“SİYASƏTNAMƏ”DƏ DÖVLƏTÇİLİK

 

Türk dövlətçilik fikrinin və ənənəsinin geniş əks olunduğu qaynaqlardan biriNizamülmülkün “Siyasətnamə” əsəridir. “Əbu Əli Xacə Nizamülmülk (1017-1092) Tus vilayətində (indiki Şərqi İran ərazisindədir) anadan olub, səlcuq sultanlarından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olub. Onun 30 illik vəzirliyi dövründə Səlcuq türk dövləti çox güclənmişdi. Həmin dövrdə Azərbaycan da Səlcuq dövlətinin tərkibində idi. Nizamülmülkün sarayda vəzirliyi dövrü ölkədə apardığı düzgün islahatlar və təcrübəli məsləhətləri nəticəsində iqtisadi tərəqqi və hərbi qələbələr əldə edilmişdibütün bunlar onun nüfuzunu xeyli artırmışdı. Məlik şah hakimiyyətə gələndə 17 yaşında idi və təcrübəli vəzirin məsləhətlərinə daha çox ehtiyacı var idi. Bütövlükdə Nizamülmülk, dövrünün müdrik dövlət xadimi idi.

Nizamülmülk Şərqin tanınmış, tədbirli,bacarıqlı vəzirlərindən biri idi. O, dövləti və ölkəni yalnız silahlı qüvvələrin gücü ilə deyil, eyni zamanda bilikli, təcrübəli dövlət xadimləri və din başçıları vasitəsilə idarə edirdi. Bunları tərbiyə edib hazırlamaq üçün elm ocaqlarının yaradılmasına çoxlu vəsait ayırırdı. Bağdadda və digər şəhərlərdə məktəblər təsis etməsi həmin məqsədə yönəldilmişdi. Bu məktəblər sonralar “Nizamiyyə” adı ilə məşhurlaşmışdı. Məlumatlara görə, Nizamülmülkə xəlifə Müqtədi tərəfindən “Əmirəlmöminin” adı verilmişdi.

Tədqiqatlardan məlum olur ki, “Nizamülmülk bu əsəri ömrünün sonlarında, hətta Məlikşahın arvadı Türkan xatunun intiriqası nəticəsində vəzirlik məqamından düşəndən sonra yazıb. Fəqət XVII əsr müəllifi Hacı Xəlifənin verdiyi məlumat bundan bir qədər fərqlidir. Onun qənaətinə görə Nizamülmülk bu əsəri 1076-cı ildə 30 fəsildə yazıb Məlikşaha təqdim edib. Sonradan Əlyəmin adlı bir katib ona 15 fəsil əlavə edib və nəhayət, əsərə başqa katiblərin də əlavəsi olub, kitab 50 və ya 51 fəslə çatıb.

Əsər xalq yaradıcılığı örnəkləri ilə də zəngindir. Burada müdrik xalq deyimlərindən, atalar sözü və zərb məsəllərdən, əfsanə və rəvayətlərdən geniş istifadə olunub. Bunlar həm əsərin bədii-estetik cəhətdən zənginləşməsinə və bununla da siyasi ədəbiyyatın oxunaqlı olmasına öz müsbət təsirini göstərib, həm də xalq yaradıcılığından gələn dövlətçilik ideyalarını idarəçilik təcrübəsinə daxil edib. Göründüyü kimi, Nizamülmülkün bir çox nəsihətləri dövlət başçısının sarayda gördüyü işlərlə bağlıdır. Burada hökmdara səbrli olmaq, müqəssiri cəzalandırmaq üçün dərhal qərar qəbul etməmək, əliaçıq olmaq kimi məsləhətlər verilir. Müəllif yazır: “Rəvayətdə deyilir ki, çörək süfrəsini xalq üzünə açıq saxlayan hökmdarın ömrü uzun, dövləti möhkəm, ölkəsi abad olar”.

“Elə ki, rəiyyət itaət edib öz işləri ilə məşğul olmağa başladı, onları incitməməli, öz ədaləti nəticəsində rahat güzəran keçirmələrinə imkan yaratmalıdır. Lakin xidmətçilərdən və mənsəb sahiblərindən biri yenidən nalayiq işlərlə məşğul olub əliuzunluq etməyə başlasa, öyüd, nəsihət, qulaqburması ilə səhvini başa düşüb düzəlsə, onu həmin işdə saxlamaq olar, yox, qəflət yuxusundan ayılmasa, təxirə salınmayıb, dərhal layiqli bir şəxslə əvəz edilməlidir”.

Əsərdə xalq yaradıcılığından gələn ibrətamiz nümunələr çoxdur. Dövlət məmurlarının qayda-qanunlara riayət etmələrini izah edən yerdə deyilir: “Atalar yaxşı deyib ki, ət iylənəndə ona duz vurarlar, bəs duz iylənsə çarəsi nədir? Bütün zülmlər üçün qaziyə şikayətə gedirlər, bəs qazi zülm etdikdə kimə şikayətə getsinlər?”

