folklorşünas alim B. Abdulla Oğuz
xanla bağlı fikirləri belə ümumiləşdirir: “N.Y.Biçurin
xeyli araşdırma aparmaqla hökm verib ki, Mete ilə Oğuz
xan elə bir adamdır. Ziya Göyalp Oğuz xanı gah Mete,
gah da “Kitab”ın ( Kitabi Dədə Qorqud nəzərdə
tutulur – A.X.) birinci boyundakı Dirsə xanın oğlu
Buğac bilib. Ə.B. Ərcilasun da bu fikrə tərəfdar
durub. Böyük türkoloq V.V.Rodlovun fikrinə görə,
maniliyi öz dövlətinin rəsmi dini səviyyəsinə
ucaldan Begü Teqin, yaxud Begü Xaqan gerçək olaraq elə
Oğuz xandır, R.Nura görə, Oğuzun mənası
“öküz”dür, yunan hökmdarı İsgəndər
Zülqərneyn (qoşabuynuzlu) də buynuzludur. Deməli,
Oğuz xan Makedoniyalı Filippin oğlu İsgəndərdir
ki, var. Q.N.Potanin Oğuz xanla monqol əfsanələrində
adı keçən Kirey xanla, Uxur-Bama xan arasında
oxşarlıq, uyğunluq arayıb. Alman şərqşünası
İ.Morquart Oğuz xanı Çingiz xanla bir bilib”. F.Bayata görə, “cahan dövləti qurmaq
ideyası Oğuz adı ilə bağlı olub türk mədəniyyətində
bir neçə dəfə müxtəlif tarixi və mifoloji
obrazlara transformasiya olunub. Bu baxımdan
Çin mənbələrinin təqdim etdiyi Mete kompleksi
türk-islam salnaməçilərinin oğuznamələrinə
tam adekvatdır. Oğuz-Mete paralelliyi hər
şeydən əvvəl Metenin də cahan dövləti
qurması, hunların xilaskarı olması, hun ordu, inzibati,
idarə institutlarının yaradıcısı kimi verilməsi
ilə ilişgilidir. Belə bir
yaxınlıq N.Biçurinə Mete ilə Oğuzu eyniləşdirməyə
imkan verib, çünki türklərin xilaskarı və el
quran hökmdarları bu və ya digər dərəcədə
Oğuza bənzəyirdi və ya bənzədilirdi”. Məlumdur ki, Oğuz xan oğuz türklərinin
mifoloji əcdadı, soybaşçısıdır. Oğuz dövlətçiliyi də Oğuz xandan
başlanır. Bu özünü
hökmdar nəslinin şəcərələrində də
göstərir. Oğuzların tarix səhnəsinə
çıxdıqları zamandan Oğuz haqqında əfsanə
və rəvayətlər də yaranıb. Yazı mədəniyyəti dövründə isə
oğuz tarixi folklor yaddaşından yazıya alınıb.
Bu səbəbdən də bu əfsanəvi bir
tarixi xatırladır”. Mövcud elmi fikrə
görə əski çağlardan Oğuz dastanları şərq
(Türkistan, Uzaq Şərq) və qərb (Azərbaycan və
Ön Asiya) variantlarında mövcud olub. Bu
variantlardan biri bizə qədər N.Biçurinin tərcüməsində
gəlib çatan Çin qaynaqlarının Mete haqqında
verdikləri yarıtarixi əfsanədir. Qərb
variantına “Oğuz kağan” dastanı, Rəşidəddinin
(XIV əsr), Yazıçıoğlu Əlinin (XV əsr),
Hafiz Abrunun (XV əsr), Mahmudoğlu Həsən
Bayatlının (XV əsr), Xandəmirin (XVI əsr), Salır
Baba Qulalı oğlunun (XVI əsr), Əbül Qazinin (XVII əsr)
və b. tarixçilərin əsərləri daxildir”. Fəzlullah Rəşidəddinin “Oğuznamə”si
yazılı mənbələrdən götürülüb.