İndi Allah-Taala elə istəyib ki, keçmiş tarix yenidən təkrar edilsin, əvvəlki şahların rəftarı bərpa olunsun, xalq bundan əvvəlkilərin ağlına belə gəlməmiş bir xoşbəxtliyə çatsın, ona görə o, nəsli iki böyük nəslə (şah və üləma), ata-babası gedib Əfrasiyaba çatan, dünyanın hökmdarı və ən böyük sultanını yaratdı, onu dünyanın şahlarına nəsib olmamış kəramət və üstünlüklərlə bəzədi, şahlara nə lazımsa, gözəllik, xoşxasiyyət, ədalət, mərdlik, qoçaqlıq, at çapmaq, silah oynatmaq, bilik, bütün sənətlərdən istifadə etməyi bacarmaq, şəfqət və mərhəmət, səxavət və sədaqət, nəzir vermək, ehsan paylamaq, dini doğru, etiqadı təmiz, ...elm adamlarına hörmət edib zahidlərə əl tutmaq, əməlisaleh və hikmət sahiblərinə kəramət göstərmək, yoxsullara sədəqə, məzlumlara yaxşılıq, xidmətçilərlə xoş rəftar etmək, rəiyyəti zülm edənlərdən qorumaqo, bunların hamısını ona bəxş etdi”.

Burada dövlət başçısının üzərinə düşən vəzifələr və onun mənəvi keyfiyyətləri yuxarıdakı örnəkdə təsvir olunub. “Dövlət küfr ilə dağılmaz, zülm ilə dağılar” xalq kəlamı da bu tipli məsələlərin şərhində diqqətə çatdırılır. Müəllif dövlətçilik məsələlərini şərh edərkən tez-tez hekayət və rəvayətlərdən istifadə edir. Görünür, bu ondan irəli gəlir ki, hələ qanunların bir çox məsələləri əhatə edə bilməməsi folklora müraciəti zərurətə çevirib. Çünki xalq yaradıcılığında bütün situasiyalar üçün ədalətli davranış formulları mövcuddur. Dövlətçilik işlərində ondan aktiv istifadə olunduğu müşahidə edilir. Rəvayətlərdən birində deyilir: Xalq üzərində hökmranlıq etmiş adamları məhşər ayağına əlləri boyunlarına bağlı gətirəcəklər, adil olublarsa, ədalət onların əllərini açacaq, behiştə gedəcəklər, zalım olublarsa, eləcə əlibağlı cəhənnəmə salacaqlar”.

Başqa bir rəvayətdə deyilir: “Deyirlər Abdullah bin Ömər əl Xəttab (Allah onların hər ikisindən razı olsun) atası can üstə olarkən ondan soruşdu: “Ey ata, səni nə vaxt görəcəyəm?” Dedi: “O dünyada”. Dedi: “Tez istəyirəm”. Dedi: “Ya birinci, ya ikinci, ya da üçüncü gecə məni yuxuda görəcəksən”. On iki il keçdi, lakin onu yuxuda görmədi. On iki ildən sonra onu bir dəfə yuxuda gördüsoruşdu: “Ey ata, sən deməmişdinmi ki, üç gecədən sonra səni yuxuda görəcəyəm?!” Dedi: “Başım qarışıq idi, Bağdadın ətrafında bir körpü uçulmuşdu, məmurlar isə onu təmir etməmişdilər. Bir qoyunun ayağı körpüdəki deşiklərdən birinə keçib sınmışdı. İndiyə qədər onun cavabını verməklə məşğul idim”.

Dövlətin gələcək üçün görülmüş işlərə verdiyi əhəmiyyəti göstərmək üçün belə bir hekayət nəql olunur: “Deyirlər bir gün Nuşirəvan ata minib yaxın adamları ilə ova gedirmiş. Bir kəndin kənarından keçəndə doxsan yaşlı qoca bir kişinin qoz ağacı əkdiyini görüb təəccüb etdi, çünki qoz ağacı yalnız iyirmi ildən sonra bar gətirir. Dedi: “A qoca, qoz əkirsən?” Dedi: “Bəli, ağam”. Soruşdu: ”Nə qədər yaşamaq fikrindəsən ki, barını da yeyəsən?!” Qoca dedi: “Əkiblər yemişik, əkirik yesinlər!” Nuşirəvanın xoşu gəldi, dedi: “Afərin!” Dərhal xəzinəçiyə əmr etdi, qocaya min dirhəm versin...”. Əsərdə dövlətçiliyin xalq yaradıcılığından gələn dərin fəlsəfəsi var. Hər bir işin ağılla, haqq-ədalətlə, səbr və təmkinlə görülməsi təbliğ olunur. “Tələsmək şeytandan, təmkinlilik allahdandır” kəlamı hökmdar davranışı üçün əsas keyfiyyətlərdən birini ifadə etməklə idarəçilikdə emosional yanaşmalara da müəyyən bir istiqamət verir.

 

Ağaverdi Xəlil

Araşdırmaçı

Xalq cəbhəsi.- 2016.- 18 iyun.- S.14.