“Fəzlullah Rəşidəddin Həmədani Qazan xanın
(hakimiyyət illəri: 1295-1304) əmri ilə 1300/01-ci ildə
yazmağa başladığı “Cami ət-təvarix” (Tarixlər
toplusu) adlı məşhur əsərini Olcaytu xan (hakimiyyət
illəri: 1304-1316) dövründə – 1310-cu ildə
tamamladı”. Rəşidəddinin “Cami ət-təvarix”
əsəri iki hissədən ibarətdir. Birinci hissə monqolların, ikinci hissə isə
türklərin tarixinə həsr olunub. Əsər
Hülakilərin zamanında və onların sifarişi ilə
hazırlandığından monqol tarixi əvvəldə
verilib. “Oğuz¬ların və türklərin
tarixi” adlı hissədə Oğuzun doğulması,
uşaqlığı, Tanrıya iman etməsi, evlənməsi
və zəfər yürüşləri nəql olunur. Eyni zamanda oğuz cəmiyyətinin sosial strukturu, mərkəzi
hakimiyyət və onun qolları, tamqa və onqonları, yəni
əski dövlət rəmzləri haqqında müfəssəl
məlumatlar verilir. “Cami ət-təvarix”də
oğuzların mənşəyi fəslində yazılır
ki, 24 boyu bərabər sayda olmaq üzrə Oğuz xanın
altı oğlundan törəyib. Ancaq daha
diqqətəlayiq cəhət budur ki, damğaları
ayrı-ayrı olduğu halda hər dörd boy bir müştərək
onqona malikdir. Bu fakt 24 oğuz boyunun da qədim
zamanlarda altı boy halında yaşadığını
göstərir. Bu altı onqonun
hamısı meşə zonalarında yaşayan
yırtıcı quşlardır”. Hakimiyyətin mütənasib
şəkildə bölgüsünü humanist dövlətçilik
ənənələri ilə əlaqələndirən
T.Hacıyev bu dəyərlərə yüksək qiymət
verərək yazır: “Qədim türk cəmiyyətində
kamil humanizm təsadüfi deyil. Bu, mükəmməl
dövlətçiliklə bağlıdır. Təsəvvür edək ki, kapitalizmin yaranması
zamanı parlament idarə üsulunu yüksək demokratiya
faktı kimi qiymətləndirirlər. Bu
parlamentdə sağlar və sollar olur ki, demokratizmi şərtləndirən
də bu palatalar arasındakı ictimai-sosial “duetlərdir”.
Buyurun qədim Oğuzda həmin iki palatalı sistem – dibdə
– ortada seçmə (xas) bəylər, sağ tərəfdə
sağlar, sol tərəfdə sollar, eşikdə də
qaydaya-intizama nəzarət edən yaxınlar:
Sağda
oturan sağ bəylər,
Solda
oturan sol bəylər,
Eşikdki
inaqlar,
Düpdə oturan xas bəylər”.
Oğuzların “Cami ət-təvarix” də verilmiş əfsanəvi
tarixlərindən dövlətə başçılıq
edən yabqular haqqında məlumat var. Burada yabqulardan bir
çoxunun adı çəkilib. Yabqular qışda
Sır-Dəryanın mənbəyi yaxınlığında
yerləşən Yeni-Kənddə yaşayırdılar.
Yabquların bizə məlum olan aşağıdakı məmurları
vardı: sübaşı, yəni ordu komandanı. Səlcuq dövründə sübaşı
ünvanı bölgələrin hərbi valilərinə
verilirdi. Yabquların yüksək məmuru
Kül-ərkin idi. Kül-ərkin yabqunun
naibi və ya vəkili deməkdir. Türkiyə
səlcuqlarında bir səltənət naibliyi vəzifəsi
mövcud olmuşdur. Bundan əlavə,
türkmən hökmdarlarının, bəylərinin də
naibləri olduğu məlumdur. Oğuz
yabqu dövlətində tarxan və yınal
ünvanlarını daşıyan şəxslər də
olub. Ancaq bunların sadəcə olaraq əsilzadə
titulları, yoxsa məmur ünvanları kimi işləndiyi
bilinmir. Türkiyə səlcuqlarında
mövcud olan bəylərbəyi vəzifəsinin yabqular
dövlətində olub-olmadığı məlum deyil.
Yabquların möhür və fərmanlarına
tuğraq (tuğra) deyilməsi haqqında məlumat var.
Sonralar Səlcuq dövlətində tuğralıq
(nişançılıq) adlı bir məmur vəzifəsi
də olub. Oğuzların divanı, vergi yığan məmurları,
orduda ovçubaşı, əmir-axur kimi məmurları,
çavuşları (təşrifat məmurları), bəkçiləri
(mühafizəçilər) olması haqqında da bilgilər
verilir. O da məlum olur ki, “oğuzlar işlərini məclislər
quraraq məsləhət (gənəşmə) yolu ilə həll
edərdilər. Oğuz sübaşısı
Ətrək tarxan, yınal kimi oğuz
başçılarını çağıraraq xəlifənin
nümayəndə heyətinə qarşı necə davranmaq
barədə onlarla məsləhətləşmişdi.
Oğuz yabqu dövləti X əsrin birinci
yarısında müstəqil və qüdrətli bir dövlət
idi. O heç bir zaman bu və ya digər
dövlətə, qövmə tabe olmayıb”. Türk
dövlətçiliyi islam dönəmində
yeni keyfiyyətlər qazanır. Burada bəy,
xaqan, yabqu, xan deyil, sultan və əmirlər dövləti
idarə edirlər. Padşah, vəzir, vəkil
idarəçiliyi isə bundan sonrakı dövrlərə
aiddir. Türkiyədə sultanlıq, Azərbaycanda
isə şahlıq idarə sistemləri uzun müddət
saxlanıb. Ağqoyunlular dönəmində
dövlət başçısı bəy və ya padşah,
Səfəvilər dövründə isə şah
adlanırdı.
Ağaverdi Xəlil
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 10 iyun.-
S.14.